522 saylı “Sosial sığorta və təminat üzrə öhdəliklər” hesabı üzrə uçot

posted in: Xəbər | 0

“Sosial sığorta və təminat üzrə öhdəliklər”

Vergilər, sosial sığorta və təminat üzrə öhdəliklər Hesablar Planının 52-ci maddəsi üzrə açılan hesablarda uçota alınır. 522 saylı “Sosial sığorta və təminat üzrə öhdəliklər” hesabı bu maddəyə aid olan hesablardan biridir.

Sosial sığorta haqqı həm işçi, həm də işəgötürən tərəfindən ödənilməli olan icbari ödənişdir. Bu icbari ödənişlər işçi üçün hesablanmış əməkhaqqı üzərindən hesablanır. Yəni işçinin əməkhaqqısından və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirlərdən həm işçidən, həm də işəgötürənin hesabına (işçinin xeyrinə) sosial sığorta haqları hesablanır. İşçinin ay ərzində işlədiyi günlərə uyğun müəyyən edilmiş əməkhaqqından sosial sığorta haqları çıxıldıqdan sonra qalan məbləğ ona ödənilir.

Sosial sığorta və təminat üzrə öhdəliklərə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Qaydaların 42.1-ci maddəsinə görə vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərin uçotu üçün aşağıdakı hesablar açıla bilər:

522 saylı “Sosial sığorta və təminat üzrə öhdəliklər” hesabı vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərin uçotu üçün nəzərdə tutulmuş hesablardan biridir.

 522 saylı hesab üzrə tənzimləmələr

Öhdəlik (passiv) hesabı  olan 522 №-li “Sosial sığorta və təminat üzrə öhdəliklər” hesabında mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi zamanı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hesablanmış, tutulmuş, hesabat tarixindən sonra 12 ay ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-ə ödənilməli olan sosial sığorta və təminat üzrə öhdəliklər barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Sosial sığorta və təminat üzrə öhdəliklər yarandıqda yuxarıda qeyd edilən qaydaların 42.15.-ci, öhdəliklər ödənildikdə 42.18.-ci, üçüncü şəxs tərəfindən ödənilməsi zamanı 42.19.-cu bəndi tətbiq edilir.

İstehsal prosesilə əlaqədar olmayan sahədə əməkhaqqından sosial sığorta haqları

“A” MMC-nin 5 nəfər işçisinin əməkhaqqı məlumatları aşağıdakı kimidir:

1-ci işçinin əməkhaqqısı:  1200 manat

2-ci işçinin əməkhaqqısı:  1200 manat

3-cü işçinin əməkhaqqısı: 1100 manat

4-cü işçinin əməkhaqqısı: 900 manat

5-ci işçinin əməkhaqqısı:  600 manat

Cəmi hesablanan əməkhaqqı 5000 manat təşkil edir. Tutulmalar hər bir işçi üzrə ayrı-ayrılıqda edilir, müxabirləşmə zamanı həmin tutulmalar cəmlənərək əks etdirilir.

İşçi tərəfindən ödənilən sığorta haqlarının uçotu:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əməkhaqqı hesablandıqda 721 – İnzibati xərclər 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 5000.00
2 İşçi hesabına sosial sığorta haqqı hesablandıqda (3%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 522-1 – Sosial sığorta və təminat üzrə öhdəliklər 430.00
3 İşçi hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 25.00
4 İşçi hesabına icbari tibbi sığorta haqqı  hesablandıqda (2%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 100.00

İşəgötürən tərəfindən ödənilən sığorta haqlarının uçotu:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İşəgötürən hesabına sosial sığorta haqqı hesablandıqda (22%) 721 – İnzibati xərclər 522-2 – Sosial sığorta və təminat üzrə öhdəliklər 820.00
2 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) 721 – İnzibati xərclər 523-3 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 25.00
3 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı  hesablandıqda (2%) 721 – İnzibati xərclər 523-4 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 100.00

