Read More9
Read More9

Kağız və elektron formada bağlanan əmək müqavilələrinin arxivləşdirilməsi necə həyata keçiriləcək?

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 86-cı maddəsi əmək müqavilələrinin və əmrlərin arxivləşdirilməsi prosesinə aydınlıq gətirir. Həmin maddənin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işəgötürən bağlanmış əmək müqavilələrini, oradakı dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətində saxlamağa borcludur və onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir. 

Qanunvericiliyin bu tələbini iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar dedikdə, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı” başa düşülür.

Müəssisə ləğv edildikdə kağız formada bağlanmış əmək müqavilələri Dövlət Arxiv İdarəsinə verilməlidir. Əmək Məcəlləsinin 86-cı maddəsinin 2-ci hissəsinə əsasən, müəssisə ləğv edildikdə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təqdim edilir. Müəssisə yenidən təşkil olunduqda və ya mülkiyyətçisi dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə təhvil verilir. Kağız formada bağlanmış əmək müqaviləsi ilə bağlı xitam əmrlərinə gəlincə isə, həmin sənədləri işəgötürən beş il müddətində saxlamağa borcludur. Əmək Məcəlləsinin 86-cı maddəsinin 3-cü hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin (sərəncamın, qərarın) əslinin bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işəgötürən tərəfindən əmək müqaviləsinin mühafizə olunması barədə bu maddənin 1-ci hissəsi ilə müəyyən edilmiş qaydada və müddətdə saxlanılması təmin edilməlidir.

Əmək Məcəlləsinin 84-cü maddəsinin 4-cü hissəsinə əsasən, elektron sənəd formasında bağlanılan əmək müqavilələri barədə məlumatların arxivləşdirilməsi elektron informasiya sistemi vasitəsilə təmin edilir. Maddənin tələblərindən göründüyü kimi, istər dövlət, istərsə də özəl şirkətlər üçün elektron əmək müqavilələrinin arxivləşdiriməsi ilə bağlı tələblər fərqli formalaşır. Mülkiyyətindən asılı olmayaraq, işəgötürənlərin elektron sənəd formasında bağlanılan əmək müqavilələri barədə məlumatları beş il müddətində saxlamaq öhdəliyi yoxdur. Həmçinin, işəgötürən ləğv olunduğu halda, elektron əmək müqavilələrinin dövlət arxivinə verilməsinə ehtiyac yaranmır. Dövlət qurumu işəgötürənin ƏMAS altsistemində daxil etdiyi elektron sənəd formasında əmək müqavilələrinin arxivləşdiriməsi prosesini həyata keçirir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 4-cü hissəsində qeyd olunduğu kimi, elektron əmək müqavilələrinin arxivləşdirilməsi üzrə məsuliyyət artıq işəgötürənin yox, müvafiq dövlət qurumunundur.

Mənbə: vergiler.az

Azərbaycan əhalisinin gəlirləri 6 %-dən çox artıb

İnnovativ startaplar yerli bazarı hərəkətləndirir (I HİSSƏ)

posted in: Xəbər | 0

Güzəştlərdən yararlanan mikro və kiçik sahibkarların sayı günü-gündən artmaqdadır. Artıq 199 biznes subyektinin “Startap” şəhadətnaməsi var ki, bu da onları üç il ərzində innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisi ödəməkdən azad edir.

Bu günlərdə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasına daxil olan doqquz müraciətə baxılıb və onlardan yeddisi bu şəhadətnaməni əldə etmək şansı qazanıblar. Lakin bu da yekun rəqəm deyil, “Startap” şəhadətnamələrinin verilməsi bundan sonra da davam etdiriləcək.

Bu şəhadətnaməni almaqla vergi güzəşti qazanan sahibkarlar layihələrinin insanların həyatına hansı yenilikləri gətirəcəyi barədə fikirlərini ilə bölüşüblər.

