Banklar haqqında qanunda dəyişiklik edilib

posted in: bank, Xəbər | 0

BanklarBanklar haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Dəyişikliyə əsasən Cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz. Həmçinin Bankın Müşahidə Şurasının səlahiyyətlərinə bankın Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək kimi səlahiyyətlər əlavə edilmişdir. Bundan başqa əgər əvvəl Bankın Müşahidə Şurası üçün minimum tələb 3 nəfərdən az olmamaqla idisə bu tələb 4 nəfərə qaldırılmışdır.

Bax: İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib
“ Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“ Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521, № 11, maddə 1956, № 12, maddə 2227; 2018, № 1, maddə 33, № 5, maddə 842, № 7, maddə 1389) aşağıdakı dəyişikliklər edilsin:

1. 19.1-ci maddədə “yaradılır” sözündən sonra “və fəaliyyət göstərir” sözləri əlavə edilsin.

2. 23-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz.”.

3. 24.1.8-ci maddədən “və Audit Komitəsinin”, “həmin idarəetmə orqanlarının” sözləri çıxarılsın və həmin maddədə “bankın inzibatçılarının” sözlərindən əvvəl “bu Qanunun tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.

4. 24.3-cü maddənin ikinci cümləsinə “ümumi yığıncaqları” sözlərindən sonra “(o cümlədən yenidən və təkrarən çağırılan ümumi yığıncaqlar)” sözləri əlavə edilsin.

Bax: Dövlət rüsumu haqqında qanunda dəyişiklik edilib

5. 24.5-ci maddənin birinci hissəsinin ikinci cümləsinə “hər bir” sözlərindən sonra “növbəti” sözü, ikinci hissəsinin ikinci cümləsinə “qaydası” sözündən sonra “və müddəti” sözləri əlavə edilsin.

6. Aşağıdakı məzmunda 25.1.5-1-ci maddə əlavə edilsin:

“25.1.5-1. bankın Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək;”.

7. 25.1.9-cu maddədə “bankın nizamnamə kapitalının” sözlərindən əvvəl “bu Qanunun 24.3-cü və 25.1.10-cu maddələrinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

8. 25.2-ci maddənin ikinci cümləsində “4” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin.

9. 26.2-ci maddənin ikinci cümləsində “4” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin.

10. 27.3-cü maddədə “4” rəqəmi “3” rəqəmi ilə, “Səhmdarların Ümumi Yığıncağı” sözləri “Müşahidə Şurası” sözləri ilə əvəz edilsin.

11. 27.4-cü maddədə “fiziki şəxslər” sözləri “, habelə bankın digər idarəetmə orqanlarının üzvü olan şəxslər” sözləri ilə, “Səhmdarların Ümumi Yığıncağının” sözləri “Müşahidə Şurasının” sözləri ilə əvəz edilsin.

12. 28.1-ci maddənin birinci cümləsindən “İdarə Heyəti və” sözləri çıxarılsın.

13. 58.2-ci maddənin birinci cümləsinə “ləğvi” sözündən sonra “bu Qanunun tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

14. 59.8-ci maddənin birinci cümləsinə “ləğvi” sözündən sonra “bu Qanunun tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il.

Mənbə: president.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İstehsalat təqvimindəki uyğunsuzluqlar

posted in: Xəbər | 0

İstehsalatİstehsalat təqvimindəki uyğunsuzluqlar


Əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinin başlıca fəaliyyət istiqaməti olduğunu nəzərə alaraq iş vaxtının rejimləri üzrə apardığımız araşdırma zamanı qarşılaşdığımız bir neçə problemli məqamları diqqətinizə təqdim etmək istərdik.

