Sahibkarlıq subyektləri üçün biznesə başlama qaydalarının təkmilləşdirilməsi prioritetdir

posted in: Xəbər | 0

Biznes mühitində şirkətlərin qeydiyyatı sahibkarlar üçün öz fəaliyyətlərini rəsmiləşdirmək və qanuni olaraq işə başlamaq üçün ilkin addımdır. Bu prosesin səmərəli təşkili həm şəffaflığa, həm hesabatlılığa, həm də iqtisadi aktivliyə mühüm təsir göstərir. Texnologiya və rəqəmsallaşmanın geniş tətbiqi şəraitində biznes fəaliyyətinin tənzimləyici alətləri də təkmilləşib.

Rəqəmsal xidmətlər biznes mühiti üçün yeni imkanlar açıb

Ölkədə biznesə başlamağın asan olması insanların bu sahəyə marağını artıran mühüm amildir. Bu səbəbdən də ölkəmizdə biznes qeydiyyatı ilə bağlı prosedurların sadələşdirilməsi diqqət mərkəzindədir. Hüquqi şəxslərin e-qeydiyyatı sahəsində aparılmış islahatların məqsədi biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, şəffaflığın təmin olunması, sahibkarla canlı ünsiyyətin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. 2008-ci ildən etibarən bu sahədə intensiv təkmilləşmə işləri aparılıb. Görülmüş tədbirlər nəticəsində Azərbaycan dünyada biznesə başlama indikatoru üzrə ilk onluqda yer alıb. Ölkəmizin “Bir prosedurla qeydiyyat” layihəsi Korporativ Qeydiyyatçılar Forumunun İcraiyyə Komitəsi tərəfindən 2021-ci ilin mart ayında “Təqdir” kateqoriyasında mükafata layiq görülüb. Əldə edilmiş nəticələrin davamlı olmasını təmin etmək üçün biznes mühitinin təkmilləşdirilməsi məqsədilə yeni hədəflər də müəyyən edilib və bütün bunlar Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahələrdə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində yer alır. Həmin hədəflərə çatmaq üçün müəyyən işlər görülüb. Kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı “SİMA” rəqəmsal imzanın tətbiqi ilə bağlı texniki imkanların yaradılması, qeydiyyat prosesində sanksiya tətbiq edilməli olan şəxslərin nəzərə alınması və kommersiya hüquqi şəxsin rəhbərinin səlahiyyət müddəti bitdikdə elektron kabinetdən istifadəsinin məhdudlaşdırılması kimi tədbirlər həyata keçirilib. Əlavə olaraq, lisenziya və ya icazə tələb olunan fəaliyyət növləri seçildikdə, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi başa çatdıqdan sonra “Lisenziyalar və icazələr” portalına keçid imkanının yaradılması da təmin edilib. Bütün bunlar biznes qurmaq istəyənlər üçün lazım olan qaydaların mərhələlərinin ciddi şəkildə azalmasına, prosedurların və vaxt itkisinin azalmasına yol açıb.

Hüquqi şəxslərin e-qeydiyyatı sahəsində aparılmış islahatların məqsədi biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, şəffaflığın təmin olunması, sahibkarlacanlı ünsiyyətin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır

Xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı təkmilləşdirilib

İqtisadi aktivliyi təmin edən əsas faktorlardan biri xarici biznes subyektlərinin fəaliyyəti üçün əlverişli imkanlar yaratmaqdır. Bu, həm də ölkəyə investisiyaların daxil olması üçün vacib amildir. Ölkəmizdə xarici şirkətlərə münasibətdə də səmərəli mexanizmlər tətbiq edilir. Bir müddət öncə yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi bu sahədə ciddi irəliləyişdir. Bu yenilik ölkəmizdə xarici subyektlər üçün elektron qeydiyyat xidmətini tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb. Ölkəmizin investisiya cəlbediciliyinin artırılmasında mühüm əhəmiyyət kəsb edən bu yenilik xarici investorlar üçün də yeni stimulların yaradılması deməkdir.

Ölkəmizdə xarici şirkətlərə münasibətdə də səmərəli mexanizmlər tətbiq edilir

Qlobal rəqabət qabiliyyətinin artırılması

Ölkələr xarici sərmayələri cəlb etmək və dünya miqyasında daha rəqabətədavamlı olmaq üçün şirkətlərin qeydiyyat prosesində islahatlar aparırlar. Bu, qeydiyyata sərf olunan vaxtın azaldılması və biznes və innovasiyaları təşviq edən tənzimləyici mühitlərin yaradılması deməkdir. Hazırda beynəlxalq təcrübədə şirkətlərin qeydiyyatının süni intellekt modulları və blokçeyn daxil olmaqla yeni texnologiyalardan istifadə etməklə daha rəqəmsal formada təşkili imkanları araşdırılır. Biznes mühitinin dəyişməkdə davam edən tendensiyalarını izləmək sahibkarlar üçün də vacibdir. Çünki şirkətlərin qeydiyyat prosedurlarının təkmilləşməsi birbaşa olaraq qlobal miqyasda sahibkarlığın gələcəyini müəyyən edəcək.

Mənbə: vergiler.az

Maliyyə hesabatları üzrə borc analizi metodları