Read More9
Read More9

Bəzi vergi ödəyicilərinin vəzifələri dəyişdi: qaydalar, məlumatlar

posted in: Xəbər | 0

Xəbər verdiyimiz kimi, Vergi Məcəlləsində 2025-ci il yanvarın 1-dən qüvvəyə minmiş bir sıra yeni tələblər yer alıb, eləcə də redaktə tipli dəyişikliklər edilib. İqtisadçı ekspert Anar Bayramov həmin dəyişiklikləri şərh edir. 

Vergi Məcəlləsinin 16.1.4-1-ci maddəsində edilmiş dəyişikliyə əsasən, həmin Məcəllənin 14-1.9-cu maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydalarda nəzərdə tutulmuş sənədləri ilə yanaşı, məlumatları da vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicinin vəzifəsidir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 14-1.9-cu maddəsi transfer qiymətlərinin müəyyən olunmasını tənzimləyir. Vergilər Nazirliyinin Kollegiyasının 27 yanvar 2017-ci il tarixli, 1717050000006200 nömrəli qərarı ilə transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları müəyyən edilib. Həmin qaydalarda vergi ödəyici tərəfindən, sənədlərlə yanaşı, məlumatların da təqdim edilməsi nəzərdə tutulub. Amma Vergi Məcəlləsinin 16.1.4-1-ci maddəsində sırf sənədlər qeyd edildiyi üçün “məlumatlar” sözünün də əlavə olunmasına ehtiyac yaranmışdı.

Digər redaktə tipli dəyişiklik transmilli şirkərlər qrupu ilə bağlıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 28 aprel 2020-ci il tarixli, 1 nömrəli qərarı ilə “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası” təsdiq edilib. Həmin qaydalara əsasən, Azərbaycan Respublikasının rezidenti olan və transmilli şirkətlər qrupuna daxil olan əsas müəssisə, müvəkkil müəssisə və ya qrupdaxili müəssisə hesabat verilən ilin 30 iyun tarixinədək bu qaydaya əlavə edilən bildirişi (2 nömrəli əlavəni) elektron ərizə vasitəsilə vergi orqanlarına təqdim etməlidir:

  • əsas müəssisə və ya müvəkkil müəssisə olub-olmaması barədə;
  • əsas müəssisə və ya müvəkkil müəssisə olmadığı halda, müvafiq hesabatı verməli olan müəssisənin təyin edilməsi və rezidentliyi barədə;
  • transmilli şirkətlər qrupunun maliyyə ili barədə.

Bu səbəbdən də Vergi Məcəlləsinin 16.9-cu maddəsinə “…hesabatı”ından sonra “və bildirişi” sözləri əlavə edilib.

Qeyd olunan maddə ilə bağlı digər dəyişikliyə əsasən, 16.9-cu maddənin birinci cümləsində “…Respublikasının rezidenti olan müəssisə” sözləri “…Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi” sözləri ilə əvəz edilib. Bu dəyişikliyin məqsədi Vergi Məcəlləsinin 13.2.5-ci maddəsinin tələbləri və 16.9-cu maddədəki rezident anlayışlarına fərqli yanaşma tətbiq edilməsinin aradan qaldırılmasıdır. Dəyişikliyə qədər Vergi Məcəlləsinin 16.9-cu maddəsində qeyd olunan “…Respublikasının rezidenti olan müəssisə” sözləri transmilli şirkətlər qrupu uzrə xarici ölkələrin rezidentlərinin Azarbaycan Respublikasındakı filial və nümayəndəliklərini əhatə etmirdi.

Vergi Məcəlləsinin 16.9-cu maddəsinə “Azərbaycan Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi” ifadəsi əlavə edilməklə xarici ölkələrin və daimi rezidentlərin Azərbaycan Respublikasındakı filial nümayəndəlikləri maddənin əhatə dairəsinə daxil olunub.

Beləliklə, hər iki dəyişiklik nəzərə alınmaqla Vergi Məcəlləsinin 16.9-cu maddəsi aşağıdakı kimi olub: “Transmilli şirkətlər qrupunun maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş müddətdə, formada və qaydada hesabatı və bildirişi vergi orqanına təqdim edir. Bu maddə ilə müəyyən edilmiş hesabatın verilməsini şərtləndirən məbləğ həddi transmilli qrupun maliyyə hesabatları əsasında müəyyən edilir”.

