10 milyona yaxın kartımızdan Birbank kartlarına köçürmələr limitsiz və komissiyasızdır

posted in: Xəbər | 0

Yerli maliyyə bazarında innovativ həllərin ilk yaradıcılarından olan Kapital Bank milyonlarla müştərisinə rəqəmsal üstünlüklər təklif edir. Xüsusən də köçürmələr istiqamətində müştərilərinin tələbini qarşılayan bank, rəqibləri arasında ilk sıralarda yer alır. Belə ki, banka məxsus 10 milyona yaxın kartdan Birbank kartlarına köçürmələr tamamilə limitsiz və kommisiyasızdır. Yəni, Birbanklılar öz kartlarından Birbank kartlarına istədikləri qədər vəsaiti heç bir məhdudiyyət olmadan rahatlıqla göndərə bilərlər. Digər yerli bank kartlarına köçürmə edənlərsə şəxsi vəsaitlərindən 10 000 manatadək məbləği heç bir komissiya ödəmədən köçürmək şansına sahibdilər.

Qeyd edək ki, müştəri davranışlarına uyğun olaraq bir qism müştəridə fərdi yanaşma nəticəsində müxtəlif limitlər tətbiq edilir. Həmin müştərilər Birbank mobil tətbiqindəki şəxsi kabinetlərində bu haqda ətraflı məlumat ala bilərlər. Bunun üçün mobil tətbiqdə kart məlumatlarına daxil olaraq “Xərclər üzrə limit” bölməsindən şəxsi limiti görmək  mümkündür.  SMS və ya Birbank tətbiqində bildiriş almayan müştərilərsə kartın üstünlüklərindən hər zaman olduğu kimi istifadə edə bilərlər.

Həmçinin ölkənin dörd bir yanında olan 1190 ədəd Kapital Bank/Birbank bankomatı müştərilərə maliyyə əlçatanlığı təqdim edir. Mədaxil funksiyalı bankomatlar isə Birbanklılara limitsiz və komissiyasız mədaxil şansı da yaradır.

Eyni zamanda Birbank taksit kart sahibləri QR ödənişlərdə ikiqat ƏDV bonusu, 24 ayadək taksit və birdəfəlik ödənişlərdə nağdlaşdırma, eləcə də köçürmələrdə 63 günədək güzəşt müddəti kimi fürsətlərə malikdir. Üstünlüklərlə dolu Birbank Star kredit kartı isə sahibinə maliyyə azadlığı verir. Bu kartla ürəyincə xərcləyən hər kəs məbləği həmin ay qaytararaq əlavə heç bir ödəniş etmir.

Birbank kartlarını birbank.az saytından, bir sıra supermarketlərdən, “Wolt” tətbiqindən, partnyor mağazalardan və mollarda yerləşən xüsusi stendlərdən əldə edib Birbank tətbiqində aktivləşdirmək olar.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Peşəkar mühasib sertifikasiyası vergi daxilolmalarına müsbət təsir edir

213 saylı “Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Debitor borcların uçotu nə üçün vacibdir?

Debitor borclar müxtəlif səbəblərdən yarana bilər, məsələn:

  • sifariş edimiş materiallar üçün avans ödənib, amma materillar hələ təhvil alınmayıb. Bu zaman avans məbləği debitor borc sayılır, yaxud;
  • işçiləri əsas idarəetmə heyətinə borc verilə bilər, yaxud mühasibatlıq səhv hesablama nəticəsində işçiyə lazım olduğundan artıq pul köçürüb.

Maliyyə vəziyyətinin sabitliyi üçün “debitor borclar” adı altında təqdim edilən aktivlərin həcminə nəzarət etmək vacibdir. Nəzarət üçün isə aktivlərin onların, o cümlədən, əsas idarəetmə heyətinin debitor borcları üzrə dəqiq uçot vacibdir. Debitor borclar ödəmə müddətinə görə aşağıdakı kimi təsniləşdirililə bilər:

  • qısamüddətli, o cümlədən əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları;
  • uzunmüddətli, o cümlədən əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları.

213 saylı “Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları” adlı hesab belə əməliyyatların hərəkəti üçün nəzərdə tutulub.

Hesablar planının 173 saylı “Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları” üzrə uçotun əsasları, müxabirləşmə nümunələri burada verilib.

