Elektron qaimə-fakturanın təqdimetmə vaxtı necə müəyyən ediləcək?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də müntəzəm və daimi əsaslarda göstərilən xidmətlərə görə təqdim olunan elektron qaimə-fakturanın vaxtı ilə bağlıdır. Bəs müntəzəm və daimi əsaslarda göstərilən xidmətlərə hansı sahələr aiddir? Qanunvericilikdə bu anlayışlar barədə hər hansı müddəa göstərilibmi? Xidmətlərin dövriliyi 1 təqvim ayı deyil, 2-3 aydan bir və ya illik olarsa, mütləq qaydada aylıq hesablamaya görə elektron qaimə-faktura (EQF) tərtib edilməlidirmi?

Bu və digər suallarına Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü, auditor Mehdi Babayev aydınlıq gətirir.

İlkin sənədlərin tərtib edilməsi ilə bağlı hazırkı qanunvericiliyin tələbinə görə, bütün iş və xidmət sahələri üzrə xidmət göstərənin (iş görənin) xidmətləri (işləri) qəbul edən tərəfə göstərdiyi iş və xidmətlərə görə işlərin görüldüyü və xidmətlərin göstərildiyi, yəni təhvil-qəbul edildiyi tarixdən 5 gün müddətində elektron qaimə-faktura təqdim etməlidir. Lakin bəzi xidmət sahələrində icraçılar tərəfindən EQF-lərin göndərilməsində sui-istifadə hallarına rast gəlinirdi. Məsələn, təcrübə göstərdi ki, göstərilən xidmətlərə görə EQF təqdim etmək üçün verilən 5 gün müddətlə vergiödəmə dövrünün haqsız dəyişdirilməsinə və beləliklə də xidmətlərin faktiki göstərildiyi vergi dövrü ilə bəyannamədə əks olunan vergi dövrü arasında uyğunsuzluğa şərait yaranır.

Bu cür halların qarşısını almaq məqsədilə gələn ildən bəzi xidmət sahələri üzrə göstərilən xidmətlərə görə EQF təqdim edilməsi müddətləri dəyişdirilə bilər. Bununla bağlı Vergi Məcəlləsinə 01 yanvar 2026-cı il tarixdən təklif olunan dəyişikliklərdə ayrıca müddəalar nəzərdə tutulub. EQF təqdim edilməsi müddətlərinin dəyişdirilməsi gözlənilən xidmətlər aşağıdakılardır:

1. Beynəlxalq daşıma xidmətləri;

2. Müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər.

Digər bütün xidmət (iş) sahələri üzrə görülən işlərə və göstərilən xidmətlərə görə EQF-nin təqdim edilməsi müddətləri dəyişdirilmədən, hazırkı versiyada olduğu kimi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində nəzərdə tutulur. EQF təqdim edilməsi müddətləri ilə bağlı nəzərdə tutulan dəyişiklikliyin biri belə verilib: Maddə 71-1.1.3-2. Müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər üzrə – hər təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt.

Müntəzəm xidmətlər birdəfəlik deyil, müəyyən vaxt intervalında (gündəlik, həftəlik, aylıq və s.), planlı və davamlı şəkildə göstərilən, adətən təkrarlanan ehtiyacları ödəyən xidmət növləridir. Qısaca desək, müntəzəm – əvvəlcədən müəyyən olunmuş qrafik üzrə icra olunur, daimi – uzun müddət fasiləsiz davam edir, birdəfəlik deyil – ehtiyac olduqda yox, davamlı ehtiyac əsasında göstərilir.

