Dövlət qurumunda çalışan işçinin atası 1993-cü ildə Qarabağ döyüşlərinin iştirakçısı olub, 2009-cu ildə vəfat edib. Əməkdaş 2010-cu ildən həmin dövlət qurumunda çalışır. Döyüşçü övladı üçün 2019-cu ildən Vergi Məcəlləsində güzəşt müəyyən edilsə də, o, bu barədə 2023-cü ildə məlumatlandıqdan sonra təsdiqedici sənədlərini təqdim edib və güzəştin 2010-cu ildən tətbiq edilməsini tələb edib. Sözügedən güzəşt həmin işçiyə münasibətdə hansı tarixdən tətbiq olunmalıdır?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Sözügedən azadolma həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarına münasibətdə 2019-cu ilin yanvarın 1-dən tətbiq edilir.
Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən əsas iş yerinə təqdim edilməli olan müvafiq güzəşt hüququnu təsdiq edən sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərar ilə təsdiq edilib və Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlər həmin Qərar ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndinə əsasən müəyyən edilib.
Buna əsasən, sorğuda göstərilən halda həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçünün övladı olaraq müvafiq təsdiqedici sənəd əsas iş yerinə təqdim edilməklə həmin şəxsin muzdlu işdən əldə olunan gəlirlərinə 400 manat vergi güzəşti tətbiq oluna bilər. Bu zaman güzəşt hüququnu təsdiq edən müvafiq sənədin əsas iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, sözügedən vergi güzəşti 2022-ci ilin yanvarın 1-dən tətbiq ediləcək.
Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsində edilmiş və 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 102-ci maddəsi, Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə tənzimlənir.
Mənbə: vergiler.az

