Ehtiyatlar və onların təsnifatı

posted in: Xəbər | 0

Aktivlər

Aktivlər barədə danışarkən, onları iki qrupa ayırmışdıq:

  • fiziki olaraq mövcud olanlar (məsələn, mal, nağd pul, avadanlıq);
  • fiziki olaraq mövcud olmayanlar (məsələn, debitor borc, verilmiş avans).

Mühasib üçün bunlar şirkətin sahib olduqları və onların köməyi ilə qazandıqlarıdır. Fiziki mövcud olan aktivlərin çeşidi genişdir, onları 3 qrupa ayırmaq olar:

  1. Əsas vəsaitlər;
  2. Nağd pul vəsaitləri və onların ekvivalenti;
  3. Ehtiyatlar.

Əsas vəsaitlər həm də torpaq, tikili və avadanlıqlar adlandırılır. Əgər sizdə “Niyə?” sualı yaransa, cavab üçün buraya keçid etmək olar.

Nağd pul vəsaitləri mübadilə vasitəsi kimi insan sivilizasiyasının inkişafı ilə paralel təşəkkül tapıb. Bu gün qeyri-nağd pul vəsaitlərindən də geniş istifadə olunur.

Bəs ehtiyatlar nədir? 

Azərbaycan dilində “ehtiyat” sözünün iki mənası var: kimdənsə, nədənsə ehtiyat etmək və tədarük edilmiş, saxlanmış nəsə. Bizə sözün ikinci mənası maraqlıdır. Bu ingilis dilindən bildiyiniz, aşağıdakıları ifadə edən “inventary” anlayışı ilə qismən oxşardır.

  • müəyyən bir yerdə, anbarda olan mallar;
  • mövcud olan bütün əşyaların ətraflı siyahısı;
  • belə bir siyahının tərtib edilməsi və ya yenilənməsi prosesi;
  • resursların, əşyaların mövcudluğunun yoxlanılması, inventarizasiya.
Ehtiyatlar dedikdə fiziki olaraq mövcud olan və müəssisənin fəaliyyəti zamanı satılmaq, malların (işlərin, xidmətlərin) satışı zamanı istifadə edilmək, hazır məhsula çevrilmək, emal edilmək üçün alınmış və ya istehsal edilmiş bütün maddi aktivlər nəzərdə tutulur.

2 saylı Mühasibat Uçotunun Beynəlxalq Standartı (IAS2) ehtiyatlara aşağıdakılar aid edir:

  • müəssisənin işinin normal gedişatı zamanı satış məqsədilə saxlanılanlar;
  • satış üçün istehsal prosesində hazırlanmaqda olanlar;
  • istehsal və ya xidmətlərin göstərilməsi prosesində sərf edilən xammal və materiallar formasında çıxış edənlər.

Bir az da sadə ifadə etməyə çalışsaq, ehtiyatlar mənfəət məqsədi ilə bazarda satmaq üçün biznesin sahib olduğu bütün əşyalar, mallar, istehsal edilmiş əmtəələr, istehsalda istifadə edilən materiallardır.

Hansı aktivlər ehtiyatlara aiddir?

Ehtiyatlara aşağıdakıları nümunə göstərmək olar:

  • pərakəndə satıcı tərəfindən alınmış və təkrar satış üçün nəzərdə tutulmuş əmtəələr, mallar;
  • təkrar satış üçün nəzərdə tutulmuş torpaq;
  • digər mülkiyyət kimi təkrar satış məqsədilə əldə edilmiş və saxlanılan mallar.

Aktivlərin bu qrupuna müəssisə tərəfindən istehsal edilmiş hazır məhsul yaxud bitməmiş istehsal, həmçinin istehsal prosesində istifadə olunmaq üçün saxlanılan xammal və materiallar da daxildir.

Məsələn, qəzet satanın satdığı qəzetlər ehtiyatdır. Yaxud biskvit istehsalçısı üçün ehtiyatlar satışa hazır qablaşdırılmış peçenye, hələ soyudulmamış və ya qablaşdırılmamış yarımfabrikat biskvitlər, keyfiyyətin yoxlanılması üçün ayrılmış peçenyeləri, şəkər, süd, un kimi xammallardır.

