Vergi orqanının tələbi ilə maliyyə hesabatını kim təqdim etməlidir?

posted in: Xəbər | 0

Cari vergi ödəyiciləri, vergi ödəyiciləri üçün güzəştlər,1 yanvar 2022-ci ildən vergi orqanın tələbi ilə vergi ödəyicisinin təqdim edəcəyi məlumatların əhatə dairəsi genişləndirilib. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin yeni redaksiyada təsdiq edilmiş 16.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilib.

Burada diqqət yetiriləsi üç məqam var.

Birincisi, maddənin öncəki redaksiyasında yalnız kağız daşıyıcılarda olan məlumatlar qeyd edilirdisə, hazırkı variantda konkret olaraq kağız və elektron daşıyıcılarda olan məlumatların verilməsi vergi ödəyicisinin vəzifəsinə aid edilib.

Misal: Vergi ödəyicisi 1C-8.3 proqram təminatında mühasibat uçotunun elektron şəkildə aparılmasını həyata keçirir. Vergi orqanı məlumatları tələb etdikdə, vergi ödəyicisi kağız daşıyıcılarda olan məlumatlarla yanaşı, elektron daşıyıcılardakı məlumatları da təqdim etməlidir.

Əslində, təcrübədə vergi orqanı vergi ödəyicisindən elektron daşıyıcılarda olan məlumatları əldə edirdi. Yeni dəyişikliklə gələcəkdə mübahisələrin yaranmaması üçün maddəyə “elekton daşıyıcı” ifadəsi da əlavə edilib.


Təhsil məzuniyyəti zamanı məzuniyyət haqqının hesablanması və rəsmiləşdirilməsi


Diqqət yetirilməli olan ikinci məqam budur ki, vergi orqanının tələbi ilə vergi ödəyicisi maliyyə hesabatlarını təqdim etməlidir. Qeyd edək ki, maliyyə hesabatlarının təqdim olunması tələbi mikro və kiçik sahibkarlıq subyektlərinə şamil edilmir. “Mühasibat uçotu haqqında” Qanunun 10.1.1-ci maddəsinə əsasən, iri və orta sahibkarlıq subyektləri maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etməlidirlər. Bu halda iri və orta sahibkarlıq subyektləri mühasibat uçotunu Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən, müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparırlar və ya öz seçimlərindən asılı olaraq maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etmək hüququna malikdirlər. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən maliyyə hesabatlarının tam toplusu aşağıdakı komponentlərdən ibarətdir:

• Maliyyə vəziyyəti haqqında hesabat (1 nömrəli əlavə);

• Məcmu mənfəət və zərər haqqında hesabat (2 nömrəli əlavə);

• Kapitalda dəyişikliklər haqqında hesabat (3 nömrəli əlavə):

• Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (4 nömrəli əlavə);

• Qeydlər.

Onu da qeyd edək ki, Mülki Məcəllənin 91.4-cü maddəsinə əsasən, orta və iri sahibkarlıq subyektinə aid edilən məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməli, kənar audit aparmalıdır. Bu səbəbdən də, vergi orqanı maliyyə hesabatlarını tələb etdikdə, vergi ödəyicisi tərəfindən kənar auditorun rəyinin də təqdim edilməsinə ehtiyac yaranır.

Üçüncü məqam da budur ki, vergi orqanının tələbi ilə vergi ödəyicisi maliyyə hesabatını təqdim etməzsə, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 57.3-cü maddəsinə uyğun olaraq, Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulan halda vergi hesabatı təqdim edilərkən vergi orqanının tələbi ilə maliyyə hesabatlarının təqdim edilməməsinə görə vergi ödəyicisinə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilə bilər.

Bir daha vurğulayırıq ki, orta və iri sahibkarlıq subyektləri tərəfindən maliyyə hesabatlarının təqdim edilməsi mütləq şərt deyil. Yəni vergi ödəyicisi mənfəət (gəlir) vergisi bəyannaməsi təqdim etdikdə, onun maliyyə hesabatlarını da verməsinə ehtiyac olmayacaq. Vergi orqanı mənfəət (gəlir) vergisi bəyannaməsinin yoxlanılması üçün maliyyə hesabatlarına ehtiyac bildiyi halda, vergi ödəyicisindən həmin hesabatları tələb etmək hüququna malikdir.

Mənbə: vergiler.az


“Startap” şəhadətnaməsi ilə vergi güzəştlərinin əldə edilməsi


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *