Pensiya və sosial müavinətlərin ödənilməsində nöqsanlar aşkarlanıb

posted in: Xəbər | 0

PensiyaHesablama Palatasının növbəti kollegiya iclasında 2016-2017-ci illər ərzində Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsi üzrə gəlirlərin və xərclərin icrasına dair auditin nəticələri ilə bağlı Hesabat müvafiq qaydada müzakirə edilərək təsdiq olunub.

“Report”un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, audit 2016-2017-ci illər üzrə 805 850,9 min manat məbləğində vəsaiti əhatə edib. 01.01.2018-ci il tarixə İdarə üzrə 63705 pensiya işi, o cümlədən 41 181 ədəd yaşa görə (64,6%), 13 104 ədəd əlilliyə görə (20,6%) və 9 420 ədəd ailə başçısını itirmiş ailələrin (14,8%) pensiya işi mövcud olub.

Bax: Vergilər Nazirliyi: Gələn ildən əmək haqqılar belə hesablanacaq

2016-2017-ci illər ərzində təyin olunmuş 13 596 sayda pensiya işinin 7 668 ədədi və ya 56,4%-i yaşa görə, 5 161ədədi və ya 38%-i əlilliyə görə, 767 ədədi və ya 5,6%-i ailə başçısının itirilməsi səbəbindən təyin edilmiş pensiya işləri olmuş, pensiya təyinatı üçün müraciət etmiş 26 nəfərin müraciəti rədd edilib, 01.01.2018-ci il tarixə İdarə tərəfindən 63705 nəfərə pensiya ödənişi həyata keçirilib.

Audit olunan dövr ərzində təyin edilmiş pensiya işlərinin seçmə üsulla araşdırılması nəticəsində 2016-2017-ci illər ərzində təyin edilmiş pensiya işləri üzrə nöqsanlar olub, pensiya təyinatı aparılarkən əcnəbilərin respublika ərazisində yaşayış statusu araşdırılmayıb, bir sıra hallarda Azərbaycan ərazisində sonradan daimi yaşamaq icazəsi almış vətəndaşlara onların respublika ərazisində müvəqqəti yaşadıqları dövrdə pensiya təyin edilib.

Nazirlik tərəfindən elektron şəkildə təqdim edilmiş respublika üzrə aktiv olan pensiyaçıların adlı siyahısının İdarədə olan aktiv pensiya işlərinin adlı siyahısı ilə üzləşdirilməsi zamanı İdarənin pensiyaçılar üzrə elektron bazasında bir çox pensiyaçıların şəxsiyyət vəsiqələrinin seriya nömrələrində yalnışlıqların mövcud olduğu, həmin seriya nömrələrinin səhv göstərildiyi, İdarədə qeydiyyatda olan pensiyaçılardan 64 nəfərin eyni dövrdə Fondun 33 rayon (şəhər) şöbəsi üzrə də əmək pensiyası aldığı müəyyən edilib. Eyni zamanda, əlilliyə görə əmək pensiyası təyin edilmiş 285 nəfər pensiyaçının pensiya təyin olunduqdan sonra və ya həmin dövrdə işlədiyi halda onlara pensiyanın sığorta hissəsi olmaqla artıq pensiya məbləğinin ödənildiyi, İdarə tərəfindən təqdim edilmiş aktiv əmək pensiyası alanların adlı siyahısının 22 iş üzrə pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesablarının bağlanılmadığı, Fondun 36 rayon (şəhər) şöbəsi üzrə 63 nəfərin müavinət almaq hüququnun olmamasına və ya həmin hüququn qanunvericiliklə müəyyən edilmiş hallarda və müddətlərdə bitməsinə baxmayaraq onlara ödənişlərin davam etdirildiyi, bu nöqsanlar nəticəsində də artıq sosial müavinət ödənişinə yol verildiyi aşkar edilib.

Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin edilməsi və ödənilməsi istiqamətində də nöqsanlara yol verilib, 53 halda artıq müavinət ödənilib, İdarə tərəfindən audit olunan dövrün əvvəlinə olan 8 176,2 min manat məbləğində debitor borcların aradan qaldırılması istiqamətində qanunvericiliklə müəyyən edilmiş müvafiq tədbirlərin tam həyata keçirilməməsi səbəbindən həmin məbləğ audit olunan dövrün sonunda əvvəlinə nisbətən 4 463,8 min manat və ya 54,6% artıb, daxili nəzarət fəaliyyəti qənaətbəxş səviyyədə təşkil edilməyib və aparılmayıb, həyata keçirilmiş daxili nəzarət tədbirləri nəticəsində aşkar edilmiş pozuntu və nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər yetərli olmayıb, həmin tədbirlər nəticəsində aşkar edilmiş eynitipli nöqsanlara hazırkı audit zamanı da rast gəlinib.

Bax: Əmək haqlarının “kölgə”dən çıxması bank kreditlərinə müsbət təsir göstərəcək

Fərdi uçotun təşkili sahəsində də nöqsanlara yol verilib, fərdi uçot üzrə müvafiq hesabatların sığortaolunanlar tərəfindən təqdim edilmədiyi hallarda zəruri tədbirlər həyata keçirilməyib, müvafiq hesabatların və məlumatların olmaması səbəbindən ödənilmiş vəsaitlərin sığortaolunanların fərdi hesablarına işlənilməməsi hallarına rast gəlinib.

Hesablama Palatasının Kollegiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə İş İdarəsi tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, o cümlədən İdarənin müvafiq proqram təminatında müvafiq məlumat vərəqlərinin nömrəsi üzrə qeydiyyatının aparılması və məlumat vərəqələrini göndərən təşkilatların müvafiq məlumat bazaları ilə vahid rəqəmli qeydiyyat formasının tətbiqi, fərdi hesablara işlənilməmiş vəsaitin müvafiq sığortaolunanların fərdi hesablarına işlənilməsi, audit olunan dövrün sonuna olan debitor borcların aradan qaldırılması və sığortaedənlərdən sosial sığorta haqları üzrə yığım səviyyəsinin yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülməsi, eyni zamanda daxili nəzarət fəaliyyətinin gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə Qərar qəbul edib. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Kollegiya qərarının surəti göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyi: Gələn ildən əmək haqqılar belə hesablanacaq

posted in: Vergi, Xəbər | 1
əmək haqqıİşçilər və işəgötürənlər üçün yeni imkanlar açılır.

Vergi yükünün aşağı salınması işçilərin sayının gizlədilməsi və əməkhaqqı sistemində ikili mühasibatlıq hallarının aradan qaldırılmasına kömək edəcək.

İqtisadi cəhətdən inkişaf etmiş dövlətlər sırasına qoşulmağı qarşıya məqsəd qoyan Azərbaycanda ölkə vətəndaşlarının rifah halının durmadan yüksəldilməsi ən priori­tet vəzifədir. Aparılan köklü islahatlar, qəbul olunmuş dövlət proqramları həmin vəzifənin uğurla həyata keçirilməsinə yönəldilib. Bu sahədə qarşıya çıxan problemlər və həllini gözləyən məsələlər də dövlətin diqqət mərkəzindədir.

Bax: Sadələşdirilmiş vergi ödəyicilərinin bir-biri ilə barter yolu ilə alqı-satqısı zamanı vergi yaranır?

