Vergi və DSMF hesabatları birləşdirilir
Vergi və DSMF hesabatları birləşdirilir
You can display the Full post on your Blog Page
Vergi və DSMF hesabatları birləşdirilir

Vergi müvəkkilləri üçün tələblər müəyyən edilib
Vergilər naziri Mikayıl Cabbarov “Vergilər Nazirliyi ilə vergi müvəkkilləri arasında əməkdaşlıq sazişi”nin nümunəvi formasını təsdiq edib.Sənəddə vergi müvəkkilinə tələblər, onun göstərdiyi xidmətlər, tərəflərin hüquq və vəzifələri, vergi müvəkkilinin xidmət göstərəcəyi vergi ödəyicisi ilə bağlayacağı müqaviləyə dair tələblər, eləcə də sazişin müddəti və xitam verilməsi qaydaları əksini tapıb.
Əməkdaşlıq sazişi vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması səbəbindən baş verəcək maliyyə itkiləri üzrə risklərin, vergi nəzarəti tədbirləri üzrə izahatlar və əlavə yazışmalara sərf ediləcək inzibati xərclərin azaldılması, vergi müvəkkilinin vergi qanunvericiliyinin tətbiqi ilə bağlı müraciətlərinə daha operativ, konkret, dəqiq, əsaslandırılmış cavabların alınmasına xidmət edir. Sənəd, eyni zamanda, vergi müvəkkilinin xidmətlərindən istifadə edən vergi ödəyicilərinə münasibətdə həm vergi ödəyicilərinə xidmət, həm də vergi ödəyicilərinə nəzarət baxımından vergi orqanlarının resurslarına qənaət edilməsi məqsədilə vergi orqanı ilə vergi müvəkkilləri arasındakı münasibətləri tənzimləyir.
Sazişə əsasən, vergi müvəkkili vergi ödəyicisi ilə bağladığı müqaviləyə uyğun olaraq ona aşağıdakı istiqamətlər üzrə, lakin bunlarla məhdudlaşdırılmayan xidmətlər göstərə bilər:
Sənəddə vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçilərinə aşağıdakı tələblər yer alıb:
Vergi müvəkkili olmaq istəyən hüquqi şəxslərə də bəzi tələblər müəyyən edilib. Onlar yuxarıda sadalanan tələblərə cavab verəcək ən azı 2 işçi ilə əmək müqaviləsi və mülki məsuliyyətin sığortası ilə bağlı müqavilə bağlamalıdırlar. Əvvəllər vergi müvəkkili olan və Vergilər Nazirliyi ilə bağlanmış sazişin tələblərinə əməl etməməsi səbəbindən həmin sazişə xitam verilən hüquqi şəxslərlə yenidən saziş bağlanmayacaq.
Əməkdaşlıq sazişində vergi müvəkkilinin Vergilər Nazirliyində yaradılan xüsusi işçi qrup ilə üzbəüz görüşməklə 10 iş günündən gec olmayaraq vergi qanunvericiliyinin tətbiqi ilə bağlı tam, konkret, əsaslandırılmış cavab almaq hüququ əksini tapıb. Vergilər Nazirliyi ilə vergi müvəkkilləri arasında əməkdaşlıq sazişi 3 illik müddətə bağlanılır. Vergi müvəkkili vəzifələrini yerinə yetirmədikdə, fəaliyyətinə xitam verildikdə və ya işçilərinin sayı 2 nəfərdən az olduqda sazişə xitam verilə bilər.
Onu da deyək ki, Vergilər Nazirliyi tərəfindən “Vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçilərinin imtahandan keçirilməsi Qaydaları” təsdiq edilib. Sənədlə daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz:
Mənbə: vergiler.az
Malların alğı-satqısı zamanı sənədləşmə prosesi necə getməlidir?
Suallarımızı Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev cavablandırır.– Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-cı il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyata alınan və alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir. Belə malların anbara təhvil verilməsi isə “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Malların alğı-satqısı zamanı malı satan şəxs alan şəxsə elektron qaimə-faktura verməlidir ki, burada malın adı, ölçü vahidi, qiyməti, yekun qiyməti və əgər ƏDV-yə cəlb olunan maldırsa, ona tətbiq edilən ƏDV kimi müvafiq sətirlər nəzərdə tutulub.
