Müxtəlif regionlarda mühasibatın tarixi inkişafı

posted in: Xəbər | 0
birbank biznes

Uçotun ilkin inkişaf tarixi

Tarixçilər uçotun başlanğıcını insan cəmiyyətinin ilkin formalaşma mərhələsindən hesablayır. Əldə etdiyi qənimətin, yəni “anbar ehtiyatlarının” sayını sümük, ağac üzərində cızıqlarla qeyd edən qədim insanı ilk uçot işçisi hesab etmək olar. Zamanla sayma prosesində daşlar, düyünlər, çubuqlar tətbiq edilməyə başladı. Bunu mühasibatın tarixi inkişafının başlanğıcı da hesab etmək olar. İnkişaf prosesi mühasibat uçotunun istifadə formasını dəyişdi. Nəticədə hesabdar, mühasib peşələri yarandı, mühasibat, mühasibat uçotu anlayışları formalaşdı.

Mühasibat uçotunda dövrlər dəyişdikcə elm tək formalaşan mühasibatlıq praktik tətbiq sərhədlərini aşaraq nəzəri inkişaf etməyə başladı. Mühasibatın tarixi inkişafının mərhələlərinə nəzər salsaq, görərik ki, hesabdarlığın nəzəri, həmçinin praktik istifadəsinin öyrənilməsi təsərrüfat həyatında baş verən halların obyektiv qiymətləndirilməsinə, elmi proqnozlaşdırma texnikasının mənimsənilməsinə geniş şərait yaradır. Daimilik, iqtisadi hadisələrin balanslı qeydiyyatı uçot işçilərinin beynəlmiləl emblemi kimi tanınmış mühasiblərin gerbində əks olunub.

Uçot işçilərinin beynəlmiləl emblemi, mühasiblərin gerbi

Mərkəzində “Elm, Vicdanlıq, Müstəqillik” şüarı yerləşən gerbdə günəş maliyyə uçotunun şəffaflığını, tərəzi – bərabərliyi (balansı), Bernulli əyrisi daimiliyin ifadəsidir.

Yaxın Şərqdə mühasibatın tarixi inkişafı

Mühasibat tarixinin izlərini özündə əks etdirən sənədlər qədim uçot işçilərinə yüksək qiymət verildiyin təsdiqləyir. Sənədlərə görə, uçot tanrının sirri adlandırılmış, ona xidmət müqəddəs borc sayılmışdır. Araşdırılmalar göstərir ki, qədim Misirdə firon sarayının ən hörmətli şəxsi uçot sahəsində böyük uğurlar qazanmış Neferxotep olmuşdur.

Bizə gəlib çatan yazılara görə uçotun yaranması eramızdan 6000 il əvvələ təsadüf edir. Bu yazılar mühasibat uçotunun inkişaf tarixinin ilkin mərəhələsinin araşdırılmasında mühüm rol oynadı. Həmin yazılarda Misirdə Nil çayının suyundan torpağın suvarılmasına görə taxılla, kətanla (pambıqla) verginin ödənməsi təsdiq olunur. Qeydiyyat vergi toplayanların, əkinçilərin evlərinin divarında müvafiq sayda işarələrin qoyulması ilə yerinə yetirilirdi.

Yaxın Şərqdə mühasibatın tarixi haqqında qeydlərə Hammurapi qanunlarında da rast gəlmək mümkündür. Babildə qəbul edilmiş Hammurapi qanunları (b.e.ə. 755-1752) sahibinin adından mal satan agentin qiymət haqqında arayış təqdim etməsini tələb edirdi. Mesopotamiyada mühasib rolunu mirzə ifa edirdi. Bu hörmətli peşə idi. O, nəinki uçotla məşğul olur, həm də bağlanılan əməliyyat üçün qanunvericiliyin müfəssəl tələblərinə əməl olunmasın təmin edirdi. Məbədlərdə, saraylarda, özəl qurumlarda yüzlərlə mirzə işləyirdi. Bu peşə hörmətli sayılırdı.

Mühasibat uçotunun inkişaf tarixində mühüm dövr papirusların hazırlanması texnologiyasının mənimsənilməsi oldu. Qədim Misirdə dövlət uçotunda gil əvəzinə papirusların tətbiqi uçotu daha müfəssəl formaya salmağa imkan verdi. Fironların sərdabələrində qoyulan papiruslarda “natura” şəklində alınan vergi qeydləri ətraflı şəkildə aparılırdı.