Mütəxəssislərin apardığı təhlillərə əsasən, Azərbaycanda «kölgə iqtisadiyyatı»nın genişlənməsinin əsas səbəblərindən biri kimi əməkhaqqıdan tutulan sosial sığorta dərəcəsi və vergi yükü göstərilir. Bu, əksər hallarda əməkhaqqının məbləğinin düzgün göstərilməməsinə və işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməməsində özünü büruzə verir. Hazırda ölkədə iqtisadi fəal əhalinin sayının 5 milyon nəfərə yaxın olmasına baxmayaraq, muzdlu işçilərin sayı məşğul əhalinin cəmi 31,5 faizini təşkil edir. Başqa sözlə, əmək müqaviləsi bağlayanların sayı iqtisadi fəal əhalinin sayının üçdə birindən azdır. 1,5 milyon nəfərin kənd təsərrüfatında çalışdığı nəzərə alınsa, qalan vətəndaşların sahibkarlıq fəaliyyəti və ya əmək müqaviləsi bağlamadan fərdi əməklə məşğul olduğu aydın görünər.

Bax: Əmək haqlarının “kölgə”dən çıxması bank kreditlərinə müsbət təsir göstərəcək

Bəs faktiki əmək fəaliyyəti ilə məşğul olan əhalinin sayının rəsmi sənədlərdə bu qədər aşağı göstərilməsinin kökündə nə dayanır?

Mövcud qanunvericiliyə əsasən, ödənilmiş əməkhaqqına görə işçilərin və işəgötürənlərin ümumi vergi yükü 40-51% arasında dəyişir. Bu səbəbdən də həm işəgötürənlər, həm də işçilər iş yerlərinin rəs­mi­ləşdirilməsindən yayınır və əmək­haqqının həqiqi məbləğinin gizlədilməsinə üstünlük verirlər. Ona görə də Azərbaycan hökuməti problemin köklü şəkildə həllinə nail olmaq məqsədilə müvafiq islahatları davam etdirir. Bu məqsədlə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər artıq Milli Məclisdə qəbul edilərək təsdiq olunmaq üçün ölkə prezidentinə təqdim olunub. Vergi qanunvericiliyinə edilən dəyişikliklərə uyğun olaraq, əməkhaqqı üzrə vergi yükünün aşağı salınması və əməkhaqqının leqallaşdı­rılması istiqamətində həyata keçiriləcək islahatlar iki əsas komponenti əhatə edəcək. Hazırda ödənilmiş əməkhaqqına görə gəlir əldə edən şəxslər gəlir vergisinin (14 faiz) və sosial sığorta ayırmalarının (3 faiz sosial sığorta + 0,5 faiz işsizlikdən sığorta), işəgötürənlər isə yalnız sosial sığorta ayırmalarının (22 faiz sosial sığorta + 0,5 faiz işsizlikdən sığorta) ödəyiciləridir. Bu ödəmələr işəgötürənlər tərəfindən tutularaq dövlət büdcəsinə ödənilir.

2019-cu ilin yanvarından həyata keçiriləcək islahatlar nəticəsində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid olan subyektlərlə münasibətdə 7 il müddətinə gəlir vergisi üzrə güzəşt tətbiq ediləcək. Vətəndaşların pensiya hüquqlarını nəzərdə tutan mövcud sığorta sisteminin təminat və uçot prinsiplərinin, habelə pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsi üzrə mövcud ödəmə və hesabatlılıq sistemləri saxlanılacaq.

İslahat modelinə əsasən, aylıq məbləği 8000 manatadək olan əmək haqları üzrə fiziki şəxslərin gəlir vergisi 14 faizdən 0 faizə en­diriləcək, əmək haqqının 8000 manatdan yuxarı olan hissəsi isə 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunacaq. Güzəşt məbləğinin hazırkı 173 manatdan 200 manata qaldırılması (büdcə təşkilatlarına, dövlət müəssisələrinə, neft-qaz sektoruna da şamil edilir) nəzərdə tutulur.

Sosial sığorta haqlarının və işsizlikdən sığorta dərəcələrinə gəlincə, bu, aşağıdakı qaydada müəyyən olunur:

– əməkhaqqının 200 manatadək olan məbləği üzrə: işçi – 3,5 faiz, işəgötürən – 22,5 faiz (cəmi 26 faiz);

– əmək­haqqının 200 manatdan yuxarı olan hissəsi üzrə: işçi – 10,5 faiz, işəgötürən – 15,5 faiz  (cəmi 26 faiz).