Satıcı tərəfindən təqdim edilən mala görə elektron qaimə-faktura Vergilər Nazirliyinin Elektron informasiya sistemində qeydiyyata alınmaqla alıcı tərəfin elektron qutusuna göndərilir. Bu zaman elektron qaimə-fakturanın da təqdim edilməsinə baxmayaraq, mallar fiziki olaraq satıcı tərəfindən alıcıya təhvil verilərkən tərəflər arasında təhvil-təslim prosesi baş verir. Yəni faktiki olaraq alıcı aldığı malların fiziki göstəricilərinə, keyfiyyətinə nəzarət edilməsi, həmin partiyada mal həcminin alınması və s. məsələləri yoxlayır və qarşılıqlı surətdə tərəflər arasında malların təhvil-qəbul aktı bağlanılır.
Tərəflər arasında e-qaimədən başqa, digər ilkin uçot sənədlərinin də tərtib olunmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmur. E-qaimə-fakturanı verməklə yanaşı, malların təhvil-qəbul aktı da bağlanılır. Bununla eyni zamanda digər hər hansı ilkin uçot sənədi də tərtib edilə bilər.
– Bu zaman “Malların alış aktı” tərtib edilir ki, burada satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN-i, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.
Vergi ödəyicisi malları təhtəlhesab şəxsdən vəkalətnamə (etibarnamə) ilə almalıdır. İdxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Mallar alış və ya satış qiyməti ilə uçota alınmalıdır. Mallar satış qiyməti ilə uçota alındıqda, alış dəyəri ilə satış qiyməti arasındakı fərq ticarət əlavəsi hesabında ayrıca uçota alınmalıdır.
– Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminalla həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.
Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.
Təhtəlhesab şəxsin aldığı malları və idxal mallarını anbara təhvil verməsi, habelə pərakəndə ticarət fəaliyyətində malların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”la sənədləşdirilir. Həmin akt vergi ödəyicisinin (və ya onun səlahiyyətli nümayəndəsinin), maddi məsul şəxsin və malları anbara təhvil verən şəxsin imzaları ilə təsdiqlənir.
Malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması fövqəladə hal nəticəsində baş verdikdə aidiyyəti dövlət orqanlarının verdikləri arayışlar əsasında həmin mallar maddi məsul şəxslərin hesabından silinə bilər. Bu zaman “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi, xarab və ya zay olması barədə akt” tərtib olunur.
– Pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin malları “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda nəzərdə tutulan sənədləşdirilmiş məlumatlar əsasında alıcılara təqdim etdiyi üzrə dövriyyə bu fəaliyyəti həyata keçirən şəxsin gəlirlərinə aid edilir. Pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin təqdim etdiyi malların satışı üzrə məsrəflər, o cümlədən bu malların dəyəri, tədavül xərcləri (hesabat dövrünün sonuna mal qalıqları arasında bölüşdürülən məbləğlər istisna olmaqla) bu fəaliyyəti həyata keçirən şəxsin xərclərinə aid edilir.
– Topdansatış ticarət sahəsində malların mədaxilinin sənədləşdirilməsində də vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan və alınmayan vergi ödəyicilərindən aldıqda bu malların alışına dair Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda “Malların alış aktı” tərtib edilir. Aktda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN-i, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.
Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə alıcıya (vergi ödəyicisinə) qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası ilə yanaşı, POS-terminaldan çıxarış verilir.
– Səyyar qaydada satışda da, məsələn, avtonəqliyyat vasitəsindən pərakəndə satış zamanı nəzarət-kassa aparatı quraşdırmaq mümkün olmadığı üçün fiziki şəxslərə satılan mallara görə nağd pul vəsaiti qəbul olunarkən qəbz – ciddi hesabat blankı tərtib edilir. Bu, Maliyyə Nazirliyinin təsdiq etdiyi formaya uyğundur və mətbəələrdə sifariş olunur. Həmin fiziki şəxslərə malların da təhvil verildiyini özündə əks etdirən mədaxil qəbzləri tərtib oluna bilər.