Mənbə: vergiler.az

Azərbaycanda biznesin qeydiyyatı prosesində islahatlar davam edir

701-ci “Satışın maya dəyəri üzrə xərclər” hesabı üzrə uçot

posted in: Xəbər | 0

701-ci “Satışın maya dəyəri üzrə xərclər” hesabı

Satışın maya dəyəri üzrə xərclər Hesablar Planının 70-ci maddəsinin 701-ci “Satışın maya dəyəri üzrə xərclər” adlı hesabda  uçota alınır.

İş və yaxud xidmətlərin satışından gəlirlərin əldə edilməsi üçün onlara sərf olunmuş xərclər, məhsulun istehsalı üçün çəkilən xərclər yaxud da xidmətin göstərilməsinə görə çəkilən bütün xərclər 701-ci “Satışın maya dəyəri üzrə xərclər” adlı hesabda uçota alınır. Bu hesab mühasibat uçotunun hesablar planının 7-ci “Xərclər” bölməsinin 70-ci maddəsinə aiddir.

Satışın maya dəyəri üzrə xərclər hesabı üçün subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

701 №-li “Satışın maya dəyəri üzrə xərclər” hesabı xərc hesabdır, ona açılan subhesablar aşağıdakılardır (Qaydaların 52.2-ci bəndi):

701-ci “Satışın maya dəyəri üzrə xərclər” hesabı üzrə açılan subhesabların uçotu

701-ci hesab üzrə tənzimləmələr

İşlərin görülməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar çəkilmiş xərclər  barədə müvafiq mühasibat yazılışı yuxarıda qeyd edilən qaydaların 52.3-cü bəndi əsasında nizamlanır.

Həyata keçirilən tikinti müqavilələri ilə əlaqədar çəkilmiş xərclərin dəyərilə bağlı uyğun mühasibat yazılışı nəzərdə tutulan qaydalardakı 52.5-ci bəndə əsaslanılaraq verilir.

Satılmış mallarla (hazır məhsulla) əlaqədar çəkilmiş xərclərin dəyəri barədə müvafiq mühasibat yazılışı bəhs olunan qaydaların 52.7-ci bəndinə uyğun aparılır.

701-1, 701-2, 701-3 №li subhesablarda əks etdiilməyən əsas əməliyyat gəlirləri üzrə xərclərin dəyərilə bağlı uyğun mühasibat yazılışı həmin qaydalardakı 52.9-cu bəndə əsaslanılaraq tənzimlənir.

Mallar (iş, xidmət) təqdim edildikdə satışın maya dəyəri ilə bağlı nümunə

“A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət anbarındakı 120000 manatlıq malları 145000 manata satmışdır. Müəssisənin əlavə fəaliyyəti isə mühasibatlıq sahəsində məsləhət xidməti göstərməkdir. Bu xidmətin göstərilməsi nəticəsində 9000 manat gəlir əldə edilib.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 120000,00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 145000,00
3 ƏDV hesablandıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 26100,00
4 Xidmətin göstərilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 9000,00
5 ƏDV hesablandıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 1620,00
6 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 145000,00
7 Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 26100,00
8 Xidmətə görə olan əsas məbləğ bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 9000,00
9 Xidmətə görə olan ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 1620,00
10 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 27720,00
11 Maya dəyəri xərci ümumi mənfəətə silindikdə 801 – Ümumi mənfəət (zərər) 701 – Satışın maya dəyəri üzrə xərclər 120000,00
12 Əldə edilən gəlirlər ümumi mənfəətə aid edildikdə 601 – Satış 801 – Ümumi mənfəət (zərər) 154000,00

Material ehtiyatları satıldığı zaman satışın maya dəyəri

Müəssisə mətbəx mebellərinin istehsalı fəaliyyəti ilə məşğul olur. Mebellərin hazırlanması üçün lazım olan taxtanın təmin edilməsi məqsədilə digər bir şirkətlə müqavilə bağlamışdır. Müqavilə şərtlərinə əsasən daşınmanı onları alan şəxs etməlidir. 26000 manatlıq xammalın daşınması zamanı 700 manat xərc çəkilib. İstehsal prosesi başa çatdıqdan sonra məlum oldu ki, xammalın 15%-lik hissəsi mebellərin hazırlanmasında istifadə edilməyib. Həmin materiallar “D” MMC-ə satılmışdır.