Bildiyiniz kimi, iş vaxtı rejiminin düzgün tənzimlənməsində, əmək haqqının qanunvericiliyinin tələblərinə uyğun hesablanmasında respublika üzrə aylıq və illik iş vaxtı normalarının müəyyən edilməsi olduqca vacibdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96.3-cü maddəsinə əsasən  hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının norması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilir. Bu səlahiyyət 29 dekabr 2015-ci il tarixli 91-VQD nömrəli “Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Nazirliyə verilmişdir və Nazirlik müvafiq kollegiya qərarları ilə hər il növbəti il üçün istehsalat təqvimi və iş vaxtının normasını təsdiq edir. Qərarlarda hər dəfə təkrarlanan aşağıdakı müddəalara diqqəti çəkmək istərdik:

“Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün beşgünlük iş həftəsi üzrə hesablanmış illik iş vaxtı norması tətbiq edilməlidir.

İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.”.

Bax: 2019-cu il üçün Net-dən Gross-a əmək haqqı hesablanması

Son üç ilin istehsalat təqvimləri üzrə apardığımız hesablama zamanı məlum oldu ki, altıgünlük iş həftəsi üzrə aylıq iş vaxtının norması ilə beşgünlük iş vaxtının norması arasında aylar üzrə fərq vardır (məsələn, 2018-ci il üzrə bu fərq illik norma üzrə 18 saat təşkil edir). Gündəlik tarif maaşının aylıq iş vaxtı normasına əsasən müəyyən olunduğunu nəzərə alsaq, altıgünlük iş həftəsində işləyən işçilər hər ay öz iş saatlarına uyğun olaraq çalışmalarına baxmayaraq, beşgünlük iş vaxtının norması tətbiq edildiyi üçün ay sonunda ya artıq saatlara görə əlavə ödəniş almalı, ya da normaya çatmayan əksik saatlara görə az əmək haqqı almalıdırlar. Bu da öz növbəsində işçilərin hüquqlarının məhdudlaşdırılmasına və işçilər arasında ayr-seçkiliyin yaranmasına səbəb olur.

Bundan başqa qeyd olunmalıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adıçəkilən kollegiya qərarları “Normativ Hüquqi Aktlar haqqında” Konstitusiya Qanununa müvafiq olaraq normativ hüquqi akt (dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd) hesab edilir və  həmin Qanunun 85.2-ci maddəsinin tələbinə əsasən yalnız Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında (www.huquqiaktlar.gov.az) dərc edildiyi gündən qüvvəyə minir.

Bax: Müəssisənin əmlak vergisi nədir?

Lakin 2015-ci ildən hazıradək adıçəkilən kollegiya qərarlarının heç biri Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməmişdir. Bu xüsusat isə həmin qərarların hüquqi qüvvəsinin olmadığını deməyə əsas verir.

Yuxarıda göstərilənlər nəzərə alınaraq, iş yerlərində iş rejiminin işçilər arasında ayrı-seçkiliyə yol verilmədən düzgün tənzimlənməsini təmin etmək məqsədilə, 2019-cu ilin istehsalat təqvimi hazırlanarkən altıgünlük iş həftəsi olan iş yerlərində beşgünlük iş həftəsi üzrə hesablanmış illik iş vaxtı normasının tətbiq edilməsinə dair imperativ normanın Kollegiya qərarına daxil edilməməsini, eyni zamanda həmin Kollegiya qərarının normativ hüquqi akt kimi Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün tədbir görülməsini təklif edirik.

Orxan Quliyev

HRclub.az saytının təsisçisi


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Müəssisənin əmlak vergisi nədir?

posted in: Vergi, Xəbər | 0

əmlak vergisiMüəssisənin əmlak vergisi nədir?

Müəssisənin əmlak vergisi dedikdə, müəssisənin balansında olan əsas vəsaitlərə görə hesablanıb ödənilən vergi başa düşülür. Vergitutma obyekti olan rezident müəssisələr və Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr əmlak vergisinin ödəyiciləridir. Əmlak vergisi üzrə müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri Azərbaycanda özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün – yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri vergitutma obyekti sayılır. Müəssisələr əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1% dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Bax: 2019-cu il üçün Net-dən Gross-a əmək haqqı hesablanması

Bu sahədə də müəyyən vergi güzəştləri və azadolmalar mövcuddur. Dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünüidarəetmə orqanları, Mərkəzi Bank və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddırlar. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri ekologiya, yanğından mühafizə və ya mülki-müdafiə üçün istifadə edilən obyektlərin, məhsulötürücü kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerjiötürücü xətlərin, meliorasiya və suvarma sistemi obyektlərinin, yol vergisinə cəlb edilən avtonəqliyyat vasitələrinin, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin dəyərində azaldılır.

Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fiziki şəxslər həmin parkda qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 7 il müddətinə bu parkdakı əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru həmin parkın ərazisində yerləşən əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan ( o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər 2019-cu ilin yanvar ayının 1-dək bu fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.

Əmlak vergisi müəssisənin əmlakının orta illik qalıq dəyərinə əsasən hesablanır. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda, əmlak vergisi bazar qiyməti nəzərə alınmaqla hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla hesablandığı halda, həmin əmlaka əmlakın orta illik qalıq dəyərindən əmlak vergisinin hesablanması qaydası tətbiq edilmir.

Bax: Balans və balansın misallarla izahı

Vergi təqvimi

Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edir. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.

Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin  ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin  ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.

Bax: Dövlət rüsumu haqqında qanunda dəyişiklik edilib

Misala baxaq.

Müəssisənin əmlak vergisinin hesablanması:

  • Əmlakın ilin əvvəlinə qalıq dəyəri     28000,0
  • Əmlakın ilin sonuna qalıq dəyəri       24000, 0
  • Orta illik qalıq dəyəri      26000,0

(28000, 0+24000, 0)/2

Əmlak vergisi:

26000, 0*1% =260,0 manat

Ekspert rəyi

İqtisadçı ekspert Rəşad Əliyev bildirib ki, əmlak vergisinin tətbiqində ölkədə aparılan iqtisadi islahatların ümumi istiqamətləri öz əksini tapıb. Məsələn, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslərin fəaliyyət prosesində istifadə etdikləri əsas vəsaitlərin 2019-cu ilə kimi əmlak vergisinin ödənilməsindən azad olunması aqrar sektorunun inkişafına xidmət edir. Bu, həmin sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin vergi yükünü və xərclərini azaldır.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması xidməti “DOST” mərkəzlərində göstəriləcək

posted in: Xəbər | 0

Əmək müqaviləsiAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanı ilə “DOST” mərkəzlərində xidmət göstərilməsi Qaydası təsdiq edilmişdir. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 avqust tarixli 229 nömrəli Fərmanının 5.3-cü bəndinin icrası məqsədilə hazırlanmışdır və məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin (bundan sonra – xidmətlər) “DOST” mərkəzlərində (bundan sonra – mərkəz) göstərilməsi qaydasını müəyyən edir. “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısına faylı yükləyərək nəzər yetirə bilərsiniz:

Yükləyin: 

Bax: Dövlət rüsumu haqqında qanunda dəyişiklik edilib

“DOST” mərkəzlərində xidmət göstərilməsi Qaydası

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 10 dekabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 avqust tarixli 229 nömrəli Fərmanının 5.3-cü bəndinin icrası məqsədilə hazırlanmışdır və məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin (bundan sonra – xidmətlər) “DOST” mərkəzlərində (bundan sonra – mərkəz) göstərilməsi qaydasını müəyyən edir.

1.2. Mərkəzdə xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilir.

1.3. Mərkəzdə xidmətlər birbaşa (yerində) xidmət, özünəxidmət, “çağrı mərkəzi” vasitəsilə xidmət və səyyar xidmət formasında, habelə qanunazidd olmayan digər formalarda təşkil edilir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. birbaşa (yerində) xidmət – vətəndaşın müraciətinə əsasən, ona bilavasitə mərkəzdə xidmət göstərilməsi;

2.1.2. özünəxidmət – mərkəzdə daim internetə açıq olan kompüterlər və ya mərkəzdə quraşdırılmış xüsusi köşklər vasitəsilə vətəndaşların bütün növ elektron xidmətlərdən yararlana bilmək imkanı;