Məsələn:

  • abunə əsaslı xidmətlər (internet, mobil rabitə, TV və s.);
  • icarə xidmətləri;
  • təhlükəsizlik və mühafizə xidmətləri;
  • planlı texniki servis xidmətləri;
  • vergi hesabatlarının müntəzəm hazırlanması;
  • autsorsinq mühasibat xidmətləri;
  • maliyyə hesabatlarının daimi aparılması;
  • hüquqi məsləhət və hüquqi müşayiət xidmətləri;
  • HR, insan resurslarının idarə edilməsi;
  • kommunal – tullantıların daşınması xidmətləri;
  • video-müşahidə sistemlərinin daimi nəzarəti;
  • Sosial media hesablarının idarə olunması;
  • PR və ictimaiyyətlə əlaqələr xidmətləri;
  • daxili nəzarət və uyğunluq xidmətləri;
  • müntəzəm olaraq korporativ daxili təlimlərin təşkili;
  • digər müntəzəm formada göstərilən xidmətlər.

Beləliklə, əsas məsələ müntəzəmlik anlayışı barədə tam təsəvvürün olmasındadır. Yəni xidmətlər əvvəlcədən müəyyən edilmiş qrafik üzrə icra olunan (müntəzəm), uzun müddət fasiləsiz davam edən (daimi) və ehtiyac olduqda yox, davamlı ehtiyac əsasında göstərilən olmalıdır (birdəfəlik deyil). Əks halda, xidmət birdəfəlik hesab edilir.

Dəyişikliyin məzmununda göstərilən “hər təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt” EQF göndərilməsi tələbi o deməkdir ki, vergi məqsədləri üçün müntəzəm xidmətlərin dövriliyi dolayısilə 1 təqvim ayıdır. Təqvim ayı – təqvimdə qəbul olunmuş ay deməkdir və ayın ilk günündən son gününə qədər olan tam dövrü əhatə edir. Məsələn, aprel təqvim ayı 1 aprel – 30 aprel tarixlərini əhatə edir. Bağlanılan müqavilədə, məsələn, 3 aydan bir hesablaşma nəzərdə tutulsa da hər aya düşən müntəzəm xidmət haqqına görə EQF təqdim edilməlidir. Deməli, məsələn, icarə üzrə təqdim olunan EQF-də 2 və daha artıq təqvim ayını əhatə edən (3 aylıq, 6 aylıq, illik və s.) icarə haqqı barədə məlumatlar göstərilməsi düzgün hesab olunmayacaq (və ya hesab edilməyə bilər).

Müntəzəm xidmətlər üzrə EQF-lərin tərtib olunması və göndərilməsi təqvim ayının ilk günündə (və ayın ilk iş günündə) hər hansı səbəblərdən fiziki olaraq mümkün deyildirsə, EQF hər təqvim ayının daxilində, məsələn, ayın 1-dən başlayaraq sonuna qədər olan müddətdə, lakin növbəti aya keçməmək şərtilə təqdim olunarsa, bu, ciddi qayda pozuntusu hesab edilməyə bilər. Əsas odur ki, mümkün qədər təqvim ayının ilk günlərində EQF-lər təqdim olunsun.

Müntəzəm xidmətlər üzrə təqvim ayının ortasında, məsələn, ayın 12-də bağlanılan müqaviləyə əsasən xidmətlər təqvim ayının 12-dən başlayaraq göstərilməyə başlayırsa, EQF həmin təqvim ayının 12-də təqdim olunmalıdır. Bu halda, ilk təqvim ayında xidmətin göstərilməyə başlanıldığı tarixdən həmin təqvim ayının sonuna qədər olan dövrü (gün sayını, məsələn, 30-12=18 gün) əhatə edən xidmət haqqı müəyyən edilməlidir və həmin müddət üzrə ilk xidmət haqqı ilk təqdim olunan EQF-də tam ayı əhatə etməyən xidmət haqqı kimi əks olunacaq. Bəzən elə müntəzəm xidmət göstərilməsi halı ola bilər ki, xarakterindən asılı olaraq, xidmətə hər ayın konkret 20-dən 30-dək olan müddətdə başlanılır, ayın əvvəlki 20 günündə isə faktiki xidmət həyata keçirilmir. Məsələn, avadanlıqlara müntəzəm texniki baxış xidmətləri zamanı belə hal yarana bilər. Bu zaman xidmət göstərən tərəfdən EQF ayın əvvəlində deyil, 20-də təqdim oluna bilər. Çünki təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt ayın 20-sidir.

