Hüquqi şəxslərin işçiləri üçün ödədiyi kirayə haqqından tutulan vergi

posted in: Xəbər | 0

Vergi Məcəlləsində 2026-cı ilin yanvar ayından sonrakı dövr üçün edilmiş dəyişikliklərdən biri də fiziki şəxslərin kirayə fəaliyyəti üzrə vergitutma ilə bağlıdır. Bəs bu dəyişiklikdən sonra hüquqi şəxslərin öz işçilərinin mənzillərinin kirayəsi ilə bağlı xərclərinin kompensasiya edilməsi zamanı ödəmə mənbəyində vergi 10% tətbiq ediləcəkmi? Hüquqi şəxslər tərəfindən işçilərinə mənzil kirayə edilməsi ilə bağlı kirayəverənə ödənilən məbləğdən 10% tutulmalıdır, yoxsa 14%?

Sərbəst auditor Altay Cəfərov bu və digər suallara aydınlıq gətirir.

Öncə Vergi Məcəlləsində bu məsələ ilə bağlı dəyişikliyə nəzərə yetirək.

Məcəllənin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. İcarə (kirayə) haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə (kirayəyə) verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 14 faiz (icarəyə münasibətdə) və ya 10 faiz (kirayəyə münasibətdə) dərəcə ilə vergini ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun qaydada vergi uçotuna alınıb bəyannamə verir.

Vergi Məcəlləsinin 124-cü maddəsindən göründüyü kimi, kirayədən ödəmə mənbəyində vergi 10%, icarədən 14% tutulur. Bu yanaşmaya aydınlıq gətirmək üçün əvvəlcə kirayə və icarə məsələlərinə nəzər yetirməliyik.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 675-ci maddəsində göstərilib ki, əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 700.1-ci maddəsində isə qeyd olunub ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə, kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı, bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

Mülki Məcəllənin tələblərinə əsasən, icarə müqaviləsi, icarə fəaliyyəti – elə kirayə müqaviləsi, kirayə fəaliyyəti deməkdir. Sadəcə, icarədə icarəyəgötürən kirayəyə və ya icarəyə götürdüyü obyektdən istifadə etməklə gəlir, fayda, bəhər qazana bilir. Ancaq kirayədə kirayəgötürən obyektdən hər hansı bir gəlir, fayda əldə etmir.

Mülki Məcəllənin yuxarıdakı maddələrindən aydın olur ki, kirayə münasibətlərində fiziki və hüquqi şəxslər ola bilər. Həm daşınmaz, həm də daşınar əmlaklar kirayə münasibətlərinin obyekti ola bilər.

İndi isə Vergi Məcəlləsinin 124-cü maddəsinə edilmiş əlavəyə bir daha nəzər yetirək. Dəyişikliyə əsasən, kirayə obyekti yaşayış sahəsi olmalıdır, qeyri-yaşayış sahəsi buraya aid deyil. Qeyri-yaşayış sahəsi hətta kirayə kimi verilsə də oradan əldə edilmiş gəlirdən 10% yox, 14% vergi tutulacaq. Yaşayış sahəsindən kirayə kimi fiziki şəxs faydalanmalıdır, yəni yaşayış sahəsindən kirayəçi kimi fiziki şəxslər istifadə etməlidir. Bu fəaliyyətə görə də kirayəverənə ödənilən məbləğdən 10% vergi tutulmalıdır. Kirayəverənə gəlirlərin hansı mənbədən ödənilməsi vacib deyil. Əsas odur ki, ona bu fəaliyyətdən gəlir ödənilsin.