Fərdi inkişaf, peşə hazırlığı və rəqəmsal təhsil bir arada

İnsanların gündəlik həyat və biznes fəaliyyəti ilə bağlı qarşılaşdıqları hüquq, mühasibatlıq və idarəçilik problemlərinin həllinə dəstək göstərəcək Hatsuu platforması həm onlayn, həm də əyani təlim imkanlarını bir araya gətirərək hibrid modeli təqdim edən bir təhsil platformasıdır. Startapın yaradıcısı Günay Əliyeva deyir ki, regionda fərdi və peşə inkişafı üçün lokal kontentə əsaslanan tədris platformalarına ciddi ehtiyac var və Hatsuu məhz bu boşluğu doldurmaq üçün yaradılıb. Azərbaycanın təhsil sistemində rəqəmsal təhsilin inkişafına töhfə vermək və gələcəkdə qonşu ölkələrə də lokal sistemlərə uyğunlaşdırılmış tədris platforması təqdim etmək əsas hədəflər sırasındadır. Platforma yerli sistemlərə uyğun fərdi təlim modulları təqdim edərək vətəndaşların bir sıra prosedurları daha rahat başa düşməsinə və icra etməsinə şərait yaradır. Beləliklə, insanlar vaxt və resurs itirmədən daha effektiv qərarlar verə bilirlər. Platformaya daxil olmaqla istifadəçilər dil dərslərindən tutmuş marketinq, hüquq, turizm, mühasibatlıq, baristalıq kimi müxtəlif sahələrə qədər geniş tədris imkanlarından faydalana biləcəklər. Baristalıq kimi peşə dərslərinə həm əyani, həm də platforma üzərindən qoşulmaq mümkündür. Burada interaktiv video-dərslər, testlər, PDF materialları, fərdi izləmə sistemi və mentor dəstəyi də əlçatan olacaq. Sosial inklüzivlik prinsiplərinə əsaslanaraq regionlarda yaşayan insanların da təhsilə çıxışını asanlaşdırmaq üçün dərslər təşkil edilir. Hər ölkənin hüquq, mühasibatlıq və bank sistemi fərqli olduğundan tədris metodları yerli sistemlərə uyğunlaşdırılacaq. Digər tərəfdən, regional bazarlara uyğunlaşdırıla bilən modul sistem üzərində də iş gedir.

“Startap” şəhadətnaməsinin verdiyi vergi güzəştinə gəlincə, G.Əliyeva düşünür ki, bu, onlar üçün həm maddi üstünlük, həm də əlavə motivasiya yaradır. Qənaət edilən məbləğ böyük ölçüdə texnoloji təkmilləşməyə, yeni tədris modullarının hazırlanmasına və komanda strukturunun gücləndirilməsinə sərf olunacaq. Bütün sadalananlar xidmət keyfiyyəti və istifadəçi məmnuniyyətinin yüksəlməsinə gətirib çıxaracaq. Platformaya qoşulan təlimçilərin sayının artması ilə komanda daha da genişlənməkdədir. Yaxın zamanda isə kontent, texnologiya və satış sahələrində yeni əməkdaşların cəlb olunması ilə əlavə iş imkanları yaranacaq.

Heyvanlar üçün konservlər istehsal ediləcək

Hamıya məlumdur ki, ət kəsimi məntəqələrində, broylerlərdə, hotellərdə, restoranlarda hər gün təzə kəsilmiş ət və ət məhsullarının bir qismi tullantı kimi atılır. KOBİA-nın “Startap” şəhadətnaməsi verdiyi “ECOyem” layihəsi bu kimi israfın qarşını almağa hesablanıb. Belə ki, ət kəsilərkən artıq qalan qırıntılar, sümüklər toplanaraq it və pişiklər üçün konservlər hazırlanacaq. Hazırda bazarda müxtəlif ölkələrin istehsalı olan it-pişik konservləri mövcuddur və qiyməti təqribən 2,5-5 AZN arasında dəyişir. İstehsal olunacaq yerli – “Ham-Ham” və “Myau” konservləri isə idxal məhsullarından daha ucuz qiymətə təklif olunacaq. Sözsüz ki, bu da it və pişik saxlayanların xərclərini azaldacaq.

