Əmək Məcəlləsində son dəyişikliklərdən sonra işçinin əmək stajı necə hesablanacaq?

posted in: Xəbər | 0

Əvvəlki məqalələrin birində əmək stajının hesablanması ilə bağlı qanunvericilikdəki dəyişikliklərdən sonra bəzi məqamları izah etmişdik. Bu dəfə isə iqtisadçı-ekspert Anar Bayramov işçinin əmək stajının hesablanmasını nümunə əsasında aydınlaşdırıb.

Əmək Məcəlləsində son dəyişikliklərlə bağlı 28 iyun 2024-cü il tarixli 1195-VIQD nömrəli Qanunun keçid müddəasında əmək stajının müəyyən edilməsinə aydınlıq gətirilib. Belə ki, Qanunun 12.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş dövlət orqanlarında çalışan, eləcə də əmək müqavilələrinə 2014-cü il iyulun 1-dək xitam verilmiş işçilərin əmək stajı onların əmək kitabçası əsasında müəyyən edilir.

İndi isə praktiki misal üzərində işçinin əmək stajının hesablanması qaydasını nəzərdən keçirək.

Misal

İşçinin əmək stajı aşağıdakı kimi olub:

  • 1 mart 2008-ci il tarixdən 6 il müddətində eyni iş yerində çalışıb;
  • 1 mart 2014-cü il tarixdən fərqli işəgötürəndə əsas iş yeri kimi çalışdığı vəzifədə əmək stajı 4 il olub;
  • Əlavə iş yeri üzrə çalışdığı işəgötürəndə isə 1 mart 2014-cü il tarixdən 18 ay çalışıb;
  • 1 sentyabr 2018-ci il tarixdən etibarən 4 il müddətində ali təhsil alıb;
  • 1 iyul 2022-ci il tarixdən 1 il müddətli həqiqi hərbi xidmətdə olub;
  • 1 iyul 2023-cü il tarixdən 8 ay əsas iş yerində çalışıb;
  • 1 dekabr 2023-cü il tarixdən 4 ay müddətində əlavə iş yerində çalışıb;
  • 1 sentyabr 2024-cü il tarixdə yeni iş yerinə qəbul olunub.

İndi isə işçinin əmək stajını hesablayaq:

N Əmәk stajı haqqında mәlumat Nәzәrә alınıb-alınmaması haqqında mәlumat Qeyd
1 1 mart 2008-ci il tarixdәn 6 il müddәtindә eyni iş yerindә çalışıb Nəzərə alınır Xitam tarixi 1 iyul 2014-cü il tarixdәn öncә olduğu üçün ƏMAS altsistemindә qeydə alınmaması ehtimalı yüksәkdir
2 1 mart 2014-cü il tarixdәn fәrqli işәgötürәndә әsas iş yeri kimi çalışdığı vәzifәdә әmәk stajı 4 il olub Nəzərə alınır
3 Əlavә iş yeri üzrә çalışdığı işәgötürәndә 1 mart 2014-cü il tarixdәn 18 ay çalışıb Nəzərə alınmır Eyni dövrdә işçinin әsas vә әlavә iş yeri üzrә әmәk stajı olduğu üçün yalnız biri nәzәrә alınmalıdır
4 1 sentyabr 2018-ci il tarixdәn etibarәn 4 il müddәtindә ali tәhsil alıb Nəzərə alınmır Ali tәhsil әmәk stajında nәzәrә alınmır
5 1 iyul 2022-ci il tarixdәn 1 il müddәtli hәqiqi hәrbi xidmәtdә olub Nəzərə alınmır Müddәtli hәrbi xidmәt dövrü әmәk stajında nәzәrә alınmır
6 1 iyul 2023-cü il tarixdәn 8 ay әsas iş yerindә çalışıb Nəzərə alınır
7 1 dekabr 2023-cü il tarixdәn 4 ay müddәtindә әlavә iş yerindә çalışıb  

Qismən nəzərə alınır

Əlavә iş yerinin son bir ayında (2024-cü ilin mart ayında) әsas iş yerindә çalışmadığı üçün hәmin müddәtə qәdәr nәzәrә alınır
CƏMİ (nәzәrә alınacaq әmәk stajı üzrә) 10 il 9 ay (6 il+ 4 il+8 ay+ 1 ay)

İş vaxtının uçotu necə aparılır

Təhsil məzuniyyət əmrinin hazırlanması

posted in: Xəbər | 0

Təhsil məzuniyyəti

Əmək qanunvericiliyi eyni vaxtda işləyən və təhsil alan işçilər üçün əlavə təminatlar müəyyən edir. Təhsil məzuniyyətləri belə təminatlardandır. Təhsil alan işçilərə həm ödənişli, həm də ödənişsiz məzuniyyətlər verilə bilər.

