Read More9
Read More9

Gömrük bəyannaməsində idxal malları üzrə ƏDV necə hesablanır?

posted in: Xəbər | 0

Mühasib və sahibkarlar üçün maraq doğuran mövzulardan biri də idxal əməliyyatları zamanı hesablanan və gömrük orqanlarına ödənilən ƏDV məbləğlərinin necə formalaşması ilə bağlıdır.

Mövzunu vergi qanunvericiliyi üzrə təlimçi Elşən Yusifzadə şərh edir.

İdxal edilmiş mallar üzrə ƏDV-nin hesablanması üçün öncə Vergi Məcəlləsinin 162-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri müəyyən edilməli, daha sonra hesablanmış məbləğə 18% ƏDV dərəcəsi tətbiq olunmalıdır. İdxal edilmiş malların ƏDV-yə cəlb olunan dəyəri 3 elementin cəmindən formalaşır: malların gömrük dəyəri, ödənilməli olan gömrük rüsumları və vergilər. Öncə bu anlayışları ayrıca aydınlaşdıraq.

Gömrük dəyərinin hesablanması Gömrük Məcəlləsinin 220 və 221-ci maddələrinə və “Gömrük tarifi haqqında” Qanunla uyğun olaraq tənzimlənir. Gömrük dəyəri həmin Qanunun 12-ci maddəsinə əsasən, gömrük dəyərinin müəyyən edilməsinin müvafiq ardıcıllığı gözlənilməklə, 6 üsulundan biri tətbiq edilməklə hesablanır. Gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən müəyyən olunur. Gömrük orqanının vəzifəli şəxsi qeyd edilən dəyərlə razılaşmadıqda gömrük dəyərinə təklif olunan düzəlişlə bağlı qarşı tərəfə bildiriş təqdim edir. Hesablanmış gömrük dəyəri Dövlət Gömrük Komitəsinin 31.10.2014-ci il tarixli 100/143 nömrəli sərəncamı ilə təsdiqlənmiş gömrük bəyannamələrinin doldurulması qaydasının metodikasına əsasən idxal gömrük bəyannaməsinin hər mal kodu üzrə 45-ci qrafasında əks etdirilir.

Misal 1

Vergi ödəyicisi sövdələşmə (invoys) dəyəri 15.000 dollar (25.500 manat) olan 1 mal kodunda (XİFMN üzrə) yer alan malları gömrük ərazisinə idxal edib. Bu zaman gömrük dəyəri həm sövdələşmə dəyərinə bərabər tutula bilər, həm Azərbaycan Respublikasına ixrac məqsədilə satılan eyni malların sövdələşmə qiyməti ilə, həm eynicinsli malların sövdələşmə qiyməti ilə, həm də digər üsullarla təyin oluna bilər. Düşünək ki, malların gömrük dəyəri gömrük orqanının vəzifəli şəxsinin bildirişi əsasında ehtiyat üsulla 30.000 manat hesablanıb.

Bundan sonrakı mərhələdə gömrük rüsumlarının hesablanmasına nəzər yetirək. İdxal əməliyyatları üzrə gömrük rüsumları və dərəcələrinin növləri “Gömrük tarifi haqqında” Qanunla müəyyən edilir. İdxal olunmuş mallar üzrə 5 növdə gömrük rüsumu tətbiq edilə bilər: idxal gömrük rüsumu, xüsusi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları, mövsümi rüsumlar. Gömrük rüsumlarının məbləği gömrük bəyannamələrinin doldurulması qaydasının metodikasına əsasən, gömrük bəyannaməsinin 47-ci qrafasında əvvəlki cümlədə qeyd olunan rüsum növlərinə müvafiq qaydada, 20, 21, 23, 24 və 26 ödəniş kodlarının qarşısında qeyd olunur.

Rüsum dərəcələrinin tətbiqi isə 3 formada həyata keçirilir: advalor, spesifik, kombinə edilmiş.

Advalor qaydada rüsumun hesablanması malların gömrük dəyərinə 0, 5 və 15 faiz dərəcələrindən birinin tətbiq edilməsi ilə həyata keçirilir.

Misal 2

Vergi ödəyicisi sövdələşmə (invoys) dəyəri 5.000 dollar (8.500 manat) olan 1 mal kodunda (XİFMN üzrə) yer alan keramik tikinti materiallarını gömrük ərazisinə idxal edib. Malların gömrük dəyəri 11.000 manat müəyyən olunub. Nazirlər Kabinetinin 17.11.2017-ci il tarixli 500 nömrəli qərarına əsasən, advalor qaydada 5 faiz dərəcə ilə rüsuma cəlb olunacaq. Hesablanmış rüsum məbləği 550 manat olacaq:

11.000 x 5% = 550 manat.

