Cəmil Əsədov / accounting.az saytının redaktoru
Asılı müəssisələrə investisiyaların uçotu
Bəzi şirkətlər digər şirkətlərə əhəmiyyətli investisiya yatırır, amma bu, tam nəzarəti təmin etmir və beləliklə, onlar törəmə şirkətə çevrilmirlər. İnvestor və şirkət arasındakı münasibətlərin xarakteri sadə investisiyadan, yəni vəsaitlərin passiv qoyuluşundan fərqlənəcək. Belə investisiyaların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinin 15-cü maddəsinin 151-ci “Asılı müəssisələrə investisiyalar” hesabında aparılır.
Asılı müəssisələrə qoyuluşları investorun maliyyə hesabatlarında düzgün əks etdirmək üçün 28 №-li “Asılı müəssisələrə və birgə müəssisələrə investisiya qoyuluşları” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartları (IAS 28) istifadə olunur.
Bu standartın məqsədi:
- asılı müəssisələrə investisiyaların uçotunu təyin etmək, və;
- asılı və birgə müəssisələrə investisiyaların uçotu zamanı iştirak payı metodununtətbiqinə dair tələbləri müəyyən etməkdir (IAS28:1)
Standart investisiya obyektinə (asılı və ya birgə müəssisə) birgə nəzarəti və ya üzərində əhəmiyyətli təsiri olan investorlar olan bütün müəssisələrə tətbiq edilir (IAS28:2)
151-ci hesabın tətbiqi zamanı istifadə edilən əsas anlayışlar
151 №li “Asılı müəssisələrə investisiyalar” hesabının tətbiqi zamanı istifadə edilən əsas anlayışların şərhi aşağıda qeyd edilib (IAS28:6):
- asılı müəssisə – bu investorun əhəmiyyətli təsirə malik olduğu müəssisədir;
- iştirak payı metodu – investisiyanın əvvəlcə ilkin dəyəri ilə tanındığı və daha sonra investorun investisiya obyektinin xalis aktivlərindəki payında alışdan sonrakı dəyişikliklər üzrə düzəlişlərin edildiyi mühasibat uçotu metodudur;
- birgə müəssisə elə birgə razılaşmadır ki, bu razılaşma üzərində nəzarəti olan tərəflər onun xalis aktivlərinə sahibdirlər;
- əhəmiyyətli təsir investisiya obyektinin maliyyə və əməliyyat siyasəti qərarlarında iştirak etmək səlahiyyətikimi müəyyən edir, lakin bu siyasətlərə nəzarət və ya birgə nəzarət deyil.
Əhəmiyyətli təsir necə sübut edilə bilər?
151-ci “Asılı müəssisələrə investisiyalar” hesabında uçot zamanı istifadə edilən “əhəmiyyətli təsir” (significant influence) anlayışı IAS 28-in 5-6 bəndi ilə müəyyən edilir.
Əhəmiyyətli təsirin əsas göstəricisi (birbaşa və ya dolayısı ilə) investisiya obyektinin səs hüququ verən səhmlərinin 20%-dən çoxuna sahib olmaqdır. Lakin burada bir “əmma” var!
Bu, ciddi bir qayda deyil və elə hallar olur ki, belə bir pay əhəmiyyətli təsirə uyğun gəlmir. Bəzən elə olur ki, investor 20%-dən çox səsə (lakin 50%-dən az) sahib olduqda investisiya obyekti üzərində nəzarəti ələ alır.
Tutaq ki, ABC şirkəti XYZ-nin 40%-nə sahibdir. Qalan 60% isə hər birinin payı 1%-dən çox olmayan çoxlu sayda kiçik investorlar arasında bölünür. Bu halda, ABC səslərin nəzarət çoxluğuna (50%-dən çox) malik deyil və onun payı 20%-dən artıqdır ki, bu da əhəmiyyətli təsir göstərə bilər.