2.1.3. “çağrı mərkəzi” vasitəsilə xidmət – vətəndaşın mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat almaq, növbə tutmaq, Nazirliyin və mərkəzin fəaliyyəti ilə bağlı təkliflər bildirmək imkanı;

2.1.4. sifarişçi – səyyar xidmət göstərilməsi üçün mərkəzə sifariş verən fiziki və ya hüquqi şəxslər;

2.1.5. səyyar xidmət – sifarişçiyə onun sifarişinə, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə və ya bu Qaydanın 4.25-ci bəndinə uyğun olaraq mərkəzdən kənarda xidmət göstərilməsi;

2.1.6. reabilitasiya vasitələri – “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən vasitələr;

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Sosial xidmət haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş mənaları ifadə edir.

3. Mərkəzdə xidmətlərin təşkilinə dair ümumi tələblər

3.1. Mərkəzdə aşağıda qeyd olunan xidmətlər göstərilir:

3.1.1. müvafiq sahədə siyahısını Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi xidmətlər, o cümlədən funksional yardımçı xidmətlər;

3.1.2. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (bundan sonra – Agentlik) Nizamnaməsinin 3.2.9-cu yarımbəndinə uyğun olaraq müqavilə əsasında göstərilən xidmətlər, o cümlədən səyyar xidmətlər.

3.2. Mərkəzdə xidmətlər aşağıdakı qaydada təşkil olunur:

3.2.1. xidmətlər Nazirliyin müəyyən etdiyi inzibati ərazi vahidi (vahidləri) üzrə göstərilir;

3.2.2. mərkəzdə həftənin bütün günləri (bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) xidmət göstərilir;

3.2.3. mərkəzdə xidmətlər növbəlilik qaydasında həyata keçirilir;

3.2.4. mərkəzdə xidmətlər bir-biri ilə qarşılıqlı əlaqədə informasiya texnologiyalarından geniş istifadə etməklə həyata keçirilir;

3.2.5. mərkəzdə hərəkətin və məlumat əldə olunmasının asanlaşdırılması məqsədilə elektron lövhələr və işarələr yerləşdirilir, habelə vətəndaşa müraciət etdiyi xidmətlə bağlı məlumat və elektron növbə verilməsi üçün məlumat köşkü yaradılır;

3.2.6. mərkəzdə Nazirliyin aidiyyəti qurumlarının fəaliyyəti təmin olunur;

3.2.7. mərkəzdə “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində nəzərdə tutulan sosial xidmətlər sosial xidmət göstərilməsi üzrə standartlara və bu sahədə digər normativ hüquqi aktlara uyğun olaraq göstərilir, bu məqsədlə yerlər və mütəxəssislər müəyyən olunur;

3.2.8. göstərilən xidmətlə bağlı müraciətə baxılma və həmin müraciətin nəticəsinin rəsmiləşdirilməsi müraciət edildiyi vaxt mümkün olduğu hallarda, qərar yerində qəbul edilərək vətəndaşa təqdim olunur.

3.3. Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların (bundan sonra – əlilliyi olan şəxs) xidmətlərdən istifadəsinin maneəsiz müyəssər olması üçün mərkəzdə:

3.3.1. universal dizayn əsasında, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ağlabatan uyğunlaşma təmin edilir;

3.3.2. müvafiq inzibati ərazi vahidi üzrə fəaliyyət göstərən tibbi-sosial ekspert komissiyalarının işi təşkil olunur, onlar yerlə və mümkün tibbi ləvazimatla təchiz olunurlar;

3.3.3. əlilliyi olan şəxslərin mümkün reabilitasiya vasitələri ilə təmin edilməsinə şərait yaradılır;

3.3.4. ilkin tibbi yardım göstərilməsi üçün yer ayrılır və lazımi şərait yaradılır.