Mühasibat baxımından ehtiyatlar cari aktivlərdir və istehsalın müxtəlif mərhələlərində olan bütün ehtiyatlara aiddir. Ehtiyat yaratmaqla həm pərakəndə satıcılar, həm də istehsalçılar mal satışının yaxud istehsalın fasiləsizliyini təmin edirlər. Əksər şirkətlər üçün ehtiyatlar balansın əsas aktividir, lakin ehtiyatların hədsiz çoxluğu biznes prosesdə praktiki çatışmazlıqla bağlı ola bilər.

Ehtiyatların hansı növləri var?

Ümumi anlamda ehtiyatlar aşağıdakıları əhatə edir:

  • material ehtiyatları;
  • bitməmiş istehsal;
  • hazır məhsul;
  • mallar.

Material ehtiyatları məhsul istehsalında formasını, tərkibini, vəziyyətini dəyişən, satış təyinatlı malların yığılması yaxud istehsalında iştirak edən aktivlərdir. Xammal, materiallar, alınmış yarımfabrikat və komplektləşdirici hissələr, yanacaq, qablaşdırma materialları, ehtiyat hissələri, istehsalatda və ya işlərin və xidmətlərin görülməsində istifadə üçün nəzərdə tutulmuş digər material ehtiyatları bu qrupa aiddir.

Bitməmiş istehsal, sadə dillə desək, müəssisənin tam istehsal dövrü hələ başa çatmamış işlərin, malların, məhsulların, xidmətlərin istehsalı üçün çəkdiyi xərcləri əhatə edir.

Hazır məhsullar emal prosesini tam keçmiş, qüvvədə olan standartlara uyğun gələn, müəssisənin yaxud alıcının anbarına qəbul edilən məhsul və yarımfabrikatlardır.

Mallar, müəssisə tərəfindən istehsal edilməyən, sonrakı satış üçün digər hüquqi və fiziki şəxslərdən alınan ehtiyatlardır.

Ehtiyatlar üzrə uçot hesabları

Mühasibatlıqda ehtiyatların daha dəqiq və detallı bölgüsündən istifadə edilir. Mühasibat uçotunun hesablar planına uyğun qruplaşan məlumatlar maliyyə hesabatının 2-ci bölməsinin 20-ci maddəsində, “Ehtiyatlar” adı altında əks etdirilir. Aşağıdakı cədvəldə hesablar planının bir hissəsi verilib. Burada ehtiyatların uçotu üzrə mühasibat hesablarının bölgüsü təsvir olunub.Mühasibat uçotunun hesablar planının uçot hesabları. Maliyyə hesabatının 2-ci bölməsinin 20-ci maddəsi, “Ehtiyatlar” bölməsi

Əsas vəsaitlərdən fərqli olaraq ehtiyatlar mühasibat uçotu subyektlərinin qısamüddətli aktivləri hesab olunurlar.  Aktiv olduqları üçün onların artımı zamanı debet yazılışları, azalma zamanı isə kredit yazılışlar aparılır.Ehtiyatlar üzrə əməliyyatların uçotu

Ehtiyatların təsnifatında, mühasibat uçotu hesabları üzrə qruplaşmasında çətin anlaşılan heç nə yoxdur. Göründüyü kimi, onların bir qismi satış üçün alınıb, digər qismi isə istehlak edib tükətmək üçün, başqa qismindən isə yeni məhsul hazırlayanda istifadə olunur. Təbii ki, baxmayaraq onların hamısı aktivimizdir, hamısına aktivlər desək də, təfərrüatlı bilmək, onları dəqiq fərqləndirmək, öz xüsusiyyət və təyinatlarına uyğun uçota almaq üçün hər birinə ayrıca ad verib, hesab açılır.

Gəlir vergisinin vergitutma obyekti

Gəlir vergisinin vergitutma obyekti

posted in: Vergi, Xəbər | 0

Vergitutma obyektləri

Tarixən gəlir vergisinin subyektləri fiziki şəxslər olub. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 95-ci maddəsi gəlir əldə edən rezident və qeyri-rezident fiziki şəxsləri gəlir vergisinin ödəyicisi hesab edir. Amma, istənilən verginin müəyyən olunması üçün, vergi subyekti ilə yanaşı vergitutma elementlərinin müəyyən edilməsi zəruridir (AR VM, maddə 12). Fiziki şəxslərin gəlir vergisinin vergitutma obyekti belə elementlərdən biridir.

