Mikro və kiçik biznes seqmentində QR ödənişlərin payı artacaq

posted in: Xəbər | 0

AZ-QR sistemi sahibkarlar üçün bir sıra mühüm üstünlüklər təqdim edir. Bu mexanizm kart əsaslı ödənişlərlə müqayisədə daha aşağı əməliyyat xərcləri ilə fərqlənir. Bu barədə “vergiler.az”ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Əlavə olunub ki, ödənişlərin Ani Ödənişlər Sistemi üzərindən həyata keçirilməsi vəsaitlərin anında sahibkarın hesabına daxil olmasını təmin edir, eyni zamanda nağd pul dövriyyəsinin azalmasına və əlavə inzibati xərclərin minimuma endirilməsinə şərait yaradır.

QR ödənişlərin nağdsız dövriyyəyə təsirlərinə gəlincə, AMB-dən bildirilib ki, xüsusilə, mikro və kiçik biznes seqmentində QR ödənişlərin payının əhəmiyyətli dərəcədə yüksələcəyi gözlənilir: “Beynəlxalq təcrübə və ilkin yerli müşahidələr göstərir ki, QR ödənişlərin geniş tətbiqi nağdsız ödənişlərin ümumi dövriyyədə payının artmasına, kiçik məbləğli gündəlik ödənişlərin mərhələli şəkildə rəqəmsallaşmasına və nağd puldan istifadə səviyyəsinin azalmasına səbəb olur. Mövcud proqnozlara əsasən, AZ-QR istifadəsinin genişləndirilməsi ilə orta müddətdə nağdsız ödəniş dövriyyəsində artım tempinin yüksələcəyi, xüsusilə, mikro və kiçik biznes segmentində QR ödənişlərin payının əhəmiyyətli dərəcədə yüksələcəyi gözlənilir” – deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, hazırda AZ-QR standartının tətbiqi üzrə işlər aktiv genişlənmə mərhələsindədir. AMB-nin koordinasiyası ilə AZ-QR ölkə üzrə hesab əsaslı, vahid QR ödəniş mexanizmi kimi formalaşdırılıb və Ani Ödənişlər Sistemi üzərindən istifadəyə verilib. Hazırkı mərhələdə əsas diqqət ödəniş xidmətləri təchizatçıları tərəfindən texniki inteqrasiyaların yekunlaşdırılmasına, dinamik və statik QR ödəniş ssenarilərinin tətbiq sahəsinin genişləndirilməsinə, ticarət və xidmət sektorunda qəbul şəbəkəsinin ardıcıl şəkildə böyüdülməsinə, eləcə də normativ-hüquqi çərçivənin və tarif mexanizmlərinin optimallaşdırılmasına yönəldilib.

AMB-dən bildirilib ki, artıq ölkənin aparıcı banklarının bir qismi AZ-QR ekosisteminə inteqrasiya olunub və müştərilərinə QR ödənişləri üzrə funksionallıq təqdim etməyə başlayıblar. Bir sıra banklar AZ-QR standartı üzrə texniki inteqrasiyanı tamamlayıb. Onlar Ani Ödənişlər Sistemi üzərindən QR ödənişlərinin həyata keçirilməsini təmin edirlər. Digər banklarla da inteqrasiya prosesləri və təqdim olunan funksionallığın genişləndirilməsi mərhələli şəkildə davam etdirilir.

Mühasibat xidmətləri

Mənbə: vergiler.az

Kişilər üçün ödənişli məzuniyyət necə hesablanır?