Pul vəsaitlərinin müəssisə üçün əhəmiyyəti
Pul vəsaitləri, pul vəsaitlərinin ekvivalentləri istənilən müəssisədə önəmli aktiv hesab edilir. Onlar ən likvid aktivlər olmaqla istənilən kommersiya müəssisənin və onun payçılarının (səhmdarlarının) nail olmaq istədiyi son nəticə, son aktivdir. Çünki kommersiya müəssisələri gəlir, yəni pul vəsaiti əldə etmək məqsədiylə yaradılıb fəaliyyət göstərirlər.
Bu o demək deyil ki, qeyri-kommersiya təşkilatlarında pul vəsaitləri əhəmiyyət daşımır, əksinə, bəlkə də onların fəaliyyətlərində daha dəyərli aktivdir. Belə ki, onların mövcudluğu, nail olmaq istədikləri sosial, ictimai məqsədlər birbaş puldan asılıdır. Amma qanunla onların sahibkarlıq fəaliyyətləri məhdudlaşdırılıb, buna görə görə onlar, qrantlardan, ianələrdən, digər köçürmələrdən asılı olurlar.
Bütün bunlara əsaslanaraq deyə bilərik ki, pul vəsaitləri, onların ekvivalentləridüzgün nəzarət edilməli olan aktivlərdir. Məhz bu səbəbdən “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” (statement of cash flows) mühasibat uçotu subyektləri üçün önəm daşıyır.
Aşağıdakıları başa düşmək üçün şirkətin hesabatlarında nağd pul və pul ekvivalentlərinə diqqət yetirilməsi vacibdir:
- şirkətin pul “yastığı” varmı;
- onlarla qısamüddətli öhdəlikləri ödəyə biləcəkmi;
- şirkət öz likvidliyini nə qədər effektiv idarə edir. Məsələn, pul vəsaitlərinin və onların ekvivalentlərinin məbləği qısamüddətli öhdəlikləri əhəmiyyətli dərəcədə üstələyirsə, şirkət daha gəlirli alətlərdə yerləşdirmədən potensial gəlirini itirir.
Pul vəsaitlərinə nəzarət həm də ona görə önəmlidir ki, müflis olmuş şirkətlər barədə tədqiqatlara əsasən onların müflis olmasına səbəb azrentabelli olmaları deyil, pul vəsaitlərindən düzgün istifadə etməmələridir. Əgər siz kassanızda, bank hesablarınızda olan vəsaitləri effektiv idarə edə bilməsəniz, müflisləşməyiniz, sadəcə zaman məsələsi olacaqdır.
Müəssisələrdə pul vəsaitləri milli, həmçinin xarici valyutalarda ola bilər. Bununla bağlı qanunla hər hansı məhdudlaşdırma yoxdur. Xarici valyuta vəsaitlərinə bəzən sadəcə qısa olaraq valyuta vəsaitləri deyilir. Pul vəsaitləri təşkilatın kassasında, bankında, habelə sərəncam sahibi olduğu digər yerlərdə yerləşdirilir.
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri
Pul vəsaitləri və onların ekvivalentlərinin (Cash and cash equivalents) MHBS-a uyğun olaraq təsnifat və tanınması “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” adlı 7 saylı Mühasibat Uçotunun Beynəlxalq Standartına (IAS 7) əsasən həyata keçirilir.
Həmin standarta görə “Pul vəsaitləri kassada olan pul vəsaitlərinin qalığı, bank hesablarında saxlanılan və tələb edilə bilən depozitdir.”
Pul vəsaitlərinin ekvivalentlərini isə IAS7 “qısa ödəniş müddətinə malik olan, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərin dəyişməsi kimi cüzi riskə məruz qalan yüksək likvidli qoyuluşlar” kimi xarakterizə edir. Qısa ödəniş müddətli dedikdə, investisiyanın alındığı tarixdən onun ödəmə müddətinə qədər qalan üç aylıq dövr başa düşülür. Pul vəsaitlərinin ekvivalentləri investisiyalar və ya digər məqsədlər üçün deyil, qısamüddətli pul öhdəlikləri üçün istifadə olunur.
