Vergidən yayınma halları və onunla mübarizə metodları

posted in: Xəbər | 0
birbank biznes

vergidən yayınmanın qarşısının alınması, Vergidən yayınma, 2022-ci il əməkhaqqıdan tutulmalar, əməkhaqqıdan tutulmalar, 2022-ci il üçün əməkhaqqıdan tutulmalar,Vergidən yayınmanın səbəbləri

Vergidən yayınma dedikdə, verginin azaldılaraq yaxud tamamən yayındırılaraq büdcəyə yönəldiməməsi istiqamətində məqsədyönlü hərəkətlər (hərəkətsizliklər) başa düşülür.

Vergidən yayınmanın hüquqi nöqteyi-nəzərdən kifayət sayda müxtəlif, çoxsaylı formaları vardır. Sözügedən formaların müəyyənləşdirilməsi, onların geniş şəkildə öyrənilməsi vergidən yayınma səbəblərinin müəyyənləşdirilməsində olduqca əhəmiyyətli sayılır. Vergidən yayınmanın şərti olaraq aşağıdakı 3 yerə ayıra bilərik:

  • bilavasitə vergini ödəməmək;
  • yaxud az ödəmək, habelə vergidən yankeçmə;
  • qanundan istifadə edərək, onu pozmadan vergidən yayınma.

Vergidən yayınma hallarının aşkarlanması, vergidən yayınma ilə effektiv mübarizə yollarının tapılmasından ötrü ilk növbədə vergidən yayınmanın səbəbləri, mövcud prosesi doğuran hallar aşkarlanmalıdır.

Ölkədə fəaliyyətdə olan iqtisadi sistemdən, ölkənin sosial-iqtisadi vəziyyətindən, əhalinin yaşayış, gəlir səviyyəsindən, psixoloji durumundan asılı olaraq hər bir ölkədə vergidən yayınma səviyyələri fərqlənə bilər. Bəzən vergidən yayınmanın  səbəblərində də müxtəliflik olması mümkündür.

Amma vergidən yayınmanın ümumi səbəbləri mövcuddur ki, həmin səbəblərə bütün ölkələrin iqtisadiyyatlarında rast gəlinir. Bunlara aşağıdakıları aid etmək olar:

  • mənəvi səbəblər;
  • siyasi səbəblər;
  • iqtisadi səbəblər;
  • texniki – hüquqi səbəblər.

Vergidən yayınmanın mənəvi səbəbləri qanunvericiliyin xarakterilə əlaqəlidir. Vergi qanunvericiliyinin özünə xas xüsusiyyətləri, onu digər qanunlardan fərqləndirir. Yəni digər qanunlara aid ümumilik, daimilik, qərəzsizlik kimi şərtlər vergi qanunlarına şamil olunmur.

Vergiylə bağlı qanunvericiliyin ümumi olmaması ayrı-ayrı vergi ödəyicilərinə güzəştlərin verilməsində özünü biruzə verir. Müəyyən qrup vergi ödəyicilərinə güzəştlərin verilməsi, güzəştlərə sahib olmayan vergi ödəyicilərində ədalətsizlik hissinin formalaşmasına səbəb olur. Beləliklə, vergi ödəyiciləri güzəştli vergi ödəyicilərilə aralarında bərabərliyi təmin etməyə çalışırlar. Belə bərabərləşdirmə aləti kimi isə vergidən yayınmadan istifadə olunur.

Vergidən yayınmanın siyasi səbəbləri o zaman meydana çıxır ki, dövlət vergilərdən yalnız öz xərclərini ödəməyə görə deyil, həm də iqtisadi siyasətin bir aləti kimi istifadə etmiş olsun. Dövlət vergilərdən iqtisadi siyasət aləti kimi istifadə etməklə, iqtisadi sektorda müəyyən sahələrin xüsusi çəkisini azaltmaq məqsədilə vergilərin dərəcələrini yüksəldir. Bunun əksinə perspektivli hesab etdiyi , inkişaf etdirmək istədiyi sahələrdə isə vergiləri azaldır, stimul xarakterli müəyyən güzəştlər tətbiq edir. Nəticədə yüksək vergilərin tətbiq olunduğu sahələrdə bir sıra şəxslər tərəfindən vergidən yayınma halları baş verir.