Eyni sahə (ad oxşarlığı olan) xidmət həm müntəzəm formada, həm də birdəfəlik qaydada göstərildiyi halda, müntəzəm göstərilən xidmətlərə görə ayrı EQF, birdəfəlik göstərilən xidmətlərə görə də ayrı EQF tərtib edilməlidirmi? Eyni sahə xidməti həm müntəzəm formada, həm də birdəfəlik qaydada göstərdiyi hallar da mövcuddur. Bəs bu zaman EQF necə tərtib edilməlidir? Bu hallarda müntəzəm göstərilən xidmətlərə görə ayrı EQF, birdəfəlik göstərilən xidmətlərə görə də ayrı EQF tərtib edilməsi tövsiyə olunur. Məsələn, hər ikisi hüquq sahəsində fəaliyyət hesab edilən, lakin müntəzəm xidmət kimi – müəssisənin fəaliyyətinin daimi hüquqi müşayiəti, müqavilələrin mütəmadi hazırlanması və hüquqi məsləhətlərin verilməsi, birdəfəlik xidmət kimi – konkret bir məhkəmə işinin aparılması və ya tək bir müqavilənin hazırlanması xidmətlərini göstərmək olar. Hər ikisi də mühasibat xidmətlərinə aid olan, lakin müntəzəm xidmət kimi – aylıq mühasibat uçotunun aparılması, vergi və maliyyə hesabatlarının davamlı hazırlanması, birdəfəlik xidmət kimi – bir illik maliyyə hesabatının tərtib edilməsi və ya vergi yoxlamasına hazırlıq xidmətlərini göstərmək olar. Bu cür eyni adlı xidmətlərə görə ayrı-ayrı EQF-lərin tərtib edilməsi və göndərilməsi vacibdir.

Bəzən göstərilən müntəzəm xidmətlərə digər xidmətlər və ya satışlar da əlavə edilir. Məsələn, aylıq icarə haqqına icarəyə götürənin istifadə etdiyi elektrik enerjisi, qaz və su haqqını əlavə edirlər. Belə əlavələr müntəzəm xidmətlərlə birlikdə bir EQF-də yazıla bilərmi? Belə hallarda əlavələrə görə təqvim ayının sonunda və ya müvafiq kommunal təsərrüfatlar tərəfindən sayğac məlumatları alınan gündən başlayaraq təqvim ayının istənilən günündə ayrıca EQF-də tərtib edilməsi və göndərilməsi tövsiyə olunur. Çünki kommunal haqların məbləği faktiki sərfiyyatdan sonra bilinir və əvvəlcədən müəyyən edilə bilməz. Hər əvvəlki təqvim ayının elektrik enerjisi, qaz və su srfiyyatı üzrə haqlar icarəyə götürənə növbəti ayın əvvəlində təqdim olunan EQF-də əks etdirilə bilər. Lakin bu da əməliyyatın baş verdiyi vaxtın pozulması kimi qiymətləndirilə bilər. Ona görə də icarəyə götürəndən elektrik enerjisi, qaz və su haqqı barədə tələblərə görə ayrıca EQF göndərilməsi daha məqsədəmüvafiqdir.

Təqvim ayının əvvəlində təqdim olunan EQF üzrə ay sona çatmamış müntəzəm xidmət göstərilməsi müqaviləsinə xitam verilərsə, icraçı tərəf təqdim etdiyi EQF-ni qaydaların vaxt baxımından verdiyi imkanlar daxilində düzəlişə, ləğvə göndərə və yenisi ilə əvəz edə bilər.

