Sosial sığorta haqlarının hesablanması

posted in: Xəbər | 0

xəstələnmək hüququSosial sığorta haqqı necə hesablanır?

2019-cu il yanvarın 1-dən sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində yığım funksiyası və nəzarət dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilib.

Vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının hesablanması üçün bir sıra şərtlər rəhbər tutulmalıdır.

Əmək qabiliyyətini müvəqqəti itirmiş işçiyə ödənilən müavinət

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilib. Buna görə də işçiyə əmək qabiliyyətini itirdiyi dövr üçün ödənilən müavinətə sosial sığorta haqqı hesablanmır. Bunlarla yanaşı, vergitutma məqsədləri üçün həmin müavinət fiziki şəxsin vergi tutulan gəlirinə aid edilir və ümumi qaydada gəlir vergisinə cəlb olunur.

Vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblərə sosial sığorta haqqı hesablanarkən gəlirdən çıxılan xərclərin nəzərə alınması

“Sosial sığorta haqqında” Qanunun 14.5.5-ci maddəsinə əsasən, Vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər – gəlirlərinin 20 faizi miqdarında sosial sığorta haqqına cəlb olunurlar. Bu zaman hesabat dövrü ərzində xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərlə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş gəlirdən çıxılan xərc məbləği arasında yaranan fərqdən ibarət olan gəlir Vəkillər kollegiyasının üzvlərinin, sərbəst auditorların, sərbəst mühasiblərin məcburi dövlət sosial sığortasına cəlb edilən gəliri hesab olunur və 20 faiz dərəcə həmin fərqə tətbiq edilir.

Normadan artıq olan ezamiyyə xərcləri

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsasən, qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri sosial sığorta haqqına cəlb olunmur. Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda, faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin məcburi dövlət sosial və işsizlikdən sığorta haqları hesablanan gəliri hesab edilmir və məcburi dövlət sosial və işsizlikdən sığorta haqları hesablanmır.

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə əmək müqaviləsi əsasında əmək fəaliyyəti və ya fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olması

Xarici ölkələrdə əmək fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikası vətəndaşlarının gəlirlərinin Azərbaycan Respublikasında sosial sığorta haqlarına cəlb edilməsi qanunvericilikdə nəzərdə tutulmur. Xarici ölkələrdə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikasının vətəndaşları isə Azərbaycan Respublikasında ümumi qaydada “Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə uyğun olaraq, məcburi dövlət sosial sığorta haqqı ödəyirlər (yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi üzrə müəyyən edilmiş dərəcə ilə hesablanır).

İşçinin xərclərinin əvəzi kimi digər şəxslərə ödənilən məbləğlər

İşəgötürən tərəfindən işçilərin sosial xarakterli xərclərinin (təhsil, səhiyyə, yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakı, həyatı, sağlamlığı üzrə sığorta xərclərinin) üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirdən məcburi dövlət sosial sığorta haqqı hesablanmır. İşçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda, həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

Fiziki şəxslərin bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması

Bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə (məsələn, şəxs ticarət fəaliyyəti ilə yanaşı, xidmət sahəsində də fəaliyyət göstərir) məşğul olan fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqları həmin sahələr üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyü əsas götürülməklə müəyyən edilir.

Əcnəbilər…

“Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinin müddəalarına əsasən, qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olmaqla, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

“Hasilatın pay bölgüsü haqqında” saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər (əmək müqaviləsi və ya mülki hüquqi müqavilə əsasında fəaliyyət göstərməsindən asılı olmayaraq) məcburi dövlət sosial sığorta haqqından azad ediliblər. Əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin (sığortaolunanın) işsizlikdən sığorta haqqından azad edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Buna əsasən, əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin, o cümlədən “Hasilatın pay bölgüsü haqqında” saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər üzrə işsizlikdən sığorta haqqı hesablanır.

“Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab edilir. Xarici olkə vətəndaşlarının Azərbaycan Respublikasının hüdudlarından kənarda rezident vergi ödəyiciləri ilə bağlanmış müqavilələrə əsasən rezidentə xidmət göstərməsi həmin əcnəbi fiziki şəxslərin Azərbaycan mənbəyindən gəlir əldə etməsi sayılmır və rezident vergi ödəyicisi tərəfindən onlara aparılan ödənişlər məcburi dövlət sosial sığorta haqqına cəlb olunmur.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi boşluqları qiymətləndiriləcək

posted in: Vergi, Xəbər | 0

Vergi şikayəti vergi orqanlarıNeft və qaz sektorunun bəzi təsirləri nəzərə alınmamaq şərtilə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci rübündə qeyri-neft sektoru üzrə 19 faizə yaxın artım olub. Həmin dövrdə pərakəndə ticarət dövriyyəsində 35 faiz artım müşahidə edilib. Vergilər nazirinin müşaviri Xəqani Abdullayev Vergilər qəzetinin təşkil etdiyi “dəyirmi masa” müzakirəsində qeyd edib ki, bu göstəricilər həmin sektorlarda aparılan “ağarma” nəticəsində mümkün olub: “Vergi nəzarəti, vergi orqanlarının təsir rıçaqları digərlərinə nisbətən daha çoxdur. Ən böyük “ağarma” effektini biz bu gün istehlak sferasında görürük. Pərakəndə və topdansatış ticarətin həcmi də ötən ilin ilk rübü ilə müqayisədə 16 faiz artıb. ƏDV-yə cəlb olunan dövriyyələrin artımları da yüksəkdir. Pərakəndə ticarətdə həmin dövriyyələr 38 faiz, topdansatışda 28 faiz təşkil edib”.