Lakin burada bir məqam var; digər investorların hər biri ən çox 1%-ə sahib olduğundan, əsas qərarlarda ABC-nin səsini üstələmə ehtimalı çox aşağıdır, ona görə də ABC şirkəti əhəmiyyətli təsirdən daha çox XYZ üzərində effektiv şəkildə nəzarət edə bilər. Odur ki, bu vəziyyəti daha ətraflı araşdırmaq lazımdır.
Əhəmiyyətli təsiri sübut etməyin digər yollarına aşağıdakılar daxildir:
- investor şirkətin direktorlar şurasına (və ya digər ekvivalent idarəetmə orqanına) daxildir;
- investor şirkətin siyasətlərinin işlənib hazırlanması prosesində (dividendlərin ödənilməsi ilə bağlı qərarlar daxil olmaqla) iştirak edir;
- investorla şirkət arasında əhəmiyyətli dərəcədə iri əməliyyatlar var.
- investor və şirkət arasında idarə heyətinin mübadiləsi aparılır.
- şirkət investoru lazımi texniki və idarəetmə məlumatları ilə təmin edir.
Əhəmiyyətli təsirin olub-olmadığını qiymətləndirərkən, həmişə potensial səsvermə hüquqlarını nəzərdən keçirmək lazımdır.
151-ci “Asılı müəssisələrə investisiyalar” hesabı üzrə uçotun xüsusiyyətləri
151 saylı hesab balans aktivləri sırasında uzunmüddətli maliyyə aktivləri bölməsində yer alır. İlkin investisiya dəyəri ilə tanınır və sonrakı dövrlərdə iştirak payı metodu ilə dəyişdirilir.
Mühasibat balansında yerləşmə:
- Aktivlər / Uzunmüddətli investisiyalar/ Asılı müəssisələrə investisiyalar (151)
Hesab üzrə əməliyyatların tərkibi, müxabirləşmələrin verilməsi, uyğun subhesabların açılması AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Bu hesab aşağıdakı hesablarla birgə iştirak payı metodu ilə uçota alınmış investisiyaların uçotu üçün nəzərdə tutulub:
- 152 №li hesab: “Birgə müəssisələrə investisiyalar”;
- 153 №li hesab: “Asılı və birgə müəssisələrə investisiyaların dəyərinin azalmasına görə düzəlişlər”.
Yuxarıda qeyd etdiyimiz kimi 151 saylı hesabı digərlərindən fərqləndirən xüsusiyyət onun asılı (assosiativ – associates) hüquqi şəxslərə münasibətdə istifadə olunmasıdır.
Bu hesabın başlıca funksiyası investorun uzunmüddətli və nəzarət yönümlü investisiyalarını qeydiyyata almaq və onların dəyişikliklərini maliyyə hesabatlarında iştirak payı metodu ilə düzgün əks etdirməkdir. Hesabın əsas məqsədləri sırasına bunları da aid etmək olar:
- investisiyaların uçotunu beynəlxalq və milli mühasibat standartlarına uyğun aparmaq;
- idarəetmədə iştirakın nəticəsi olaraq investorun mənfəət/zərərdəki payını tanımaq;
- konsolidasiya edilmiş hesabatlara keçidi sadələşdirmək;
- dividendlərin, yenidən qiymətləndirmələrin və dəyər dəyişikliklərinin düzgün uçotunu təmin etmək.
Asılı müəssisələrə investisiyalar hesabı həm maliyyə sabitliyi baxımından müəssisənin uzunmüddətli aktivlər strukturunu, həm də strategiya və korporativ idarəetmə qərarları baxımından nəzarət etdiyi sahələri aşkara çıxarmağa imkan verir.
Hesab üzrə müxabirləşmələr
AR MN kollegiyasının yuxarıda qeyd edilən qaydalarının 16.2 bəndinə əsasən “151 №li “Asılı müəssisələrə investisiyalar” hesabında mühasibat uçotu subyektinin asılı təsərrüfat cəmiyyətlərinə qoyulmuş investisiyalarının hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir. İnvestorun mühasibat uçotu subyektinin xalis aktivlərindəki payına görə əhəmiyyətli təsirə malik olduğu hallarda, belə investisiyalar “Asılı müəssisələrə investisiyalar” kimi tanınmaqla uçotda əks etdirilir.”