Şərqdə mühasibatın tarixi ilə əlaqədar qeydlərə nəzarət sistemi ilə bağlı sənədlərdə rast gəlmək mümkündür. Mürəkkəb audit sistemi Misir hesabdarlarının düzgünlüyünü yoxlamağa imkan verirdi. Qədim mühasiblər mümkün qədər dürüst, diqqətli olmalı idilər, çünki aşkar edilmiş pozuntular cərimə, bədənin bir hissəsini kəsmək, hətta ölümlə cəzalandırılırdı.

Qədim Çində mühasibat uçotu dövlət proqramlarının effektivliyini, onları həyata keçirən məmurların dürüstlüyünü qiymətləndirmək üçün əsas idi.

Zhao sülaləsinin hakimiyyəti dövründə (e.ə. 1122 – 256) ikili girişin qəbuluna qədər (19-cu əsrə qədər) davam edən mühasibat uçotu sistemi yarandı və inkişaf etdi.

B.e.ə. I əsrdə imperator Ai-Dee kiçik sahibkarlığın məhvinin qarşısını almağa çalışaraq tarixi islahatları apardı. Mühasib funksiyalarını dövlət imtahanı nəticələrinə əsasən, mənşəyindən asılı olmayaraq vəzifəyə təyin edilmiş məmurlar icra etməyə başladı. Hesabatlılıq  iki nüsxədə aparılır, saxlanılmaq üçün mərkəzi arxivə təhvil verilib. Elan edilməmiş təftişlər, çarpaz yoxlamalar tətbiq edilirdi.

Qədim Avropada mühasibatlıq

Mühasibatın tarixində ikili yazılışdan istifadə uçota yeni baxış demək idi. Tarixçilər ikili mühasibatlığın elementlərinin qədim Romada qeydə alındığını qeyd edirlər. O dövrlərdə romalılara amortizasiya anlayışı da məlum idi. İkili yazılış, mühasibat uçotunun yaranması İtaliyanın intibah dövrünə təsadüf edir.

İkili yazılış sistemi XIII-XIV əsrdə yaranmış, onlardan Şimali İtaliyanın bir sıra ticarət mərkəzlərində faydalanmışlar. Genuyada tapılmış tarixi bələdiyyə yazılarında ikili yazılış sistemi 1340-cı ilə aiddir. Daha erkən ikili yazılış Florensiyanın ticarət firmalarında (1299-1300-cü illər), eləcə də Şampan (Fransa) əyalətində ticarət aparan firmalarda aşkar edilmişdir. Uçotu ilk sistemləşdirən Fransiskan rahibi Luka Paçoli idi. Onun uçot yazılışlarının mahiyyətini açıqlayan «Hesablar və yazılışlar haqda traktat»-ı (1494-cü il) mühasibatın tarixində yeni mərhələ idi.

Müasir dövrdən fərqli olaraq mühasibatın tarixinin bu mərhələsində:

  • dövrün mühasibat uçotu yalnız fərdi sahibkarı informasiyalarla təmin edir, bütün məlumatlar gizli saxlanılırdı;
  • həmin dövrdə mülkiyyətçi ilə təşkilatın əmlakı arasında məhdudiyyət yox idi;
  • təşkilat, hesabat, hesabat dövrü anlayışları müəyyən edilməmişdi;
  • pul vahidinin çoxluğu ikili mühasibatlıqdan istifadəni ləngidirdi.

Mühasibat uçotunun inkişaf tarixinin sonrakı dövrlərində Luka Paçolinin davamçıları:

  • Alvize Kazanova (1558) – gəmiqayırmada;
  • Di.Pietro (1586) – kilsə təsərrüfatında, banklarda;
  • A. Masketti (1610) – sənayedə;
  • Lyudoviko Flori (1636) – mehmanxana, dövlət təşkilatlarında;
  • Bastiano Benturi (1655) – kənd təsərrüfatında sistemli uçotun tətbiqini inkişaf etdirirdilər.

İri sənayenin yaranması, rabitənin inkişafı, dünya ticarətinin dövriyyəsinin artması, qiymətli kağızlar bazarının formalaşması, bazar iştirakçılarının çoxalması kənar istifadəçilərin uçot məlumatlarına tələbatını, paralel olaraq mühasibat uçotunun qurulması xidmətinə tələbatı artırırdı. Bütün bunlar 19-cu əsrin ikinci yarısı, 20-ci əsrin birinci onilliyində mühasibat uçotunun bir elm kimi formalaşmasına təkan verdi.

