Əməkhaqqından alimentin hesablanması

posted in: Xəbər | 0

Aliment Azərbaycan Respublikasının qanunvericiliyində

Uşaqları saxlamaq valideynlərin borcudur. Uşaqların saxlanması qaydaları və formaları valideynlər tərəfindən müstəqil müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilmiş bu vəzifə valideynlər tərəfindən könüllü icra edilmədikdə uşaqların saxlanması üçün vəsaitin – alimentin hesablanması və ödənilməsi məhkəmə qaydasında təmin edilir.

Latın dilində “alimentium” sözündən götürülən və “saxlanmaq, öhdədə olmaq” mənasında işlədilən aliment ailə üzvlərinin öhdəliyi kimi yuxarıda qeyd edilən Məcəllənin beşinci bölməsində, valideynlərin və uşaqların aliment öhdəlikləri isə həmin bölmənin 13-cü fəsillində şərh olunub.

Valideynlər uşaqlarını təmin etmək üçün bərabər məsuliyyət daşıdıqları üçün həm ata, həm də ana uşaq üçün aliment ödəyə bilər. Alimentin hesablanması zamanı əsas götürülən əməkhaqqı və digər gəlirlərin növləri “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” AR NK-nin 23.05.2001-ci il tarixli 98 saylı qərarı ilə tənzimlənir.

Alimentin hesablanmasına fərqli yanaşmalar

Qərarın 7-ci maddəsinə əsasən “aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.” Təcrübədə bu maddənin icrasına fərqli yanaşmalarla rastlaşmaq olar. Bu fərqli yanaşmanı aradan qaldırmaq üçün “FIN” MMC-nin mütəxəssisləri tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ilə müraciət edildi. Sorğu alimentin hesablanması zamanı rast gəlinən iki yanaşmanı əhatə edir, daha konkret desək:

Mühasibat xidmətləri
  • əməkhaqqından aliment hesablanması aparıldıqdan sonra DSMF-yə tutulmalar edilir?, yoxsa;
  • aliment DSMF-ya tutulmalar edildikdən sonra qalıq məbləğdən hesablanaraq ödənilir?

Göründüyü kimi bu iki yanaşmada fərq alimentin hesablanması prosesinin məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının tutduqdan əvvəl yaxud sonra aparılmasıdır.

Bunu nümunələrdə izah edək:

Nümunə: Dövlət müəssisəsində çalışan işçi 800 manat əməkhaqqı alır. Məhkəmənin qərarı ilə onun aylıq əməkhaqqından 20 % tutularaq ödənilməsi müəyyən edilib. Qeyd etdiyimiz fiziki şəxsin gəlir vergisi hər iki yanaşmada eynidir və 84 manat ((800-200) *14% = 600 * 14%) olacaq.

1-ci yanaşma

Alimentin hesablanması: 143,20 manat ((800-84)*20% = 716*20%)
Bu yanaşmada icbari tutulmalar əməkhaqqından aliment çıxıldıqdan sonra qalan məbləğdən, yəni 656.80 (800-143,20) manatdan hesablanır. Uyğun faiz dərəcələrini tətbiq etsək:

  • sosial sığorta haqqı (3 %) 19,70 manat;
  • işsizlikdən sığorta haqqı (0,5 %) 3,28 manat;
  • icbari tibbi sığorta haqqı(2%) 13,14 manat olacaqdır.

Bu halda işçi tutulmalar çıxıldıqdan sonra 536,68 (800 – 84- 143,20 –(19,70 + 3,28 +13,14)) manat əməkhaqqı alacaq.

2-ci yanaşma

Bu halda alimenti hesablanması vergilərin və icbari ödənişlərin tutulmasından sonra aparılır. İcbari tutulmalar fiziki şəxsə hesablanmış vergi əməkhaqqından çıxıldıqdan sonra qalan məbləğə (716 manata) uyğun faiz dərəcələri tətbiq edilməklə hesablanır, yəni:

  • sosialsığorta haqqı: 716 * 3 % = 21.48 manat;
  • işsizlikdənsığorta haqqı: 694,52 * 0,5 % = 3,47 manat;
  • icbaritibbi sığorta haqqı: 691,05 * 2 %= 13,82 manat;
  • vergi və icbari tutulmalar tətbiq edildikdən sonra qalan məbləğ 677,23 (800- (84 + 21,48 + 3,47 + 13,82)) manat olacaq.

Bu məbləğdən aliment hesablayaq: 677,23 * 20%=135.45 manat
Alimentin hesablanması aparıldıqdan sonra işçiyə çatacaq əməkhaqqı 677,23-135,45=541,78 manat olacaq.

3-cü yanaşma

Vergiler.az saytında başqa bir yanaşmada şərh edilib. Həmin yanaşma ilə biz sizi saytımızda tanış etmişik (bax: “Aliment net, yoxsa gross əməkhaqqından tutulmalıdır?”)

Bütün bu şərhlərdən sonra  “FİN” MMC Dövlət Vergi Xidmətinə sorğusunda aşağıdakı suallara münasibət bildirilməsin xahiş edib:

  • Vergi qanunvericiliyi baxımından sizə təqdim edilən yanaşmaların hansı düzgün hesab edilir?
  • Əməkhaqqından DSMF tutulmaları edildikdən sonra aliment ödənişi edilməlidir, yoxsa aliment ödənişi edildikdən sonra DSMF tutulmaları olmalıdır?

Aliment hesablanmasına DVX-nin yanaşması

Qeyd edilən sorğuya İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin rəis müavini, baş vergi xidməti müşaviri  İlkin Həsənov tərəfindən hazırlanmış cavabda deyilir: “Bildiririk ki, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. Alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən qanunvericiliklə müəyyən edilmiş qaydada vergilər tutulduqdan sonra qalan məbləğdən aliment tutularaq onu alan şəxsə ödənilir.

Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları isə aliment ödənildikdən sonra qalan məbləğdən tutulur.”

DVX-nin cavabında daha sonra belə yanaşmanı əsaslandıran normativ hüquqi aktlar sadalanıb.

Cavabdan göründüyü kimi, DVX alimentin hesablanması zamanı istifadə olunan 1-ci yanaşmanı doğru hesab edir. Bu hesablamalar zamanı yarana biləcək anlaşılmazlığı ardan qaldırır, səhv hesablamaların tərəflərə vuracağı ziyanın və maliyyə sanksiyalarının qarşısını alır.

Dövlət Vergi Xidmətin cavabının tam mətni ilə buradan tanış olmaq olar.

Vergi ödəyicisi hansı hallarda ƏDV qeydiyyatını ləğv edə bilər?