İndi isə Vergi Məcəlləsinin başqa bir maddəsinə də nəzər yetirməliyik. 119.2-ci maddədə göstərilib ki, nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin gəlirdən çıxılması normaları və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, işəgötürən tərəfindən işçilərin mənzil xərclərinin normalar daxilində qaydalara uyğun ödənilməsi gəlirdən çıxılan xərclərə aid edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.11.2024-cü il tarixli 492 nömrəli Qərarında işçilərlə bağlı mənzil xərclərinin gəlirdən çıxılması norması və qaydası müəyyən edilib. Qərarın 3.1-ci bəndinə əsasən, işçilərlə bağlı vergi ili ərzində çəkilmiş mənzil (yaşayış mənzillərinin və fərdi yaşayış evlərinin kirayələnməsi) xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır.

Qərarın 3.2-ci bəndində isə göstərilib ki, işçilərlə bağlı çəkilmiş mənzil xərcləri aşağıdakı şərtlər daxilində gəlirdən çıxılan xərclərə aid edilir:

  • Kirayə haqqı kirayəverən və kirayəçi (işçi və ya işəgötürən) arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında ödənildikdə;
  • Kirayə haqqı işəgötürən tərəfindən işçiyə və ya kirayəverənə nağdsız qaydada ödənildikdə.

Nazirlər Kabinetinin 492 nömrəli qərarı Vergi Məcəlləsinin 119-cu maddəsinə əsasən qəbul edilib. Qərardan aydın olur ki, işçilərlə bağlı mənzil xərcləri dedikdə, kirayə haqları başa düşülür. Kirayə haqqı ya işçi ilə kirayəverən birbaşa özləri müqavilə imzalamaqla, ya işəgötürən kirayəverənlə müqavilə bağlamaqla və kirayədən yararlanan şəxs işçi olmaqla rəsmiləşdirilir. Yəni kirayə müqaviləsinin hüquqi şəxslə bağlanmasına baxmayaraq, kirayədən yararlanan fiziki şəxs (işçi) olacaq. Belə ki, hüquqi şəxsin mənzil kirayəsindən hüquqi şəxs kimi istifadə edilməsi absurt ifadə sayılır. Hüquqi şəxs maddi aktiv deyil. Yəni hüquqi şəxs kirayəyə ancaq fiziki şəxs (işçisi) üçün mənzil götürə bilər.

Odur ki, hüquqi şəxslər tərəfindən kirayəverəndən kirayəyə götürdüyü mənzil kirayəverən tərəfindən fiziki şəxslərə (işçilərə) kirayə verilmiş sayılır. Sadəcə, burada işəgötürən kirayəverən ilə fiziki şəxs (işçi) arasında agent rolunu oynayır.

Yəni burada birinci şəxs kirayəverən fiziki şəxs, ikinci şəxs kirayədən yararlanan fiziki şəxs (işçi), üçüncü şəxs kirayə haqqını ödəyən və aralıq agent rolunu həyata keçirən işəgötürən hüquqi şəxsdir.

Bütün bunları analiz edərək aşağıdakı nəticəyə gəlmək olar:

  • Fiziki şəxs mənzilini birbaşa digər fiziki şəxsə kirayəyə verdikdə əldə etdiyi gəlirlərindən 10% vergi tutulur və ödənilir.
  • Kirayə haqqının ödənilməsi mənbələri vacib deyil. Yəni kirayəgötürən fiziki şəxs birbaşa özü və ya istənilən digər şəxs də ödəyə bilər. Çünki 10% vergi kirayəverən fiziki şəxsin gəlirlərinə aiddir, yəni gəlirin ödəniş mənbəyi fərqli ola bilər.
  • Hüquqi şəxslərin mənzil kirayəsində hüquqi şəxs onu kirayə kimi istifadə edə bilməz, çünki o, maddi bir aktiv deyil.
  • Hüquqi şəxslərin kirayəyə götürdüyü mənzili fiziki şəxslər, daha doğrusu, işçilər də istifadə edə bilərlər. Odur ki, hüquqi şəxslərin öz işçilərinə kirayə götürdüyü mənzildən istifadəni fiziki şəxslər (işçilər) həyata keçirdiyinə görə, Vergi Məcəlləsinin 124-cü maddəsinə əlavə edilmiş yeni maddə üzrə 10% vergitutma tətbiq olunur.
  • Fiziki şəxs kirayəverən tərəfindən yaşayış sahəsinin, faktiki olaraq, fiziki şəxsə kirayə verilməsi sayılır və əməliyyatdan əldə edilən gəlir kimi qiymətləndirilir.