Spesifik qaydada rüsumun hesablanması malların miqdarına təyin olunmuş rüsum məbləğini tətbiq etməklə həyata keçirilir.

Misal 3

Vergi ödəyicisi sövdələşmə (invoys) dəyəri 6.000 dollar (10.200 manat) olan 1 mal kodunda (XİFMN üzrə) yer alan 8.000 litr qazsız su məhsullarını gömrük ərazisinə idxal edib. Malların gömrük dəyəri 12.000 manat müəyyən olunub. Nazirlər Kabinetinin 17.11.2017-ci il tarixli 500 nömrəli qərarına əsasən, spesifik qaydada hər litr üçün 0,3 ABŞ dolları olmaqla rüsuma cəlb ediləcək. Hesablanmış rüsum məbləği 4.080 manat olacaq:

(8.000 x 0,3) x 1,70 = 4.080 manat.

Kombinə edilmiş qaydada rüsumun hesablanması malların həm advalor, həm də spesifik qaydada rüsuma cəlb olunması anlamına gəlir.

Misal 4

Vergi ödəyicisi sövdələşmə (invoys) dəyəri 20.000 dollar (34.000 manat) olan 1 mal kodunda (XİFMN üzrə) yer alan 13 m3 ağac məhsullarını gömrük ərazisinə idxal edib. Malların gömrük dəyəri 40.000 manat müəyyən olunub. Nazirlər Kabinetinin 17.11.2017-ci il tarixli 500 nömrəli qərarına əsasən, kombinə edilmiş qaydada gömrük dəyərinin 5%-i, vahidinin isə hər m3 üçün 1.000 ABŞ dolları olmaqla rüsuma cəlb olunacaq. Hesablanmış rüsum məbləği 24.100 manat olacaq:

40.000 x 5% = 2.000 manat;
(13 x 1.000) x 1,70 = 22.100 manat;
2.000 + 22.100 = 24.100 manat.

ƏDV-yə münasibətdə idxal zamanı vergi tutulan idxalın dəyərində mallar üzrə hesablanmış aksiz vergisi də yer alacaq. İndi isə nümunə üzərindən idxalda ƏDV məbləğini hesablayaq.

Misal 5

Vergi ödəyicisi 2023-cü ildə sövdələşmə (invoys) dəyəri 1.268.784 türk lirəsi (110.637,96 manat) olan 1 mal kodunda (XİFMN üzrə) yer alan 21.384 litr enerji içkisini gömrük ərazisinə idxal edib. Malların gömrük dəyəri 113.867,97 manat müəyyən olunub. Nazirlər Kabinetinin 17.11.2017-ci il tarixli 500 nömrəli qərarına əsasən, spesifik qaydada hər litr üçün 0,3 ABŞ dolları olmaqla rüsuma, Nazirlər Kabinetinin 19.01.2001-ci il tarixli 20 nömrəli qərarına əsasən, hər litr üçün 3,1 manat aksiz vergisinə cəlb edilib. Müvafiq olaraq, 10.905,84 manat idxal rüsumu, 66.290,40 manat isə aksiz vergisi hesablanacaqdır.

Nümunədən məlumdur ki, malların gömrük dəyəri 113.867,97 manat, idxal rüsumu 10.905,84 manat, aksiz vergisi isə 66.290,40 manat olub. Vergi tutulan idxalın dəyəri 191.064,21 manat olacaq:

113.867,97 + 10.905,84 + 66.290,40 = 191.064,21 manat.

Həmin mallara görə hesablanmış ƏDV məbləği isə 34.391,56 manat olacaq:

191.064,21 x 18% = 34.391,56 manat.

ƏDV məbləği gömrük bəyannamələrinin doldurulması qaydasının metodikasına əsasən, gömrük bəyannaməsinin 47-ci qrafasında 32 ödəniş kodunun qarşısında qeyd edilir.

ƏDV ödəyiciləri tərəfindən ƏDV bəyannaməsinin 1 nömrəli Əlavəsində əldə edilmiş yük gömrük bəyannamələri haqqında məlumatlar daxil edilərkən gömrük bəyannaməsinin B qrafasında 32 ödəniş kodunun qarşısındakı ƏDV məbləğinin 18-ə bölünüb 100-ə vurularaq qeyd olunduğuna rast gəlirik. Bu yanaşma hər zaman doğru olmaya bilər. Çünki bir idxal əməliyyatı çərçivəsində həm 18% dərəcə ilə ƏDV-yə cəlb olunan, həm 0 dərəcə ilə ƏDV-yə cəlb olunan, həm də ƏDV-dən azad olunan mallar yer ala bilər. Bu zaman vergi tutulan idxalın dəyəri ayrı, ƏDV-dən azad əməliyyatların dəyəri isə ayrı hesablanaraq ƏDV bəyannaməsində daxil edilməlidir.