Vergidən yayınmanın iqtisadi səbəblərini müəssisənin maliyyə vəziyyəti ilə əlaqəli olan səbəblər, ümumi iqtisadi konyukturanın yaratdığı səbəblər olmaqla iki qrupa ayırırlar.

Yayınmanın digər səbəbi də texniki-hüquqi səbəblər hesab olunur. Adı çəkilən səbəblər vergi sisteminin mürəkkəbliyi nəticəsində meydana çıxır. Vergi sisteminin mürəkkəb quruluşu səmərəli nəzarəti həyata keçirməyə maneçilik törədir. Nəticədə bəzi şəxslər vergidən yayınmağa imkan qazanmış olurlar.

Vergidən yayınmanın qarşısının alınması

Büdcəyə daxilolmaların həcmini artırmaq, büdcə gəlirlərinin azalmasının qarşısını almaq, iqtisadi inkişafı təmin etməkdən ötrü yayınma hallarının qarşısının alınması, belə hallarla mübarizə olduqca önəmlidir. Yayınmanın qarşısının alınması üçün əsas tədbirlərə aşağıdakılar aid edilir :

1. Yüksək dərəcələr istismara, yayınma hallarının artmasına səbəb olur. Dövlət dərəcələrin ödəyicilərinin vəziyyətinə uyğun olaraq müəyyənləşdirməli, güzəştlər həyata keçirməlidir. Lakin dövlət həmin addımı atarkən dərəcələrin, güzəştlərin elə bir həddini müəyyənləşdirməlidir ki, həm dövlət büdcəsinin gəlirlərinin həcmi azalmasın, həm də ödəyicilərin üzərinə ağır vergi yükü düşməsin.

2. Vergi sisteminin olduqca mürəkkəb olması ödəyicilərin ağır bir yük qarşısında qoyur. Vergidən yayınmanın qarşısının alınması üçün vergi sistemi sadələşdirilməli, vergi sistemi barədə vergi ödəyiciləri məlumatlandırılmalıdır.

3. Məlumdur ki, vergidən yayınma halları ilə effektli mübarizə aparmaq gücləndirilmiş vergi nəzarəti həyata keçirilməlidir. Hazırda Respublikamızda vergi ödəyicilərinin çox kiçik bir faizinə effektiv şəkildə nəzarət etmək mümkündür, vergi ödəyicilərinin böyük bir hissəsi nəzarətdən kənarda qalırlar ki, bu da yayınma hallarını artırır. Bu problemi həll etmək, nəzarət sistemini gücləndirmək üçün vergi orqanları ilə ödəyicilər arasında elektron informasiya mübadiləsi gücləndirilməli, elektorn nəzarət həyata keçirilməli, vergi orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsi artırılmalıdır.

4. Respublikamızda dolayı vergilərin birbaşa vergilərə nisbətdə daha yüksək paya sahib olduğunu bilirik, bu fərq də vergidən yayınma hallarını artırır. Bu fərqin aradan qaldırılması, vergidən yayınmanın qarşısının alınması baxımından faydalı ola bilər.

5. Yayınma ilə mübarizə üçün atılacaq növbəti addım isə vergi əməliyyatlarında şəffaflığın təmin edilməsidir. Bu vergi ödəyiciləri tərəfindən ciddi hesabat blankları təqdim etməklə malların alınıb – satılmasından, vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun düzgün aparılmasından, yalnız əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra fiziki şəxslərin işlərin görülməsi, xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsindən başlanır.

Müəllif: İlqar Əsədov


Print Friendly, PDF & Email