Mənbə: vergiler.az

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Konsaltinq nədir: konsaltinq xidmətlərinin kiçik biznes üçün faydaları

posted in: Xəbər | 0

Konsaltinq nədir? Əgər əməkdaş iş prosesində yaranan problemi həll edə bilmirsə, məsləhət üçün daha təcrübəli həmkarına müraciət edir. Analoji olaraq, əgər şirkət həlli çətin olan problemlə üzləşirsə, məsləhətçi mütəxəssislər köməyə gəlir.

Konsaltinq – müəyyən bir mövzu üzrə ekspert məsləhətinin verilməsidir.

Məsləhət üçün peşəkar mütəxəssisə də müraciət etmək olar, bu sahədə ixtisaslaşmış konsaltinq şirkətlərinə də.

Konsaltinq şirkətləri:

  • əməliyyatları təkmilləşdirməyə;
  • prosesləri optimallaşdırmağa;
  • gəlirliliyi artırmağa;
  • resurslardan səmərəli istifadə etməyə kömək edən peşəkar məsləhətçilərin xidmətlərini təklif edir.

Məsləhətçi-ekspertlər strateji planlaşdırma, maliyyə menecmenti, marketinq, əməliyyatlar və texnologiya kimi müxtəlif sahələrdə işləyə bilən peşəkarlardır.

Konsaltinq xidmətlərinin növləri

  • idarəetmə konsaltinqi məsləhət xidmətlərinin ən geniş yayılmış növüdür; bu sahə müəssisənin ümumi idarəetmə sisteminin təkmilləşdirilməsinə yönəlir;
  • maliyyə konsaltinqi maliyyə dayanıqlığının təmin edilməsinə və resurslardan səmərəli istifadəyə yönəlmişdir;
  • vergi məsləhət xidməti vergi qanunvericiliyinin düzgün tətbiqi və vergi risklərinin azaldılması məqsədi daşıyır;
  • hüquqi konsaltinq təşkilatın hüquqi təhlükəsizliyinin təmin edilməsinə xidmət edir;
  • İT konsaltinqi rəqəmsal transformasiya prosesində təşkilatlara metodoloji dəstək göstərir;
  • insan resursları (HR) üzrə məsləhət xidmətləri insan kapitalının effektiv idarə olunmasına yönəlmişdir;
  • marketinq və satış konsaltinqi növü bazar mövqeyinin gücləndirilməsinə yönəlir;
  • əməliyyat konsaltinqi təşkilatın gündəlik fəaliyyət proseslərinin optimallaşdırılmasını hədəfləyir;
  • təhsil və təlim konsaltinqi bilik və bacarıqların inkişafına yönəlmiş peşəkar xidmətləri əhatə edir.
  • dövlət və ictimai sektor üzrə məsləhətçilər dövlət siyasətinin formalaşdırılması və ictimai layihələrin qiymətləndirilməsinə yönəlir.

Konsaltinq xidmətlərinin düzgün seçimi və tətbiqi təşkilatların dayanıqlı inkişafının əsas şərtlərindən biridir.

Məsləhət xidmətlərinin təqdim edilmə formaları

  • Ekspert xarakterli – göstərilən xidmət birdəfəlik xarakter daşıyır, xüsusi suallara cavab verən məsləhətçi-ekspertlər onların həyata keçirilməsində iştirak etmədən diaqnostika aparır və tövsiyələr verir.
  • Müşayətedici (dəstək və tətbiq) – ekspertin dəyişikliklərin həyata keçirilməsinə kömək etdiyi konsaltinq prosesidir; ekspert müştəri ilə birlikdə dəyişikliklər hazırlayır və həyata keçirir.
  • Maarifləndirici – işçilərin yeni iş üsullarına hazırlanması üçün təlim və seminarların keçirilməsi nəzərdə tutlur.