Mənbə: vergiler.az

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb

Özəl sektorda çalışan fiziki şəxslər üçün gəlir vergisi məbləği

posted in: Xəbər | 0

Özəl sektorda çalışan fiziki şəxslərin gəlir vergisinə tətbiq edilən 7 illik güzəştlər 2025-ci ilin sonunda başa çatıb. Bununla bağlı Vergi Məcəlləsində edilmiş dəyişikliklər 2026-cı il yanvarın 1-dən qüvvəyə minib. Həmin tarixdən etibarən qeyri-neft-qaz sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisinə dair yeni, mərhələli güzəştlərin tətbiqinə başlanılır. Məqsəd islahatların nəticələrinin qorunması və əmək gəlirləri üzrə “ağarma” imkanlarının dəstəklənməsinin davam etdirilməsidir. Bu səbəbdən, daha az gəlirlərə aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft-qaz sektorunun özəl bölməsində əməkhaqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb olunması nəzərdə tutulur. Aylıq məbləğindən asılı olaraq, 2.500 manatadək gəlirlər 2026-cı ildən 3 faiz, 2027-ci ildən 5 faiz, sonrakı illərdən isə 7 faiz, 2.500-8.000 manat aralığında gəlirlər 10 faiz və 8.000 manatdan yuxarı gəlirlər 14 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Bu zaman işçinin aylıq gəliri 2.500 manatadək olduqda həmin məbləğin 200 manatlıq hissəsindən gəlir vergisinin tutulmaması ilə bağlı güzəşt qüvvədə qalacaq.

Bəs 2026-cı ildən fiziki şəxslərin gəlir vergisi necə hesablanacaq? Suala əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir.

Qüvvədə olan qanunvericiliyə görə, hazırda əməkhaqqından aşağıdakı icbari ödənişlər tutulur:

  1. Fiziki şəxslərin gəlir vergisi üzrə– fiziki şəxsin gəliri əsasında müəyyən olunmuş qayda və dərəcədə tutularaq dövlət büdcəsinə ödənilən vəsait.
  2. Məcburi dövlət sosial sığorta haqqı üzrə– sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Şəxsin pensiya kapitalının formaşlaması və müəyyən olunmuş müavinətlərdən istifadə etməsinə hüquq verən ödəniş.
  3. İşsizlikdən sığorta haqqı üzrə– nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması.
  4. İcbari tibbi sığorta haqqı üzrə– xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən istifadə etmək üçün ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən ödəniş forması.

Fiziki şəxslərin gəlir vergisi üzrə tutulma

Azərbaycan Respublikasının vergi siyasətində əsas məqsədlərdən biri sosial ədalətin qorunması, “kölgə iqtisadiyyatı”nın azaldılması və dövlət büdcəsinin dayanıqlı gəlir mənbələrinin təmin edilməsidir. Bu istiqamətdə fiziki şəxslərin gəlir vergisi üzrə yeni dərəcələrin mərhələli tətbiqi 2026–2028-ci illər üçün nəzərdə tutulub. Dəyişikliklər əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxsləri əhatə edir.

Vergi Məcəlləsinin 101.1-1.1-ci maddəsinə əsasən, 2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı dərəcələrlə tutulacaq:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi
2.500 manatadək olduqda 3 faiz
2.500 manatdan 8.000 manatadək olduqda 75 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi
8.000 manatdan çox olduqda 625 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi

2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək 2.500 manatadək aylıq gəlirdən 5 faiz, 2.500 manatdan 8.000 manatadək olan aylıq gəlirdən 125 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi və aylıq gəliri 8.000 manatdan çox olduqda 675 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi
2.500 manatadək olduqda 5 faiz
2.500 manatdan 8.000 manatadək olduqda 125 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi
8.000 manatdan çox olduqda olduqda 675 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi

2028-ci il yanvarın 1-dən isə 2.500 manatadək aylıq gəlirdən 7 faiz, 2.500 manatdan 8.000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8.000 manatdan çox olduqda 725 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

2028-ci il yanvarın 1-dən:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi
2.500 manatadək olduqda 7 faiz
2.500 manatdan 8.000 manatadək olduqda 175 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi
8.000 manatdan çox olduqda olduqda 725 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi

Qeyd edilənləri aşağıdakı cədvəldə ümumiləşdirə bilərik:

Dövr 2.500 manata qədər 2.500-8.000 manat arası 8.000 manatdan yuxarı
2026 3% 75 manat + (2.500 manatdan çox hissənin 10%-i) 625 manat + (8.000 manatdan çox hissənin 14%-i)
2027 5% 125 manat + (2.500 manatdan çox hissənin 10%-i) 675 manat + (8.000 manatdan çox hissənin 14%-i)
2028 7% 175 manat + (2.500 manatdan çox hissənin 10%-i) 725 manat + (8.000 manatdan çox hissənin 14%-i)

Qeyd edilənlərə əsasən, 2026, 2027 və 2028-ci il üzrə əməkhaqqından gəlir vergisinin tutulması üzrə praktiki nümunələrə baxaq. Neft-qaz sahəsində və dövlət sektorunda çalışanlar üçün vergi dərəcələrində hər hansı dəyişiklik olmadığı üçün aşağıda yalnız neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar üçün müvafiq dəyişiklikləri əhatə edən nümunələr təqdim edilir.

