Sınaq balansının hazırlanma məqsədi
Sınaq balansı (yaxud yoxlama balansı) maliyyə hesabatlarının hazırlanmasının əsas mərhələlərdən biridir. Düzgün tərtib olunmuş sınaq balansı maliyyə hesabatları üzrə düzgün nəticələrin əldə olunmasına imkan yaradır. Onun hazırlanma məqsədini qısaca qeyd edək:
- maliyyə hesabatlarının hazırlanması üçün ilkin məlumat alətidir;
- bu balans formasının hazırlanması qeydlərin digər mühasibat kitablarında aparılmasını zəruri edir (hər hesabın debet, kreditində əks etdirilən məlumatların uçotununun ayrıca aparılması);
- hazırlanma prosesində yaranan uyğunsuzluqlar üzrə düzəlişlər uçot hesablarındakı səhvlərin aradan qaldırılmasın təmin edir.
Sınaq balansı aşağıdakı iki formadan biri seçilməklə təqdim edilir:
- balansda yalnız son qalıqlar öz əskini tapır, yaxud;
- hesabatda dövrün əvvəlinə, hesabat dövrü ərzində, dövrün sonuna məlumatlar əks etdirilir: bunu dövriyyə qalıq cədvəli də adlandıra bilərik.
Sınaq balansı baş kitab tərtib edildikdən sonra hazırlanır. Əsasən cədvəl şəklində olub, baş kitabda olan hesabların debet, kredit sütunlarının əks etdirən siyahıdır. Bu zaman əsas tələb debet və kredit qalıqlarının bərabərliyinin gözlənilməsidir.
Hər bir müəssisə maliyyə-təsərrüfat fəaliyyətində baş vermiş proseslərin, dəyişikliklərin doğru uçota alınmasını istəyirsə, hər hesabat dövrünün sonuna sınaq balansını hazırlamalıdır.
Nəzərə almaq lazımdır ki, sınaq balansında tərəflərinin bir-birinə bərabər olması, yəni maliyyə bərabərliyinin gözlənilməsi, hələ heç də əməliyyatların ilkin qeydiyyatının düzgün aparılması anlamına gəlmir. Belə ki, debet və kredit qalıqları bir-birinə bərabər olsa da, uçotda aşkarlanmayan səhvlər ola bilər. Belə səhvlərə səhv tərtib edilmiş, ümumiyyətlə uçota alınmamış əməliyyatları nümunə göstərmək olar, yəni, sınaq balansı riyazi səhvləri aradan qaldırsa belə, mühasibatlıqda ilkin qeydlər zamanı buraxılmış səhvləri aşkarlanmaya bilər.
Hesabat hazırlanarkən uçot hesablarını qeyd edərkən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına Əsasən Mühasibat Uçotunun Aparılması Qaydalarına” uyğun ardıcıllığı nəzərə almağımız maliyyə hesabatının hazırlanması daha asan edə bilər.
Sınaq balansının hazırlanma mərhələləri
Sınaq balansının (ixtisarla SB) hazırlanması aşağıdakı 3 mərhələni əhatə edir :
- ilkin SB
- düzəliş olunmuş SB
- son SB
Adından göründüyü kimi ilkin sınaq balansı ilkin uçot qeydlərinə əsasən formalaşır. Bu mərhələdə hazırlanmış balans hesabatı son maliyyə hesabatlarının hazırlanmasında istifadə edildikdə düzgün nəticə alınmaya da bilər. Çünki müəssisənin fəaliyyət göstərdiyi müddətdə müəyyən əməliyyatlar baş verir ki, bunlar da öz növbəsində maliyyə-təsərrüfat əməliyyatlarına təsir edir, onların nəticələrini dəyişdirir. Dəyişikliklər düzəliş olunmuş sınaq balansında uçota alınmaqla tamamlanır. Düzəliş olunmuş sınaq balansı məlumatlarına əsasən “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabat hazırlaya bilərik.