Konsaltinq xidmətləri oflayn yaxud onlayn qaydasında, müştərinin iş yerində yaxud iş yerinə getmədən aparıla bilər.

Biznesiniz üçün hansı konsaltinq növünün daha uyğun olduğunu bilmirsiniz? İlkin məsləhət üçün bizimlə əlaqə saxlayın.

Konsaltinq və kiçik biznes

Artıq konsaltinq “nəhənglər üçün xidmət” statusundan çıxıb, kiçik biznesin yaşaması və böyüməsi üçün zəruri alətə çevrilib.

Bu gün, 2026-cı ildə, tam əminliklə deyə bilərik ki, iqtisadiyyatda və texnologiyada dəyişikliklər zamanı məsləhətçi-ekspertlərin dəstəyi kiçik biznes sahiblərinə riskləri azaltmağa kömək edir. 2026-cı ildə konsaltinqi kiçik biznes üçün əhəmiyyətli edən əsas amillər bunlardır:

Vergi qanunvericiliyinə uyğunlaşma

2026-cı ilin əvvəlində Vergi Məcəlləsinə dəyişikliklər, o cümlədən məcburi sosial sığorta ödənişlərinin hesablanmasının yeni qaydaları qüvvəyə minib. Dəyişikliklər bu və digər qaydada kiçik və orta biznesi (KOB) də əhatə edir. Konsaltinq kiçik biznesə KOB statuslarını itirməmək və gəlirliliyin azalmasının qarşısını almaq üçün maliyyə modellərini yenidən qurmağa kömək edə bilər.

Kadr problemlərinin həlli, insan resursları ilə işin düzgün təşkili

Kadr çatışmazlığının aradan qaldırılması, peşəkarların iş cəlb edilməsi, eyni zamanda Əmək Məcəlləsinə 2026-cı ilin əvvəlindən edilən dəyişikliklərin (məsələn, məsafədən işləyən işçilərlə bağlı) tətbiqində konsaltinq kiçik biznesə əhəmiyyətli dəstək ola bilər;

Süni intellekt və avtomatlaşdırılma

Kiçik biznes üçün konsaltinq bahalı peşəkarları işə götürmədən süni intellekt alətlərini və chatbotları sürətlə inteqrasiya etməyin yeganə yoludur. Bu əməliyyat xərclərinə kifayyət qədər qənaət etməyə imkan veirr.

Kibertəhlükəsizlik

2026-cı ildə kiçik biznesin kiberhücumların əsas hədəfi olaraq qalacağı proqnozlaşdırılır. İxtisaslaşdırılmış konsaltinq kiçik biznesə dərin İT təcrübəsi olmadan müştəri məlumatlarının qorumasına kömək edir.

Strateji dayanıqlılıq

Bu gün bazar bizneslərdən sadəcə “planlar” deyil, çevik strategiyalar tələb edir. Məsləhət xidmətləri sahiblkarların əməliyyat rejiminə görə tez-tez gözdən qaçırdığı problemlərin müstəqil diaqnozunu təmin edir.

Azərbaycanda kiçik biznes üçün konsaltinq xidmətləri

Azərbaycanda kiçik və orta biznes (KOB) üçün konsaltinq və ekspert dəstəyi dövlətin inkişaf strategiyasına inteqrasiya edilib və həm milli agentliklər, həm də beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz xidmət strukturları vasitəsi ilə KOB-lara pulsuz məsləhət xidmətləri göstərir. Prioritet xidmət istiqamətləri aşağıdakılardır:

  • güzəştli kreditlərin alınması üçün biznes planların hazırlanmasında pulsuz yardım;
  • sahibkarlar üçün hüquqi və idarəetmə məsələlərini operativ həll etmək üçün şəhər və rayonlarda açılan “KOB dostu” ofisləri şəbəkəsinin genişləndirilməsi;
  • sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunduğu “KOB evləri”-nin inkişafı.