Layihənin müəllifi Cavid Cabbarov deyir ki, konservlər hazırlanarkən heyvanların sağlamlığı məsələsi ön planda olacaq, eləcə də yemlərin heyvanların ağız dadına uyğunluğuna diqqət ediləcək və ən əsası, onlar ekoloji təmiz məhsullardan hazırlanacaq. Məhsullar xüsusi qablaşdırmalarda təqdim olunur və istifadə müddəti 3 ilə qədərdir.

C.Cabbarov onu da bildirir ki, hələ də bir sıra yaşayış məntəqələrində xeyli sayda sahibsiz heyvanlara rast gəlinir. Bu canlılar tullantı meydançalarında, poliqonlarda əsasən köhnəlmiş qida qalıqları ilə yemlənirlər. Bu da onlarda müxtəlif xəstəliklərin yaranma ehtimallarını artırır və nəticə etibarilə həmin canlılarla eyni mühiti paylaşan insanlar üçün böyük təhlükələr yarada bilər.

“ECOyem” mobil tətbiqinin funksiyalarından istifadə etməklə hotellərdən, restoranlardan, ət kəsimi aparılan məkanlardan toplanacaq tullantıların həcmi ilə bağlı məlumatlar almaq mümkün olacaq. Mobil tətbiqdən istifadə edənlərə satış nöqtələrində xüsusi endirimlər təklif olunacaq, kampaniyalar və yeniliklərlə bağlı bildirişlər göndəriləcək. Saytda və tətbiqdə it və pişiklərin növünə, yaşına, çəkisinə uyğun qidalandırılması ilə bağlı məlumatlar, eyni zamanda onlayn baytar həkimi məsləhətləri yer alacaq. C.Cabbarov vurğulayır ki, “ECOyem” bu sahədə ölkədə ilk yerli brenddir və əsas məqsədi qida tullantılarının azalmasına töhfə verməkdir.

“Startap” şəhadətnaməsinin verdiyi imkanlar sayəsində 3 il ərzində vergi ödənilməyəcəyi üçün məhsulu bazara kifayət qədər ucuz qiymətə çıxarmaq mümkün olacaq. Layihə müəllifi bazara yeni çıxış əldə edən sahibkar üçün bunun böyük imkan olduğunu düşünür. Məhsulun qiymətinin ucuz olması heyvan sahiblərini yerli bazara yönəldəcək ki, bu da idxaldan asılılığı müəyyən qədər azaldacaq. İlkin hədəf yerli bazar olsa da, xaricə ixrac məsələsi də araşdırılır və sonrakı planlarda nəzərə alınacaq.

Ağac əkəcəyin yeri tətbiqlə müəyyənləşdir, istəsən, ianə et

Şəhərin yaşıllaşdırılması, meşə ərazilərinin mühafizəsi, dəniz və çay hövzələrinin təmizlənməsi ilə bağlı yaradılan “Green public” rəqəmsal platforması B2G, yəni “Business to Government” tipli bir layihə hesab olunur. Burada bir tərəfdə dövlət qurumları, digər tərəfdə isə istifadəçilər – qeyri-hökümət təşkilatları, şirkətlər və ayrı-ayrı şəxslər yer alır.

Bəzən elə olur ki, vətəndaş ağac əkmək istəyir, amma ərazinin kimə məxsus olduğunu bilmədiyi üçün kimdənsə soruşmaq məcburiyyətində qalır. Startapın müəllifi Tural Yusifov deyir ki, yaratdığı platforma sayəsində bu problem geridə qalır və kimdənsə soruşmaq əvəzinə istifadəçilər mobil tətbiqə üz tuta və dövlət qurumlarına sorğu göndərə biləcəklər. İstifadəçinin yaşıllaşdırmaq istədiyi ərazi meşə fonduna məxsusdursa, müvafiq dövlət qurumları bunu təqsdiqlədikdən sonra həmin ərazidə ağac əkmək və ağacəkmə kampaniyası həyata keçirmək mümkün olacaq. Digər tərəfdən, platforma və tətbiq vasitəsilə mövcud yaşıl ərazilərə – Nəbatat bağı və ya hər hansı ekoloji parka ianələr etmək imkanı da təqdim olunur.

