Azərbaycanda audit: Aşağı qiymət keyfiyyətdən vacibdir?

posted in: Xəbər | 0
birbank biznes

audit, Sığorta,Auditorlar Palatası dempinqə, yəni bazarda qiymətlərin süni şəkildə aşağı salınması hallarına qarşı cəzaları sərtləşdirmək istəyir.

Bu məsələ qurumun Şurasının avqustun 10-da videokonfrans formatında keçirilmiş növbəti iclasında müzakirə olunub.

“Bazarda bu cür yer tutmaq qəbulolunmazdır”.

Auditorlar Palatasının sədrinin müşaviri Nəcəf Talıbov deyir ki, cəzaların sərtləşdirilməsi ölkədə audit xidmətinin keyfiyyətinin aşağı düşməsinin qarşısını alacaq, eyni zamanda bazarda haqsız rəqabətə mane olacaq: “Bazara yeni daxil olmuş hüquqi və ya fiziki şəxsin qiyməti aşağı salmaqla özünə yer tutmaq siyasəti qəbul olunmazdır. Əgər auditor yetərincə yüksək səviyyəli xidmət göstərmirsə, ona aşağı qiymət təklif eləmək yaraşmır, ən azı işinin maya dəyəri ödənilmir.

Tutaq ki, bir auditor təşkilatı fəaliyyətə başlayanda gedib hansısa şirkətdə yoxlama aparırsa və lazımı səviyyədə auditi rəsmiləşdirirsə, bu təşkilatın ora çəkdiyi maddi və qeyri-maddi xərc yəni aktivlər müəyyən bir qiymət təşkil edir. Ondan aşağı dəyər, qiymət təklif eləmək şirkətə xeyir eləməz. Digər bir məsələ də var ki, keyfiyyətsiz xidmət göstərmək istəyən auditor təşkilatı deyir ki, ”mən təzəyəm, qiyməti aşağı qoyum ki, müştəri əldə edim”. Ancaq faktiki olaraq o, keyfiyyətsiz xidmətinə görə aşağı qiymət qoyur.

Audit təşkilatı var ki, hər biri 10 min manat məbləği olan 5 müqaviləsi var. Bir il ərzində də ancaq 5 müştərini yola verə bilir. Amma digəri 114 bələdiyyənin auditini həyata keçirir və hər biri üçün cəmi 1 gün sərf edir. Birinci 5 müqaviləyə 50 min manat, ikincisi isə 114 müqaviləyə 50 min manat qazanır. Deməli qiymətin aşağı düşməsi keyfiyyətsiz iş görülməsi ilə nəticələnir”.

Onun sözlərinə görə, Palata bunların qarşısını almaq üçün böyük metodiki bazaya malikdir və yeni yaranmış audit şirkətlərinin bazarda yer tutması üçün tövsiyə olunan minimum qiymətlər müəyyən edib: “Misal üçün, Publik hüquqi şəxslər üşün audit xidmətinin qiyməti 10 min manatdan, MMC-lər isə 1 000 manatdan başlayır. Auditor həmin təşkilata gedəndə artıq bilir ki, Auditorlar Palatasının bu tip təşkilat üçün tövsiyə etdiyi dəyər budur.

Təşkilatlar da qanunla tələb olunan qaydalara riayət etməkdə maraqlıdırlar. Auditor yoxlamasının nəticəsindən daha çox şey asılıdır. Şirkət ya razı qalacaq, ya da narazı qalacaq. Bəzən olur ki, auditor 10 min manatlıq işə 1000 manat alır, 2 sənədə baxır və yalandan akt yazır. Bir sözlə keyfiyyətsiz iş görür”.

“Azərbaycandakı vəziyyət dünya təcrübəsindən fərqlənir”.

“EKVITA” MMC konsaltinq şirkətinin rəhbəri İlqar Mehti isə deyir ki, dünya təcrübəsində hər iki variant var: “Yəni bəzi ölkələrdə audit təşkilatları üçün minimum qiymət müəyyən edilib, bəzilərində isə bazar sərbəst buraxılıb. Amma Azərbaycan reallığında bu, xoş olmayan mənzərə yaradıb. Sizə bir nümunə deyim. Bildiyiniz kimi dövlət tenderlərində qiymətlər sonradan açıqlanır. Bu, şəffaflıq baxımından faydalıdır. Bu yaxınlarda iri dövlət qurumlarından birinin tenderinin nəticəsi açıqlandı. Hansı ki, 300 əməkdaşı, 300-400 milyon manat illik dövriyyəsi var. İri beynəlxalq şirkətlər xidmətə görə, 170 min manat xidmət haqqı istəyirdilər. Azərbaycan şirkətləri isə təxminən 70-80 min manatlıq xidmət haqqı ilə bu işi görməyə razı idilər. Hətta biz də təxminən 65-70 min civarında bir rəqəm demişdik. Bir auditor yazıb ki, 4 500 manat. Adamın audit lisenziyası var və bu qiymətə xidmət göstərir.

Özəl sektorda bir qədər fərqlidir. Belə ki, özəl təşkilatlar açıq tender elan edir, yəni özü dəvət etdiyi şirkətlərin qiymətinə baxır. Tutaq ki, açıq tender yolu ilə də bu şirkət gəlib 4 500 manat təqdim etdi. Onu ciddi qəbul etməyəcəklər. Gərək sən o qədər müstəqil və peşəkar olasan ki, gəlib mənim şirkətimin səhvlərini deyəsən və mənə tövsiyələrini verəsən. 4 500 manata isə bunu etmək olmur. Deməli, sən bu qiymətə peşəkar mütəxəssislə deyil, ancaq universitet tələbələri ilə işi icra edə bilərsən.

Dövlət satınalmalarında isə problem ondan ibarətdir ki, qurum bunu cəlb etməyə məcburdur. Çünki tenderin nəticəsini ləğv edə bilməz, həmin iştirakçıya da onun təklifini qəbul edə bilməyəcəyini deyə bilməz. Çünki tələb var ki, texniki şərtlərə cavab verən ən aşağı qiymət qəbul edilməlidir. Belə audit yoxlamalarına çox vaxt da sərf edilmir. Sadəcə rəfdən hazır audit rəyini götürüb müştərinin adını dəyişəcək və verəcəklər. Bir söz demək olmur, çünki məhkəməyə verəcək və deyəcək ki, “mən audit rəyini belə görürəm” və s.”.

Ekspert hesab edir ki, Qərb təcrübəsindən yararlanmaqla bu prosesləri idarə etmək olar: “Bizdə düşüncə formalaşıb ki, hər şeyi qanunla nəzərə almağa çalışırıq. Amma qanunla hər şey tənzimlənmir. Əgər elə olsa, gərək o zaman 1 maddə 70-80 səhifə olsun. Ona görə də ümumi qaydalar yazılmalı və qeyd edilməlidir ki, sərbəst rəqabətlə yanaşı peşəkar xidmət göstərilməlidir.

Qərbdə bunlar heç qanunla tənzimlənmir. Sadəcə olaraq, Auditorlar Palatası kimi qurum var, etik qaydalara və keyfiyyətə nəzarət edir. Lazım olanda auditor təşkilatını çağırır, yoxlayır, irad və təkliflərini bildirir. Bir neçə xəbərdarlıqdan sonra isə şirkətin lisenziyası əlindən alınır. Bizdə belə olanda o dəqiqə məhkəməyə gedib deyirlər ki, “bizim iqtisadi hüquqlarımız pozulur”, “Auditorlar Palatası kiminsə sifarişi ilə bunu edir”, “məndən rüşvət istəyir” və s.”.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email