Əsas idarəetmə heyətinin qısamüddətli debitor borclarının uçotu hesabı

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  mühasibat uçotu subyektlərində uçotun aparılması, hesablar üzrə müxabirləşmələrin verilməsi qaydalarını tənzimləyir.

Uzunmüddətli debitor borcları üzrə uçot hesabları Hesablar Planının 1-ci bölməsinin (“Uzunmüddətli aktivlər”) 17-ci (“Uzunmüddətli debitor borcları”) maddəsinə,  qısamüddətli debitor borcları üzrə uçot hesabları isə 2-ci bölmənin (“Qısamüddətli aktivlər”) 21-ci maddəsinə (“Qısamüddətli debitor borcları”) uyğun açılır.  213 saylı “Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları” hesabı 21-ci maddəyə daxil olan hesablardan biridir. Hesab üzrə mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsilə bağlı malların (işlərin və xidmətlərin) satışı prosesində əsas idarəetmə heyəti tərəfindən ödəniləcək olan qısamüddətli debitor borclarının hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks olunur.

Ümumiyyətlə, yuxarıda qeyd edilən Qaydaların 23.1-ci maddəsinə görə “Qısamüddətli debitor borcları” üzrə məlumatların əks edilməsi üçün aşağıdakı hesablar açıla bilər.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na görə qısamüddətli aktiv kimi Əsas idarəetmə heyətinin debitor borcları 213 saylı hesabda aparılır.

213 saylı hesab üzrə uçotun nizamlanması qaydaları

213 saylı “Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları” hesabı üzrə hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən malların (işlərin, xidmətlərin) satışı qeyd edilən Qaydaların 23.11-ci, satılmış malların qaytarılması, ucuzlaşdırılması, habelə verilmiş güzəştlər 23.15-ci bəndi ilə nizamlanır.

Hesabat dövrü ərzində malların (işlərin, xidmətlərin) satışı üzrə əlavə dəyər vergisi həmin Qaydaların 23.13.-cü bəndlə tənzimlənir.

Qısamüddətli debitor borclara görə ödənişlər uçot hesablarında əks olunması zamanı Qaydaların 23.16-cı bəndindən, qısamüddətli debitor borclar kreditor borclarla əvəzləşdirildiyi zaman isə 23.17-ci bəndindən istifadə olunur.

Beynəlxalq uçot standartlarına uyğun tənzimləmə

213 saylı əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları hesabı üzrə uçotun tənzimlənməsi məqsədilə mühasibatın aşağıdakı beynəlxalq standartları istifadə edilə bilər:

  • 9 saylı “Maliyyə Alətləri” MHBS (IFRS 9) / 39 nömrəli “Maliyyə alətləri: Tanınma və ölçülmə” MUBS (IAS 39);
  • 15 nömrəli “Müştərilərlə müqavilələrdən gəlir” MHBS (IFRS 15)

Qeyd edilən beynəlxalq standartlara görə müəssisənin idarəetmə heyətində səhmdarların (payçılar) özləri və ya kənardan cəlb olunmuş mütəxəssislər istirak edə bilir. Əgər müəssisədə idarəetmə əməliyyatını səhmdarlar özləri edirsə onlara ödəniləcək pul dividend (xalis mənfəətin bölüşdürülməsi) sayılır. Lakin bu zaman diqqət olunmalı bir məqam yaranır ki­­, sözü gedən pulun divident olması üçün səhmdarların yığıncağından çıxacaq yekun protokolda xalis mənfəətin bölüşdürülməsi ilə bağlı qərar qəbul olunsun. Digər halda ödənilən pul səhmdarların müəssisəyə borcu sayılaraq “Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları” hesabı ilə bağlı məlumatların uçotu 213 nömrəli hesabda aparılır.

213 saylı hesab üzrə müxabirləşmə nümunəsi

Aşağıdakı nümunədə müəssisə daxilində fəaliyyət göstərən işçiyə borc verilən zaman müxabirləşmələr əks olunub.

Nümunə: “ABC” MMC kassa hesabından öz işçisinə 3500 manat qısamüddətli borc verilir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Müəssisənin tikişçisinə borc verildikdə 213 – Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları 221 – Kassa 3500.00
2 Borcun bir hissəsi qaytarıldıqda 221 – Kassa 213 – Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları 2500.00
3 Borcun qalan hissəssi əməkhaqqıdan tutulduqda 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor borcları 213 – Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları 1000.00

Ezamiyyə normalarına hansı dəyişikliklər edilib?

