İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

posted in: Xəbər | 0

Müqavilə üzrə tərəflərin vəzifələri

Əmək münasibətlərinin mühüm elementlərindən biri müqavilə tərəflərinin – həm işəgötürən, həm də işçinin hüquqları, vəzifələridir. Əmək müqaviləsi müəssisə, yaxud təşkilatlarda tərəflərin hüquqları, vəzifələrini təyin edən, işəgötürənlə işçi arasında münasibətlərin rəsmiləşdirilməsinə əsas verən yeganə sənəddir. Sənəd tərtib olunan zaman tərəflər bir-birinin hüquqlarını, vəzifələrini nəzərə almalıdırlar. Bu hüquq, vəzifələr həm işçinin, həm də işəgötürənin faktiki fəaliyyətini əhatə edir. Hüquqların pozulması, yaxud öhdəliklərin yerinə yetirilməməsi qanunvericiliyin pozulmasıdır. Nümunə kimi İnzibati Xətalar Məcəlləsinin 192 maddəsini  nümunə göstərmək olar.  

Əmək Məcəlləsinin 12-ci maddəsində işəgötürənin əsas vəzifələri, məsuliyyəti şərh edilib.

Müqavilənin məzmunu üzrə işəgötürənin əsas vəzifələri

  • Müqavilənin məzmununu təşkil edən şərtlər qanunvericiliyin tələblərinə uyğun tərəflərin razılığına əsasən təyin edilir. Həmin şərtləri, onlarda nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək işəgötürənin vəzifəsidir. O, işçini müqavilə üzrə müəyyən olunan işlə təmin etməli, onun üçün sağlam, təhlükəsiz iş şəraiti yaratmalıdır.
  • Işəgötürən ƏM, digər hüquqi aktlarla tənzimlənən vəzifələrin yerinə yetirilməsini təmin etməlidir. Onun  fəaliyyətinə müdaxilə edib qanuni hüquqlarının pozulması yolverilməzdir (ƏM 11-ci maddə)
  • İşəgötürən tərəfindən müqavilə ləğv oluna bilər. Müqavilənin pozulması qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduqda, təyin edilmiş qaydalara əsasən icra oluna bilər. Bu qaydalar ƏM-də 70-ci maddə ilə tənzimlənir.
  • Kollektiv müqavilələrdə tərəflərdən biri olan işəgötürən qanunvericiliyin tələblərinə uyğun müəyyənləşən vəzifə və öhdəliklərinə əməl etməlidir. ƏM-nin 29-cu maddəsində qeyd edildiyi kimi kollektiv müqavilələrdə digər tərəf həmkarlar ittifaqı təşkilatıdır. Əgər müəssisədə HI təşkilatı yoxdursa, ikinci tərəf əmək kollektivi olur. Kollektiv müqavilənin icra olunması haqqında əmək kollektivinə hesabat verilməlidir. Onun icrasına tərəflər, icra hakimiyyəti orqanı nəzarət edir.

Əmək mübahisələrinin həlli üzrə məsuliyyət

  • Tərəflər arasındakı fikir ayrılığı, onların mənafelərinin bir-birinə zidd olması əmək mübahisələrinin yaranmasına səbəb olur. Bu mübahisələr həm fərdi, həm də kollektiv müqavilələrdə tərəflərin öz öhdəliklərini yerinə yetirdikləri zaman baş verə bilər. Həmin mübahisələrin məhkəmə yolu ilə həlli ƏM, digər hüquqi aktlarla nizamlanır. İşəgötürən qarşı tərəfin hüquqlarına hörmətlə yanaşmalı, məhkəmənin verdiyi qərarları yerinə yetirməlidir. Məhkəmə qərarı qanuni quvvəyə mindiyi gündə icra olunmalıdır, əks halda işəgötürən məsuliyyətə cəlb oluna bilər.
  • İşəgötürən işçilərin müraciətlərini mütləq qəbul etməli, qeydiyyata almalı, onlara baxılmasını təmin etməlidir. AR-nin “Vətəndaşların müraciətləri haqqında qanununa əsasən bəzi hallar istisna edilməklə, vətəndaşların müraciətlərinə 15 iş günü ərzində baxılmalı olduğu qərarlaşdırılıb. Əgər öyrənmək, yoxlamaq kimi tələbləri olan müraciətdirsə, bu müddət 30 iş gününə qədər uzadılır.