3.4. Mərkəzdə aşağıda qeyd olunan istiqamətlərdə peşə kursları və təlimlər təşkil olunur:

3.4.1. əmək və sosial qanunvericilik sahəsində təlimlər;

3.4.2. xüsusi proqramlar üzrə əlilliyi olan şəxslər, habelə işaxtaran və işsiz şəxslər üçün məşğulluq sahəsində peşə kursları.

3.5. Mərkəzdə vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün uşaq əyləncə mərkəzi, kafe və digər ictimai iaşə məntəqələri fəaliyyət göstərə bilər.

4. Mərkəzdə xidmət göstərilməsi qaydası

4.1. Mərkəzdə birbaşa (yerində) xidmət göstərilməsi aşağıdakı qaydada həyata keçirilir:

4.1.1. vətəndaş mərkəzə daxil olaraq məlumat köşkündən əldə etmək istədiyi xidmətlə bağlı hansı pəncərəyə və hansı sənədlərlə müraciət etməli olduğunu öyrənir, yaxud əldə etmək istədiyi xidmətlə bağlı tələb olunan sənədlərin tamlığının yoxlanılması üçün həmin sənədləri məlumat köşkünə təqdim edir;

4.1.2. məlumat köşkündə vətəndaşın əldə etmək istədiyi xidmətlə bağlı təqdim etdiyi sənədlərin tamlığı müəyyən edildikdən sonra vətəndaşa elektron növbə verilir, yaxud əlavə olunması tələb olunan sənədlər, habelə müraciətlə bağlı ərizənin və ya digər sənədlərin (anketlərin) doldurulmasının tələb olunduğu barədə məlumat verilir;

4.1.3. vətəndaşın əldə etmək istədiyi xidmətlə bağlı ərizənin və ya digər sənədlərin (anketlərin) doldurulmasında köməyə ehtiyacı olduğu halda, o, mərkəzdə fəaliyyət göstərən könüllülərə və ya mərkəzin bu məqsəd üçün ayrılmış əməkdaşına müraciət edə biləcəyi barədə məlumatlandırılır;

4.1.4. vətəndaş ona verilmiş elektron növbəyə uyğun olaraq müraciət etməli olduğu pəncərənin qarşısında gözləyir və növbəsi çatdıqda tələb olunan sənədləri həmin pəncərəyə təqdim edir;

4.1.5. vətəndaşın müraciət etdiyi pəncərədə xidmət göstərən əməkdaş sənədlərin qanunauyğunluğunu və düzgünlüyünü yoxlayır, hər hansı bir səhv və ya çatışmazlıq olmadıqda onları qəbul edərək vətəndaşa ərizənin qəbulunu təsdiq edən qəbz verir, əks halda isə sənədlərdə olan səhv və çatışmazlıqlar göstərilməklə, onların aradan qaldırılmasına dair vətəndaşa şifahi izahat verməklə yazılı bildiriş təqdim edir;

4.1.6. bu Qaydanın 3.2.8-ci yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla, vətəndaşın müraciətinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə müvafiq sahədə yaranan münasibətləri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq, Nazirliyin aidiyyəti qurumları baxır, imtina üçün əsaslar olmadıqda, vətəndaşa qanunla müəyyən edilmiş müddətlərdə əldə etmək istədiyi xidmət göstərilir, yaxud müvafiq sənəd verilir, əks halda isə vətəndaşa qanunla nəzərdə tutulmuş müddətdə əsaslandırılmış imtina qərarı təqdim edilir;

4.1.7. vətəndaş müvafiq sahədə məlumat əldə etməklə bağlı bu Qaydanın 4.1.1–4.1.6-cı yarımbəndlərinə uyğun olaraq mərkəzə müraciət etdikdə, onun müraciəti “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydada cavablandırılır;

4.1.8. mərkəzdə vətəndaşın arzusu ilə informasiya sistemlərindən istifadə yolu ilə onun sosial müdafiə və təminat sahəsində hüquqları müəyyən edilir və həmin hüquqlarla bağlı müvafiq xidməti əldə etmək istəyi olduqda, ona bu Qaydada nəzərdə tutulan formada hüquqi və məsləhət xidmətləri göstərilir.