Asılı müəssisələrə qoyulmuş hər bir investisiya üzrə uyğun subhesab açılır. 151-ci hesab üzrə mühasibat yazılışları subhesablar üzrə həmin qaydaların 16-cı bölməsinin ayrı-ayrı maddələrinin tələbləri nəzərə alınmaqla tənzimlənir. Aşağıda bu maddələrdən bəzi nümunələr verilib:
- asılı müəssisəyə qoyulmuş investisiya məbləğinin ilkin dəyərinin tanınması – maddə 16.5;
- investisiya obyektindən mənfəət əldə edildikdə – maddə 16.6.1;
- investisiya obyektindən zərər əldə edildikdə-maddə 16.6.2;
- investisiya obyektindən əldə olunan bölüşdürmələr, o cümlədən dividendlər – maddə 16.8 və sairlər.
Aşağıdakı nümunələr 151-ci “Asılı müəssisələrə investisiyalar” hesabının mühasibat uçotunda tətbiqini praktiki nümunələrlə izah edir.
Asılı müəssisəyə ilkin investisiya qoyuluşu üzrə müxabirləşmələr
“AAA MMC” 2025-ci ilin yanvar ayında “XXX QSC”-nin 40% payını 200,000 AZN ödəməklə alır.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Asılı müəssisəyə investisiya nağdsız qoyulub | 151 “Asılı müəssisələrə investisiyalar” | 223 “Bank hesablaşma hesabları” | 200000.00 |
| 2 | Asılı müəssisəyə investisiya nağd qoyulub | 151 “Asılı müəssisələrə investisiyalar” | 221 – “Kassa” | 200000.00 |
| 3 | Asılı müəssisəyə investisiya (pul vəsaitlərinin ekvivalenti ilə) qoyulub | 151 “Asılı müəssisələrə investisiyalar” | 225 – “Pul vəsaitlərinin ekvivalentləri” | 200000.00 |
Asılı müəssisənin mənfəətindən payın tanınması və dividendin alınması
- “XXX QSC” 2025-ci ilin 1-ci yarısında 50,000 AZN mənfəət əldə edir. “AAA MMC” “XXX QSC”-də iştirak payı 40% olduğundan mənfəətdə payı 20000 manatdır;
- “XXX QSC” 30,000 AZN dividend elan edir. 40% iştirak payına görə divident 12,000 AZN.
Qeyd edilən Qaydaların 16.6.1 və 16.8 maddələrinə uyğun olaraq (dividendlər investisiyanın balans dəyərini azaldır) belə olacaq:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Asılı müəssisənin mənfəətindən payın hesablanması | 151 “Asılı müəssisələrə investisiyalar” | 811 “Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay “– | 20000.00 |
| 2 | Asılı müəssisənin mənfəətindən payın tanınması | 811 “Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay | Kredit: 341 “Hesabat dövründə xalis mənfəət” | 20000.00 |
| 3 | Asılı müəssisənin elan etdiyi dividenddə payın tanınması | 217 “Digər qısamüddətli debitor borclar” | 151 “Asılı müəssisələrə investisiyalar” | 12000.00 |
| 4 | Asılı müəssisədən dividend payının alınması | 223 “Bank hesablaşma hesabları” | 217 “Digər qısamüddətli debitor borclar” | 12000 |
Qeyd: Müxabirləşmə ödəniş formasından asılı olaraq 223-“Bank hesablaşma hesabları” əvəzinə 221- “Kassa” yaxud 225 – “Pul vəsaitlərinin ekvivalentləri” hesabları vasitəsi ilə də verilə bilər.