Ödəniş sosial sığorta haqları üzrə ayrı-ayrılıqda həyata keçirilir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İşçiyə əməkhaqqı ödənildikdə 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 223 – Bank hesablaşma hesabları 4445.00
2 İşçiyə görə hesablanan sosial sığorta haqqı ödənildikdə (3%) 522-1 – Sosial sığorta və təminat üzrə öhdəliklər 223 – Bank hesablaşma hesabları 430.00
3 İşəgötürən hesabına sosial sığorta haqqı ödənildikdə (22%) 522-2 – Sosial sığorta və təminat üzrə öhdəliklər 223 – Bank hesablaşma hesabları 820.00
4 İşçiyə görə hesablanan işsizlikdən sığorta haqqı ödənildikdə (0.5%) 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 223 – Bank hesablaşma hesabları 25.00
5 İşçiyə görə hesablanan icbari tibbi sığorta haqqı ödənildikdə (2%) 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 223 – Bank hesablaşma hesabları 100.00
6 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı ödənildikdə (0.5%) 523-3 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 223 – Bank hesablaşma hesabları 25.00
7 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı ödənildikdə (2%) 523-4 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 223 – Bank hesablaşma hesabları 100.00

İstehsal prosesilə əlaqədar sahədə əməkhaqqı hesablandıqda sosial sığorta haqları

“A” MMC dəmir qapıların istehsalı fəaliyyətilə məşğul olan müəssisədir. Müəssisənin 35 nəfər işçisinin 27-si istehsal binasında, 8-i isə inzibati binada işləyir. İnzibati binada işləyən işçilərdən fərqli olaraq istehsalatda çalışan işçilərin əməkhaqqı xərcləri istehsalat məsrəflərinə aid edilir.

İstehsal binasında işləyən işçilər üçün cəmi hesablanmış əməkhaqqı 14050 manat təşkil edir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əməkhaqqı hesablandıqda 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 14050.00
2 İşçi hesabına sosial sığorta haqqı hesablandıqda (3%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 522-1 – Sosial sığorta və təminat üzrə öhdəliklər 1027.00
3 İşçi hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 70.25
4 İşçi hesabına icbari tibbi sığorta haqqı  hesablandıqda (2%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 281.00
5 İşəgötürən hesabına sosial sığorta haqqı istehsalat məsrəflərinə aid edildikdə (22%) 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 522-2 – Sosial sığorta və təminat üzrə öhdəliklər 2485.50
6 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı istehsalat məsrəflərinə aid edildikdə (0.5%) 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 523-3 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 70.25
7 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı  istehsalat məsrəflərinə aid edildikdə (2%) 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 523-4 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 281.00

Hesablanmış faizlər üzrə müxabirləşmə nümunsi

“A” MMC tərəfindən may ayının sonunda işçilərin əməkhaqqıları ödənilmişdir. Lakin hesablanmış sosial sığorta haqları müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən faiz hesablanmışdır.

İşçi hesabına sosial sığorta haqqına (məcburi dövlət sosial sığortası) görə hesablanan faiz – 25 manat

İşəgötürən hesabına sosial sığorta haqqına (məcburi dövlət sosial sığortası) görə hesablanan faiz – 48 manat

Faizin uçotu aşağıdakı kimidir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Sosial sığorta haqlarının vaxtında ödənilməməsinə görə faiz hesablandıqda 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 522-5 – Sosial sığorta və təminat üzrə öhdəliklər 73.00
2 Faizin ödənişi həyata keçirildikdə 522-5 – Sosial sığorta və təminat üzrə öhdəliklər 223 – Bank hesablaşma hesabları 73.00

ƏDV-dən azadolmalar və “0” dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatların fərqi