4.2. Vətəndaşa özünəxidmət formasında müvafiq sahədə xidmət göstərilməsi üçün mərkəzdə xüsusi ayrılmış kompüterlərin və ya köşklərin fasiləsiz olaraq internetə qoşulması təmin edilir.

4.3. Vətəndaş özünəxidmət formasında, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən elektron xidmətlərin növlərinə uyğun olaraq, Nazirliyin göstərdiyi istənilən elektron xidmətdən yararlanmaq hüququna malikdir.

4.4. Vətəndaş özünəxidmət formasında xidmətlərdən bilavasitə mərkəzdə istifadə etmək hüququna malikdir.

4.5. “Çağrı mərkəzi” vasitəsilə vətəndaşlara, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq, Nazirliyin fəaliyyət istiqamətləri üzrə xidmət göstərilir.

4.6. “Çağrı mərkəzi” vasitəsilə xidmət göstərilməsi barədə müraciətlər xidmət keyfiyyətinin qiymətləndirilməsi məqsədilə qeydə alınır.

4.7. Sifarişçinin bu Qaydanın 4.10-cu bəndinə uyğun olaraq verdiyi sifariş əsasında səyyar xidmətlər Agentliyin Nizamnaməsinin 3.2.9-cu yarımbəndinə uyğun olaraq mərkəz və sifarişçi arasında bağlanmış səyyar xidmət müqaviləsinə (bundan sonra – müqavilə) əsasən, bu Qaydanın 4.22–4.25-ci bəndləri nəzərə alınmaqla, ödənişli qaydada göstərilir.

4.8. Mərkəzin əməkdaşları, bu Qaydanın 4.7-ci bəndinə və aşağıdakı tələblərə riayət etməklə, sifarişçiyə səyyar xidmət göstərirlər:

4.8.1. fiziki şəxslərə onların iş və ya yaşayış yerində, habelə olduqları yerdə;

4.8.2. hüquqi şəxslərə onların olduğu yerdə;

4.8.3. səyyar xidmətlər mərkəzin iş qrafikinə uyğun həftənin bütün günləri (bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) göstərilir. Sifarişlərin sayının çoxluğu və səyyar xidmət göstərilməsi tələb olunan ünvanların uzaq məsafədə yerləşməsi səbəbindən mərkəzin gündəlik (həftəlik) sifariş qəbuluna məhdudiyyət tətbiq etmək hüququ vardır;

4.8.4. səyyar xidmət göstərilməsi zamanı Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında, eləcə də bu Qaydada müəyyən edilmiş sənədlərdən əlavə sənədlərin tələb edilməsi qadağandır;

4.8.5. səyyar xidmət göstərilməsi sifarişçidən tələb olunan sənədlərin təhvil alınmasını və (və ya) hazır sənədlərin ona təhvil verilməsini nəzərdə tutur.

4.9. Səyyar xidmət göstərilməsi ilə bağlı tərəflər arasında münasibətlər, tərəflərin hüquq və vəzifələri, səyyar xidmət göstərilməsinin şərtləri və müddəti, habelə xidmət üçün ödənişin məbləği, bu Qaydanın 4.22–4.25-ci bəndləri nəzərə alınmaqla, müqavilə ilə tənzimlənir.

4.10. Səyyar xidmətin göstərilməsinə dair sifariş aşağıdakı üsullardan biri ilə verilir:

4.10.1. “çağrı mərkəzi”nə zəng etməklə;

4.10.2. Agentliyin internet saytının “səyyar xidmətlər” bölməsində səyyar xidmət göstərilməsinə dair sifariş formasını doldurmaqla;

4.10.3. mərkəzə birbaşa zəng vasitəsilə müraciət etməklə.

4.11. Səyyar xidmətin göstərilməsinə dair sifariş bu Qaydanın 4.10-cu bəndinə uyğun olaraq verilmədikdə, sifariş qəbul edilmir və imtinanın səbəbi barədə sifarişçiyə məlumat bildirilir.