Xammalın alışının uçotu yuxarıdakı nümunəyə uyğun həyata keçirilir. 201-ci hesabda cəmlənmiş 26700 manatlıq xammalın 4005 manatlıq hissəsinin satışının uçotu aşağıdakı kimidir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 201 – Material ehtiyatları 4005,00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 5000,00
3 ƏDV nəzərə alındıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 900,00

Digər ehtiyatlar satıldıqda satışın maya dəyəri üzrə müxabirləşmə nümunələri

İstehsalat binasında işləyən işçilərə alınan 70 ədəd iş formasının 50-si onların istifadəsinə verilmişdir. Qalan 20 ədəd formanın satılması nəzərdə tutulmuşdur.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər ehtiyatlar alındıqda 207 – Digər ehtiyatlar 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 2100.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 378.00
3 İşçilərin istifadəsinə verilən formalar istehsalat məsrəflərinə aid edildikdə 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 207 – Digər ehtiyatlar 1500.00
4 Digər ehtiyatlar satış məqsədi ilə saxlanılan aktivlərə aid edildikdə 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər 207 – Digər ehtiyatlar 600.00

Sözügedən 20 ədəd forma satıldığı zaman uçota alınması aşağıdakı kimidir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satış üçün ayrılmış avadanlıq silindikdə 701 – Satışın maya dəyəri üzrə xərclər 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər 600.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 217 – Digər qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 700.00
3 ƏDV nəzərə alındıqda 217 – Digər qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 126.00

Satılan mallar geri qaytarıldıqda satışın maya dəyəri üzrə mühasibat yazılışlarına nümunə

“A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət mart ayında cəmi maya dəyəri 9800 olan 10 ədəd printeri 12800 manata satmışdır. Qarşı tərəf malların ödənişini növbəti aylarda həyata keçirəcəyi barədə məlumat vermişdir. İyun ayında printerlərdən 3-ün nasaz vəziyyətdə olduğu aşkarlanmışdır. Buna görə 3 ədəd printer geri qaytarılmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 9800.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 12800.00
3 ƏDV hesablandıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 2304.00

Qaytarılan malların uçota alınması:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qaytarılan mallar yenidən anbara mədaxil edildikdə 205 – Mallar 701 – Satışın maya dəyəri üzrə xərclər 2940.00
2 Qaytarılan mallar üzrə debitor borclar silindikdə 602 – Satılmış malların qaytarılması və ucuzlaşdırılması 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 3840.00
3 ƏDV nəzərə alındıqda 545 – Digər qısamüddətli öhdəliklər 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 691.20

Tikinti müqavilələrindən gəlir əldə olunduqda satışın maya dəyəri üzrə nümunələr

“A” MMC aldığı sifarişə əsasən “B” MMC üçün istehsal binasını 1 il ərzində inşa edib təhvil verməlidir. Ümumi qiymət 290000 manat razılaşdırılaraq müqavilə bağlanmışdır.

Binanın smeta dəyəri (manatla):

Materiallar – 130000;

Həmin sahədə çalışan işçilərin əməkhaqqısı – 55000;

Əməkhaqqıdan edilən tutulmalar – 10065;

Tikintidə istifadə olunmuş avadanlıqların amortizasiya xərcləri – 10000;

Qalan xərclər – 44935;

Cəmi: 250000.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Material ehtiyatları alındıqda 201 – Material ehtiyatları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 130000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 23400.00
3 Alınan materiallar istifadə olunaraq tikinti məsrəflərinə aid edildidkə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 201 – Material ehtiyatları 130000.00
4 Əməkhaqqı hesablandıqda 203 – Tikinti müqavilələri üzrə məsrəflər 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 55000.00
5 İşəgötürən hesabına sosial sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (22%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 9790.00
6 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (0.5%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 523 – Sosial sığorta və təminat üzrə öhdəliklər 60.00
7 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı  tikinti məsrəflərinə aid edildikdə (2%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 523 – Sosial sığorta və təminat üzrə öhdəliklər 215.00
8 Tikintidə istifadə olunan avadanlıqların amortizasiya xərcləri tikinti məsrəflərinə aid edildikdə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 10000.00
9 Digər xərclər tikinti məsrəflərinə aid edildikdə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 44935.00
10 Satılan binanın maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 203 – Tikinti müqavilələri üzrə məsrəflər 250000.00
11 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 215 – Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları 601 – Satış 290000.00
12 ƏDV nəzərə alındıqda 215 – Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 52200.00

Hansı aylarda məzuniyyətə çıxmaq daha sərfəlidir? (II hissə)

Kredit götürən şəxslərin sığorta təminatında nələr dəyişdi?

posted in: Xəbər | 0

Mövzunu hüquqşünas Şəhriyar Həbilov şərh edir

“Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”na əsasən, vətəndaşlar kredit götürmək istəyərkən həmin kredit müqaviləsi üzrə öhdəlik müddətində sağlamlığında baş verə biləcək neqativ hallar səbəbindən əlilliyi, yaxud ölümü halında kredit öhdəliyinin onun sağlamlığı itdikdə özünə, vəfatı zamanı varislərinə əlavə yük yaratmaması üçün həyat sığortası məhsulu alaraq bu riskləri təminat altına almaq imkanına malikdirlər. Sadəcə olaraq, kredit götürən şəxsin sığortaya marağının olmaması, təcili kredit lazım olduqda bu məhsulun ağıla gəlməməsi və digər hallar səbəbindən həmin sığorta növü barədə məlumatlılıq aşağı səviyyədədir.