Məcəllənin 12.3. maddəsinə görə aşağıdakılar vergitutma obyekti sayılır:

  • gəlir;
  • mənfəət;
  • əmlak;
  • torpaq;
  • faydalı qazıntılar;
  • mal və ya xidmət dəyəri;
  • ticarət əlavəsi;
  • digər obyektlər.

Hüquqi cəhətdən fiziki şəxslərin gəlir vergisi öhdəliyi gəlir əldə edildikdə yaranır. Odur ki, qazanılan gəlirləri gəlir vergisinin vergitutma obyekti saymaq olar. Onların tərkibi və şərhi AR Vergi Məcəlləsinin 96-cı maddəsində verilib.

Gəlir vergisinin vergitutma bazası

Fiziki şəxslərin gəlir vergisi tətbiq edilən vergi obyektlərini altı qrupa ayırmaq olar:

 

Bu qrupların hər birini aşağıda nümunələr əsasında şərh edəcəyik. Lakin, qeyd edək ki, Məcəllədə vergitutma obyekti anlayışı ilə yanaşı, hər bir vergi növü üçün, vergitutma bazası anlayışı da mövcuddur. Bu anlayış əsas vergitutma elementlərindən biridir və vergi tutulan obyektin vergi hesablanan hissəsini kəmiyyətcə ifadə edir. Məsələn, fiziki şəxslərin gəlir vergisində vergitutma obyekti dedikdə, işçiyə hesablanmış ümumi əməkhaqqının miqdarı başa düşülür, vergitutma bazası dedikdə isə, əməkhaqqının ümumi miqdarı və onun qanunvericilik əsasında vergiyə cəlb edilməyən miqdarı arasındakı fərq nəzərdə tutulur. Nümunəyə baxaq:

Nümunə 1: Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Məmmədova Aytəkin xanım, özünə məxsus olan kiçik istehsal obyektində müxtəlif turşular, bankalar, digər qışlıq qida tədarükləri, eyni zamanda mürəbbələr, kompotlar və s hazırlamaqla bir neçə marketlərə satır. Təqvim ili ərzində bu fəaliyyətdən 50000 manat pul əldə etmiş, gəlirin əldə edilməsi ilə bağlı təsdiqedici sənədlərlə birgə 36000 azn gəlirdən çıxılan xərcləri olmuşdur. Aytəkin xanım il ərzində eyni zamanda əməkhaqqı formada da gəlir əldə etmişdir.

Beləliklə onun il ərzində əməkhaqqı daxil əldə etdiyi bütün gəlirləri vergitutma obyektidir, lakin əməkhaqqı üzrə fiziki şəxsin gəlirləri ödəmə mənbəyində vergiyə cəlb edildiyi üçün onlar təkrar vergiyə cəlb edilməyəcək.

Xüsusi notariusun gəlir vergisinin vergitutma obyekti

Xüsusi notariuslar vergiləri hesabladıqda xərclərin çıxa bilmirlər. Onlar standart olaraq aldıqları xidmət haqqından 10%  vergi hesablayıb ödəməlidir.

Nümunə 2: Xüsusi notarius Əhmədov Elşən təqvim ayı ərzində apardığı notarial hərəkətlərə görə 3800 manat vəsait qazanmışdır. Eyni zamanda təqvim ayı ərzində notariat ofisindən kənarda apardığı notarial hərəkətlərə görə 800 manat xidmət haqqı əldə etmişdir. 4600 manat məbləğ notarial hərəkətlərinə görə gəlir vergisinin vergitutma obyekti sayılır. 

Notariuslar tərəfindən alınan və büdcəyə ödənilən dövlət rüsumlarından vergi alınmır!

Fiziki şəxsin dividentlərdən vergitutma obyekti

Bir sıra hallarda, fiziki şəxsin hər hansı gəlirinin ödəmə mənbəyində vergilənməsi nəzərdə tutulubsa, xərclər nəzərə alına bilməz. Vergi ona ödənilən məbləğdən yerindəcə tutulur. Məsələn, fiziki şəxsə ödənilən dividend gəlir vergisinin vergitutma obyekti sayılır.