Ödənişli təhsil məzuniyyətinin tənzimlənməsi Əmək Məcəlləsinin 123-124-cü maddələri əsasında aparılır. Məzuniyyət işçilərə aşağıdakı hallarda təyin olunur:

  • müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, imtahanları vermək üçün;
  • dövlət imtahanları dövründə;
  • diplom layihəsinin hazırlanması və müdafiəsi zamanı.

Bu məzuniyyətin verilməsi üçün əsas, bir qayda olaraq, təhsil müəssisəsindən alınan xüsusi arayışdır. Təhsil məzuniyyəti həmin arayışda qeyd edilən vaxtda verilməlidir, onun başqa vaxta keçirilməsi yolverilməzdir. Məzuniyyətin müddəti əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, Əmək Məcəlləsi 124-cü maddədə nəzərdə tutulmuş vaxtdan artıq ola bilməz.

Məzuniyyət ərizəsi

Təhsil məzuniyyəti haqqında əmr işçinin ərizəsi və təhsil aldığı müəssisədən verilən arayış əsasında rəsmiləşdirilir. Məzuniyyət üçün ərizənin vahid forması yoxdur, buna görə işçi onu istənilən formada və ya müəssisənin daxili qaydalarına uyğun yazmaq hüququna malikdir.  Əsas odur ki,ərizədə aşağıdakı məlumatlar:

  • müəssisənin adı;
  • ərizənin ünvanlandığı şəxs (müəssisə rəhbərinin tam adı və vəzifəsi);
  • ərizəni yazan şəxs (işçinin tam adı və vəzifəsi);
  • məzuniyyətin növü, müddəti;
  • işçinin təhsil aldığı müəssisəsinin adı;
  • işçinin tam adı və imzası;
  • ərizənin tarixi qeyd edilsin.

Müəssisə və təşkilatlarda müəyyən edilmiş qaydalardan asılı olaraq təhsil məzuniyyəti üçün ərizə kadrlar şöbəsinə şəxsən və ya  elektron informasiya sistemi vasitəsilə təqdim edilə bilər.

Ödənişli təhsil məzuniyyət üçün ərizə formasını yüklə

Ödənişsiz təhsil məzuniyyət üçün ərizə formasını yüklə

Təhsil məzuniyyəti əmri

Müəssisənin  rəhbəri ərizə və ona əlavə edilmiş arayışa əsasən məzuniyyətin verilməsi haqqında müvafiq əmr verməlidir. Əmr əsasında müəssisənin mühasibatlıq şöbəsi məzuniyyət dövrü üçün orta əməkhaqqını hesablayır və kadrlar şöbəsi isə işçinin məzuniyyəti barədə məlumatları məzuniyyət cədvəlinə daxil edir.

 Əmrdə aşağıdakı məlumatlar qeyd olunur:

  • təşkilatın adı;
  • əmrin nömrəsi və onun hazırlanma tarixi;
  • işçinin adı, atasının adı və soyadı;
  • işlədiyi struktur bölmə, habelə tutduğu vəzifə;
  • verilən məzuniyyətin növü, müddəti;
  • məzuniyyətin başlanğıc və bitmə tarixi;
  • məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu tarix;
  • işəgötürənin səlahiyyətli nümayəndəsinin imzası;
  • işçinin imzası.

Təhsil məzuniyyəti əmri (sərəncam, qərar) məzuniyyətin başlamasına azı 5 gün qalmış verilir və uyğun məzuniyyət məbləği ən azı 3 gün qalmış ödənilir . Əmr bir nüsxədə tərtib edilir və müəssisə rəhbərinin imzası ilə təsdiqlənir. İşçi əmrlə tanış olur və onu imzalayır. Təhsil məzuniyyəti üçün əmrlərin saxlanma müddəti ən azı 5 ildir .

Ödənişli təhsil məzuniyyət üçün əmr formasını yüklə

Ödənişsiz təhsil məzuniyyət üçün əmr formasını yüklə

Əmək Məcəlləsində işəgötürənin vəzifələri ilə bağlı nələr dəyişib?