Qeyd edək ki, vergi ödəyiciləri EQF tərtib edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının tələblərinə əməl etməlidirlər. Qaydaların 1.3-cü maddəsində göstərilir ki, bu Qaydalara uyğun tərtib edilməyən və ya Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim olunmasının (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) və ya avans alınmasının rəsmiləşdirilməsinə əsas vermir. Həmçinin, Qaydaların 2.18-ci maddəsinin tələbləri onu göstərir ki, elektron qaimə-faktura tərtib edilən zaman o cümlədən təqdim olunmuş xidmətlərin adlarının dəqiq qeyd olunmamasına, ümumiləşdirilmiş adlardan (məsələn, müqaviləyə əsasən iş, xidmət” və digər bu kimi adlar) istifadə edilməsinə yol verilmir.

…Bir sözlə, müntəzəm xidmət göstərən sahibkarlıq subyektləri tərəfindən təqdim edilən EQF-lərdə xidmətlərin adı əks olunarkən xidmətin müntəzəmliyini bildirən və xidmətin tərkibinin aydın başadüşülən olmasını təmin edən geniş məzmunların yazılması tövsiyə olunur.

Mənbə: vergiler.az

Məzuniyyət vaxtı orta əməkhaqqının hesablanmasında nə dəyişir?

Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır

posted in: Xəbər | 0

Müştərilərinə daim ən son rəqəmsal ödəniş həlləri təqdim edərək onların gündəlik həyatını asanlaşdıran Bir ekosistemi daha bir yenilik təqdim edir. Belə ki, ekosistemin tərkib hissəsi olan və təqdim olunduğu vaxtdan müştərilərə rəqəmsal əməliyyat imkanları yaradan m10 tətbiqdaxili rəqəmsal kartı ilə də vəsaitlərin istifadəsini beynəlxalq səviyyəyə qaldırır. Ödəniş sektorunun qlobal texnologiya şirkəti Mastercard ilə tərəfdaşlıq çərçivəsində təqdim olunan yeni rəqəmsal kart, m10 istifadəçilərinə dünyanın hər yerində rahat ödəniş imkanı tanıyır.

Yeni m10 rəqəmsal kartının ən vacib özəlliyi odur ki, kartın balansı birbaşa istifadəçinin mövcud m10 elektron pulqabısı ilə eynidir. Artıq m10-da qeydiyyatdan və üztanıma identifikasiyasından uğurla keçən istifadəçilər kartı saniyələr içərisində  aktivləşdirə bilərlər. Kartdan istifadəyə başlamaq üçün tətbiqin əsas ekranında olan “Kartı Oyat” düyməsinə klikləmək kifayətdir. Bu proses bazarda mövcud olan ən sürətli rəqəmsal kart aktivləşdirmək üsullarından biridir. Yəni, istifadəçilər kartı aktivləşdirdikləri andan etibarən dərhal ödəniş edə bilərlər.

m10 rəqəmsal kartı ilə istənilən təmassız ödənişləri qəbul edən POS terminallarda (NFC) ödəniş etmək mümkündür. Kartı “Apple Wallet” və “Google Wallet” mobil cüzdanına əlavə etməklə ödənişləri internet bağlantısı olmadan da həyata keçirmək olar.

Onlayn ödəniş, müxtəlif saytlara kart məlumatlarını əlavə etmək və ya səyahət zamanı xaricdə alış-veriş kimi bütün imkanlar m10 rəqəmsal kartı vasitəsilə əlçatandır. Qeyd edək ki, yeni rəqəmsal kartın üstünlükləri ilə yanaşı, m10 cüzdanının digər mövcud funksiyaları da aktivdir. Belə ki, tətbiqdaxili ödənişlər, QR ödənişlər, m10 cüzdanları arasında əməliyyatlar, ölkədaxili və xarici pul köçürmələri, eləcə də və BakıKart ödənişləri kimi bütün üstünlüklər əvvəlki kimi qüvvədə qalır.

