Amortizasiya ayırmalarının gəlirdən çıxılması

posted in: Xəbər | 0
birbank biznes

məzuniyyətin hesablanması, Fərdi zirehli geyimlərin idxalı, vergidən azad, Vakansiya: Vergi uçotu üzrə Mühasib, Borc vəsaitlərinin alınması, Borc vəsaitləri, Sabit sadələşdirilmiş vergi,Amortizasiya – aktivlərin faydalı xidmət müddəti ərzində amortizasiya dəyərinin müntəzəm surətdə azalması deməkdir. Vergitutma məqsədləri üçün gəlirdən çıxılmasına yol verilən xərclər sırasında amortizasiya xərcləri mühüm əhəmiyyət kəsb edir.

Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev “vergiler.az” saytına mövzu ilə bağlı şərh verib:

Mühasibat uçotunda bir neçə amortizasiya metodu var. Bunlar – düzxətli metod, qalıq dəyəri metodu, istehsal metodu və istifadə müddətinin illərinin cəmi metodudur. Vergi Məcəlləsinə görə, əsas vəsaitlərin amortizasiyası qalıq dəyəri metodu ilə hesablanır. Məcəlləyə əsasən, amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

• binalar, tikililər və qurğular – 7%-dək;

• maşınlar və avadanlıq – 20%-dək;

• yüksək texnologiyalar məhsulu olan hesablama texnikası – 25%-dək;

• nəqliyyat vasitələri – 25%-dək;

• iş heyvanları – 20%-dək;

• geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər – 25%-dək;

• qeyri-maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;

• digər əsas vəsaitlər – 20%-dək.

Vergi Məcəlləsinin 114.1- ci maddəsinə əsasən, sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Misal 1 : Fərdi sahibkarın məhsul istehsalında istifadə etdiyi vergi ilinin sonuna qalıq dəyəri 50.000 manat olan dəzgahı ( maşın ) və qısa müddətli icarəyə verdiyi ( balansında qalmaqla ) vergi ilinin sonuna qalıq dəyəri 40.000 manatlıq binası vardır. Amortizasiya ayırmasının gəlirdən çıxılan məbləğini müəyyən edək:

Misaldan göründüyü kimi, fərdi sahibkarın məhsul istehsalında istifadə etdiyi dəzgahı ( maşın ) sahibkarlıq məqsədləri üçün istifadə edilir, binanın icarəyə verilməsi isə Vergi Məcəlləsinin 99.3-cü maddəsinin 3-cü bəndinə əsasən qeyri-sahibkarlıq faəliyyətinə aid edilir. Amortizasiyanın gəlirdən çıxılan məbləğini müəyyən edək:

Fərdi sahibkarın dəzgah ( maşın ) üzrə amortizasiya ayırmasının vergi ili ərzində gəlirdən çıxılan maksimal məbləği 10.000 manat ( 50 000 * 20 % ), binası üzrə amortizasiya ayırmasının vergi ili ərzində gəlirdən çıxılan maksimal məbləği 2800 manat ( 40.000 * 7 % ) olacaqdır.

Bəs əsas vəsaitlərin qalıq dəyəri necə olacaq ?

Bu halda dəzgah üzrə vergi ilinin sonuna amortizasiya çıxıldıqdan sonra qalıq dəyəri 40.000 manat (50.000- 10.000), binalar üzrə isə 37200 manat (40.000 – 2800) olacaqdır.

Qeyd: Mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal, kiçik sahibkarlıq subyektləri isə 1.5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Qeyd etmək istəyirəm ki, Vergi Məcəlləsi əsas vəsaitlərin hər bir kateqoriyası üzrə ən yüksək amortizasiya normalarını müəyyən edir. Ancaq hər bir vergi ödəyicisinin daxili-iqtisadi siyasətinə uyğun olaraq əsas vəsaitlərin hər bir kateqoriyasını aşağı dərəcələrlə amortizasiya edə bilər. Sual oluna bilər ki, belə olan halda əsas vəsaitin hər bir kateqoriyası üzrə amortizasiyanın gəlirdən çıxılan məbləği necə müəyyən olunur?

Qeyd edim ki, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən, hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.

Misal 2: Müəssisə balansında olan vergi ilinin sonuna qalıq dəyəri 100.000 manat olan nəqliyyat vasitəsini 20 %-lə (maksimal norma 25%-dir) amortizasiya etmişdir. Amortizasiya ayırmasının gəlirdən çıxılan məbləğini müəyyən edək.

Müəssisənin nəqliyyat vasitəsi üzrə amortizasiya ayırmasının vergi ili ərzində gəlirdən çıxılan məbləği 20.000 manat (100.000 * 20% ) olacaqdır. Ancaq göründüyü kimi müəssisə amortizasiyanı 5% aşağı norma ilə etmişdir. Bu halda yaranan 5000 manat fərq (100.000 * 25% – 100.000 * 20%) növbəti ilin amortizasiya ayırmasının gəlirdən çıxılan məbləğinə aid ediləcək. Nəqliyyat vasitəsinin vergi ilinin sonuna qalıq dəyəri (amortizasiya çıxıldıqdan sonra) 80.000 manat (100.000 – 20.000) olacaqdır.

Mənbə: vergiler.az


Bax:


Print Friendly, PDF & Email