Sadə qaydalara riayət etməklə özünüzü bank dələduzlarından qoruyun!

posted in: Xəbər | 0

Son illər ölkə bankları tərəfindən nağdsız ödənişlərin stimullaşdırılması istiqamətinə bir sıra işlər həyata keçirilir. Əhalinin nağdsız ödənişlərə keçməsi, fiziki olaraq pul əskinazlarından istifadə etməməsi üçün müxtəlif aksiyalar, kampaniyalar və maarifləndirmə tədbirləri təqdim edilir. Nağdsız ödənişə keçidin bir çox üstün xüsusiyyətləri var. Lakin əfsuslar olsun ki, kart sahibləri hesablarında olan vəsaitin təhlükəsizliyinə bəzən dırnaqarası baxırlar.

“Kiber cinayətkarlıq” termini son vaxtlar ölkənin gündəmini zəbt edərək, hamımızın diqqət mərkəzindədir. Xüsusən də son aylar ərzində müəmmalı nömrələrdən edilən zənglər, göndərilən SMS-lər bank müştərilərinin dələduzların qurbanına çevrilməsi ilə nəticələnir. Əsasən müasir texnologiyalardan uzaq olan insanlar konfedensial kart məlumatlarını dələduzlara bildirməklə, hesablarında olan vəsaitin ələ keçirilməsinə şərait yaradırlar.

Məlumat üçün qeyd edək ki, ölkə üzrə ödəniş kartlarının (məvacib, təqaüd, müavinət, kredit, debit, taksit və s.) böyük hissəsi Kapital Bank-a məxsusdur. Demək olar ki, elə bir ailə yoxdur ki, orada Kapital Bank-ın ödəniş kartına sahib olan şəxs olmasın. Ona görə də dələduzlar zəng etdikdə, ilk olaraq ailədə Kapital Bank-a məxsus kart sahibi olduğunu dəqiqləşdirirlər. Kapital Bank da neqativ halların qarşısının alınması istiqamətində məlumatlandırıcı tədbirləri təşviq edir. Təbii ki, gördüyümüz tədbirlərin hamısını sadalamaq mümkün olmasa da, deyə bilərik ki, dələduzluq hallarının aradan qaldırılması üçün hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik.

Lakin bu istiqamətdə müştərilərimizdən də gözləntilərimiz var: heç kiminlə, hətta ən yaxın tanışları, qohumları ilə belə kart məlumatlarını paylaşmasınlar. Kart məlumatları dedikdə ödəniş kartının üzərində olan 16 rəqəmli nömrə (PAN), PİN kod, kartın bitmə tarixi, kartın arxasında olan 3 rəqəmli kod (CVV2) və SMS ilə göndərilən birdəfəlik 3DSecure şifrəsi nəzərdə tutulur. Card-to-card köçürməsi üçün kartın üz tərəfinin fotosunu göndərməyə də ehtiyac yoxdur. Sizə pul göndərən şəxsə 16 rəqəmli PAN nömrəni yazmaq və ya Birbank-da kartın QR kodunu generasiya edib göndərmək kifayətdir.

Dələduzlar əksər hallarda özlərini bank nümayəndəsi kimi təqdim edir və konfedensial kart məlumatlarını tələb edirlər. Təqdim edilmədiyi təqdirdə kartın bloka salınacağını bildirirlər. Bu zaman heç də təşvişə düşməyə ehtiyac yoxdur. Heç bir halda bank nümayəndəsi yuxarıda qeyd olunan kart məlumatlarını müştəridən tələb etmir. Amma yenə də kart bloka düşərsə, buna görə də narahat olmaq lazım deyil. Birbank rəqəmsal bankı, 196 Məlumat Mərkəzi və ya filiala müraciət etməklə kartı asanlıqla blokdan çıxarmaq olur.

Ümumiyyətlə, dələduzluq əməliyyatları üzrə məsuliyyət Beynəlxalq ödəniş sistemlərini qaydaları ilə tənzimlənir. Kart vasitəsilə ödəniş əməliyyatlarında satıcı və alıcı iştirak edir. Satıcı qismində POS terminal və ya veb sayt ola bilər. Əməliyyatın aparılması şərtlərindən asılı olaraq ödəniş üzrə məsuliyyətin kimin üzərinə düşdüyü təyin edilir. Misal üçün, ödəniş zamanı sayt tərəfindən müştəridən 3DSecure şifrə istənilirsə və dələduz bu şifrəni düz daxil edərsə, artıq bütün məsuliyyət müştərinin üzərinə düşür.