Peşəkar mühasib sertifikasiyası vergi daxilolmalarına müsbət təsir edir

posted in: Xəbər | 0

“Peşəkar mühasib sertifikasiyası prosesi, ilk növbədə, uçotun şəffaflaşması və keyfiyyətinin yüksəldilməsi, həmçinin beynəlxalq mühasibat standartlarına uyğun qurulması və dövlətin fiskal siyasətinə dəstək vermək məqsədilə tətbiq edilmiş prosesdir”. Bu fikri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Rəşad Əhmədov Maliyyə, mühasibatlıq, audit və rəqəmsallaşma üzrə I Beynəlxalq Simpoziumda çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, bu prosesin təşkili və icrasında Dövlət Vergi Xidməti, xüsusilə DVX-nin Tədris Mərkəzi əhəmiyyətli rol oynayıb: “Peşəkar mühasiblərin sertifikasiyası “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir. Bu məqsədlə 2019-cu ildə sözügedən Qanuna müvafiq dəyişikliklər edilib. Həmçinin, həmin ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilib. Qeyd edilən aktların qəbulu ilə bu prosesin normativ-hüquqi bazası formalaşıb. Lakin həmin Qaydaların təşkilinə kimi bu sahədə ixtisaslaşmış ictimai təşkilatlar – Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası və “Azərbaycan Gənc Mühasiblər” İB tərəfindən çoxlu sayda müzakirələr və məsləhətləşmələr aparılıb. Müzakirələrdə DVX-nin Tədris Mərkəzinin əməkdaşları vergi qanunvericiliyi üzrə ekspert kimi yaxından iştirak ediblər”.

R.Əhmədov əlavə edib ki, 20.01.2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi, DVX və qeyd edilən ictimai birliklər arasında birgə memorandum imzalanıb.

Məqsəd sənədi imzalayan tərəflərin PMS üzrə imtahanların məzmun və strukturunun formalaşdırılması, təbliği, maliyyə, mühasibat və vergi uçotu sahəsindəki yeniliklərin paylaşılması və tətbiqi, eləcə də qeyd edilən sahələr üzrə mütəxəssislərin peşəkar inkişafına dair qarşılıqlı əməkdaşlığının qurulması olub.

Şöbə rəisi artıq mühasiblərin 30-40 faizinin bu sertifikasiyadan keçərək müvafiq sertifikatlara yiyələndiyini, digərlərinin isə müəyyən kurslar vasitəsilə PMS imtahanlarına hazırlaşdıqlarını, tədris prosesində DVX-nin də mühüm rol oynadığını vurğulayıb: “Tədris Mərkəzində hər il mühasiblər üçün ödənişsiz olaraq seminarlar təşkil edərək onları vergi qanunvericiliyindəki yeniliklərlə bağlı məlumatlandırırıq. Eyni zamanda, əməkdaşlarımız həm sertifikasiya imtahanlarında istifadə olunan sualların formalaşmasında, həm onun qapalı rejimdə ekspertizasında, həm də imtahan nəticələrinin yoxlanılmasında yaxından iştirak edirlər”.

Sorğu bazasının formalaşmasının vergi uçotuna uyğunluğu ilə bağlı məsələyə toxunan R.Əhmədov bildirib ki, ekspertiza zamanı sualların vergi qanunvericiliyində edilmiş yeniliklərə uyğunluğu yoxlanılır: “Əvvəllər sualların formalaşmasında bir pərakəndəlik mövcud idi. Artıq son illərdə bu məsələlər də aradan qaldırılıb. 10 ballıq test tapşırıqlarında istifadə olunan cədvəllərin vahid formaları təsdiq edilib və sualları hazırlayarkən həm vergi qanunvericiliyinə, həm də vergi inzibatçılığına əsaslanırıq. Çalışırıq ki, sualların quruluşu tətbiq edilən vergi hesabatlarına uyğun olsun. Bu da müəssisələrdə vergi uçotunun təşkili ilə bağlı problemlərin aradan qalxmasına müəyyən dərəcədə kömək etmiş olur. Biz vergi yoxlamaları zamanı PMS imtahanlarından keçən baş mühasiblərin çalışdığı müəssisələrdə vergi uçotunun daha dəqiq aparıldığının şahidi oluruq. Belə ki, sertifikatlı mühasiblərin fəaliyyəti nəticəsində müəssisələrdə vergi hesabatları daha dəqiq tərtib olunur, bu isə dövlət büdcəsinə vergi daxilolmalarının artan dinamika ilə inkişafına öz müsbət təsirini göstərir”.