Nümunə 3: Fiziki şəxsin hesabat ili ərzində payçısı olduğu MMC-dən 8250 manat dividend gəliri formalaşır. Gəlirin ona çatmamış, yəni ödəmə mənbəyində xərclər çıxılmadan 5 % dərəcəylə vergi tutulur (VM 122.1).

Yəni, həmin gəlir tam formada vergitutma obyektini təşkil edir. 

Qeyri-rezident fiziki şəxslərin gəlir vergisi

Respublika ərazisində fəaliyyət göstərən qeyri-rezident olan şəxslər daimi nümayəndəliyi varsa, həmin nümayəndəliklə bağlı gəlir vergisinə cəlb olunur.

Tutulan vergi miqdarı, müəyyən dövr ərzində Azərbaycan mənbələrindən alınan daimi nümayəndəliklə əlaqədar ümumi gəlir miqdarıyla həmin müddətdə sadalanan gəlirlərin əldə olunmasına çəkilən, gəlirdən çıxılan miqdar arasındakı fərqdir.

Nümunə 4: Rusiyanın su filtrləri satan fərdi sahibkarı Azərbaycanda daimi nümayəndəlik açaraq, burada filial olaraq satış həyata keçirir. Qeyri-rezidentin həmin daimi nümayəndəliyi hesabat ili ərzində 32000 AZN qazanıb. Həmin gəlirin əldə edilməsiylə bağlı gəlirdən çıxılmasına icazə verilən xərcləri 27000 manatdır. Azərbaycan mənbəyindən hesab edilən 5000 azn məbləğ vergitutma obyektini təşkil edəcəkdir. 

Qeyri-rezident Azərbaycan Respublikasına daimi nümayəndəlik açmaq üçün gəlmirsə, birbaşa ölkə xaricindən ölkəmizdəki şəxslərə iş, xidmət göstərirsə, onun gəlirləri xərclər nəzərə alınmadan vergiyə cəlb edilməlidir.

Nümunə 5: Gürcüstan vətəndaşı olan fiziki şəxs ölkəsi ilə Azərbaycan Respublikası arasında beynəlxalq yük daşımalarını həyata keçirir. Ona ödəniş edən rezident müəssisələr ödəmə mənbəyində xərclər nəzərə alınmadan 6 % dərəcəsi ilə vergi tuturlar. Bu zaman gəlir vergisinin vergitutma obyekti xərclər nəzərə alınmadan müəyyən edilir.

Belə hal da ola bilər ki, qeyri-rezident Azərbaycana gəlsin, burada məşğulluqdan gəlir əldə etsin. Respublika ərazisində qaldığı müddət 90 günü aşmadığına görə ondan daimi nümayəndəlik yaratmaq tələb edilə bilməz. Bununla belə, onun göstərdiyi xidmətlər vergiyə cəlb edilərkən xərclər nəzərə alınmalıdır. Gəlin buna nümunədə baxaq.

Nümunə 5: Türkiyə vətəndaşı Ahmed Çetin Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və rezident şəxsə təmir xidməti göstərmişdir. Özünün isə hesabat ilində Azərbaycanda olma müddəti 182 gündən az olmuşdur. Həmin xidmətin tam dəyəri deyil, təmirlə bağlı onun çəkdiyi gəlirdən çıxılan xərclər çıxıldıqdan sonra qalan məbləğ ödəmə mənbəyində vergiyə cəlb ediləcəkdir.

Payların satışından fiziki şəxslərin gəlir vergisi

Bundan başqa fiziki şəxsin paylarının satışından da gəliri ola bilər. Payların, səhmlərin satışından əldə edilmiş gəlirlərin vergilənməsi bir qədər fərqli və maraqlıdır, həmin fiziki şəxslərin gəlir vergisinin vergitutma obyektinin müəyyən edilməsi xüsusi yanaşma tələb edir. Bununla bağlı müəssisələrin mənfəət vergisi haqqında məlumatlar toplanmış bu linkə keçid alıb ətraflı məlumat əldə edə bilərsiniz.

205 saylı “Mallar” hesabı üzrə uçot zamanı müxabirləşmələr

Ehtiyatların uçotu: mallar

posted in: Xəbər | 0

Mal ehtiyatları hazır məhsuldan nə ilə fərqlənir?