Hamını maraqlandıran suallardan biri də olur ki, müştəri dələduzların qurbanına çevrilibsə, bu zaman nə etməli? Əgər belə bir hal baş verərsə, dərhal kartı bloklamaq, sonra isə banka müraciət etmək lazımdır. Bank əməkdaşı kartın sahibinə dələduzların əməliyyatı və silinmə platforması barədə məlumat təqdim edir. Sonra həmin məlumatlarla birgə hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Əgər əməliyyat veb saytlarda 3Dsecure şifrənin daxil olunması ilə baş veribsə, beynəlxalq ödəniş sistemlərinin qaydalarına əsasən vəsaitlərin geri qaytarılması mümkün olmur. Əksinə, əməliyyat 3DSecure yoxlanışını dəstəkləməyən saytda baş verərsə, əməliyyat üzrə məsuliyyət satıcının üzərinə keçir. Bu hallarda ödənişlərin geri qaytarılması baş tuta bilər. Qeyd edək ki, dələduzların qurbanlarına çevrilən bir sıra müştərilərin pullarını geri qaytarmaq mümkün olub.

Kapital Bank olaraq bir daha ödəniş kartlarının sahiblərinə müraciət edərək bildirmək istərdik ki, yuxarıda qeyd olunan sadə qaydalara riayət etsinlər. Kartlarının üzərində olan məlumatları, həmçinin SMS vasitəsilə göndərilən 3Dsecure şifrəni heç bir halda üçüncü tərəfə ötürməsinlər. Kart hesabında olan vəsait, sizin pul qabınızda olan vəsaitlə eynidir. Ona görə də cibinizdə olan pul kimi, kartınızın balansında olan pulların da təhlükəsizliyini təmin etmək mütləqdir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yaradıcılıq məzuniyyətləri və onların müddətləri

posted in: Xəbər | 0

Ali və orta ixtisas təhsili müəssisələrində oxuyan işçilərin təhsil məzuniyyətləri barədə məlumat vermişdik → https://www.muhasibat.az/tehsil-mezuniyyetlerinin-muddetleri/.

Bu dəfə yaradıcılıq məzuniyyətləri və onların müddətləri haqqında danışacağıq.

Əmək Məcəlləsinin 122-ci maddəsinə əsasən, aşağıdakı hallarda doktorantlara və fəlsəfə doktorlarına yaradıcılıq məzuniyyətləri verilir:
  • İşəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.
  • Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü iki təqvim ayınadək, elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə üç təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Bu yaradıcılıq məzuniyyətlərindən işçi müvafiq elmi şuranın qərarına uyğun olaraq ona verilən arayış əsasında istifadə edir.
  • Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər.

Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu 


Bundan əlavə, Əmək Məcəlləsinin 122-ci maddəsinin 3-cü hissəsinə əsasən, işləməklə yanaşı doktoranturada (adyunkturada) təhsil alan (o cümlədən doktoranturaya (adyunkturaya) daxil olmaq üçün) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir.

Müvafiq elmi şura və ya müvafiq icra hakimiyyəti orqanı yaradıcılıq məzuniyyətlərinin müddətini və onlardan istifadə olunması məsələlərini qabaqcadan işəgötürənlə məsləhətləşməklə müəyyən etməlidir. Yaradıcılıq məzuniyyəti müddətində ödənilən əmək haqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əməkhaqqından hesablanır.

Əmək Məcəlləsinin 123-cü maddəsinə əsasən, işləməklə yanaşı təhsil alan işçilərə aşağıdakı ödənişli təhsil məzuniyyətləri verilir:

a) müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;
b) dövlət imtahanlarını vermək üçün;
c) diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.

Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə Əmək Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əməkhaqqı ödənilir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda yeni nəsil kassa aparatlarının sayı açıqlanıb

posted in: Xəbər | 0

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir.

Qurumdan verilən məlumata görə, indiyə qədər ölkə ərazisində 48 169 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2021-ci ilin yanvar-sentyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 11,1 mlrd manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfədən çoxdur.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Startap” şəhadətnaməsini kimlər və necə əldə edə bilər?

posted in: Xəbər | 0

“Startap” (Start-up) ingilis dilindən tərcümədə “başlamaq”, “işə salmaq” mənalarını verir və əvvəllər hər hansı bir işə yeni başlayana deyilirdi. Müasir dövrdə startap dedikdə yeni bir innovativ ideyanın reallaşdırılması və yaxud daha əvvəldən mövcud olan hər hansı bir biznes proseslərin tam fərqli formatda təqdim olunması və yaxud özündə innovativliyi səciyyələndirən sahibkarlıq fəaliyyəti başa düşülür.