Nəzərə almaq lazımdır ki, kredit götürən şəxslər ölkədə fəaliyyət göstərən və həyat sığortası sahəsi üzrə lisenziyası olan istənilən sığorta şirkətindən bu məhsulu əldə edə bilər. Seçim isə sərbəstdir. Heç kimi sığorta şirkətini seçməyə məcbur etmək olmaz. Bank və sığorta qanunvericiliyi çərçivəsində həyata keçirilən islahatlar bu sığorta növü üzrə təminat həcmi, şərtlər və müqavilə münasibətlərinin uğurlu beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində dəyişikliklərdə özünü büruzə verdi. Onu da vurğulamaq lazımdır ki, bu islahatlar özlüyündə maliyyə xidməti istehlakçılarının kredit öhdəliyi üzrə əlavə çətinliklərlə üzləşməsinin qarşısının alınmasında effektivliyini saxlamaqdadır.

Kredit götürən şəxslərin həyat sığortası ilə bağlı təminatında hansı dəyişikliklər edilib?

Əvvəla qeyd etmək lazımdır ki, fiziki şəxs kredit müqaviləsi bağlamazdan öncə bank ona sığortalanma haqqında ərizə forması təqdim edir. Ərizədə şəxsin krediti götürəcəyi halda, kredit öhdəliyini hansı sığorta şirkətində sığortalaya biləcəyi, sığorta müqaviləsi bağlandıqda və müqavilə olmadan kredit müqaviləsi təsdiqləndikdə ödəyəcəyi kredit faizi, o cümlədən sığorta müqaviləsinə görə ödəcəyi sığorta haqqının həcmi aydın şəkildə göstərilməlidir.

  • Kredit müqaviləsi 10 illik olsa da sığorta müqaviləsi əvvəl qısamüddətli bağlana bilirdi. Bu isə şəxsin kredit müqaviləsi müddəti bitmədən məruz qalacağı riskləri təminat altına ala bilmirdi. Dəyişikliklərə əsasən, hər bir halda sığorta müqaviləsi kredit müqaviləsi üzrə şəxsin öhdəlik müddətinə bərabər olacaq.
  • Əvvəllər şəxs 10 min manat həcmində kredit götürdükdə 1.000 manatlıq sığorta təminatı barədə təklif ala bilirdi. Dəyişikliklərə əsasən, şəxsin kredit müqaviləsi üzrə öhdəliyi həcmində, yəni 10 min manat dəyərində sığorta təminatı təklif edilməlidir.
  • İslahatlar şəxsin əvvəlcədən varisləri üçün əlavə xərcləri kompensasiya etməsinə imkan verəcək yeniliklər də gətirdi. Belə ki, şəxs kredit götürərkən kredit müqaviləsi üzrə öhdəliyinin həcmindən də əlavə sığorta təminatı götürərək hadisə halında əlavə xərcləri kompensasiya edə biləcək.
  • Sığorta müqaviləsi bağlanarkən sığorta şirkəti müqavilənin şərtləri, hadisə zamanı nələr etmək lazımdır və digər münasibətləri tənzimləyən daha detallı yaddaş vərəqi də əldə edə biləcək.
  • Əvvəlki münasibətlərdə hadisə zamanı bir çox sənədi təqdim etmək zərərçəkmişin və ya vərəsələrin öhdəsində qalırdı ki, bu da əlavə vaxt itkisi və get-gələ səbəb ola bilirdi. Bu kimi halların ortaya çıxmaması üçün sığorta şirkəti tərəfindən sorğu verilməklə dövlət qurumlarından sənədlərin toplanması barədə tənzimləmələr də gətirildi.
  • Borcalanın vəfatı halında varislərin müəyyən olunması, banka məlumat verilməsi, bankın sığorta şirkətini məlumatlandırması kimi hallar sonda vərəsələrin kredit, xüsusilə də əlavə faiz öhdəlikləri ilə qarşı-qarşıya qalmasına şərait yaradırdı. Dəyişikliklərdən sonra isə artıq hadisə barədə bank, sığorta şirkəti, hətta sığorta müqaviləsini bağlamaqda vasitəçilik edənin belə məlumatlandırılması hər iki təşkilatın bir-birini erkən məlumatlandırmasına imkan verir.