4.12. Sifarişçi səyyar xidmət göstərilməsinə dair sifarişində qəsdən yalan məlumat verdikdə və yaxud səyyar xidmət göstərilməsindən iki dəfə əsassız imtina etdikdə, onu məlumatlandırmaqla bu barədə xüsusi proqram təminatında qeyd aparılır. Bu hal təkrar baş verdikdə, sifarişçiyə səbəbi izah edilməklə səyyar xidmət göstərilməsindən imtina olunur.

4.13. Səyyar xidmət göstərilməsinə dair sifarişin verilmə üsulundan asılı olmayaraq, “çağrı mərkəzi”nin operatoru sifarişçi ilə əlaqə saxlayır, sifarişçiyə müvafiq xidmətin göstərilməsi üçün əsas şərtləri (müqavilə üzrə ödənişin məbləği, icra müddəti, tələb olunan sənədlər və xidmətlə bağlı digər mühüm şərtləri) izah edir, xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin sifarişçidə mövcudluğunu öyrənir.

4.14. Sifarişçinin əldə etmək istədiyi xidmətlə bağlı sifarişinin qəbulu üçün mərkəzdə göstərilən digər xidmət göstərilməsi də tələb olunduqda, ona həmin xidmət də təklif edilir.

4.15. Sifarişçi səyyar xidmət göstərilməsi şərtləri ilə razılaşdıqda və xidmət göstərilməsi üçün tələb olunan sənədlərinin mövcudluğunu bildirdikdə, ona dair məlumatlar (soyadı, adı, atasının adı, ünvanı, əlaqə nömrələri, xidmətin göstərilmə yeri və vaxtı, fərdi identifikasiya nömrəsi) öyrənilərək qeyd edilir, operator xüsusi proqram təminatı vasitəsilə xidmətin göstərilməsi üçün uyğun olan vaxtı (tarix və saat) müəyyən edir və sifarişçi ilə razılaşdırdıqdan sonra sifarişi qəbul edir və təsdiqləyir.

4.16. Sifarişçinin sifarişi üzrə səyyar xidmət göstərilməsi mümkün olmadıqda, mərkəz bu barədə, səbəbi göstərilməklə, sifarişçini məlumatlandırır.

4.17. Aşağıdakı hallarda səyyar xidmət göstərilməsindən imtina edilir:

4.17.1. sifarişçinin qəsdən yalan məlumat verdiyi aşkar edildikdə;

4.17.2. sifarişçi 2 (iki) dəfə əsassız olaraq səyyar xidmətlə bağlı verdiyi sifarişdən imtina etdikdə;

4.17.3. sifarişçinin əldə etmək istədiyi xidmətin xüsusiyyətindən asılı olaraq, səyyar formada göstərilməsi mümkün olmadıqda.

4.18. Səyyar xidmət göstərilməsinə dair sifarişi operator qəbul edərək təsdiqlədikdən sonra həmin sifariş mərkəzləşdirilmiş qaydada xüsusi proqram təminatı vasitəsilə mərkəzə ötürülür.

4.19. Hər iş gününün sonunda mərkəzə daxil olmuş sifarişlər əsasında növbəti iş günü üçün səyyar xidmətlərin göstərilməsi qrafiki hazırlanaraq təsdiq edilir və səyyar xidmət göstərəcək əməkdaşlar müəyyən edilir.

4.20. Mərkəzin səyyar xidmət göstərəcək əməkdaşı sifarişdə qeyd olunan ünvana getməzdən əvvəl sifarişin qüvvədə olması dəqiqləşdirilir.

4.21. Səyyar xidmət göstərəcək əməkdaş sifariş üzrə ünvana gələrək sifarişçi ilə sifarişin verilməsi zamanı razılaşdırılmış şərtlərə uyğun olaraq müqaviləni imzaladıqdan və bu Qaydanın 5-ci hissəsinə uyğun olaraq ödənişi qəbul edərək ödəniş qəbzini sifarişçiyə təqdim etdikdən sonra sifarişçiyə müvafiq xidməti göstərir.