İşçilərin hüquqlarının qorunması üzrə öhdəliklər

  • Təhlükəsiz iş şəraiti yaratmaq, işçilərin həyat və sağlamlığını qorumaq, əməyin mühafizəsini təşkil etmək işəgötürənin vəzifəsidir. Həmçinin, müəssisə nizamnaməsinə, müqaviləyə uyğun olaraq işçilərin sosial müdafiə olunması, maddi, sosial-məişət şəraitinin yaxşılaşdırılması, güzəşt, imtiyazlarla təmin olunması həyata keçirilməlidir.
  • Əmək münasibətlərində işçilər arasında cinsinə, dinınə, milliyətinə və s. səbəblərə görə ayrı seçkiliyə yol verilməsi qəti qadağandır. AR “Gender (kişi və qadınların) bərabərliyinin təminatları barədə”  qanunun 7-ci maddəsinə əsasən cinsindən asılı olmayaraq işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığı, ya da əlavə təhsil aldığı zaman, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən işçilərə eyni  imkanlar yaratmaq  işəgötürənin vəzifəsidir.  Həmçinin, işçilərə bərabər iş şəraiti yaradılmalı, onlara  fərqli intizam tənbehi  təyin olunmamalıdır. Işçiyə qarşı  ayrı-seçkilik olduqda, o,  pozulmuş hüququnu məhkəmə vasitəsilə bərpa edə bilər.
  • AR “Uşaq hüquqları haqqında qanuna, digər hüquqi aktlara əsasən uşaqların hüquqlarının təmin olunmasına tam şərait yaradılmalıdır. Onların sağlamlığı, həyatı və mənəviyyatı üçün təhlükə yaradan işlərdə uşaq əməyinin tətbiqi yolverilməzdir.
  • Müqavilə bildirişi işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edilməlidir. Həmin bildiriş qeydiyyata alındıqdan sonra işəgötürənə elektron qaydada məlumat göndərilir. Bundan sonra müqavilə hüquqi qüvvəyə minmiş hesab olunur. (ƏM 49-cu maddə).
  • İşçiyə ödənişlərin ödənilməsi AR “Nağdsız hesablaşmalar haqqında  qanuna uyğun tənzimlənməlidir. Həmin  tələbləri icra etməyən işəgötürən qanunvericiliyə  müvafiq olaraq məsuliyyətə cəlb olunur.
  • AR “Məşğulluq haqqında” qanunu məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi, təşkilati əsaslarını, eləcə də işaxtaran, işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Qanunda tələb olunan öhdəliklərin yerinə yetirilməsi işəgötürənin borcudur.
  • “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 21-ci maddəsində qeyd edilir ki, əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyətilə məşğul olmaq, o cümlədən sərbəst olaraq fəaliyyət növü seçərək öz yaşayışını təmin etmək hüququ vardır. İşəgötürən onların bu hüququnu təmin etməyə bocludur. ƏM-nin 16-cı maddəsinə görə əlilliyi olan şəxslərə güzəştlərin, imtiyazların təyin edilməsi ayrı-seçkilik hesab olunmur.
  • İşçinin icbari tibbi sığortası təmin edilməli, bu barədə məlumatlar müqavilədə mütləq göstərilməlidir. AR Tibbi sığorta haqqında qanununun 15-4-cü maddəsinə görə sığortaolunan qarşı tərəfdən  tibbi sığorta etməyi, sığorta haqqının tam həcmdə, vaxtında verilməsini tələb edə bilər.

İşəgötürənin məsuliyyətə cəlb olunması

ƏM-də 11, 12-ci maddələrdə qeyd edildiyi kimi, işəgötürənin hüquq və vəzifələrinin icrasına istənilən müdaxilələr etmək qadağandır. Onun fəaliyyətinə hər hansı müdaxilə edərək hüquqlarını pozan şəxs qanunvericiliyə uyğun  məsuliyyət daşıyacaq. Həmçinin, ƏM-nin tələblərinə əməl etməyərək işçilərin hüquqlarını pozan, müqavilə üzrə öz öhdəliklərini icra etməyən işəgötürən də müvafiq məsuliyyətə cəlb olunur.