Mənbə: vergiler.az
Elektron qaimə-faktura: karqo şirkətləri qaydalara nə dərəcədə əməl edirlər?
Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nda göstərilir ki, əlavə dəyər vergisi (ƏDV) ödəyiciləri və ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq təşkil edən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər təqdim etdikləri mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri isə 2018-ci il 1 yanvar tarixindən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.
Bəs topdan və pərakəndə satış obyektlərində qanunvericiliyin bu tələbinə nə dərəcədə əməl olunur? Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Elektron qaimə-fakturaları vergi ödəyiciləri iki üsulla hazırlaya bilirlər: “Onlayn rejimdə” və “Oflayn rejimdə”. Müşahidələr göstərir ki, son vaxtlar ticarət sektorunda fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən təqdim edilən malların elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi ilə bağlı xeyli irəliləyişlər olsa da, bu, hələ bazardakı bütün malları əhatə etmir. Bu isə vergi uçotunun düzgün aparılmamasına və vergidən yayınma hallarına gətirib çıxarır. Fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən şəxs tərəfindən həmin malların sənədlərinin təqdim olunmaması və bunun elektron qaimə-fakturalarla rəsmiləşdirilməməsi həm də məhsulun istehsal olunduğu mənbədən son istehlaka qədərki dövriyyə prosesinin iştirakçıları üçün əlavə çətinliklər yaradır.
İqtisadçı ekspert, Azərbaycan Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov bildirib ki, hazırda bazarın müxtəlif sahələrində mal və xidmətlərin elektron qaimə-faktura ilə rəsmiləşdirilmədən təqdim olunması halları müşahidə edilir:
Ə.Əsədov qeyd edib ki, Bakıda avtomobillərin ehtiyat hissələri bazarlarındakı bütün məhsullar, “Binə” və “Sədərək”dəki geyimlərin, demək olar ki, hamısı ölkəyə karqo şirkətləri tərəfindən daşınır. Həmin şirkətlər xaricdən gətirdikləri malları topdan və pərakəndə satış fəaliyyəti göstərən sahibkarlara təhvil verirlər. Sahibkarlar isə həmin malları sənədsiz satırlar: “Hazırda topdan və pərakəndə ticarət obyektlərindəki malların əksəriyyəti həmin mallardır. Ona görə də karqo şirkətlərinin sahibkarlara indiyədək təqdim etdikləri sənədsiz mallar dövriyyədən çıxmayana qədər elektron qaimə-faktura olmadan təqdim edilən mallara bazarda rast gəlinəcək”.
Ekspert vəziyyətdən çıxış yolunu şəffaflaşmanın inzibatçılığın bütün sahələrini, həm də tam şəkildə əhatə etməsində görür. Onun fikrincə, hər şeydən əvvəl, xaricdən gətirilən malların sənədləşdirilməsi sahəsində şəffaflaşmaya diqqət artırılmalıdır: “Bu sahədə şəffaflıq tam təmin olunsa, dövriyyədəki malların sənədləşdirilərək satışa çıxarılması məsələləri də zəncirvari qaydada həllini tapacaq”.
Xatırlatma:
Pərakəndə satış – malların alıcıya satışının (təqdim olunmasının) son istehlak məqsədilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim olunmaqla həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Topdansatış – malların alıcıya satışının (təqdim olunmasının) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim olunmaqla həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Beləliklə, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” qaydasında, əlavə olaraq, POS-terminalların da istifadəsi nəzərdə tutulur. Müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Alıcının məhsulun son istehlakçısı hesab olunduğu nəzərə alınmaqla pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olanlar isə malları ancaq alıcının sahibkarlıq fəaliyyəti üçün satırlar və bu zaman elektron qaimə-faktura və ya vergi hesab-fakturası təqdim edirlər.
Mənbə: vergiler.az