İnvestisiya obyektinin kapitalında, habelə asılı müəssisələrə investisiyaların balans dəyərində dəyişikliklər
Müxabirləşmə nümunələrinə keçməzdən öncə qeyd edək ki, Qaydaların 16.9. maddəsinə görə “Asılı müəssisəyə investisiya qoyuluşunun bir hissəsi vençur fondu, trast və ya sığorta fondu tərəfindən saxlanılırsa, mühasibat uçotu subyekti vençur fondu, trast və ya sığorta fondunun investisiyanın həmin hissəsi üzərində mühüm təsirə malik olub-olmamasından asılı olmayaraq, bu investisiyanı 9 №li “Maliyyə alətləri” adlı Maliyyə Hesabatlarının Beynəlxalq Standartına uyğun olaraq mənfəət və ya zərərdə əks olunan ədalətli dəyərlə qiymətləndirmək hüququna malikdir. Mühasibat uçotu subyekti bu seçimi etdikdə, o investisiyanın vençur fondu, trast və ya sığorta fondu tərəfindən saxlanılmayan hissəsini iştirak payı metodu ilə uçota almalıdır.”
Kapitalda artım (yenidən qiymətləndirmə) və ədalətli dəyər metoduna əsasən asılı müəssisələrə investisiyaların balans dəyərinin artımına mühasibat yazılışları uyğun olaraq Qaydaların 16.7.1 və 16.10 maddəsinə əsasən verilir.
Aşağıdakı hallara baxaq:
- investisiya obyektinin torpaq, tikili və avadanlıqlarının yenidən qiymətləndirilməsi nəticəsində kapitalda dəyişiklik (artım) baş verir və investorun payına 10,000 AZN düşür;
- investisiyanın bazar qiyməti 8,000 AZN artmışdır və müəssisə bu artımı ədalətli dəyər metodu ilə tanıyır.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Asılı müəssisənin əsas vəsaitləri yenidən qiymətləndirilməsi, kapitalda artım | 151 “Asılı müəssisələrə investisiyalar” | Kredit: 331 “Yenidən qiymətləndirmə üzrə ehtiyat” | 10000.00 |
| 2 | İnvestisiyanın bazar artımının ədalətli dəyər ilə qiymətləndirmə | 151 “Asılı müəssisələrə investisiyalar” | 611-2 “Yenidən qiymətləndirmədən gəlirlər” | 8000.00 |
| 3 | İnvestisiyanın bazar artımının ədalətli dəyər ilə gəlir kimi tanınması | 611-2 “Yenidən qiymətləndirmədən gəlirlər” | 801- Ümumi mənfəət (zərər) | 8000.00 |
Qeyd: Müxabirləşmə dividendin ödəniş formasından asılı olaraq 223-“Bank hesablaşma hesabları” əvəzinə 221- “Kassa” yaxud 225 – “Pul vəsaitlərinin ekvivalentləri” hesabları vasitəsi ilə də verilə bilər.
Asılı müəssisələrə investisiyalar hesabı üzrə digər yazılışlar
151-ci hesabdakı 70,000 AZN investisiya satışa çıxarılır.
“XXX QSC” asılı müəssisə sayılmır və investisiya ədalətli dəyərlə yenidən təsnif edilir, ədalətli dəyər = 95,000 AZN.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Asılı müəssisədəki investisiya satış üçün təsnif edilir | 231 “Satış məqsədilə saxlanılan investisiyalar” | 151 “Asılı müəssisələrə investisiyalar” | 70000.00 |
| 2 | Əhəmiyyətli təsir itkisi nəticəsində investisiya yenidən təsnif edilir | Debet: 183 “Digər uzunmüddətli investisiyalar” | 151 “Asılı müəssisələrə investisiyalar” | 95000.00 |
Bu nümunələr 151-ci “Asılı müəssisələrə investisiyalar” hesabı üzrə debet və kredit hərəkətini, habelə 811 və 341 hesablarının funksiyalarını, dividendlərin tanınma və ödəniş mərhələlərini özündə əks etdirir.