X.Abdullayev bildirib ki, mühüm təmayüllərdən biri də kənd təsərrüfatında dövriyyələrin yüksək templə artmasıdır. 2018-ci ilin ilk rübü ilə müqayisədə bu il həmin sektorda 38 faizə yaxın artım olub: “Biz “ağarma” göstəricilərini ümumi makro göstəricilərlə müqayisədə üzə çıxarmağa çalışırıq. Bütün təhlillərimiz bu istiqamətə yönəlib. Aksizli mallar olan tütün və alkoqollu içkilər üzrə dövriyyələrdə dəfələrlə artım var. Bu da, ilk növbədə, vergi nəzarəti tədbirlərinin nəticəsində mümkün olub. Ötən ilin iyun ayından başlayaraq, biz həmin məhsulların istehsalçılarına aksiz nəzarəti postları qurduq. Bundan sonra bu sahədə əhəmiyyətli “ağarma” hərəkətlərinin şahidi olduq”.

Qeyd edilib ki, birinci rübün yekunları bir sıra istiqamətlərdə erkən “ağarma” əlamətlərinin olduğunu göstərir: “Bu o demək deyil ki, bütün sahələrdə həmin proses total şəkildə gedir. Prosesin getməsi həm də vergi inzibatçılığının düzgün qurulmasından, onun effektivliyindən, növbəti mərhələdə isə rəqəmsal vergi inzibatçılığı sahəsində layihələrin həyata keçirilməsinin sürətindən asılıdır. Artıq Nazirlər Kabineti yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılması qrafikini təsdiq edib. Bütün bunlar vergi inzibatçılığında maksimal fiskal effekt əldə olunmasına xidmət edir”.

X.Abdullayev əlavə edib ki, “ağarma” effektini müəyyən etmək üçün ayrı-ayrı sahələr üzrə işçi qruplar yaradılıb: “Onlar “ağarma”nın müxtəlif sahələrdəki gedişatını və həcmini diqqətlə izləyir, yerli ərazi vergi orqanlarına müvafiq tapşırıqlar verirlər. Bununla yanaşı, həmin sahələrdə vergi potensialının müəyyən olunması istiqamətində işlər aparılır. May ayının sonunadək xüsusi metodikalar əsasında sektorlar üzrə vergi boşluqları da qiymətləndiriləcək”.
Mənbə: vergiler.az
Bax: İdxal əməliyyatlarının rəsmiləşdirilməsində yenilik

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İdxal əməliyyatlarının rəsmiləşdirilməsində yenilik

posted in: Xəbər | 0

Vergi və gömrük orqanlarının birgə həyata keçirdikləri islahatlar nəticəsində idxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub. Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov bildirib ki, həm ölkədə baş verən müsbət iqtisadi dinamika, həm də vergi orqanlarının apardığı təbliğat işləri e-qaimə ilə rəsmiləşmələr, malların sənədləşməsi məsələlərinə ciddi təsir göstərib.

Bundan əlavə, idxal əməliyyatlarının rəsmiləşdirilməsinə nail olunub: “Bizim idxalda böyük problemlərimiz “karqo şirkəti” adlanan şirkətlərlə bağlıdır. Onların əsas funksiyaları daşıma olsa da, daşıdıqları malları öz adlarına rəsmiləşdirir, “Binə”, “Sədərək” və digər bu kimi iri ticarət mərkəzlərində sahibkarlara paylayırdılar. Sahibkarlar isə həmin malları öz adlarından satırdılar. Amma malın sənədləşməsi olmadığı üçün, təbii ki, sahibkarlar pərakəndə və ya topdan satdıqları malın qaimə-faktura və ya kassa aparatı vasitəsilə rəsmiləşməsinə meyilli deyildilər”.

Qeyd edilib ki, ölkəyə idxal olunan malların onları idxal edən sahibkarların öz adına rəsmiləşməsi üçün Dövlət Gömrük Komitəsi ilə birgə ciddi işlər aparılıb və artıq karqo şirkətlərinin öz adlarına mal idxal etməsi dayandırılıb.

Həmin şirkətlər yalnız daşıma ilə məşğuldurlar: “Onların xaricdən gətirdiyi mallar konkret bazar iştirakçılarının öz adlarına sənədləşdirilir. Beləliklə, bazara sənədli mal daxil olur. Beləliklə, həm ölkədə istehsal olunan, həm də xaricdən gətirilən malların sənədləşməsinə ciddi diqqət yetirilir. Bu da, təbii ki, dövriyyələrdə öz əksini tapır”.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Naziri vətəndaşları qəbul edəcək

posted in: Xəbər | 0

Vergilər Naziri vətəndaşları qəbul edəcək

maliyyə sanksiyası Vergilər NaziriVergilər naziri Göyçay rayonunda vətəndaşları qəbul edəcək.
Göyçay, Kürdəmir, Ağdaş, Ucar, Zərdab, Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki rayonları və Mingəçevir şəhəri sakinlərinin nəzərinə!
Vergilər naziri Mikayıl Cabbarov 25 may 2019-cu il tarixində Göyçay rayonunda 9 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Göyçay şəhəri, Əli Kərim küç. 112A) Göyçay, Kürdəmir, Ağdaş, Ucar, Zərdab, Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki rayonları və Mingəçevir şəhər sakinlərini qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 21-24 may 2019-cu il tarixlərində Göyçay rayonunda 9 saylı Ərazi Vergilər İdarəsinə, Yevlax rayonunda 11 saylı Ərazi Vergilər Departamentinə, habelə Kürdəmir, Ağdaş, Bərdə, Tərtər, Şəki rayonları və Mingəçevir şəhər vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.