Xatırladaq ki, qanunvericilikdə peşəkar mühasib olmayan şəxslərin baş mühasib kimi işə götürülməsinə görə hüquqi məsuliyyət də nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 462.3-cü maddəsinə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə edilir.

Mənbə: vergiler.az

“Prefiling” sistemi: mikro və kiçik sahibkarlar üçün asan vergi bəyannaməsi

“Prefiling” sistemi: mikro və kiçik sahibkarlar üçün asan vergi bəyannaməsi

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yeni istifadəyə verdiyi “Sadələşdirilmiş vergi bəyannaməsi”nin öncədən doldurulması – “prefiling” sistemi bəyannamələrin daha çevik hesablanıb təqdim edilməsinə imkan verəcək. Bu fikri vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev səsləndirib. Onun sözlərinə görə, bu, xüsusilə mikro və kiçik sahibkarlıq subyektlərinin işini asanlaşdırır: “Məlumdur ki, sadələşdirilmiş vergi rejimindən daha çox fiziki şəxslər istifadə edirlər, lakin bəzi hallarda onlar da hesabatları hazırlamaqda çətinlik çəkirlər. Bunun üçün ayrıca mühasib cəlb etməyə ehtiyac yaranır, buna isə əlavə vəsait tələb olunur. “Prefiling” sistemi həmin vergi ödəyicilərinə vergi bəyannamələrini daha rahat və asan formada təqdim etmələrinə, eləcə də onların maliyyə itkilərinin qarşısını almağa imkan verir. Sahibkarların bu sistemdən rahatlıqla yararlana bilməsi isə onun üstünlüyü kimi dəyərləndirilir”.

X. Feyzullayev əlavə edib ki, hələlik “Sadələşdirilmiş vergi bəyannaməsi” və vahid muzdlu bəyannaməni öncədən hazırlamaq mümkündür: “Sahibkarlar hesabat müddətində şəxsi kabinetlərinə daxil olduqda həmin bəyannamələri hazır görə bilərlər. Sadəcə, bəzən onların əlində olan rəqəmlərlə vergi orqanlarının məlumat bazasındakı rəqəmlər uyğun gəlməyə bilər. Bu zaman vergi ödəyiciləri özləri həmin yanlışlıqları redaktə etməklə, bəyannaməyə doğru rəqəmləri daxil edə bilərlər. Bu, həm vaxt baxımından, həm də maliyyə xərclərinə qənaət baxımından sahibkarlar üçün xeyli əlverişlidir. Xüsusilə mikro sahibkarlar üçün DSMF hesabatlarında da belə bir rahatlıq mövcuddur”.

Xatırladaq ki, 2025-ci ilin oktyabr ayının 1-dən etibarən Dövlət Vergi Xidməti tərəfindən “Sadələşdirilmiş verginin bəyannaməsi”nin öncədən doldurulması (“prefiling”) sistemi istifadəyə verilib. Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2025-ci il üzrə “Yol Xəritəsi”ndə mikro sahibkarlar üçün əvvəlcədən doldurulmuş sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin olunması mühüm komponentlərdən biri kimi yer alır.

“Prefiling” sistemi sadələşdirilmiş vergi ödəyiciləri üçün vergi bəyannaməsinin məlumat bazasında mövcud informasiya əsasında avtomatik hazırlanmasını və vergi ödəyicisi tərəfindən təsdiq olunmasını əhatə edir. Vergi ödəyiciləri öz elektron kabinetləri vasitəsilə xidmətdən rahat şəkildə yararlana bilirlər.

Mənbə: vergiler.az

Təsisçi və direktor eyni şəxs olduqda müqavilə münasibətləri necə tənzimlənir?

1 90 91 92 93 94 95 96 2. 680