Mal ehtiyatlarının idarə edilməsi müəssisələrdə iqtisadi proseslərinin idarəçiliyinin ən vacib elementidir. Təchizat zəncirlərində mal ehtiyatlarının zəif idarə olunması satışların azalmasına, narazı müştərilərin artımına, saxlama xərclərinin şişməsinə, vəsaitlərin dövriyyədən yayınmasına səbəb olur. Buna görə malların mühasibat uçotu müəssisənin normal fəaliyyətində zəruri şərtdir.

Mallar bizim satış məqsədi ilə aldıqlarımızdır. Hesablar planında onların uçotu 205 saylı “Mallar” hesabı nəzərdə tutulub. Bu aktivləri biz istehsal etməmişik, istehsal etmiş olsaydıq 204 saylı “Hazır məhsul” üzrə hesabı uçota alacaqdıq. Bütün növ ehtiyatları onların təyinatı, mənşəyi, mənbəyi, forması, istifadəsi üzrə təsnifləşdirmək hesablar planının əsas mahiyyətidir. Buna görə də mal ehtiyatlarına görə ayrıca hesab müəyyən edilib. Nümunəyə baxaq.

Müəssisə su kranları istehsal edir. Eyni zamanda onların idxalı ilə də məşğuldur. Bu zaman istehsal etdikləri 204 saylı “Hazır məhsul”, idxal etdikləri 205 saylı “Mallar” mühasibat uçotu hesablarında qeydə alınır.

Mallar necə satılır?

Topdan satış ticarət fəaliyyəti malı alıb onu digər şəxsə təkrar satış etmək məqsədilə həyat keçirilir. Hesablar Planının “Qısamüddətli aktivlər” bölməsinin “Ehtiyatlar” maddəsinə aid olan 205 saylı “Mallar” hesabından əsasasan, topdansatış, habelə pərakəndə satışla məşğul olan müəssisələr istifadə edirlər.

İstehsalçılar adətən öz mallarını topdansatış qaydasında digər şirkətlərə, həmin şirkətlər növbəsində onu başqa şirkətlərə yaxud əhaliyə satırlar.

Pərakəndə satış fəaliyyəti malı istehsalçıdan yaxud topdan satıcıdan alıb son istehlakçıya, əsas etibarı ilə əhaliyə satmaq üzərində qurulmuş ticarət fəaliyyətidir.

Bunları bilmək maraqlıdır

  • Niyə malları vasitəçidən baha almaq əvəzinə, birbaşa istehsalçıdan daha ucuz almayaq?
  • Niyə istehsalçı vasitəçidən istifadə etmədən, birbaşa bizə satmaqla daha çox qazanmasın?
  • Niyə əsrlərdir inkişaf edən dünya iqtisadiyyatı vasitəçiləri sıxışdırıb çıxarmayıb ki, istehsalçılarla alıcılar özləri baş-başa qalıb ticarət etsin?

Bu sualların cavabı elə də mürəkkəb deyil.