2026-cı il üçün nümunələr:

Misal 1: Aylıq əməkhaqqı: 1.500 manat;
Vergiyə cəlb olunan məbləğ: 1.500 – 200 = 1.300 manat;
Gəlir vergisi (3%) → 1.300 x 3% = 39 manat.

2026-cı il yanvarın 1-dək bu nümunə üzrə tutulmanın məbləği gəlir 8.000 manatadək olduqda 0% faiz olduğundan 0 manat təşkil edir.

Misal 2: Aylıq əməkhaqqı: 9.000 manat;
Gəlir vergisi: 625 + (9.000 – 8.000) x 14% = 625 + 140 = 765 manat.

2026-cı il yanvarın 1-dək bu nümunə üzrə tutulmanın məbləği gəlir 8.000 manatadək olduqda 0% faiz, 8.000 manatdan çox olan məbləğin 14%-i həddində olduğundan 140 manat ((9.000-8.000) x 14%) təşkil edir.

2027-ci il üçün nümunələr:

Vergi tutulan aylıq gəlirin məbləği Vergi dərəcəsi
2.500 manatadək 5% (yalnız bu səviyyədə 200 manat güzəşt tətbiq olunur)
2.500–8.000 manat 125 ₼ + (2.500 manatdan çox hissənin 10%-i)
8.000 manatdan çox 675 ₼ + (8.000 manatdan çox hissənin 14%-i)

Misal 3: Aylıq əməkhaqqı: 1.500 manat;
Vergiyə cəlb olunan məbləğ: 1.500 – 200 = 1.300 manat;
Gəlir vergisi: 1.300 x 5% = 65 manat.

Misal 4: Aylıq əməkhaqqı: 9.000 manat;
Gəlir vergisi: 675 + (9.000 – 8.000) x 14% = 675 + 140 = 815 manat.

2028-ci il üçün nümunələr:

Gəlir səviyyəsi Vergi dərəcəsi
2.500 manatadək 7% (yalnız bu səviyyədə 200 manat güzəşt tətbiq olunur)
2.500–8.000 manat 175 manat + (2.500 manatdan çox hissənin 10%-i)
8.000 manatdan çox 725 manat + (8.000 manatdan çox hissənin 14%-i)

Misal 5: Aylıq əməkhaqqı: 1.500 manat;
Vergiyə cəlb olunan məbləğ: 1.500 – 200 = 1.300 manat;
Gəlir vergisi: 1.300 x 7% = 91 manat.

Misal 6: Aylıq əməkhaqqı: 9.000 manat;
Gəlir vergisi: 725 + (9.000 – 8.000) x 14% = 725 + 140 = 865 manat.

Yekun müqayisə:

İl Əməkhaqqı (manat) Vergi güzəşti tətbiqi Gəlir vergisi (manat)
2025 1 500 + 0
2025 9 000 140
2026 1 500 + 39
2026 9 000 765
2027 1 500 + 65
2027 9 000 815
2028 1 500 + 91
2028 9 000 865

Cədvəldən göründüyü kimi, 1.500 manat əməkhaqqı alan işçinin gəlirindən 2025-ci ildə 0 manat, 2026-cı ildə 39 manat, 2027-ci ildə 65 manat və 2028-ci ildə 91 manat gəlir vergisi tutulacaq.

Mənbə: vergiler.az

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb

posted in: Xəbər | 0

Bu ilin yanvarın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,5 % artaraq 859,3 min təşkil edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, bu dövrə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 10,6 % artaraq 58,4 min olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 7,1 %artıb və 232,8 min təşkil edib.

Mənbə: report.az

Əmək müqavilələrinin sayı artır

Əmək müqavilələrinin sayı artır

posted in: Xəbər | 0

Bu il yanvarın 1-nə Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 1 895 378 olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirib.

Məlumata görə, 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayında 493 mindən çox artım müşahidə edilib.

O cümlədən, qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 491 744 vahid artıb və 1 031 666 olub.

Mənbə: report.az

301 saylı “Nizamnamə (nominal) kapitalı” hesabı üzrə uçot

1 55 56 57 58 59 60 61 2. 680
error: Content is protected !!