Vergi orqanının vətəndaşın bank məlumatlarını əldə etmək səlahiyyəti varmı?

posted in: Xəbər | 0

bank məlumatları, vergi güzəşti, malların alışı, vergi cinayətləri ilə mübarizə, Əmlak vergisi hesablanması, bəyannamələrin tərtib olunması, vergi orqanı müraciət, vöen bağlanması,Mənə Azərbaycan Beynəlxalq Bankından belə bir mesaj gəlib: “Hörmətli müştəri, qanunvericiliyə və daxil olmuş vergi bildirişinə əsasən, müvafiq məlumatlarınız vergi orqanına təqdim ediləcək. Əlavə məlumat üçün filial/şöbəyə müraciət edə bilərsiniz.” ABB-yə yaxınlaşdım, vergi xidməti ilə əlaqə saxlamaq lazım olduğu bildirildi. Vergi orqanının mənim bank məlumatlarımı almaq səlahiyyəti varmı? Bu barədə məlumat vermənizi xahiş edirəm.

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək vergi orqanlarının hüquqlarına aid edilib.

Eyni zamanda, Vergi Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, vergi orqanları vergi nəzarəti zamanı və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin bankın və ya kredit təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) eyniləşdirmə məlumatını, onun bank hesabları və əməliyyatları barədə məlumat, həmçinin bu məlumatı təsdiq edən sənədləri almaq hüququna malikdir.

Kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada bu Məcəllənin 76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günü müddətində hesab sahibinə rəsmi məlumat göndərməlidir (verməlidir) və 15 gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir.

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 23-cü və 76-cı maddələri.

Mənbə: vergiler.az


Son 5 il üzrə əməkhaqqı və ondan tutulmalar necə dəyişib?

posted in: Xəbər | 0

əməkhaqqı və ondan tutulmalar, icbari tibbi sığorta, əməkhaqqıdan tutulmalar,Məlum olduğu kimi son 5 il üzrə sosial və vergi islahatlarının çoxşaxəliliyi, həmçinin işçi hüquqlarının təmininə istiqamətlənmiş sığorta mexanizmlərinin tətbiqi və bir sıra mühüm qanunvericilik dəyişikliklərinin nəticəsində illər üzrə əməkhaqqıdan tutulmaların həcmi də dəyişdi. Buna müvafiq olaraq qanunvericilik və sosial islahatlara uyğunluğu nəzərə almaqla, ölkəmizdə son 5 il üçün əməkhaqqıdan tutulmalara dair araşdırmanı təqdim edirik.

2019-2023-cü illər ərzində əməkhaqqıdan tutulan məbləğlərin bölgüsü və həcmi aşağıdakı kimidir:

gəlir vergisi

a) dövlət sektoru 200 AZN-dək tutulmur, 200-2500 AZN arası 14%, 2500+ hissədə 350 AZN və artıq hissənin 25%-i,

b) özəl sektorda 8000 manatadək tutulmur, 8000+ hissədə 14%

məcburi dövlət sosial sığorta haqqı

a) dövlət sektoru 3%,

b) özəl sektor 200 AZN-dək 3%, qalan hissədə 10%

  • işsizlikdən sığorta haqqı – 0.5%
  • icbari tibbi sığorta haqqı – 2%, 8000 AZN-dən yuxarı 0.5%

İllər üzrə bu tutulmalara dair başlıca dəyişikliklər isə belədir:

2023-cü il

minimum əməkhaqqı 345 AZN

Tutulmaların siyahısı eynidir.

500 AZN əməkhaqqı alan işçidən

  • dövlət sektorunda – 69.5 AZN
  • özəl sektorda – 48.5 AZN tutulur.

2022-ci il

minimum əməkhaqqı 300 AZN

Tutulmaların siyahısı eynidir.

500 AZN əməkhaqqı alan işçidən

  • dövlət sektorunda – 69.5 AZN
  • özəl sektorda – 48.5 AZN tutulub.

2021-ci il

minimum əməkhaqqı 250 AZN

Tutulmaların siyahısı üzrə icbari tibbi sığorta haqqında özəl sektorda güzəşt tətbiq edilir. 8000 AZN-dək 1%, 8000 AZN-dən yuxarı 0.5% tətbiq edilib.

500 AZN əməkhaqqı alan işçidən

  • dövlət sektorunda – 69.5 AZN
  • özəl sektorda – 43.5 AZN tutulub.

2020-ci il

minimum əməkhaqqı 250 AZN

Tutulmaların siyahısı üzrə icbari tibbi sığorta haqqı aprel ayınadək tətbiq olmadı. Aprel ayından isə 2021-ci ildəki ilə etni tutulmalar tətbiq edildi.

