fbpx

Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (8-ci hissə)

birbank biznes

Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (8-ci hissə) (əmək müqaviləsi)

7-ci hissəni oxumaq üçün keçidə daxil olun.

Tərəflərdən asılı olmayan hallarda xitam…

Qanunvericiliyə əsasən tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıda göstərilən hallarda xitam verilə bilər:

1) işçi hərbi xidmətə çağırıldıqda. Belə ki, işçi əgər hərbi xidmətə çağırılırsa, bu halda onunla bağlanmış müqaviləyə xitam verilə, hərbi xidməti başa vurduqdan sonra isə yenidən öz işinə bərpa edilə bilər.

2) əvvəllər həmin işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduğu halda. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.

3) əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə. Əmək qabiliyyətinin tam itirilməsi səlahiyyətli orqanının rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, səlahiyyətli orqanının qərarı ilə işçiyə müvafiq dərəcə əlillik qrupu və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülür. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas deyil. Əsas odur bu müddət 6 aydan çox olsun.

4) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə. Qeyd edək ki, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə halı o demək deyil ki, heç də bütün bu hüququndan məhrum edilmiş işçilər mütləq işdən azad edilməlidir. Bu hal bir qayda olaraq nəqliyyat vasitəsini idarə etmə ilə əlaqədar əmək funksiyasını icra edən işçi barəsində tətbiq edilə bilər.

5) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə. Fəaliyyət qabiliyyətsizliyi əsasən ağıl zəifliyi və ya ruhi xəstəliyi ilə əlaqədar öz hərəkətlərini idarə edə bilməyən və ya hərəkətlərinin mənasını dərk edə bilməyən şəxslər barəsində tətbiq edilir.

6) işçi vəfat etdikdə. Bu halda işçinin vərəsələrinə orta aylıq əmək haqqının 3 misli məbləğində birdəfəlik müavinət ödənilir.

7) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə. Bu halda həmin işçinin yerinə təyin edilmiş işçi ilə bağlanmış müqaviləyə xitam verilməlidir. Qeyd etmək mütləqdir ki, bu halda işçinin yeni işçi ilə bağlanmış müqavilədə bu xüsusatı qeyd etmiş olması mühüm haldır.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov.



Print Friendly, PDF & Email
error: Content is protected !!