Vergi bəyannamələri: vaxtında təqdimatın əhəmiyyəti

posted in: Xəbər | 0

Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilən bu məqam vergi ödəməyin əhəmiyyətinə diqqəti çəkir. Çünki ödədiyimiz vergilər dövlət büdcəsinin artmasına, iqtisadi inkişafa və sosial rifahımızın yüksəlməsinə birbaşa təsir edir. Azərbaycanın vergi sistemində aparılan islahatlar dünyanın qabaqcıl vergi sistemlərində tətbiq edilən təcrübələri yerli biznes mühiti ilə uzlaşdırmaqla vergi ödəyiciləri üçün əlverişli vergi inzibatçılığı formalaşdırıb. Vergi ödəyicilərinin sayında müşahidə edilən davamlı artım, vergi daxilolmaları üzrə dinamika və yerli vergi sisteminə beynəlxalq etimadın artmasını nümayiş etdirən qlobal reytinqlər vergi inzibatçılığının inkişafını səciyyələndirən indikatorlardır. Yerli vergi sistemində şəffaflığın, hesabatlılığın və çevikliyin təmin edilməsi üçün müxtəlif xidmətlər və alətlər istifadəyə verilir. Bu xüsusda, ölkəmizdə vergitutmanın ən optimal metodları tətbiq edilir.

Ölkəmizdə vergitutmanın formaları

Vergi Məcəlləsinə əsasən vergitutma 3 formada həyata keçirilir. Bilavasitə mənbədən vergitutma metodunda verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması, bəyannamə üzrə üsulda verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması, bildiriş üzrə dedikdə isə vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi nəzərdə tutulur. Azərbaycanda vergi ödəyicilərinin əksəriyyəti öz öhdəliklərini yerinə yetirərkən vergitutmanın formaları arasında vergi bəyannaməsinin təqdim edilməsi metodundan istifadə edilər. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası Vergi Məcəlləsi ilə tənzimlənir. Burada bəyannamələrin təqdim edilməsi ilə bağlı müddətlər və digər qaydalar öz əksini tapıb. Vergi ödəyiciləri bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər. Əks təqdirdə qanunverciliklə müəyyənləşmiş cərimə və sanksiyalara məruz qala bilərlər.

Ölkəmizdə vergi bəyannamələrini elektron formada da təqdim etmək mümkündür. Vergi sisteminin vergi ödəyicilərinin tələblərə uyğunlaşdırılması istiqamətində inkişaf prioritetlərinə uyğun olaraq bəzi bəyannamələrin sadələşdirilməsi və optimallaşdırılması da həyata keçirilir. Bu istiqamətdə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə” təkmilləşdirilməsi istiqamətində müvafiq işlər aparılıb və sadələşdirilmiş vahid bəyannamə forması hazırlanıb. Bu, vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarlıq subyektlərinin xidmət mərkəzlərinə müraciət etmədən bəyannanmənin rahat şəkildə təqdim olunmasına imkan verir. Hazırda isə digər bəyannamələrin əvvəlcədən doldurulması (prifiling) sisteminin tətbiqi imkanları araşdırılır. Bütün bunlar vergi orqanlarının vergi ödəyiciləri üçün əlverişli fəaliyyət imkanlarının yaradılmasına xidmət edir. Başqa sözlə ifadə etsək vergi orqanı vergi ödəyicilərinin öhdəliklərini yerinə yetirmələri üçün əlverişli şərtlər yaratmaqla partnyor rolunda çıxış edir.