İlkin sınaq balansına nümunə
Aşağıda verilmiş ilkin sınaq balansı cədvəlinə baxaq:
“A” MMC-nin 3-cü rüb üçün olan sınaq balansı verilib. Həmin rüb ərzində baş verən bütün maliyyə-təsərrüfat əməliyyatları balansda əks etdirilib.
| “A” Məhdud məsuliyyətli cəmiyyəti | ||
| 30 Sentyabr 2022-ci il | ||
| İlkin Sınaq Balansı | ||
| DT | KT | |
| Torpaq, tikili, avadanlıq | 4600,00 | |
| Mallar | 4900,00 | |
| Debitor borclar | 4400,00 | |
| Pul vəsaitləri | 15450,00 | |
| Nizamnamə (nominal) kapitalı | 22100,00 | |
| Kreditor borcları | 1475,00 | |
| Əmək haqqı öhdəliyi | 1400,00 | |
| Satışdan gəlir | 4400,00 | |
| Xidmətdən gəlir | 3275,00 | |
| Əmək haqqı xərci | (1900,00) | |
| Amortizasiya xərci | (1400,00) | |
| Dividend | ||
| Yekun | 29350,00 | 29350,00 |
Cədvəldən göründüyü kimi xərclər balansın kredit tərəfində mənfi şəkildə qeyd edilib. Əslində xərclərin debetdə uçota alındığını, ilin sonunda kredit tərəfdə əks olunaraq mənfəətə bağlandığını bilirik. Xərcləri bu şəkildə yazmaqda məqsəd balansın məlumatlarını xərclər qədər şişirtməməkdir. Əgər debet hissədə olduğu kimi yazsaq, nümunədəki cəmi 3300 manat qədər real olmayan artıq məbləğin yaranmasına gətirib çıxaracaqdır. Buna əsaslanaraq yanlış maliyyə qərarlarının verilməsi müəssisə üçün yaxşı nəticələr verməyə bilər.
Düzəliş olunmuş sınaq balansı
4-cü rüb tamamlandıqdan sonra ilkin balansda lazımi düzəlişlər edilmiş, həmin rüb ərzində olan bütün maliyyə-təsərrüfat əməliyyatları balansa əlavə edilib. Edilmiş düzəlişlər:
- digər müəssisədən 12000 manat avans alınmışdır;
- malların satılması nəticəsində 60000 manatlıq pul vəsaitləri daxil olmuşdur.
| “A” Məhdud məsuliyyətli cəmiyyəti | ||
| 31 Dekabr 2022-ci il | ||
| Düzəliş olunmuş Sınaq Balansı | ||
| DT | KT | |
| Torpaq, tikili, avadanlıq | 4600,00 | |
| Debitor borclar | 4400,00 | |
| Pul vəsaitləri | 87450,00 | |
| Nizamnamə (nominal) kapitalı | 22100,00 | |
| Kreditor borcları | 1475,00 | |
| Əmək haqqı öhdəliyi | 1400,00 | |
| Alınmış avans öhdəliyi | 12000,00 | |
| Satışdan gəlir | 64400,00 | |
| Xidmətdən gəlir | 3275,00 | |
| Maya dəyəri xərci | (4900,00) | |
| Əmək haqqı xərci | (1900,00) | |
| Amortizasiya xərci | (1400,00) | |
| Yekun | 96450,00 | 96450,00 |
Son sınaq balansına nümunə
Sonda, müvəqqəti (köməkçi) hesablar olan gəlir, xərc, habelə mənfəət hesablarını bağlayırıq və onların nəticələrini son sınaq balansında nəzərə alırıq. Edilmiş düzəlişlər:
- müvəqqəti(köməkçi) bağlanmışdır;
- mənfəət vergisi hesablanmış, ödənilib.
| “A” Məhdud məsuliyyətli cəmiyyəti | ||
| 31 Dekabr 2022-ci il | ||
| Son Sınaq Balansı | ||
| DT | KT | |
| Torpaq, tikili, avadanlıq | 4600,00 | |
| Debitor borclar | 4400,00 | |
| Pul vəsaitləri | 75555,00 | |
| Nizamnamə (nominal) kapitalı | 22100,00 | |
| Kreditor borcları | 1475,00 | |
| Əmək haqqı öhdəliyi | 1400,00 | |
| Alınmış avans öhdəliyi | 12000,00 | |
| Bölüşdürülməmiş mənfəət | 47580,00 | |
| Yekun | 84555,00 | 84555,00 |
Uğurla tərtib edilən sınaq balansı əsasında MVHH və MZHH-in hazırlanması mərhələsi başlanır.