Funksionallığa gəlincə, istifadəçinin olduğu yerə uyğun hansı ərazilərdə ağac əkilə biləcəyi tətbiqdə aydın görünəcək. Bundan başqa, şəhər rəhbərliyinin yaşıllaşdırma üçün seçdiyi prioritet əraziləri də görmək bir tətbiq qədər yaxına gəlir. Məsələn, yenidən canlandırılan Ağdam şəhərinin Baş Planında yaşıllaşdırma üçün nəzərdə tutulan əraziləri tətbiqdən aydın görmək olar. Üstəgəl, həmin ərazidə ağacəkmə kampaniyası da təşkil etmək mümkündür. Bütün bu imkanlarla yanaşı, yaşadığımız ərazidə hava çirkliliyinin səviyyəsini də proqram üzərindən görmək olacaq. Şirkətlər öz kağız və yanacaq xərclərini daxil edərək, karbon ayaq izini sıfırlamaq üçün nə qədər ağac əkməli olduqlarını da buradan əldə edə biləcəklər.

Tətbiq universallığı ilə diqqət çəkir. Məsələn, istifadəçilər Konqo Demokratik Respublikasında (KDR) şimpanzelərin qorunması ilə bağlı ianə edə bildiyi halda, KDR-də yaşayan biri də Azərbaycanda meşə fondunun və ya zeytun ağaclarının bərpası üçün ianə edib, sertifikat ala bilər.

T.Yusifov vurğulayır ki, “Startap” şəhadətnaməsi ilə vergi yükü müəyyən qədər azalmış olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də icra hakimiyyətləri ilə yaşıllaşdırılmaya ehtiyac olan ərazilərin platformaya inteqrasiyası üçün danışıqlar aparılır. Yaxın zamanda layihəni xarici bazarda tətbiq etməyi planlaşdıran müəllif Yaxın Şərq ölkələrinin ilk sırada yer aldığını və Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, İordaniya, Səudiyyə Ərəbistanı, Tunis və Misirdə reallaşdırılacağını bildirir.

Mənbə: vergiler.az

Azərbaycan əhalisinin gəlirləri 6 %-dən çox artıb

Azərbaycan əhalisinin gəlirləri 6 %-dən çox artıb

posted in: Xəbər | 0

Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 11 milyard 907,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,9 % artaraq 1 164 manata çatıb.

Mənbə: report.az

Güzəştli kreditlərdən yararlanan sahibkarların əhəmiyyətli hissəsi regionlarda fəaliyyət göstərir

Güzəştli kreditlərdən yararlanan sahibkarların əhəmiyyətli hissəsi regionlarda fəaliyyət göstərir

posted in: Xəbər | 0

Bu ilin yanvar-fevral aylarında güzəştli kreditdən yararlanan layihələrin 96,5 faizi, verilən güzəştli kreditlərin ümumi məbləğinin isə 75 faizə yaxını regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.

Sahibkarlığın İnkişafı Fondunun məlumatına görə, hesabat dövründə maliyyələşdirilən layihələrin 99,6 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məxsus olub.

Xatırladaq ki, Fond tərəfindən cari ilin ilk iki ayı ərzində 547 layihənin maliyyələşdirilməsinə 32,1 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər hesabına 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Güzəştli kreditlər prioritet sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafına yönəldilib. Belə ki, verilmiş kreditlərin ümumi məbləğinin 40,5 faizi kənd təsərrüfatının, 56 faizi sənayenin (o cümlədən, aqrar emal), 3,5 faizi isə digər sahələrin payına düşüb.

Mənbə: vergiler.az

Əcnəbi vətəndaşlar üçün vergi güzəşti

1 230 231 232 233 234 235 236 2. 700
error: Content is protected !!