İntizamlı vergi ödəyicisi olmaq biznesin sosial məsuliyyətidir

Vergi ödəyicilərinin işini asanlaşdıran islahatlar biznes mühitində qarşılıqlı etimad mühitini formalaşdırır. Vergi xidmətlərinin genişləndiyi bu əlverişli ekosistemdə vergi ödəyicilərinin də öz öhdəlikləri var. Bu öhdəlik qanun çərçivəsində fəaliyyəti dəstəkləmək və hesabatlılığı təmin etməkdir. Vergi bəyannaməsinin vaxtında təqdim edilməsi vergi orqanları və vergi ödəyiciləri üçün eyni əhəmiyyəti daşıyır. Bəyannamələrinin vaxtında təqdim edilməsi qanunvericiliyin tələbi olsa da bu, həm də sosial məsuliyyətdir. Bu proses vergi ödəyicisinin qanunlara əməl etməsinin, şəffaflığa töhfə verməsinin və hesabatlılığın təmin edilməsində fəal iştirakının göstəricisidir. Bu öhdəliyinin yerinə yetirilməsi biznes mühitində intizamlı vərdişləri artırır. Qanuna riayət etmək, vergi bəyannamələrini vaxtında və düzgün təqdim etmək biznesin məsuliyyətli olduğunu nümayiş etdirir. Bu məqam potensial müştərilər, tərəfdaşlar və tənzimləyici orqanlar qarşısında biznesin nüfuzunu artırır. Eyni zamanda maliyyə əməliyyatlarında şəffaflığı əks etdirməklə, etimadı və maraqlı tərəflərlə münasibətləri gücləndirir.

Mənbə: vergiler.az

Nağdlaşdırmaya görə ödəmə mənbəyində vergi tutulması

İş və istirahət günlərinin yerləri dəyişdirildi – Ardıcıl 7 gün iş olmayacaq

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən, 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri, müvafiq olaraq, 2024-cü il 28 və 29 dekabr istirahət günləri ilə əvəz olunub. Bu dəyişiklik iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır.

Qərara əsasən yeni ildə ardıcıl 7 gün iş olmayacaq. Belə ki, 30-31 dekabr, 1-5 yanvar tarixləri qeyri-iş günü olacaq.

Yeni ilin ilk iş günü yanvarın 6-sı olacaq.

İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Mənbə: nk.gov.az

Əmək kitabçalarının işçilərə qaytarılması ilə bağlı vacib məqamlar

posted in: Xəbər | 0

Əmək Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı Qanunun keçid müddəasında qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil verilir. Mövzu ilə bağlı sualları cavablandıran iqtisadçı-ekspert Anar Bayramov qeyd olunan maddədə bəzi diqqətçəkən məqamlara aydınlıq gətirir: 

Birinci məqam işəgötürən tərəfindən hansı tarixdən etibarən əmək kitabçalarının qaytarılması ilə bağlıdır. Keçid müddəasında bildirilib ki, bu Qanun qüvvəyə mindiyi tarixdən əmək kitabçaları geri qaytarılmalıdır. Əmək Məcəlləsində dəyişikliklər haqqında Qanunun parlamentdə qəbul tarixi 29 iyun 2024-cü il, dərc edildiyi tarix isə 12 avqust 2024-cü ildir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 85.1-ci maddəsində qeyd edilir ki, qanunlar, fərmanlar və Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Bu səbəbdən də Əmək Məcəlləsində edilmiş dəyişikliklər barədə Qanunun qüvvəyə minmə tarixi 12 avqust 2024cü il tarix hesab edildiyindən, işəgötürənlər həmin tarixdən etibarən əmək kitabçalarını işçilərə təhvil verə bilərlər.

İkinci məqam işəgötürən tərəfindən hansı müddətə qədər əmək kitabçalarının təhvil verilməsidir. Keçid müddəasında əmək kitabçalarının təhvil verilməsi ilə bağlı son müddət müəyyən edilməyib. O səbəbdən də əmək kitabçalarının hansı müddətdə işçilərə təhvil verilməsi işəgötürənlər tərəfindən müəyyən edilir.

