Əsas anlayışlar
Peşəkar mühasib sertifikatı – PMS verilməsi barədə müddəalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun V-I fəslində şərh edilir. Bu fəsil 2018-ci ilin may ayında yeni məzmunda Qanuna əlavə edilib.
Sertifikatla bağlı əsas anlayışlar həmin qanunun I fəslinin 2-ci maddəsində (“Əsas anlayışlar”, 2.1.19 -2.1.22) öz əksini tapıb.
Qanunvericiliklə müəyyən edilmiş qurum tərəfindən təşkil edilən imtahandan uğurla keçən, aşağıdakı şərtlərə cavab verən şəxslər peşəkar mühasib hesab olunur:
- onlar bu sertifikatı alıb və;
- peşəkar mühasib təşkilatının üzvüdürlər.
Hazırda sertifikat üçün imtahanların keçirilməsinə məsul qurum AR Dövlət İmtahan Mərkəzi müəyyən edilib.
| “Mühasibat uçotu haqqında” Qanunun 21.20-ci bəndinə görə “Peşəkar mühasib sertifikatı – şəxsin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçdiyini və “Peşəkar mühasib” səviyyəsinə uyğunluğunu təsdiq edən sənəddir.” |
PMS almış şəxslərin dövlət reyestri AR Maliyyə Nazirliyi tərəfindən AR NK tərəfindən qəbul edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları” əsasında aparılır.
Qanunun 2.2.21-ci bəndi “Peşəkar mühasib səviyyəsi” anlayışına aydınlıq gətirir: “Peşəkar mühasib səviyyəsi – maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilməsi, habelə Azərbaycan Respublikasının qanunlarına əsasən vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi bacarığını təsdiq edən peşəkarlıq səviyyəsidir.”
Peşəkar mühasib təşkilatı:
- qeyri-kommersiya təşkilatıdır;
- üzvləri peşəkar mühasiblərdir;
- qanunvericiliyə uyğun akkreditasiya olunub.
Akkreditasiya AR NK-nın 2.5. 2019-cu il tarixli 204 saylı Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib təşkilatının akkreditasiya olunması qaydası” əsasında aparılır.
Sertifikatın növləri
Mühasiblər aldıqları həmin sertifikatın növünə uyğun peşəkar mühasibat xidməti göstərmək hüququ əldə edirlər.
Sertifikat imtahanları iki mərhələdən ibarətdir:
- I mərhələ mühasibat uçotuna aid suallardan ibarətdir;
- II mərhələdə imtahanverənlər büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə suallara cavab verməlidir.
Qanunvericilikdə PMS-in 4 növü nəzərdə tutulub:
- Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə;
| Sertifikatın ilk iki növünü alaraq “Peşəkar mühasib” adını qazanmaq istəyən şəxsləri Azərbaycan Mühasiblər Məktəbi PMS imtahanın I mərhələsi üzrə hazırlıq kurslarına dəvət edir. Kurslar ənənəvi və onlayn formada təşkil edilir. Daha ətraflı məlumat üçün bir kilik bəs edər! |
İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə ;
İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə.
| Azərbaycan Mühasiblər Məktəbi sertifikat imtahanlarının II mərhələsi üzrə hazırlıq kursları təşkil edir. Dərslər həftədə 1 dəfə, şənbə günləri, ənənəvi və onlayn formada keçirilir. Daha ətraflı məlumat üçün buraya keçid edin! |
Kimlər peşəkar mühasib sertifikatı almalıdır?
Əslində bu sualın lakonik cavabı var: hər bir mühasibə. Kim peşəkar olmaq istəməz? Peşəkarlığın hamı tərəfindən qəbul edilən təsdiqi belə bir sənədin alınmasıdır. Təbii, onu almaq hamı üçün məcburi deyil, amma elə şəxslər var ki, PMS almalıdır. “Mühasibat uçotu haqqında” qanunun 3 maddəsinin 4-cü bəndinə görə müəyyən kateqoriya qurumların baş mühasibləri peşəkar mühasiblər olmalıdır. Həmin bəndi ətrafı şərhi ilə buradan tanış olmaq olar.
Bəs peşəkar mühasib sertifikatı olmaya baş mühasiblər hansı neqativ hallarla üzləşə bilər? Qeyd etdiyimiz kimi, peşəkar olmaq, bunu təsdiq edən sənəd əldə etmək karyera inkişafında əsas üstünlükdür. Bundan başqa uyğun sənədə malik olmayan baş mühasiblərin:
- işlərini itirmək riski var;
- inzibati maliyyə sanksiyalarına məruz qala bilərlər;
- onların hesabatları qəbul edilməyəcək.
PMS imtahanından azadolmalar varmı?
Bəli, var. Bu azadolmalar “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydalarının” 2-ci maddəsinin uyğun bəndlərində şərh olunub.
Qaydaların 2.8 bəndinə görə, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:
- imtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR – “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;
- imtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA – Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;
- sertifikatlaşmış İctimai Mühasib (CPA – Certified Public Accountant) təşkilatının sertifikatına;
- imtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına;
- serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”.”
Qaydaların 2.9 bəndinə görə isə “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə PMS əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CİPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir.”
Sertifikat hansı müddətə qüvvədədir?
Peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş ildir. Əgər şəxs fəaliyyətini peşəkar mühasib kimi davam etdirmək istəyirsə, onun qüvvədə olma müddətinin sonuncu ilində imtahanda iştirak etməli və yenidən PMS almalıdır. Peşəkar mühasib kimi fəaliyyət göstərən şəxs İki dəfə eyni standart aldıqda, sonuncu sertifikat ona ömürlük verilir. O, həmin standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək üçün hər hansı imtahana cəlb olunmur.