  • Birincisi, heç də bütün istehsalçılar ticarət sahəsində ixtisaslaşmayıb və ixtisaslaşmaq istəmirlər. Çünki məhsulu istehsal etmək, istehsal prosesini düzgün tənzimləmək üçün tələb olunan bacarıq, vaxt, fokuslanma, istehsalın nəticəsi olaraq hazır məhsulu əhaliyə, müştərilərə satmaq, bazara düzgün təqdim etmək, düzgün marketinq siyasəti yürütmək bacarıqlarından fərqlənir.
  • İkincisi, istehsal müəssisələri daha çox gəlir əldə etmək, rentabelli olmaq üçün bacardıqları qədər iri zavod, fabrik açaraq çalışmaq istəyirlər. Zavodların, fabriklərin əhalinin olduğu yaşayış məntəqələrində yerləşməsi, çox vaxt, uyğun məkan sayılmır, həmçinin ekoloji tələblər səbəbindən mümkün olmur. Lakin məhsullar əhaliyə əlçatan olmalıdır. Yəni, siz, səhər evdən çıxıb 1 ədəd çörək, 1 kq yağ və 1 ədəd şampuna görə Abşeron yarımadasını dövr vurub qayıtmalı deyilsiniz. Bunu sizin əvəzinizə məhz ticarətçilər, yəni alıb-satanlar vasitəçi qismində çıxış edən şirkətlər və şəxslər edirlər.
  • Üçüncüsü, vasitəçi rolunu oynayan ticarətçilərin fəaliyyəti yalnız məhsulları sizə əlçatan etməkdən ibarət deyil. Onlar istehlakçının tələblərini öyrənib, istehsalçılara istehsalın tərkibi, həcmi barədə məlumat verir, son nəticə olaraq bazar qiymətini və bütövlükdə iqtisadiyyatı formalaşdırırlar.
  • Dördüncüsü, bu cür ticarətçilər eyni tələb üzrə əksər istehsalçıların müxtəlif məhsullarını sizə satmaq niyyəti ilə bir yerə toplamaqla geniş çeşid təqdim edirlər. Beləliklə, iqtisadiyyat çarxının fırlanmasında önəmli olan rəqabət formalaşır.
  • Beşincisi, topdansatışla istehsal həcmi düzgün müəyyən edilir, nəticədə istehsal prosesi daha yaxşı tənzimlənir. Yəni, istehsalçı adətən, nisbətən ucuz qiymətə iri həcmdə satış etməklə, nədən nə qədər istehsal etməli olduğunu müəyyənləşdirir, bu da istehsalın davamlılığını tənzimləmək üçün olduqca önəmlidir.

Əlbəttə, öz məhsulunu alıcının evinə qədər gətirən müəssisələr də var. Təbii ki, bütün bunlar barədə bir qədər uzun danışmaq olar, lakin güman edirik bu qədəri kifayət edər.

Malın faktiki satış müddəti

Digər ehtiyatlar kimi (məsələn, hazır məhsul, xammal və yarımfabrikat) mallar 1 ildən tez müddətə pula çevrilməsi planlaşdırılan aktivlərdir. Hansısa malın 1 ildən bir qədər gec satılması onu mal olmaqdan çıxartmır. Biznes fəaliyyətində belə hallar normaldır. Nümunəyə baxaq.

Qida məhsulları mal kimi tez satılıb dəyərini pula çevirir. Lakin avtomobil satan mağaza hansısa model avtomobili bir neçə il satılmaya bilər. Odur ki, burda il müddəti şərti xarakter daşıyır.

Bəzən olur ki, avtomobil satışını həyata keçirən müəssisə daha əvvəllər inzibati məqsədlərdə istifadə etdiyi avtomobili satmaq qərarına gəlir. Belə olan halda həmin avtomobil 111 saylı “Torpaq, tikili və avadanlıqlar” hesabdan çıxarılaraq 205 №-li “Mallar” hesabına keçiriləcək. Çünki həmin avtomobilin satış üçün nəzərdə tutulmuş digər avtomobillərdən hər hansı fərqi qalmır. Təsəvvür edək ki, həmin avtomobil müəssisəsi avtomobilin satışıyla yanaşı,  əvvəllər  inzibati məqsədlərdə istifadə üçün aldığı maşın yağlarını satışa çıxarmaq istəyir. Əvvəllər yağlar “Digər ehtiyatlar” (207-ci hesab) hesabında uçota alınmış ola bilərdi. Satışı nəzərdə tutulan yağ, satışa çıxarılan əsas fəaliyyətin avtomobil olduğunu nəzərə alsaq,  yağların “Mallar” (205-ci hesab) hesabında deyil, 206 №-li “Satış məqsədiylə saxlanılan digər aktivlər” hesabında uçota alınması doğru olar.

205 saylı “Mallar” hesabı üzrə uçot zamanı müxabirləşmələr

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

posted in: Xəbər | 0

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəlki ilə müqayisədə 437,1 min vahid artaraq bu il aprelin 1-nə 1 milyon 839 min 109-a çatıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 386 253 vahid artaraq 926 175 olub.

“5 ilə yaxın bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Artım Dövlət Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsidir”, – deyə məlumatda qeyd edilib.

Mənbə: report.az

Əvəz­çi­lik üz­rə əmək mü­qa­vi­lə­si ilə bağlı vacib məqamlar

1 392 393 394 395 396 397 398 2. 684