Xatırladaq ki, m10 ötən aylarda Amsterdam şəhərində keçirilən Money 20/20 Europe forumunda iştirak edərək, Ödəniş sektorunun qlobal texnologiya şirkəti Mastercard ilə strateji əməkdaşlığa başladığını elan etmişdi. Bu strateji əməkdaşlığın gətirdiyi üstünlüklər çərçivəsində, m10 rəqəmsal kartı kimi beynəlxalq ödəniş həllərinin istifadəyə verilməsi daha da rahat həyata keçirilə bilir və bu, Azərbaycanın rəqəmsal maliyyə həllərinin beynəlxalq arenada tanıdılması üçün mühüm addımdır.

Ətraflı məlumat üçün link: www.b-b.az/bmdc

Bir ekosistemi ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

Məzuniyyət vaxtı orta əməkhaqqının hesablanmasında nə dəyişir?

posted in: Xəbər | 0

Növbəti ildən dəyişikliklər edilməsi gözlənilən qanunvericilik aktlarından biri də Əmək Məcəlləsidir. Sənəddə bəzi kateqoriyadan olan işçilərə verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsi, əməkhaqqı və məzuniyyət ödənişlərinin hesablanması, ödənilməsi ilə bağlı yeni qaydaların işə düşməsi, distant iş rejiminə keçidin rəsmiləşdirilməsi və digər yeniliklər əksini tapıb. Təlimçi ekspert Aqil Ağayev məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması ilə bağlı gözlənilən dəyişikliyi şərh edib. 

Təklif edilən dəyişikliklərə əsasən, məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı bəzi dövrlər artıq nəzərə alınmayacaq və həmin dövrlər əməkhaqqı ödənilmiş yaxın və tam təqvim ayları ilə əvəz olunacaq.

Həmin dövrlər aşağıdakılardır:

• işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət dövrü;

• boşdayanma müddəti;

• qismən ödənişsiz sosial məzuniyyət dövrləri;

Bu dövrlər hesablamadan çıxarıldıqda, onların əvəzinə işçinin faktiki olaraq əməkhaqqı aldığı yaxın tam təqvim ayları üzrə əməkhaqqı məbləğləri nəzərə alınacaq. Bununla da ödənişsiz və ya qismən ödənişli dövrlərin işçinin məzuniyyət haqqının azalmasına təsiri aradan qaldırılacaq.

Məsələni praktiki nümunə üzərindən izah edək:

Tutaq ki, “AA” MMC-də 3 ildir çalışan əməkdaş 1 yanvar 2026-cı il tarixdə 31 təqvim günü müddətində məzuniyyətə çıxır. Əməkdaşın tarif əməkhaqqı 1.000 manatdır. Mövcud qanunvericiliyə əsasən, onun son 12 aylıq əməkhaqqı aşağıdakı kimi hesablanacaq:

Ay

Əməkhaqqı

Əlavələr (NK-nın 137 nömrəli Qərarı ilə nəzərə alınan ödənişlər)

Cəmi

Yanvar

1000

100

1100

Fevral

1000

1000

Mart

1000

100

1100

Aprel Ödənişsiz məzuniyyət
May Ödənişsiz məzuniyyət
İyun

1000

50

1050

İyul

1000

50

1050

Avqust

1000

400

1400

Sentyabr

1000

400

1400

Oktyabr

1000

1000

Noyabr

1000

100

1100

Dekabr

1000

1000

Cəmi 11 200

Cədvələ əsasən orta günlük əməkhaqqı:

(11.200 : 12) : 30,4 = 30,70 manat

Məzuniyyət haqqı:

30,70 × 31 = 951,75 manat.

Mövcud qanunvericiliyə əsasən, məzuniyyət haqqı 951,75 manat təşkil edir. Təklif edilən dəyişikliklərə əsasən, bu hesablanma zamanı ödənişsiz məzuniyyət dövrü nəzərə alınmayacaq.

Diqqət yetirdikdə görünür ki, əməkdaş aprel və may aylarında işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətə göndərilib. Təklif edilən yeni qaydalara əsasən, bu aylar hesablamadan çıxarılır və onların əvəzinə yaxın tam təqvim ayları üzrə əməkhaqqı nəzərə alınır.

