Bir sıra kommersiya təşkilatlarının mühasibat uçotu üzrə qanunvericilik aktlarında dəyişikliklər

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat uçotu, Mühasibat uçotunun auditi, Mühasibat uçotunun təhlili,Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş bir sıra maliyyə institutlarının fəaliyyətinə dair sahəvi qanunvericilik aktlarında mühasibat uçotuna dair mühüm dəyişikliklər qəbul edildi.

Həmin dəyişikliklərin mahiyyəti barədə bu yazımızda izah verməyə çalışacağıq.

Müvafiq qanunvericilik aktları üzrə əlavə və dəyişikliklər aşağıdakı kimidir:

  • Poçt rabitəsinin operatoru, o cümlədən milli operator, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər və kredit bürolarında mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib, təqdim və dərc edilməsi ilə bağlı münasibətlər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu qurumlar illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.
  • Kredit ittifaqları, bank və xarici bankın yerli filialı, bank olmayan kredit təşkilatları illik maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib etməlidir. Bu təşkilatların mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forması və məzmunu Prezidentin müəyyən etdiyi orqan (Maliyyə Nazirliyi) ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
  • Bank olmayan kredit təşkilatları, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, investisiya fondları və onların idarəçiləri, banklar, kredit ittifaqları maliyyə ilinin bitməsindən ən geci beş ay, sığortaçılar isə ən geci 3 ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay, xarici bankın yerli filialı isə xarici bankın ən geci 8 ay müddətində kənar auditor tərəfindən yoxlanılmış, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməli, özünün rəsmi internet səhifəsində və mətbu orqanda dərc etdirməli və bu barədə məlumatı Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir. Bu qurumlar həmçinin illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.
  • Banklar, kredit ittifaqları, sığortaçılar, bank olmayan kredit təşkilatları, investisiya fondları və onların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə nəzarət müvafiq sahəvi qanunlara və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

Print Friendly, PDF & Email