Vahid mühasibat uçotu standartları olmadan investorlar və ya səhmdarların biznesin gəlirləri, xərcləri və zərərləri haqqında dəqiq hesabat alması çətin olardı. Ümumi Qəbul Edilmiş Mühasibat Uçotu Prinsipləri (GAAP) kimi standartlar maliyyə hesabatlarında şəffaflıq və uyğunluğu təmin edir, tənzimləyici qurumların maliyyə sanksiyalarından və inzibati cəzalardan qaçmaqda mühasiblərə, şirkət rəhbərlərinə kömək edir.

Bu məqalədə uçot mütəxəssislərinin bilməli olduğu bəzi mühasibat uçotu standartlarının icmalı şərh olunub.

Maliyyə hesabatlarının məqsədi

Maliyyə hesabatlarının məqsədi mühasibat uçotu subyekti haqqında əhəmiyyətli hesab olunan informasiya ilə hesabat istifadəçilərinin təmin edilməsidir. Qərarların qəbulu üçün istifadə edilən belə informasiyaya aşağıdakıları nümunə göstərmək olar:

  • şirkətin maliyyə vəziyyəti;
  • fəaliyyətinin nəticələri;
  • maliyyə vəziyyətindəki dəyişikliklər və sair.

Vahid mühasibat uçotu standartları maraqlı tərəflərin başa düşdüyü məlumatlara malik sənədlər toplusu hazırlamaq üçün lazımdır. Standartlar biznesin ümumi dili kimi çıxış edir, investorlar və ya səhmdarların gəlirlərlə bağlı gözləntilərini formalaşdırır. Bu zaman hesabatlar vasitəsi ilə aşağıdakı amillər qiymətləndirilir:

Mühasibat xidmətləri
  • gələcək xalis pul vəsaitlərinin məbləği, vaxtı və müəyyənliyi;
  • rəhbərlik tərəfindən təşkilatın resurslarının məsuliyyətlə idarə olunması.

Mühasibat uçotu standartlarına uyğun hazırlanmış maliyyə hesabatları, investorlar və ya səhmdarların hansı ölkədə yerləşməsindən asılı olmayaraq, onları əhəmiyyətli informasiya ilə təmin etməlidir.

Mühasibat uçotunun standartları

İstifadəçilər tərəfindən maliyyə hesabatlarının asan başa düşülməsini təmin etmək məqsədi ilə mühasibat uçotu standartları adlanan meyarlar, qaydalar və prosedurlardan ibarət Ümumi Qəbul Edilmiş Mühasibat Uçotu Prinsipləri (GAAP) toplusu hazlrlanmışdır..

“GAAP” termini ilk dəfə 1936-cı ildə Amerika Mühasiblər İnstitutu tərəfindən istifadə edilmişdir. GAAP-ın federal təsdiqi 1933-cü il Qiymətli Kağızlar Aktı  və 1934-cü il Qiymətli Kağızlar Mübadilə Aktı kimi qanunların qəbulu ilə başladı; bu aktlara ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən nəzarət edilir.

“GAAP” dedikdə, əsasən ABŞ standartları (US GAAP) nəzərdə tutulur. Lakin hər ölkənin öz milli qanunvericiliyinə uyğun GAAP-ı ola bilər (məsələn, UK GAAP və ya Azərbaycanın milli mühasibat uçotu standartları).

ABŞ-da maliyyə hesabatları GAAP tərəfindən idarə edilsə də, dünyanın əksər hissəsi – bütün Avropa İttifaqı da daxil olmaqla 140-dan çox ölkə – Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (IASB) tərəfindən hazırlanmış Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) əməl edir.

IFRS-in tarixi: qısa icmal

1973-cü il – ideyanın yaranması

ABŞ, Böyük Britaniya, Kanada və digər ölkələrdən olan mühasiblər fərqli prinsip və qaydaların biznes əməliyyatlarına mane olduğunu başa düşürdülər. Onlar Beynəlxalq Mühasibat Uçotu Standartları Komitəsini (IASC) yaratdılar. Bu komitə ilk ümumi qaydalar toplusunu hazırlamaqla məşğul idi.

2001-ci il – yeni dövr

Zaman köhnə sistemin yenilənməsinə tələb edirdi. IASC Komitəsi müasir Beynəlxalq Mühasibat Uçotu Standartları Şurasına (IASB) çevrildi. Şura gün də fəaliyyət göstərir və yeni standartlar hazırlayır. IFRS məhz bu dövrdə ortaya çıxdı.

2005-ci il – Avropanın keçid dövrü

2005-ci il mühasibat uçotu standartlarının inkişafında əhəmiyyətli bir mərhələ oldu. Avropa İttifaqı bütün böyük şirkətlərə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını (MHBS/IFRS) qəbul etməsini tapşırdı və bu da standartların qlobal səviyyədə tanınmasına səbəb oldu.

2001-ci ilədək qəbul edilmiş standartlar Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS/IAS), sonrakı bütün standartlar isə Maliyyə Hesabatları Beynəlxalq Standartları (MHBS/IFRS) kimi tanınır.

Bu günə olan məlumata görə, MHBS sistemi 43 aktiv standartdan ibarətdir: 24 köhnə standart (IAS) və 19 daha yeni standart (BMHS). Həmçinin, standartların özlərinə əlavə olaraq, sistem qaydaların düzgün praktiki tətbiqinə kömək edən məcburi Şərhləri ehtiva edir.

IFRS S standartları

2021-ci ildə Beynəlxalq Maliyyə Hesabatı Standartları Fondu (IFRS Foundation) tərəfindən yeni bir qurum — Beynəlxalq Dayanıqlı İnkişaf Standartları Şurası (ISSB) yaradıldı. Bu qurum şirkətlərin iqlim, ekologiya və sosial idarəetmə (ESG) mövzularında hesabat verməsi üçün IFRS S (Sustainability) standartlarını hazırlayır. Hazırda qüvvədə olan və tətbiqi genişlənən əsas standartlar aşağıdakılardır:

  • IFRS S1: Dayanıqlı inkişaf ilə bağlı maliyyə məlumatlarının açıqlanmasına dair ümumi tələblər.
  • IFRS S2: İqlim dəyişikliyi ilə bağlı məlumatların (karbon tullantıları, ekoloji risklər) açıqlanması.

Bu standartlar rəsmi olaraq 1 yanvar 2024-cü il tarixindən etibarən qüvvəyə minib, maliyyə hesabatlarına əlavə məlumat mənbəyi kimi çıxış edə bilər.