Bu halda yaxın aylar kimi 2024-cü ilin noyabr və dekabr ayları götürülür və həmin aylar üzrə əməkhaqqı hesablamaya daxil edilir. Əgər həmin aylarda işçi qismən ödənişsiz sosial məzuniyyətdə olarsa, əvvəliki aylardakı əməkhaqqı məbləğləri hesablanacaq:

• Noyabr – 1000 manat

• Dekabr – 1000 manat

Yeni hesablamada:

Ümumi məbləğ:

11.200 + 1000 + 1000 = 13.200 manat;

Məzuniyyət haqqı:

(13200 : 12) : 30,4 = 36,18 manat;

36,18 × 31 = 1.121,58 manat.

Təklif edilən dəyişikliklər qüvvəyə minərsə, işçinin məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı ödənişsiz və ya qismən ödənişli dövrlər onun zərərinə hesablanmayacaq. Bu halda hər bir məzuniyyət gününə düşən əməkhaqqı həmin ayın 1 təqvim gününə düşən əməkhaqqından az ola bilməz. Bu, məzuniyyət haqqının daha ədalətli və real əməkhaqqına uyğun hesablanmasını təmin edir.

Mənbə: vergiler.az

241 saylı “Əvəzləşdirilən vergilər” hesabı üzrə uçot

241 saylı “Əvəzləşdirilən vergilər” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Əvəzləşdirilən vergilər hansılardır?

Əvəzləşdirilən vergilər sizin ödəməli olduğunuz vergidən çıxılan məbləğdir. Əvəzləşdirmə vergi ödəyicisinin vəzifəsi deyil, hüququdur. Bu hüquqdan istifadənin bəlli şərtləri vardır.

241 saylı “Əvəzləşdirilən vergilər” hesabı mühasibat uçotu subyektlərində əvəzləşdirilməli ƏDV və aksiz vergisi üzrə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi üçün ilk növbədə ƏDV ödəyicisi olmalısınız. Əlavə Dəyər Vergisinin ödəyicisi kimi qeydiyyata alınmamış vergi ödəyiciləri istər alınmış elektron qaimə fakturalar üzrə, istər idxalda ödənilmiş ƏDV-ləri əvəzləşdirə bilməzlər.

Aksizli mal alanda, ya da aksizli malı digər vergisi olan aksizli mal istehsalında istifadə etdikdə xammalları, eləcə də materialları alanda ödənilmiş aksizin məbləği miqdarında geri almaq ya da əvəzləşdirmək hüququ vardır.

241 saylı “Əvəzləşdirilən vergilər” hesabı mühasibat uçotunun hesablar planının 24-cü maddəsinə (“Sair qısamüddətli aktivlər”) daxildir.

241 saylı hesab üzrə uçot

Əvəzləşdirilən vergilər üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.  Bu qaydaların 26.3-cü maddəsinə əsasən 241 saylı hesab üzrə  aşağıdakı subhesablar açılır:

  • 241-1 saylı “Əvəzləşdirilən əlavə dəyər vergisi”;
  • 241-2 saylı “Əvəzləşdirilən aksiz vergisi”.

Bu hesablarda:

  • mühasibat uçotu subyektinin əldə etdiyi aktivlər və xidmətlər üzrə əlavə dəyər vergisi məbləğlərinin, habelə;
  • habelə aksiz vergisi tətbiq edilən məhsul istehsalında istifadə olunan aksiz vergili xammal və materialların əldə edilməsi zamanı həmin xammal və materiallar üzrə hesablanılan aksiz vergisi məbləğlərinin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

241 saylı “ Əvəzləşdirilən vergilər ” hesabı aktiv hesabdır.