Ölkəmizdə innovativ sahibkarlığın inkişafı, startapların ideyalarının və startap ekosisteminin inkişafına dəstək məqsədilə bir sıra güzəştlər tətbiq olunur, xüsusi zonalar, inkubasiya və akselerasiya mərkəzləri fəaliyyət göstərir, qrant müsabiqələri keçirilir. Bu təşəbbüslər mütərəqqi beynəlxalq təcrübə, müasir qlobal meyillər nəzərə alınmaqla daha da genişləndirilməkdədir.

Startap ekosisteminin inkişafı istiqamətində atılan addımların davamı olaraq, bu ilin may ayından etibarən “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb. Bu məqsədlə Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə “Startapın müəyyən olunması meyarları” təsdiq edilib. Azərbaycan dünyada startap meyarlarını müəyyənləşdirmiş və bunu müvafiq qərarla təsdiq etmiş ölkələr sırasındadır.

“Startap” şəhadətnaməsi vergi ödəyicisi olan mikro və yaxud kiçik sahibkarlıq subyektlərinə verilir. Müraciət edən mikro və yaxud kiçik sahibkarlıq subyektlərinin təsisçiləri arasında orta və (və ya) iri sahibkarlıq subyekti olarsa, bu zaman həmin təsisçilərin hüquqi şəxsdə payının 49%-dən çox olmaması zəruridir. “Startap” şəhadətnaməsi gəlir və yaxud mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də şəhadətnamə almış digər startap məhsulu və yaxud xidməti ilə eynilik təşkil etməyən məhsul və xidmətlər üçün verilir.

“Startap” şəhadətnaməsinin üstünlükləri

“Startap” şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir. Bununla bağlı olaraq, sahibkarlara artıq gəlir əldə edən və aktiv böyümə mərhələsində olan layihələr üçün “Startap” şəhadətnaməsinin alınması tövsiyə olunur.

Şəhadətnamə startaplara vergi güzəşti tətbiq etməklə, onların əldə etdiyi gəliri layihənin inkişafına yönəltməyə imkan yaradır. “Startap” şəhadətnaməsi həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır.

“Startap” şəhadətnaməsini İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) verir. Agentlik indiyə qədər 19 sahibkarlıq subyektinə şəhadətnamə verilib. Şəhadətnamə almış layihələr baytarlıq üçün ağıllı cihaz, maliyyə texnologiyaları, sığorta, logistika xidməti, ödəniş aqreqatoru, elektron ticarət və digər yeni və ənənəvi sahələrə innovativ həlləri tətbiq edən layihələri əhatə edir. “Startap” şəhadətnaməsi almış sahibkarların layihələrinin 80 %-i onlayn, 20 %-i elektron cihaz və mexaniki qurğulara əsaslanan məhsul və xidmətlərin təqdim edilməsini nəzərdə tutur.

“Startap” şəhadətnaməsi üçün necə müraciət etməli?

“Startap” şəhadətnaməsi almaq istəyən mikro və kiçik sahibkarlar KOBİA-ya yazılı formada (Ünvan: AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 134) və yaxud elektron qaydada () müraciət edə bilərlər. Agentliyə daxil olmuş ərizə həmin gün qeydiyyata alınır, müraciətə və ona əlavə edilmiş sənədlərə ümumilikdə, 30 gün müddətində baxılır və qiymətləndirilməsi üçün Ekspertlər Şurasına təqdim olunur. Ekspertlər Şurasının rəyi əsasında Agentlik “Startap” şəhadətnaməsinin verilməsi və yaxud verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.

Ekspertlər Şurasında İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliklərinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının nümayəndələri, müstəqil ekspert qismində isə “Azərbaycanda İnternetin İnkişafı Forumu” İctimai Birliyi, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nəzdində fəaliyyət göstərən “İnnovasiyalar və rəqəmsal texnologiyalar” üzrə komissiya təmsil olunur.

“Startap” şəhadətnaməsi almaq üçün müvafiq meyarlar, müraciət üçün ərizə forması və lazım olan sənədlərlə bağlı ətraflı məlumatla KOBİA-nın rəsmi internet səhifəsində yaradılmış xüsusi bölmədən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 835 836 837 838 839 840 841 2. 704