İşğal olunmuş ərazilərdə audit aparan xarici audit şirkətlərinə xəbərdarlıq edilib

posted in: Audit, Xəbər | 0

Azərbaycan Auditorlar Palatası xarici hüquqi şəxslərin (xarici auditor təşkilatlarının) Azərbaycandakı filial və nümayəndəliklərinin rəhbərlərinə ciddi xəbərdarlıq edib.

Auditorlar Palatasından bildirilib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “GRANT Thornton CJSC Ermənistan” və “KPMG Armenia CJSC”nin Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qarabağda fəaliyyət göstərən bir sıra erməni banklarına (Artsakhbank, Ardshininvestbank və s.) audit xidmətləri göstərməsi ilə bağlı quruma müraciət edib.

MBNP Xarici İşlər Nazirliyinin “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət” adlı hesabatına istinad edərək ölkəmizdə auditor fəaliyyəti göstərmək hüququna icazə verən qurum kimi Auditorlar Palatasından bu istiqamətdə müvafiq tədbirlər görməyi xahiş edib.

Bununla əlaqədar olaraq Auditorlar Palatası xarici hüquqi şəxslərin (xarici auditor təşkilatlarının) Azərbaycandakı filial və nümayəndəliklərinin rəhbərlərinə müraciət edib.

“İşğal olunmuş ərazilərdə belə fəaliyyətin göstərilməsinin beynəlxalq hüquq normalarına zidd olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi prinsiplərinin pozulmasının yolverilməzliyini bildirməklə, Sizin təşkilatın üzv olduğu beynəlxalq şəbəkənin rəhbərliyinə və digər ölkələrdə fəaliyyət göstərən üzvlərinə bu barədə müvafiq xəbərdarlıq müraciətinin çatdırılmasını təmin etməyi və Auditorlar Palatasını məlumatlandırmağı xahiş edirik”, – deyə müraciətdə vurğulanıb.

Qeyd edək ki, “KPMG Azərbaycan” tabe olduğu şirkətin Dağlıq Qarabağda iddia olunan fəaliyyəti ilə bağlı bəyanat yayıb. Bəyanatda KPMG-nin (“Klynveld Peat Marwick Goerdeler”) Dağlıq Qarabağda heç bir nümayəndəliyinin olmadığı qeyd olunub.

“KPMG-nin Dağlıq Qarabağ ərazisində iddia olunan fəaliyyəti ilə bağlı son zamanlar bəzi media vasitələrində (sosial media daxil olmaqla) çıxan məlumatla bağlı bəyan edirik ki, KPMG-nin Dağlıq Qarabağda heç bir nümayəndəliyi yoxdur və olmayıb. Bundan əlavə, 2016-cı ilin əvvəlində KPMG MDB-də münaqişə ərazilərində fəaliyyəti məhdudlaşdıran daxili qaydalar təsdiqləyib və öz fəaliyyətində bu məhdudiyyətləri tətbiq etməkdədir. Sözügedən qaydalar KPMG-nin işçilərinin, KPMG-yə aid şəxslərin və şirkətlərin Dağlıq Qarabağa getməsini, orada işləməsini və Dağlıq Qarabağdakı şirkətlərlə əməkdaşlıq etməyi qadağan edir”, – deyə bəyanatda vurğulanıb.

“KPMG Azərbaycan”dan bildirilib ki, nümayəndəlik KPMG-nin müstəqil üzv şirkətlər şəbəkəsinin üzvüdür: “KPMG MDB-də beynəlxalq hüquqa və fəaliyyət göstərdiyi bütün ölkələrin qanunlarına hörmətlə yanaşdığını təsdiq edir və KPMG MDB-də Azərbaycan Respublikasının tətbiq olunan qanunvericiliyinə daim əməl edir”.

Qeyd edək ki, KPMG Dağlıq Qarabağda heç bir nümayəndəliyinin olmadığını bəyan etsə də sözügedən audit şirkətinin Ermənistan nümayəndəliyi Azərbaycanın işğal olunmuş ərazilərində  fəaliyyət göstərən “Artsakhbank”ın 2013-cü ildə auditini aparıb və bu hesabat bankın saytında yerləşdirilib.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

“Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 noyabr tarixli 718 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 noyabr tarixli 718 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1078) 3-cü hissəsinə “Katibliyi” sözündən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2018-ci ilin istehsalat təqvimində seçki ilə əlaqədar dəyişikliklər ediləcək

posted in: Xəbər | 0
Aprelin 9-u və 10-u qısa iş günü olacaq, ayın 11-i qeyri-iş günüdür.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə əlaqədar “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər ediləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir”, – deyə qeyd edən E.Babayev diqqətə çatdırıb ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar (əmək şəraiti ilə əlaqədar qısaldılmış iş vaxtı müəyyən edilən hallardır) istisna olunmaqla, qalan iş yerlərində səsvermə günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Şöbə müdiri vurğulayıb ki, “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli sərəncamı ilə Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsinin təmin edilməsi barədə sərəncam verilib.

“Yuxarıda qeyd edilənlərə əsasən Əmək Məcəlləsinin 96-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər edilərək aprel və oktyabr aylarının aylıq iş vaxtı norması təshih olunacaq”, – E.Babayev bildirib.

“Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edildi

posted in: Xəbər | 0
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100; 2016, № 8, maddə 1365, № 11, maddələr 1760, 1782, 1785; 2017, № 5, maddə 726, № 6, maddə 1054, № 7, maddə 1267, № 8, maddə 1513, Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 824-VQD nömrəli Qanunu, Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 850-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.1.3.6-cı maddəyə “dövlət xidmətlərinin rəhbərlərinin” sözlərindən sonra “, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinin” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 21.6-cı və 22.9-cu maddələr əlavə edilsin:

“21.6. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı və bu Qanunda nəzərdə tutulmayan təminatların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun dövlət qulluqçularına aid edilən digər təminatlar ilə bağlı müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil edilir.”;

“22.9. Bu Qanunun 22-ci maddəsinin müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil olunmur.”.

3. 28.12-ci maddənin birinci cümləsinə “üçüncü təsnifatı vəzifələrinə,” sözlərindən sonra “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri vəzifələrinə,” sözləri əlavə edilsin.

4. 29-cu maddə üzrə:

4.1. 29.2-ci maddənin birinci hissəsinin birinci cümləsinə “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra “və Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri vəzifələri” sözləri əlavə edilsin;

4.2. 29.2-ci maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

“Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və ya konsulluğunda ticarət nümayəndəsi vəzifəsinin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə bu Qanunun 29.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilir.”;

4.3. aşağıdakı məzmunda 29.12-ci maddə əlavə edilsin:

“29.12. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təyin olunur.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2017-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 967-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.12-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.3. həmin Qanunun 29.12-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.