Üçüncü məqam təhvil verilən əmək kitabçalarında işəgötürənin hər hansı qeydlər aparıb-aparmaması ilə bağlıdır. Dəyişikliyədək əmək kitabçası işəgötürənlər tərəfindən əmək müqaviləsinə xitam halında təhvil verildiyi üçün xitam haqqında qeydlər imza və möhürlə təsdiq edilirdi. İndiki halda isə işəgötürənlər cari, yəni əmək müqaviləsinə xitam verilməyən işçilərin əmək kitabçalarını təhvil verdikləri üçün kitabçada hər hansı qeyd aparılmasına ehtiyac yoxdur.

Dördüncü məqam işəgötürən tərəfindən hansı işçilərin əmək kitabçalarının geri qaytarılması ilə bağlıdır. Qanunun keçid müddəasında qeyd edilir ki, elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işçilərə təhvil verilməlidir. Bu zaman sual yaranır ki, elektron informasiya sistemində məlumatları mövcud olmayan əmək kitabçaları işçilərə geri qaytarılmalıdırmı?

Misal

Tutaq ki, işçinin əmək kitabçasında 1 iyul 2014-cü il tarixədək xitam verilən əmək müqavilələri göstəriciləri qeyd edilib. Bu zaman işəgötürən həmin işçinin də əmək kitabçasını geri qaytarmalıdırmı?

Keçid müddəasından belə anlaşılır ki, elektron informasiya sistemində məlumatları mövcud olmayan əmək kitabçaları işçilərə geri qaytarılmamalıdır. Çünki keçid müddəasında qeyd edilməyib ki, bu Qanun qüvvəyə mindiyi tarixdən bütün əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil verilməlidir. Xüsusi olaraq vurğulanıb ki, “…elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları” işçilərə təhvil verilməlidir. Bu səbəbdən də düşünürük ki, işəgötürən yalnız elektron informasiya sistemində məlumatları mövcud olan işçilərə əmək kitabçalarını geri qaytarmalıdır.

Maraqlıdır ki, niyə keçid müddəasında “1 iyul 2014-cü il tarixədək xitam verilən əmək müqavilələri” anlayışından istifadə edilməyib? Cünki 2008-2010-ci illərdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən işəgötürənlərin bəzilərindən əmək kitabçası haqqında məlumatların tələb edilməsi həyata keçirildi. Həmin tələblərlə bağlı bütün işəgötürənlər üzrə prosesi həyata keçirmək mümkün olmasa da, bəzi işçilər üzrə məlumatlar elektron informasya sistemində əks olunub. Bu səbəbdən də həmin şəxslərin əmək stajları üzrə məlumatlar elektron sistemdə əksini taparsa, işəgötürənlər onların da əmək kitabçalarını qaytara bilərlər. Bir hal da mümkündür ki, işçinin əmək stajına başladığı dövrün müəyyən hissəsi kağız formada əmək müqaviləsi imzalanan vaxta təsadüf edib. Bu zaman həmin dövr də elektron informasiya sistemində əks olunmayacaq.

Bəs əmək müqaviləsinə xitam verilən işçinin əmək kitabçası necə təhvil verilməlidir?

Əmək Məcəlləsində son dəyişikliklə bağlı Qanun qüvvəyə mindikdən sonra işçi hər hansı səbəbdən işdən azad oluna bilər. İşəgötürən əmək müqaviləsinə xitamla bağlı prosesi həyata keçirdiyi zaman əmək kitabçasını həmin şəxsə təhvil verməyib. Bu zaman işəgötürən əmək müqaviləsinə xitam verilən işçinin əmək kitabçasına xitamla bağlı qeyd etdikdən sonra sənədi işçiyə təhvil verə bilər.
Digər hal da mümkündür ki, işçinin əmək kitabçası təhvil verildikdən sonra əmək müqaviləsinə xitam verilsin. Bu zaman işəgötürən tərəfindən işçiyə təhvil verilən əmək kitabçası geri alınmaqla xitamla bağlı qeydin aparılması qanunvericilikdə nəzərdə tutulmayıb.

Mənbə: vergiler.az

Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi necə tənzimlənir?

1 251 252 253 254 255 256 257 2. 683