Rəqəmsallaşma özəl sektorun inkişafını sürətləndirir

posted in: Xəbər | 0

Ölkəmizdə özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artım və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühitin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması sosial-iqtisadi inkişafın vacib istiqamətlərindən biridir. İşgüzar mühitin təkmilləşməsi üçün səmərəli biznes qaydalarının olması əsas amillərdəndir. Bunun üçün də Azərbaycanda biznesə başlamaq üçün prosedurlar mütəmadi olaraq təkmilləşdirilir. Bu proses isə öz növbəsində aktiv vergi ödəyicilərinin sayının artması ilə nəticələnir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqldığı rəqəmlərə əsasən, 2024-cü il noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.583.592 vergi ödəyicisinin 87,1 faizi fiziki şəxslər, 12,9 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayı 5,6 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,4 faiz, hüquqi şəxslərin sayı isə 7,3 faiz artıb. 2024-cü il noyabr ayının 1-nə aktiv kommersiya qurumlarının sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artıb.

Biznesin qeydiyyatının sadələşdirilməsi və təkmilləşdirilməsini əhatə edən
islahatlar 2008-ci ildən etibarən başlayıb

Azərbaycanda biznesin qeydiyyatının sadələşdirilməsi və təkmilləşdirilməsini əhatə edən islahatlar 2008-ci ildən etibarən başlayıb və görülmüş işlər nəticəsində ölkəmiz dünyada biznesə başlama indikatoru üzrə ilk onluğa daxil edilib. “Bir prosedurla qeydiyyat” layihəsi isə Korporativ Qeydiyyatçılar Forumunun İcraiyyə Komitəsi tərəfindən 2021-ci ilin mart ayında “Təqdir” kateqoriyasında mükafata layiq görülüb. Dünya üzrə kommersiya qeydiyyatçılarının 60-a yaxın qurumunu özündə birləşdirən Korporativ Qeydiyyatçılar Forumunun “Təqdir” kateqoriyasında mükafat ölkəmizin rəqəmsal texnologiyalar vasitəsilə qeydiyyat prosedurlarının asanlaşdırılması istiqamətində fəaliyyətinin mühüm nailiyyətlərindən biridir.

Biznes mühitində rəqəmsallaşma artır

Biznes mühitinin təkmilləşdirilməsi üçün əsas amillərdən biri rəqəmsallaşmanın olmasıdır. Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahələrdə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi çərçivəsində biznesin rəqəmsal xidmətlərlə təmin edilməsi işləri davam etdirilib. Bu xüsusda, biznesin təsis edilməsi və əməliyyatların başlanılması üçün onlayn xidmətlərin istifadəyə verilməsi, şirkətlər barədə məlumatların onlayn mövcudluğu və kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesləri, o cümlədən kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar ilə bağlı məlumatlandırma təmin edilib.

Biznesin qeydiyyatının təkmilləşdirilməsi sahəsində bir sıra yeniliklər üzərində iş aparılır

Onu da vurğulamaq yerinə düşər ki, biznesin qeydiyyatının təkmilləşdirilməsi sahəsində bir sıra yeniliklər üzərində iş aparılır. Nəzərdə tutulan addımlara qeydiyyata qədər və qeydiyyatdan sonrakı prosesdə iştirak edən dövlət orqanlarının məlumat bazalarının əlaqələndirilməsinin əhatə dairəsinin genişləndirilməsi daxildir. Benefisiar mülkiyyətçinin reyestrinin aparılması ilə bağlı texniki imkanın və kommersiya hüquqi şəxslərə dair qeydə alınmış məlumatlardakı sonrakı dəyişikliyin (təsisçi dəyişikliyi) proaktiv olaraq qeydiyyat orqanı tərəfindən qeydiyyata alınması imkanının yaradılması da gündəmdədir.

Özəl sektorun inkişafı üçün yeni imkanlar

Rəqəmsal xidmətlər biznes mühiti üçün əhəmiyyətli resursdur və bütövlükdə özəl sektorun inkişafını təmin edir. Bu, həm də qlobal çağırışların həllində vacib məqamdır.

Hazırda biznes iki böyük transformasiyadan keçir. Bunlardan birincisi rəqəmsal transformasiya, digəri isə davamlılıq transformasiyasıdır. Rəqəmsallaşma biznesin daha səmərəli və gəlirli olması ilə yanaşı, onun istehlakçı ehtiyaclarına və dəyişən bazar şərtlərinə uyğunlaşmasını da çevik hala gətirir. Rəqəmsallaşma iqtisadi artımı, rəqabət qabiliyyətini və davamlılığı təşviq edərək, əlverişli biznes mühitinə birbaşa töhfə verir. Rəqəmsal infrastrukturun dəstəklənməsi, rəqəmsal savadlılığın təşviq edilməsi və innovasiya ekosistemlərinin inkişafı ümumi biznes mühitini daha da gücləndirərək, onu sahibkarlar, investorlar üçün daha davamlı, dinamik və cəlbedici hala gətirir.

