Əmək qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət

posted in: Xəbər | 0

Əmək qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət hansılardır? Pozuntular necə müəyyən edilir? Sanksiyalar necə tətbiq edilir?

Əmək müqaviləsinin bağlanmasına nəzarət edən qurumlar

Əmək qanunvericiliyinə əməl edilməsi, o cümlədən qeyri-leqal məşğulluğun aradan qaldırılması məqsədi ilə dövlət qurumları birgə fəaliyyət göstərir. Qeyri-leqal məşğulluğun ləğvi işçinin əmək hüquqlarının bərpası yolunda atılan əsas addımlardandır. Bunun üçün işçi və işəgötürən arasında əmək münasibətlərinin qurulması zamanı əmək müqaviləsinin mövcudluğu əsas şərtdir. Hazırdan əmək müqaviləsinin bağlanılmasına nəzarəti təmin etmək məqsədilə  ilə bağlı yoxlamalar Dövlət Vergi Xidməti (DVX)  və Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilir. Yoxlamanın nəticələri əsasında işçilərin əmək hüquqlarını qorumaq məqsədi qanunvericiliyə uyğun məsuliyyət tədbirləri həyata keçirilir. Əmək qanunvericiliyinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri ilə Vergi Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri arasında oxşar və fərqli cəhətlər var. Birinci haqqında saytımızın məqalələrindən birində danışmamışıq (keçid linki yuxarıda verilib). Əmək qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət əsasən əmək müqaviləsi, onun qüvvəyə minməsi ilə bağlıdır.

Vergi xidməti qurumlarının nəzarət hüququ

Əmək qanunvericiliyinin pozulmasına görə vergi xidməti qurumlarının nəzarət hüququ Vergi Məcəlləsinin 50-ci maddəsində təsbit olunub. Bu maddədə operativ vergi nəzarəti çərçivəsində həyata keçirilən məsələlərin əhatə dairəsi verilib ki, onlardan biri də əmək müqaviləsi ilə bağlıdır.

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” operativ vergi nəzarətinin məqsədlərindən biridir (Veri Məcəlləsi, maddə 50.1.7).

Operativ vergi nəzarəti çərçivəsində vergi ödəyicisinin işçiləri əmək müqaviləsi olmada işə cəlb etməsi aşkar edildikdə Vergi Məcəlləsinin 58.10-cu maddəsi tətbiq edilir.

Mühasibat xidmətləri

Nəzərə almaq lazımdır ki, muzdla işləyən işçilərə uçota alınmayan əməkhaqqının verilməsi, əmək münasibətlərinin əmək qanunvericiliyinə zidd rəsmiləşdirilməsi həmin işçilərin sosial təminatını risk altında qoyur, həm də dövlət büdcəsinə və büdcədənkənar fondlara sığorta yığımlarının azalmasına səbəb olur.

Vergi qurumları tərəfindən əmək münasibətləri sahəsində işçi sayı və əməkhaqqı fondu üzrə risklər vergi ödəyiciləri tərəfindən təqdim edilən vergi bəyannaməsi və elektron informasiya sistemində qeydiyyata alınmış əmək müqavilələri üzrə məlumatlar əsasında müəyyən edilir.

Vergi ödəyicisi tərəfindən işçi sayı və əməkhaqqı məbləğləri barədə məlumatlar qanunvericiliyə uyğun bərpa edilməsə, yaranmış uyğunsuzluq kameral vergi yoxlaması aparılmaqla müvafiq bəyannamədə bərpa edilir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinin tələblərinə (işçiyə qanunvericiliklə müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslərə qarşı inzibati tənbeh tədbirləri görülməsi) əsasən müvafiq məlumatlar (əmək müqaviləsi bildirişləri üzrə reyestrdən çıxarış, vergi ödəyicisinin izahatları, əmək haqqı cədvəli və.s) toplanılmaqla aidiyyəti dövlət qurumuna göndərilir.

Əmək qanunvericiliyinin pozulmasına görə VM-ə nəzərdə tutulmuş məsuliyyət

Qeyd etdiyimiz kimi vergi ödəyicisi işçiləri əmək müqaviləsi rəsmiləşdirmədən işə cəlb etdiyi halda ona Vergi Məcəlləsinin 58.10-cu maddəsi tətbiq edilir. Həmin maddəyə görə fiziki şəxslərin AR Əmək Məcəlləsinin tələblərinə uyğun rəsmiləşdirilmiş əmək müqaviləsi (kontraktı) olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, onların gəlirlərinin gizlədilməsinə şərait yaradılması hesab olunur. Operativ vergi nəzarəti (yaxud səyyar vergi yoxlaması) çərçivəsində belə hallar aşkar edilərsə, vergi orqanı tərəfindən işəgötürənə təqvim ili ərzində belə hala:

  • birinci dəfə yol verdikdə 2000 manat;
  • ikinci dəfə yol verdikdə 4000 manat;
  • üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əmək qanunvericiliyinin pozulması zamanı cərimələrin tətbiqini nümunədə izah edək. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinə görə, respublikamızda vergi ili təqvim ili olmaqla 1 yanvar – 31 dekabr müddətini əhatə edir. Tutaq ki, vergi nəzarəti tədbirləri çərçivəsində müəyyən olunub ki, işəgötürən bir işçi ilə qanunvericiliyə uyğun əmək müqaviləsi bağlamayıb. Təqvim ili ərzində bu hal birinci dəfə olduğu üçün işəgötürənə 2000 manat cərimə tətbiq olunur. Hesab etsək ki, belə hala eyni təqvim ilində ikinci dəfə rast gəlinir, bu zaman 4000 manat (hər bir işçi üçün) cərimə tətbiq ediləcək. Eyni təqvim ilində üçüncü (4-cü, 5-ci və sair) hal üçün 6000 min manat (hər bir işçi üçün) cərimə tətbiq ediləcək. Növbəti təqvim ilində belə hal ilk dəfə aşkar edildikdə, hər bir işçi üçün 1000 manat cərimə tətbiq ediləcək.

İXM-də nəzərdə tutulmuş məsuliyyət

Əmək qanunvericiliyi üzrə pozuntuların belə halları üçün İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət fərqlidir. İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsinə görə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə:

  • fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə;
  • vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə;
  • hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi İXM-də, Vergi Məcəlləsindən fərqli olaraq, əmək müqaviləsiz işləyən işçilərin sayı tətbiq edilən cərimənin məbləğinə təsir etmir.

Orta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?