Sığorta müqaviləsini bağlamadan kredit götürmək olarmı?

Sığorta müqaviləsini bağlamaq bankın kredit şərtlərində (siyasətində) mütləq qeyd edilməyibsə, sığorta müqaviləsini bağlamadan da kredit götürmək olar. Sadəcə olaraq, nəzərə almaq lazımdır ki, sığorta müqaviləsi bağlamadan kredit götürdükdə kredit faizi daha yüksək ola bilər, həmçinin sağlamlığın itirilməsi və ya vəfat halında bütün kredit öhdəliyi, həmçinin faizlər də şəxsin və ya ailə üzvlərinin çiyinlərində əlavə yük kimi qala bilər.

Mənbə: vergiler.az

Heç bir fəaliyyəti olmayan fiziki şəxsə cərimə hesablana bilərmi?

“Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: indi səyahət daha rahat və sərfəlidir

posted in: Xəbər | 0

Birbank Private müştərilərinə eksklüziv xidmətlər və unikal imtiyazlar təklif etməyə davam edir. Belə ki, Birbank Private, PAŞA Travel və Visa şirkəti ilə əməkdaşlıq çərçivəsində Birbank Miles Dark kartına əlavə edilən yeniliklərlə səyahəti sevənlərə daha rahat və sərfəli istirahət imkanları təqdim edir.

Birbank Miles Dark istifadəçiləri artıq PAŞA Travel-dən keçən ödənişlərdə topladıqları milləri yalnız aviabiletlər üçün deyil, həm də otellərin, turların rezervasiyası, CİP/VİP zallara giriş, sürətli keçid, visa dəstəyi və avtomobil icarəsi kimi səyahət xidmətləri üçün də istifadə edə biləcəklər. Kart öz sahiblərinə Abu Dabi, Dubay və digər şəhərlərdə premium transfer xidmətlərindən, endirimlərdən və səyahətlə bağlı konsultasiyalardan yararlanmaq şansı da yaradır.

Yeniliklərdən biri də müştərilərin istifadəsinə verilən hədiyyə kartlarıdır. Birbank Private-in bütün imkanlarını özündə birləşdirən və keşbek və ya millər şəklində təklif olunan “Visa Infinite” kartlarını müştərilər öz yaxınlarına hədiyyə edə biləcəklər.

Bundan başqa Birbank Private müştəriləriləri Visa konsyerjin imtiyazlarından yararlanmaqla yanaşı öz şəxsi menecerlərinə müraciət edərək assistent xidməti ilə bu imtiyazları sifariş edə bilərlər. Bu xidmət müştərilərə transfer, sürətli keçid, CİP zallarına kimi bir çox xidmətlərdən onlayn istifadə üstünlüyü qazandırır.

Qeyd edək ki, bütün bu yeniliklər “Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!” şüarı altında keçirilən tədbirdə müştərilərə təqdim olunub. Tədbir Birbank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadənin açılış nitqindən sonra, PAŞA Travel şirkətinin Gəlirlər üzrə Baş Direktoru Rüfət Bağırov, Visa-nın Azərbaycanda baş direktoru və regional meneceri Nurlan Hacıyev və brend səfiri Andrey Burlutskinin təqdimatları ilə davam edib. Tərəflər məhsulun üstünlükləri haqqında qonaqlara ətraflı məlumat verərək onların suallarını cavablandırıblar. Tədbirdə həmçinin, Birbank Private-in yeni filialının müştərilərin istifadəsinə verilməsi haqqında da məlumat verilib.

Müştəri məmnuniyyətini əsas prioritet kimi qəbul edən Birbank-ın fərdi bankçılıq xidmətləri artıq Birbank Private adı altında təqdim ediləcək. Birbank Private müştərilərə şəxsi yanaşma, etibarlı idarəetmə təklif edən və yüksək səviyyəli dəstək ilə onların maliyyə ehtiyaclarını rahat və effektiv şəkildə qarşılayan eksklüziv xidmətdir. Birbank Private xidmətləri ilə bağlı daha ətraflı məlumat üçün https://private.birbank.az/ saytına müraciət edə bilərsiniz.

1 221 222 223 224 225 226 227 2. 682
error: Content is protected !!