Bax: Ezamiyyə zamanı orta əmək haqqının saxlanması ilə bağlı VN-nin cavabı

İslahat nəticəsində qeyri-neft və qeyri-dövlət sektorlarında işəgötürənlərin əmək xərcləri əhəmiyyətli şəkildə azalacaq ki, bu da özəl sektorun rəqabət qabiliyyətinin artırılmasına və iqtisadi artımın stimullaşdırılmasına xidmət edəcək. Muzdlu işçilərin vergi yükünün aşağı salınması işəgötürənlərlə yanaşı, iqtisadiyyatın bütün sektorlarında, xüsusilə özəl sektorda çalışan muzdlu işçilərin də gəlirlərinin bir hissəsinin onlarda qalmasını şərtləndirəcək. Leqallaşma nəticəsində faktiki əməkhaqqının rəsmi sənədlərdə tam şəkildə göstərilməsi işçilərin pensiya və digər sosial hüquqlarının təmin olunmasına, habelə vətəndaşların kredit almaq imkanlarının genişlənməsinə şərait yaradacaq.

Cədvəl 1
Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği
2500 manatadək 14 faiz
2500 manatdan çox olduqda 350 manat+2500 manatdan çox olan məbləğin 25 faizi

Cədvəl 2
Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği
8000 manatadək 0 faiz
8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi

Xatırladaq ki, bu islahatların qeyri-dövlət sektorunda çalışan təxminən 450 min nəfərin əmək gəlirlərinin artırılmasına xidmət edəcəyi proqnozlaşdırılır. Güzəştli məbləğin tətbiqi nəticəsində işçilərin əməkhaqlarında azalma olmayacaq. İslahatlardan sonra qeyri-rəsmi məşğulluğun səviyyəsi azalacaq və sahibkarların əmək münasibətlərini rəsmiləşdirməsinə iqtisadi marağı artacaq.

Beləliklə, qanunvericiliyə edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsi üzrə əməkhaqqından gəlir vergisinin hesablanması 2 kateqoriyaya bölünəcək: dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar; neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər.

Dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar üçün əməkhaqqından gəlir vergisinin hesablanması Cədvəl 1-dəki kimi olacaq.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu iş­dən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində Cədvəl 2-yə uyğun qaydada tutulacaq.

Bax: İcarəyə götürən hansı halda xərc sənədi olmadan kommunal xərcləri gəlirdən çıxa bilər?

Hər iki kateqoriya üzrə ayda 500 manat əməkhaqqı alan işçilərin vergi və sosial sığorta ödənişlərinin hesablanmasına dair nümunələri təqdim edirik:

Dövlət və neft-qaz sahəsində

fəaliyyət göstərənlər üçün:

Vergi üzrə:

500 – 200 (2500 manata qədər 200 manat güzəşt olunur) =

300 manat

300 manat  x 14 faiz (gəlir vergisi) = 42 manat

Sosial sığorta üzrə:

500 x 3,5 faiz  = 17,5 manat

Cəmi: 59,5 manat

500 manat – 59,5 manat = 440,5 manat. Yəni dövlət və neft-qaz sahəsində çalışan və aylıq maaşı 500 manat olan işçilər vergi və sosial sığorta haqlarını ödədikdən sonra 440,5 manat əməkhaqqı alacaq.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət

sektorunda çalışanlar üçün:

Vergi üzrə:

Gəlir vergisi – 0 faiz (8000 manata qədər gəlir vergisi üzrə güzəşt olunur)

Sosial sığorta üzrə:

6+ (500-200) x10,5 faiz = 37,5 manat

Cəmi: 37,5 manat.

500-37,5=462,5 manat. Yəni neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan və aylıq maaşı 500 manat olan işçilər vergi və sosial sığorta haqlarını ödədikdən sonra 462,5 manat əməkhaqqı alacaqlar.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.