İslam  mühasibat modelinin formalaşması 

İslamın beşiyi sayılan ərəb ölkələrində neft yataqlarının kəşfi onları dünya bazarına çıxardı. Sürətli inkişaf daxili ticarətin inkişafı səviyyəsində donmuş mühasibat uçotunun inkişafına təkan verdi. Bütün bunlar İslam ölkələrində dini və sosial ənənələrinə əsaslanan mühasibat modelinin hazırlanmasına təkan verdi. Bunu İslam mühasibatının tarixi inkişafının başlanğıc mərhələsi saymaq olar. Dünya ərəb iqtisadi möcüzəsi ilə yanaşı, islam iqtisadiyyatı haqqında danışmağa başladı.

İslam ölkələrinin inkişafında böyük sıçrayış iqtisadi proseslərə keyfiyyətcə yeni yanaşmaların tətbiqini zəruri etdi. Elmi  dövriyyəyə “İslam iqtisadiyyatı modeli”, “İslam mühasibat modeli” şəklində təqdim edilən “İslam iqtisadiyyatı” anlayışı daxil oldu. Bunu  mühasibatın tarixi inkişafında İslam səhifəsi də saymaq olar.

Təbii ki, “İslam iqtisadiyyatı” anlayışı boş yerdə yaranmamışdı. Şərq ölkələrinin iqtisadiyyatının inkişaf tarixi qədim köklərə malikdir, orta əsrlərə gedib çıxır, əsasları Qərbdəki həmkarlarından xeyli qabaq bəzi iqtisadi qanunları kəşf edib tətbiq edən müsəlman alimlərinin iqtisadi inkişaf problemlərinə həsr olunmuş əsərlərində qoyulmuşdur. Təəssüf ki, son vaxtlara qədər bu əsərlər əsassız olaraq unudulmuşdur.

Orta əsrlərdə İslam iqtisadi sisteminin əsas prinsiplərinin inkişafına ən böyük töhfəni Əbu Yusif, Əbu Həmid Məhəmməd ibn Məhəmməd əl-Qəzali ət-Tusi, Əbdürrəhman ibn Məhəmməd Xəldun əl-Xədrami kimi alim-ensiklopedistlər vermişlər.

Şərq alimləri ilk uçot kitabının məhz şərqdə meydana çıxdığını deyirlər. Belə ki, şərq alimlərindən olan Abdullah ibn Muhəmməd İbn Kiya Əl Mazandaraninin 1363-cü ildə çap olunmuş “Risalei Fələkiyyə / Kitabus Siyaqat” adlı əsərində mühasibat uçotu dəftərlərindən, ikili qeydiyyat sistemindən, mühasibatlığa aid müxtəlif mövzulardan bəhs edilmişdir. Bu əsəri mühasibatın tarixinə İslami ilk elmi yanaşma kimi qəbul etmək olar.

İbn Xəldun çoxlu sayda iqtisadi qanunları Qərbdə rəsmi şəkildə dərc edilməmişdən bir neçə əsr əvvəl kəşf edərək yazılarında təqdim etmişdir. O, Adam Smiti qabaqlayaraq əmək bölgüsünə ehtiyac olduğunu, Devid Rikkardodan daha tez əmək dəyəri prinsipini, D.Keynsdən əvvəl isə sabitləşmə siyasətinin həyata keçirilməsində dövlətin rolunu sübut etmişdi.

Əbu Yusif “Kitab əl-Xərəc” əsərində vergitutmanın xüsusiyyətlərini tədqiq edərək, ilk dəfə olaraq indi iqtisadiyyatda klassik sayılan əsas prinsipləri formalaşdırmışdır. Bunlar aşağıdakılar idi:

  • vergi idarəsinin mərkəzləşdirilməsi;
  • vergilərin vergi ödəyicisi üçün əlverişli vaxtda ödənilməsi;
  • ödəyicinin vergiləri ödəmək qabiliyyətli olması.

Əl-Qəzalinin əsərlərində vergi və dövlət maliyyəsi ilə bağlı suallar açıqlanır. Ümumiyyətlə, müsəlman alimlərinin əsərlərində İslam iqtisadi modelinin inkişafının xüsusiyyətləri, mühasibat uçotunun əsas istiqamətləri təqdim olunur.

Beləliklə, biz bu yazıda mühasibatın tarixi inkişafının müəyyən mərhələlərinə nəzər saldıq. Uçotun tarixi haqqında ətraflı məlumatı “Mühasibat tarixi” bölməsindən oxumaq olar.

Print Friendly, PDF & Email