Aksiz vergisi tətbiq edilən məhsul istehsalında istifadə olunan aksiz vergili xammal, materialların əldə edilməsi zamanı sözügedən xammal, materiallara görə aksiz vergisi hesablandıqda, əldə olunmuş aktivlər, xidmətlərlə əlaqədar ƏDV hesablandıqda, əvəzləşdirildikdə, həmçinin, əvəzləşdirilmədikdə həmin qaydaların 26.4.-cü bəndilə nizamlanır.

Əldə edilən digər qısamüddətli aktivlərlə əlaqədar əlavə dəyər vergisi hesablandıqda həmin qaydaların 26.19.-cu bəndi tətbiq edilir.

Əldə edilən digər qısamüddətli aktivlər üzrə əlavə dəyər vergisi əvəzləşdirilən zaman qaydaların 26.20.-ci bəndinin tələbləri nəzərə alınır.

Digər qısamüddətli aktivlər üzrə əlavə dəyər vergisi əvəzləşdirilmədikdə həmin qaydaların 26.20.-ci bəndi tətbiq olunur.

Aşağıda əvəzləşdirilən ƏDV məbləği ƏDV öhdəliyindən artıq olduğu hal üçün müxabirləşmə nümunəsi verilib. Digər hallar üçün mühasibat yazılışlarına nümunələrlə buradan tanış olmaq olar.

Əvəzləşdirilən ƏDV məbləği ƏDV öhdəliyindən artıq olduqda müxabirləşmə nümunəsi

ƏDV ödəyicisi olan “A” MMC iyun ayında “B” MMC-dən 91000 manatlıq mal almışdır. Borcun əsas, ƏDV məbləği həmin ay tam şəkildə ödənilmişdir. Eyni zamanda, 65000 manatlıq malları 84000 manata satılmışdır. Satılan malların ödənişi də iyun ayında qəbul edilmişdir.

İlk öncə malların alışının uçotu aparıldıqda:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların alışı həyata keçirildikdə 205 – Mallar 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 91000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən vergilər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 16380.00
3 Əsas məbləğ ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 91000.00
4 ƏDV məbləği ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 16380.00

Malların satışının uçotu aparıldıqda:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 65000.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 84000.00
3 ƏDV hesablandıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 15120.00
4 Əsas məbləğ bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 84000.00
5 ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 15120.00
6 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 15120.00

Göründüyü kimi, iyun ayında “A” MMC-nin aldığı mallara görə ödədiyi ƏDV, satılmış mallara görə qazanılan ƏDV-dən çoxdur:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Ödənilən ƏDV daxil olan ƏDV məbləği ilə əvəzləşdirildikdə 521 – Vergi öhdəlikləri 241 – Əvəzləşdirilən vergilər 15120.00
2 Əvəzləşdirmə edildikdən sonra artıq qalan məbləğ uçota alındıqda 217 – Digər qısamüddətli debitor borcları 241 – Əvəzləşdirilən vergilər 1260.00

Artıq ödəmə kimi uçota alınan 1260 manat növbəti aylarda yaranan ƏDV öhdəliyi zamanı nəzərə alınır.

Tutaq ki, iyul ayında əvəzləşdirilən ƏDV nəzərə alındıqdan sonra yaranan ƏDV öhdəliyi 1600 manat olmuşdur. Artıq ödəmə məbləği nəzərə alındıqdan sonra qalan 340 manat ödənilərək büdcə qarşısında olan borc bağlanmışdır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Artıq ödəmə nəzərə alındıqda 521 – Vergi öhdəlikləri 217 – Digər qısamüddətli debitor borcları 1260.00
2 Qalan ƏDV borcu ödənildikdə 521 – Vergi öhdəlikləri 226 – ƏDV-nin Depozit hesabı 340.00

Əvəzləşdirilən ƏDV ilə bağlı daha ətraflı məlumat almaq üçün buraya keçid ala bilərsiniz.

Əvəzləşdirilən aksiz vergisi ilə bağlı daha ətraflı məlumat burada verilib.

Kassa kitabının tərtibi və pul vəsaitlərinin saxlanması

1 68 69 70 71 72 73 74 2. 680