Təsnifat və tanınma
Pul vəsaitləri və onların ekvivalentlərinə aşağıdakılar daxildir:
- kassada olan pul vəsaitləri;
- yolda olan pul vəsaitləri;
- istifadə üçün mühasibat uçotu subyektlərinin bank hesablarında milli və xarici valyutada olan vəsaitlər;
- limitləşdirilmiş çek kitabçaları;
- üç aya qədər müddətə tələb olunan depozitlər;
- ödəmə tarixləri olan və ya alınma tarixindən üç aydan çox olmayan müddət ərzində satışı planlaşdırılan digər yüksək likvidli qiymətli kağızlar.
İnkassasiya edilmiş, amma bank hesabına köçürülməmiş pul vəsaitləri yolda olan pul vəsaitlərinin tərkibinə daxil edilir.
Alınma tarixinə daha uzun ödəmə müddəti olan investisiyalar, ödəmə müddətinə qalan müddət üç aya qədər azaldıqdan sonra da pul vəsaitlərinin ekvivalentinə çevrilmir.
İnvestisiyaların pul vəsaitlərinin ekvivalentləri kimi tanınması üçün onlar:
- qısamüddətli (ödəmə müddəti 90 gündən az);
- yüksək likvidli (asanlıqla nağd pula çevrilə bilən;
- onların dəyərində dəyişiklik riski aşağı olmalıdır.
Bank overdraftları alınan kreditlər və borcların tərkib hissəsi kimi əks etdirilir.
Bankın ilk tələbi əsasında ödənilən və pul vəsaitlərinin hərəkətinin idarə edilməsi siyasətinin tərkib hissəsini təşkil edən bank overdraftları pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məqsədləri üçün pul vəsaitlərinin və ya onların ekvivalentlərinin qalaqlarına daxil edilir.
İstifadəsinə məhdudiyyətlər qoyulmuş pul vəsaitləri istifadədə məhdudiyyət müddətindən asılı olaraq digər dövriyyə yaxud uzunmüddətli aktivlər kimi və ya onların məbləği əhəmiyyətli olduqda ayrıca sətirdə göstərilir.
Pul vəsaitlərinin uçotu
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinin uçotu Hesablar Planının 22-ci maddəsi üzrə açılan hesablarda aparılır. Bunlar aşağıdakılardır:
| Pul vəsaitləri və onların ekvivalentləri | |
| Hesabın nömrəsi | Hesabın adı |
| 221 | Kassa |
| 222 | Yolda olan pul köçürmələri |
| 223 | Bank hesablaşma hesabları |
| 224 | Tələblərə əsasən açılan digər bank hesabları |
| 225 | Pul vəsaitlərinin ekvivalentləri |
221 saylı “Kassa” hesabında milli yaxud xarici valyutada bütün nağd pul vəsaitləri üzrə məlumatlar əks olunur.
Mühasibat uçotu subyektləri banka təhvil vermək, yaxud öz filial, şöbələrinə vermək məqsədi ilə yolladığı vəsaitləri 222 saylı “Yolda olan pul köçürmələri” hesabında qeydə alınır. Bu hesabdan xarici valyutanın konvertasiyası zamanı da istifadə edilir.
Köhnə hesablar planında bank hesablarının uçotu üçün nəzərədə tutulmuş 51 saylı hesabı yeni hesablar planında 223 saylı “Bank hesablaşma hesabları” əvəz edib. Həmin hesab kassa hesabında olduğu kimi, istər xarici, istər yerli valyutada bank hesablarında olan pul vəsaitlərinin əks etdirilməsi üçün istifadə edilir.
Akkreditivlər, digər xüsusi bank hesablarındakı vəsaitlərin hərəkətinin uçotu üçün üçün 224 saylı “Tələblərə əsasən açılan digər bank hesabları” nəzərdə tutulub.
Çek kitabçaları, talonlar, göndəriş vərəqələri, qiymətli kağızları, poçt markalarını və pul vəsaitlərinin digər ekvivalentlərinin uçotu 225 saylı hesabda aparılır.