Rəqəmsallaşma əlverişli biznes mühitinə birbaşa töhfə verir

Rəqəmsal texnologiyalarla səciyyələnən biznes mühiti gələcək çağırışları idarə etmək, yeni imkanlardan yararlanmaq və dayanıqlı qlobal iqtisadiyyata töhfə vermək üçün daha yaxşı mövqeyə malik olur. Bu, həm də ölkəyə investisiya axınına töhfələr verir. Biznes mühitinin davamlı gələcəyi yeni texnologiyalara bağlıdır ki, ölkəmiz də bu sahədə fəal mövqe nümayiş etdirərək, biznes subyektləri üçün elektron yeniliklərin tətbiqini diqqətdə saxlayır.

Mənbə: vergiler.az

Fiziki şəxslərin xidməti müqavilə və muzdlu işlə əlaqədar gəlirlərindən ÖMV tutulması

Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi qaydalarında dəyişiklik edildi

posted in: Xəbər | 0

Nazirlər Kabinetinin 20 noyabr 2024-cü il tarixli qərarı ilə “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarında dəyişiklik edilib.

Belə ki, “Qaydaların 2.1-ci bəndinə əsasən, vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır. Bu akt, vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsin adına qeydiyyatda olan mobil nömrəyə SMS vasitəsilə göndərilir və müəyyən olunmuş qaydada təsdiqlənir. Son mərhələdə isə akt gücləndirilmiş elektron imza ilə təsdiqlənir.”

“Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 973 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 1 nömrəli əlavə – “Elektron alış aktı”nın forması yeni redaksiyada verilsin (əlavə olunur).

2. 2 nömrəli əlavə – “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydaları” üzrə:

2.1. 2.1-ci bəndin ikinci cümləsində “və” sözü “, vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra” sözləri ilə əvəz edilsin;

2.2. 2.2.5-ci yarımbənddən “seriyası, nömrəsi və” sözləri çıxarılsın;

2.3. aşağıdakı məzmunda 2.2.7-1-ci və 2.2.7-2-ci yarımbəndlər əlavə edilsin:

“2.2.7-1. malın kodu;

2.2.7-2. əmtəənin qlobal identifikasiya nömrəsi (GTIN) (olduğu halda);”;

2.4. 2.2.11-ci yarımbəndə “malın” sözündən sonra “cəmi” sözü əlavə edilsin;

2.5. aşağıdakı məzmunda 2.2.12-1-ci və 2.2.12-2-ci yarımbəndlər əlavə edilsin:

“2.2.12-1. cəmi;

2.2.12-2. ödəmə mənbəyində tutulan verginin məbləği;”;

2.6. 2.3.4-cü yarımbəndə “alış aktının” (birinci halda) sözlərindən sonra “tarixi” sözü əlavə edilsin və həmin yarımbənddən “seriyası, nömrəsi və” sözləri çıxarılsın;

2.7. aşağıdakı məzmunda 2.3.6-1-ci və 2.3.6-2-ci yarımbəndlər əlavə edilsin:

“2.3.6-1. “Malın kodu” sütununda – malın kodu;

2.3.6-2. “Əmtəənin qlobal identifikasiya nömrəsi (GTIN) (olduğu halda)” sütununda – Qlobal standart (GS1) tərəfindən yaradılan, üzərində ştrix kodları və rəqəmləri əks etdirən, hər bir məhsul vahidini identifikasiya edən və məhsulun növündən asılı olaraq dəyişən unikal məhsul nömrəsi (olduğu halda);”;

2.8. 2.3.10-cu yarımbənddə “Məbləği” sözü “Cəmi məbləği” sözləri ilə əvəz edilsin;

2.9. 2.3.12-ci yarımbənddə “Yekun” sözü “Cəmi” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “Məbləği” sözündən əvvəl “Cəmi” sözü əlavə edilsin;

2.10. aşağıdakı məzmunda 2.3.12-1-ci yarımbənd əlavə edilsin:

“2.3.12-1. “Ödəmə mənbəyində tutulan verginin məbləği” sətrində – Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.1.14-cü maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin məbləği;”;

2.11. 2.6-cı bənddə “qeydə alındığı” sözləri “vergi ödəyicisi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edildiyi” sözləri ilə əvəz edilsin;

2.12. aşağıdakı məzmunda 3.8-ci bənd əlavə edilsin:

“3.8. Ləğv edilmiş və ya düzəliş edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilmiş SMS vasitəsilə müəyyən olunmuş qaydada təsdiq edilir.”.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 20 ” “ noyabr ” 2024-cü il

Mənbə: nk.gov.az

1 255 256 257 258 259 260 261 2. 683