Beynəlxalq daşımalar həyata keçirilərkən vergi hansı şərtlərlə ödənilir?

posted in: Xəbər | 0
birbank biznes

Beynəlxalq daşımalar,Rezident A şirkəti qeyri-rezident B şirkəti ilə müqavilə bağlayıb və onun vasitəsilə tranzit yükdaşıma həyata keçirir. Bu halda qeyri-rezidentə edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri 6 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir.

Buna əsasən, sorğuda göstərilən halda, daşıma xidmətləri tranzit qaydada daşıma xidmətlərinə aid edildiyi və müvafiq sənədlərlə rəsmiləşdirildiyi təqdirdə, qeyri-rezidentə edilmiş ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur. Lakin göstərilən daşıma xidmətlərinin tranzit qaydada həyata keçirilmədiyi və təyinat (göndərilmə) məntəqəsi Azərbaycan Respublikası olduğu halda daşıma xidmətlərinə görə edilmiş ödənişlərdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulur.

Əlavə olaraq bildiririk ki, vergi öhdəliyinin dəqiq müəyyən edilməsi üçün işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlər, yük gömrük bəyannamələri, tərəflər arasında bağlanılmış müqavilələr, ödəniş sənədləri və digər zəruri sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 125-ci maddəsi.

Mənbə: vergiler.az


Print Friendly, PDF & Email