Dövlət qurumları ilə yanaşı, 2026-cı ildə Azərbaycanda konsaltinq bazarı həm beynəlxalq nəhənglər, həm də qlobal təcrübəni yerli maliyyə, vergi və biznes mühitinin xüsusiyyətlərinə uyğunlaşdıran ixtisaslaşmış yerli şirkətlər tərəfindən təmsil olunur. “Accounting.az”  MMC belə konsaltinq şirkətlərdən biridir.

“Accounting.az”  MMC-nin kiçik biznes üçün konsaltinq xidmətləri

Accounting.az ölkənin mühasibat və vergi konsaltinqi bazarında kiçik və orta biznes (KOB) üçün etibarlı tərəfdaşdır. 13 ildən artıq təcrübəyə malik, beynəlxalq “PrimeGlobal” assosiasiyasının üzvü olan şirkətin 2026-cı il üçün əsas xidmət istiqamətləri bunlardır:

  1. Vergi konsaltinqi və planlaşdırma: 2026-cı ildə qüvvəyə minən yeni vergi dəyişiklikləri (məsələn, gəlir vergisi üzrə güzəşt müddətlərinin başa çatması və mütərəqqi vergi şkalası) fonunda şirkət bizneslərə vergi yükünü qanuni yollarla optimallaşdırmağa kömək edir.
  2. Mühasibat uçotunun autşorsinqi: Kiçik bizneslər üçün ştatda mühasib saxlamaq əvəzinə, bütün uçotun bu şirkətə həvalə edilməsi xərcləri 30-40% azaldır. Şirkət beynəlxalq (MHBS) standartlara uyğun hesabatlar hazırlayır, mühasibat konsultasiyası təqdim edir.
  3. Kadr uçotu və əməkhaqqı hesablanması: 2026-cı ildə əmək qanunvericiliyinə dəyişikliklər, habelə sosial sığorta haqlarına dair yeni tələblər Accounting.az konsaltinq xidmətlərini kiçik biznes üçün aktual edir;
  4. Maliyyə auditi və analiz: Şirkətin maliyyə vəziyyətinin diaqnostikası, rentabelliyin artırılması üçün tövsiyələrin verilməsi.
  5. Biznesin qeydiyyatı və hüquqi dəstək: Həm yerli sahibkarlar, həm də xarici investorlar üçün şirkətlərin qeydiyyatı və bank hesablarının açılması.

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

posted in: Xəbər | 0

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2027-ci il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.

Banker.az xəbər verir ki, bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Qeyd edilib ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən yoxlamalar (qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) dayandırılıb. Təklif olunan qanun layihəsi həmin müddətin daha bir il uzadılmasını nəzərdə tutur.

Mənbə: banker.az

Torpaq sahəsinin özbaşına tutulması hansı məsuliyyətə səbəb olur?

Torpaq sahəsinin özbaşına tutulması hansı məsuliyyətə səbəb olur?

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsinin digər üsullarla özbaşına tutulması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti yaradır və Məcəllənin 188.1-ci maddəsində bu cür hallara görə səkkiz min manatdan on min manatadək cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Cinayət Məcəlləsinin 188.3-cü maddəsinə əsasən, həmin əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə – təqsirkar şəxs (şəxslər) üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Yuxarıda göstərilən əməllər təkrar və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə – təqsirkarı beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir: “Torpaqlardan səmərəli və təyinatı üzrə istifadə edilməlidir. Qanunvericiliyə əməl etmək isə hamımızın borcudur”.

Mənbə: vergiler.az

Əmək müqaviləsində öncədən xitam şərtləri mümkündürmü?

1 75 76 77 78 79 80 81 2. 700