500 AZN əməkhaqqı alan işçidən

  • dövlət sektorunda – aprel ayınadək 59,5, daha sonra 69.5 AZN
  • özəl sektorda – aprel ayınadək 38.5, daha sonra 43.5 AZN tutulub.

2019-cu il

minimum əməkhaqqı 01.03.19-dan 180 manat, 01.09.19-dan etibarən isə 250 AZN

Tutulmaların siyahısı üzrə icbari tibbi sığorta haqqı tətbiq edilməyib.

500 AZN əməkhaqqı alan işçidən

  • dövlət sektorunda – 59,5 AZN
  • özəl sektorda – 38.5 AZN tutulub.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Hansı xarici ölkə vətəndaşlarından iş icazəsi tələb olunmur?

posted in: Xəbər | 0

əcnəbilərə iş icazələrinin verilməsi, iş icazəsi olmadan işləməkAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə son dəyişikliklərdən biri də əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlıdır. Yeniliyi sərbəst auditor Altay Cəfərov şərh edir.

Bununla bağlı Miqrasiya Məcəlləsinin 64-cü maddəsinə əlavələr edilib. Məcəllənin 64.0-cı maddəsinə əsasən, aşağıdakı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur:

  • xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə;
  • Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərlərinə və həmin hüquqi şəxsin nizamnamə kapitalında azı 51 faiz paya (səhmə) malik təsisçiyə (təsis etdiyi hüquqi şəxsdə fəaliyyət göstərdikdə).

Göründüyü kimi 64.0.13.-cü maddədə köklü dəyişikliklər edilib. Odur ki, 64.0.13-1.-ci maddə üzrə əcnəbi və vətəndaşlığı olmayan (sonrakı mətndə xarici vətəndaş) şəxsin Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin tələb edilməməsini aşağıdakı kimi başa düşməliyik:

  • Sadə formada desək, xarici ölkə vətəndaşı iş icazəsi olmadan işləmək üçün işlədiyi hüquqi şəxs xarici investisiyalı şəxs olmalıdır.
  • Azərbaycan Respublikasında təsis edilmiş həmin hüquqi şəxsin təsisçilərinin hamısı və ya biri xarici hüquqi şəxs və ya fiziki şəxs olmalıdır.
  • Həmin hüquqi şəxsin təsisçilərinin tərkibində xarici hüquqi şəxs də ola bilər, eyni zamanda fiziki şəxs də ola bilər.
  • Təsisçilərdən biri xarici hüquqi şəxs və ya fiziki şəxs olduqda, Azərbaycan Respublikasında qeydiyyata alınmış həmin hüquqi şəxsin xarici fiziki şəxs rəhbərinə (direktor və ya qanuni təmsilçi) iş icazəsi tələb edilmir. Belə olan halda, xarici fiziki şəxsin Azərbaycanda qeydiyyata alınmış hüquqi şəxsin təsisçisinin olması vacib deyil. Yəni, istənilən xarici fiziki şəxs rəhbər ola bilər və iş icazəsi tələb olunmur.
  • Təsisçilərdən biri xarici hüquqi şəxs və ya fiziki şəxs olduqda, Azərbaycan Respublikasında qeydiyyata alınmış həmin hüquqi şəxsin xarici fiziki şəxs rəhbər müavinlərinə və digər vəzifəli şəxslərə iş icazəsi tələb edilir. Amma əvvəlki qaydalarda rəhbər müavinlərinə də iş icazəsi tələb edilmirdi. Göründüyü kimi son dəyişiklik qaydaları bir az da sərtləşdirib.
  • Azərbaycanda təsis edilmiş hüquqi şəxsdə 51 faiz və daha çox paya (səhm) malik olan xarici fiziki şəxs təsisçi həm rəhbər, həm rəhbər müavini və həm də istənilən vəzifədə işləmək üçün ona iş icazəsi tələb olunmur. Yəni, iş icazəsi olmadan istənilən vəzifədə işləyə bilər.

Misal 1: “AA” MMC-nin təsisçisi 100% paya malik olmaqla Türkiyə Respublikasının rezidenti xarici vətəndaşdır. Həmin təsisçi rəhbər (qanuni təmsilçi) kimi dövlət qeydiyyatına alınıb və rəhbər kimi əmək fəaliyyətinə başlamaq istəyir.

