Nəzarət-kassa aparatlarının elektron uçotu ilə bağlı qayda təsdiqlənib

posted in: Xəbər | 0

Nəzarət-kassaNəzarət-kassa aparatlarının elektron uçotu ilə bağlı qayda təsdiqlənib.

Vergilər Nazirliyinin təsdiq etdiyi “Nəzarət-kassa aparatlarının elektron uçotunun aparılması qaydası” Vergi Məcəlləsinin 24.0.6-cı maddəsinə əsasən hazırlanıb və nəzarət-kassa aparatlarının (NKA) vergi orqanında uçota alınması və uçotdan çıxarılması qaydasını müəyyən edir.

NKA malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan pul hesablaşmalarının qeydiyyatında istifadə edilən, hesablaşmalar zamanı aparılan əməliyyatlar barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet bağlantısı yaranan kimi ötürülməsini təmin edən, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan avadanlıqdır. İstifadəçi NKA-nı əldə etmək üçün operatora müraciət edərək onunla müqavilə bağlayır.

Operator təqdim edilən NKA-ya istifadəçi və onun təsərrüfat subyekti (obyekti) barədə məlumatları daxil edir və NKA operatorlarının internet portalında (e-kassa.gov.az) nəzarət-kassa aparatının uçota alınması haqqında ərizə formasının uçotla bağlı müvafiq xanalarını dolduraraq vergi orqanına göndərir. Ərizəyə istifadəçi ilə operator arasında bağlanmış müqavilənin PDF formatı da əlavə edilməlidir.

Daxil edilən məlumatlar əsasında NKA-nın quraşdırıldığı təsərrüfat subyekti (obyekti) üzrə istifadəçinin uçotda olub-olmaması, NKA barədə məlumatın Vergilər Nazirliyinin elektron informasiya sisteminə daxil edilib-edilməməsi, onun digər təsərrüfat subyektində qeydiyyatda olub-olmaması yoxlanılır. Məlumatlarda kənarlaşma aşkar edilmədikdə, interaktiv rejimdə Vergilər Nazirliyinin elektron informasiya sistemindən operatorun portalda olan elektron kabinetinə sertifikat faylı göndərilir. Operator nəzarət mexanizmi qurğusuna (NMQ) sertifikat faylını daxil edir. Bu barədə akt tərtib edərək portal üzərindən Vergilər Nazirliyinə təqdim edir.

Qaydaya əsasən, NKA-nın aktivləşməsi üçün istifadəçi Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında olan elektron kabinetinə daxil olaraq qaydanın 2.4-cü bəndində qeyd edilən aktın nömrəsini sistemə daxil edir və aktın məzmunu ilə tanış olduqdan sonra onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Bundan sonra sistem tərəfindən hazırlanan NKA-nın qeydiyyat vərəqəsi istifadəçinin elektron kabinetinə göndərilir. Qeydiyyat vərəqəsi istifadəçinin müraciəti əsasında kağız formasında da verilə bilər. Qeydiyyat vərəqəsi təsdiqləndikdə NKA, eyni zamanda NMQ aktivləşir. Sənəddə qaydaya əlavə edilən bildirişlərin nümunələri də əksini tapıb.

Qayda ilə ətraflı tanış olmaq üçün faylı yükləyin: Nəzarət-kassa aparatlarının elektron uçotunun aparılması Qaydası

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Neymarın əmlakı bloklanıb

posted in: Audit, Vergi, Xəbər | 0

Braziliyanın vergi orqanları ölkənin futbol yığmasının hücumçusu Neymarın əmlakının bir hissəsini bloklayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Folha de S.Paulo” qəzeti oyunçunun vəkili Markus Nedera istinadən bildirib.

“Blok təminat ölçüsü ilə bağlı tədbirdir. Bu, normal təcrübədir. Əmlak əvvəlki kimi sahibinə aiddir”, – deyə nəşr hüquqşünasa istinadən bildirib.

Braziliyanın hakimiyyət orqanları milli komandanın hücumçusundan “Santus” klubundan İspaniyanın “Barselona”sına keçid zamanı 69 milyon real (təxminən 17,5 milyon dollar) məbləğində vergi ödənişindən boyun qaçırmasından şübhələnir.

Bununla əlaqədar olaraq futbolçunun ailəsinə aid “Cessna Citation 680” təyyarəsinə, “Eurocopter France 130 B4” vertolyotuna, həmçinin şirkətlərin paylarına həbs qoyulub.

Daha əvvəl “Pari Sen-Jermen”in braziliyalı hücumçusu Neymar paytaxt klubunun penaltilər seriyasında “Renn”ə məğlub olduğu futbol üzrə Fransa Kubokunun final matçından sonra mükafatlandırma zamanı azarkeşlə dalaşıb.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək müqaviləsi ilə bağlı Qaydalarda dəyişiklik edildi

posted in: Xəbər | 1

Əmək müqaviləsi ilə bağlı Qaydalarda dəyişiklik edildi


TELEGRAM KANALIMIZA ÜZV OLUN


bəyannamə“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1448-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 458 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 738; 2015, № 5, maddə 651, № 6, maddə 780) aşağıdakı dəyişikliklər edilsin:

1. Adından və birinci hissəsindən “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri çıxarılsın və “işəgötürənə” sözündən sonra “və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri əlavə edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” üzrə:

2.1. adından və 1.1-ci bəndindən “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri çıxarılsın və “işəgötürənə” sözündən sonra “və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanılması elektron informasiya sistemində Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.”;

2.3. 3.2-ci bəndə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin” sözlərindən əvvəl “Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və” sözləri əlavə edilsin;

2.4. 4.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.5-ci bənd əlavə edilsin:

“4.5. Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə elektron qaydada məlumat göndərilir.ˮ;

2.5. Qaydalara 1-8 nömrəli əlavələrin adlarından “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri çıxarılsın və “işəgötürənə” sözündən sonra “və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının
Baş Naziri                          Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sahibkarlar üçün maliyyə resurslarına dair təlim keçiriləcək

posted in: Maliyyə, Xəbər | 0

Sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanlarına dair online tədbir keçiriləcək.


İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə mayın 2-də sahibkarlar üçün növbəti online maarifləndirici tədbir keçiriləcək.
KOBİA-dan verilən məlumata görə, budəfəki maarifləndirici tədbir sahibkarların maliyyə resurslarına çıxış imkanları və bu sahədə göstərilən xidmətlərə həsr olunacaq.

Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC Extern” mərkəzinin texniki imkanlarından istifadə edilməklə təşkil olunacaq online tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Maliyyə Bazarlarına Nəzarət Palatası, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu, Azərbaycan Banklar Assosiasiyası, eləcə də ölkəmizdə fəaliyyət göstərən bir sıra bankların nümayəndələri sahibkarların suallarını cavablandıracaq.

Tədbirə ölkənin istənilən yerindən internet vasitəsilə (kompüter və mobil telefondan istifadə olunmaqla) qoşulmaq mümkündür. Online tədbir KOBİA-nın Facebook səhifəsi vasitəsilə birbaşa yayımlanacaq.

KOBİA-nın Bakı, Sumqayıt və Gəncə şəhərləri, Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən-Şabran, Yevlax, Qəbələ, Abşeron və Füzuli rayonları üzrə KOB dostları online tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcək.

Online maarifləndirici tədbirə qoşulmaq üçün daha ətraflı məlumatı bu linkdən əldə etmək olar.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.