4.22. Agentliyin Nizamnaməsinin 3.2.9-cu yarımbəndinə uyğun olaraq müqavilə əsasında göstərilən xidmətlər, o cümlədən səyyar xidmətlər çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətlərin zəmanət verilmiş həcmində ödənişsiz əsaslarla göstərilir.

4.23. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq səyyar sosial xidmətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada göstərilir.

4.24. Sosial xidmətin həcmi zəmanət verilmiş həcmi keçdikdə və sosial xidmətin növü zəmanət verilmiş xidmət növünə aid olmadıqda, xidmətlərin göstərilməsinə görə ödənişin məbləğini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

4.25. Mərkəz Agentliyin Nizamnaməsinin 3.1.16-cı yarımbəndində nəzərdə tutulmuş layihə və proqramlar çərçivəsində, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə Agentliyin müəyyən elədiyi inzibati ərazi vahidlərində ödənişsiz əsaslarla səyyar xidmətlər göstərmək hüququna malikdir.

4.26. Mərkəz, bu Qaydanın 4.25-ci bəndinə uyğun olaraq, xüsusi nəqliyyat və digər səyyar xidmət vasitələrindən istifadə edərək aşağıdakı tələblərə riayət etməklə səyyar xidmət göstərir:

4.26.1. səyyar xidmətin həyata keçiriləcəyi yer (inzibati ərazi vahidi) və vaxt (başlama və bitmə tarixi) əvvəlcədən müəyyənləşdirilir və xidmətin göstərilməsinə başlamazdan azı 3 (üç) gün əvvəl Agentliyin rəsmi internet saytı, habelə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanır;

4.26.2. müvafiq avadanlıqla təchiz edilmiş xüsusi nəqliyyat vasitələri səyyar xidmətin həyata keçiriləcəyi inzibati ərazi vahidində səyyar xidmətin bilavasitə göstəriləcəyi yerdə yerləşdirilir.

4.27. Bu Qaydanın 4.25-ci bəndində nəzərdə tutulmuş səyyar xidmətin göstərilməsi üçün sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxs şəxsiyyətini təsdiq edən sənədlə həmin xidmətin göstəriləcəyi yerdə quraşdırılmış elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçir (növbə götürür), xüsusi nəqliyyat və digər səyyar xidmət vasitələrində yerləşdirilmiş xidmət yerinə yaxınlaşır və zəruri sənədləri Mərkəzin nümayəndəsinə təqdim edir.

4.28. Mərkəzin nümayəndəsi təqdim edilmiş sənədlərin qanunauyğunluğunu və tamlığını yoxladıqdan sonra müraciət edən şəxsə xidmət göstərir. Təqdim olunmuş sənədlərdə səhv və ya çatışmazlıq aşkar edildikdə xidmətin göstərilməsindən imtina olunur və müraciət edən şəxsə onların aradan qaldırılmasına dair məlumat verilir.

5. Xidmətlərə görə ödənişlər

5.1. Bu Qaydada nəzərdə tutulan xidmətlər üçün aşağıdakı ödənişlər tutulur:

5.1.1. funksional yardımçı xidmətlərin göstərilməsi ilə əlaqədar qanunla müəyyən edilən dövlət rüsumları;

5.1.2. bu Qaydanın 3.1.2-ci yarımbəndinə uyğun olaraq müqavilədə nəzərdə tutulan ödəniş.

5.2. Bu Qaydanın 5.1-ci bəndində göstərilən ödənişlər sənədlər təhvil verilərkən, xidmətlərin göstərilməsi formasından asılı olaraq, aşağıdakı üsullardan biri ilə ödənilir:

5.2.1. mərkəzdə fəaliyyət göstərən banklarda ödəniş etməklə;

5.2.2. POS-terminallar vasitəsilə;

ödəniş sistemləri vasitəsilə (on-line).

Mənbə: president.az

Bax: İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.