Təsisçi üçün iş icazəsi tələb edilmir.

Misal 2: “AA” MMC-nin təsisçisi 100% paya malik olmaqla Türkiyə Respublikasının rezidenti xarici vətəndaşdır. Həmin təsisçi yox, başqa bir Almaniya vətəndaşı rəhbər (qanuni təmsilçi) kimi dövlət qeydiyyatına alınıb və rəhbər kimi əmək fəaliyyətinə başlamaq istəyir. Həmin Almaniya vətəndaşına iş icazəsi tələb edilmir.

Misal 3: Yuxarıdakı misalların davamı kimi: “AA” MMC-nin təsisçisi Türkiyə Respublikasının rezidenti xarici vətəndaşın təsisçiliyi 10% paya malikdir.

Buna baxmayaraq, həmin təsisçi və ya Almaniya vətəndaşı üçün iş icazəsi tələb edilmir.

Misal 4: Yuxarıdakı bütün hallarda rəhbər müavinlərinə iş icazəsi tələb edilir.

Misal 5: “BB” MMC-nin təsisçisi 51% paya malik olmaqla Türkiyə Respublikasının rezidenti xarici vətəndaşdır. Həmin təsisçi rəhbər (qanuni təmsilçi) kimi dövlət qeydiyyatına alınıb və rəhbər kimi əmək fəaliyyətinə başlamaq istəyir.

Təsisçi üçün iş icazəsi tələb edilmir.

Misal 6: “BB” MMC-nin təsisçisi 51% paya malik olmaqla Türkiyə Respublikasının rezidenti xarici vətəndaşdır. Həmin təsisçi rəhbər müavini kimi əmək fəaliyyətinə başlamaq istəyir. Təsisçi üçün iş icazəsi tələb edilmir.

Misal 7: “AA” MMC-nin təsisçisi 51% paya malik olmaqla Türkiyə Respublikasının rezidenti xarici vətəndaşdır. Həmin təsisçi mühəndis kimi əmək fəaliyyətinə başlamaq istəyir. Təsisçi üçün iş icazəsi tələb edilmir.

Misal 8: “AA” MMC-nin təsisçisi 50,99 % paya malik olmaqla Türkiyə Respublikasının rezidenti xarici vətəndaşdır. Həmin təsisçi rəhbər müavini kimi əmək fəaliyyətinə başlamaq istəyir. Təsisçi üçün iş icazəsi tələb edilir.

Misal 9: “BB” MMC-nin təsisçiləri 30% paya malik olmaqla Türkiyə Respublikasının rezidenti xarici vətəndaş və Türkiyə Respublikasının rezidenti olan digər hüquqi şəxsdir .Təsisçi olan Türkiyə Respublikasının hüquqi şəxsinin də 100% paya malik olan təsisçisi “BB” MMC-nin digər türkiyəli xarici fiziki şəxs təsisçisidir. Belə olan halda, Türkiyə Respublikasının həmin rezidenti xarici vətəndaş icazəsiz əmək fəaliyyətini həyata keçirə bilərmi?

Miqrasiya Məcəlləsinin 64.0.13-1.-ci maddəsində qeyd olunan ifadə belədir: “51 faiz paya (səhmə) malik təsisçiyə”. Deməli, burada təsisçilik payının birbaşa və ya dolayı olması haqqında heç bir tələb qoyulmayıb. Belə birbaşa tələb qoyulmadığına görə artıq asılılıq prinsiplərini digər qaydalara əsaslanmaqla müəyyənləşdirməliyik. Burada artıq törəmə, asılı, birgə müəssisələr kimi yanaşmalara əsaslanmalıyıq.

Odur ki, xarici fiziki şəxs təsisçinin birbaşa olmasa da digər müəssisədə olan payı ilə birlikdə 51 faiz və daha çox olduqda iş icazəsi tələb edilməyəcək.

Yuxarıdakı misalda xarici vətəndaşın birbaşa payı 30% və digər qeyri-rezident hüquqi şəxsdə də payı 100% olduğuna görə ümumilikdə “BB” MMC-də Türkiyə Respublikasının həmin vətəndaşının payı 100% təşkil edəcək və ona iş icazəsi tələb edilməyəcək.

Sadəcə belə hallarda Miqrasiya orqanlarına normal sənədlər təqdim edilməlidir və açıqlamalar verilməlidir.

Mənbə: vergiler.az


1 519 520 521 522 523 524 525 2. 701