Azərbaycanda filialın qeydiyyatı: sənədlər və qaydalar

posted in: Xəbər | 0

Əcnəbilərin Azərbaycada biznes qurmaq üçün hansı variantları var?

Azərbaycanda biznes qurmaq və regionda iqtisadi mövcudluğunu təmin etmək istəyən xarici biznes üçün yerli qanunvericilikdə bir neçə variant nəzərdə tutulub:

  • filial açmaq;
  • nümayəndəlik açmaq;
  • törəmə (asılı) müəssisə – ASC yaxud MMC yaratmaq.

İstər Azərbaycanda filialın qeydiyyatı olsun, istər nümayəndəliyin, yaxud MMC yaradılsın, sənədləşmə prosesi düzgün aparılarsa, hər üç varianta biznes subyekti  təsisçi müəssisə qarşısında cavabdeh olur.  Təsisçi biznesi şəxsən idarə edir yaxud idarəetməni başqa bir şəxsə həvalə edir.

Hüquqi çərçivə

Xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının hüquqi statusu və onların investisiya fəaliyyəti  AR Mülki Məcəlləsi  və 22 iyun 2022-ci il tarixli №551-VIQ nömrəli “İnvestisiya fəaliyyəti haqqında” respublika qanunu ilə müəyyən edilir.

  • Mülki Məcəllənin 53.1-ci maddəsinə görə nümayəndəlik “hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi”-dir.
  • 2-ci maddəyə görə filial “hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi”-dir.
  • 1-ci maddəyə görə məhdud məsuliyətli cəmiyyət “bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət”-dir.

Azərbaycanda  MMC, nümayəndəlik və filialın qeydiyyatı  “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatının xüsusiyyətləri bu qanunun 6-cı maddəsinə uyğun aparılır.

Mühasibat xidmətləri

Məhdud Məsuliyyətli Cəmiyyətin qeydiyyatın prosesi ilə buradan ətraflı tanış olmaq olar.

Azərbaycanda nümayəndəlik və ya filialın açılması

Mülki Məcəllə ilə müəyyən edilmiş hüquqi çərçivədən göründüyü kimi, nümayəndəliklər və filiallar çox oxşardır. Qanuna görə, onlar xarici şirkətlərin bölmələridir və xarici şirkət özü onların fəaliyyəti üçün hüquqi və maliyyə məsuliyyəti daşıyır. Nümayəndəlik və ya filialın qeydiyyat prosesi də oxşardır – eyni sənədlər tələb olunur və eyni tələblər tətbiq olunur.

Onlar arasında fərq filialın nümayəndəlikdən fərqli olaraq kommersiya fəaliyyəti ilə məşğul ola bilməsidir. Nümayəndəlik əsasən birbaşa satış olmadan bazara daxil olmaq və qanuni maraqları qorumaq üçün istifadə edilir. Bu məqalədə hər iki təşkilat formasını nəzərdə tutan “filial” anlayışından istifadə ediləcək.

Azərbaycanda filialın açılması üçün aşağıdakı prosedurlar həyata keçirilməlidir:

  1. filialın əsasnaməsinin hazırlanması;
  2. filialın qeydiyyatı üçün sənədlərin toplanması;
  3. qeydiyyat üçün müraciətin təqdim edilməsi;
  4. dövlət qeydiyyatı haqqında sənədlərin alınması;
  5. qeydiyyatdan sonrakı təşkilati işlər.

Filialların rəhbərləri onu təsis edən hüquqi şəxs tərəfindən təyin edilir və etibarnamə əsasında fəaliyyət göstərir.

Azərbaycanda kommersiya qurumu açmaq üçün konsultasiya xidməti təklif edirik!

Filialın əsasnaməsi və qeydiyyat sənədləri

Nümayəndəlik və ya filial hüquqi şəxs deyil, o, təsisçi hüquqi şəxsin təsdiq etdiyi əsasnamə əsasında fəaliyyət göstərirlər. Əsasnamədə əsasən bu məlumatlar qeyd edilir:

  • təsisçi xarici hüquqi şəxsin adı və təşkilati-hüquqi forması, təsis edildiyi ölkədəki ünvanı;
  • filialın adı, Azərbaycanda yerləşdiyi yer;
  • filialın yaradılması, açılması məqsədləri və fəaliyyət növləri;
  • xarici hüquqi şəxsin filialının idarə edilmə qaydaları.

Təsisçi əsasnaməyə Azərbaycan qanunvericiliyinə zidd olmayan digər məlumatlar da daxil edə bilər. Əsasnamə 2 nüsxədə hazırlanır, filial açmaq istəyən xarici hüquqi şəxs  yaxud səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilir. Filialın yaradılması haqqında qərar, habelə filialın rəhbərinin təyin edilməsi barədə xarici hüquqi şəxsin qərarının əsli yaxud notariat qaydasında təsdiq edilmiş surətini də (şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə edilir) hazırlamaq lazımdır.

Azərbaycanda filialın qeydiyyatı

Azərbaycanda şirkət və onların filiallarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin qurumları vasitəsi ilə aparılır. Qeydiyyat həm də onların vergi uçotuna durması sayılır. Xarici şirkət Azərbaycanda filialın qeydiyyatı üçün notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”-ni hazırlayır və təqdim edir. Ərizəyə yuxarıda qeyd edilən sənədlərlə yanaşı bunlar da əlavə olunur:

  • “Təsisçi-hüquqi şəxslər barədə məlumat”
  • filialın təsisçisi olan hüquqi şəxsin xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər (notariat qaydasında təsdiq və leqallaşdırılmaqla);
  • hüquqi ünvanı təsdiq edən sənəd;
  • dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz) – hazırda 300 manatdır;
  • filialı açmaq istəyən xarici hüquqi şəxs tərəfindən verilmiş etibarnamənin əsli yaxud surəti (notariat qaydasında təsdiq və leqallaşdırılmaqla);
  • filial xüsusi vergi rejimində fəaliyyət göstərəcəksə – “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat”;
  • ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi;
  • ərizə vəkil edilmiş şəxs tərəfindən imzalanarsa-etibarnamə;
  • xarici bankların və sığorta şirkətlərinin filialları yaradıldıqda-Mərkəzi Bankın və Maliyyə Nazirliyinin ilkin razılığını təsdiq edən sənəd.

Dövlət qeydiyyatı haqqında sənədlərin alınması

Xarici şirkətin təqdim etdiyi sənədlərdə çatışmamazlıq olmadığı halda, şirkətin Azərbaycanda filialının qeydiyyatı aparılır, ona dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd – dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir.

Qeydiyyat zamanı təqdim edilmiş müvafiq məlumatlar hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.

Dövlət qeydiyyatına alınmış xarici  hüquqi şəxsin filialına verilən qeydiyyat şəhadətnaməsində və dövlət reyestrindən çıxarışda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) göstərilir. Sonradan təsis sənədlərinə edilən dəyişiklik, habelə qeydə alınmış faktların dəyişikliyi qeydiyyata alınmalıdır.

Azərbaycanda filialın qeydiyyatından sonrakı təşkilatı işlər

Filialı idarə edəcək rəhbər şəxs yerli qanunvericiliyə uyğunluğa görə məsuliyyət daşıyır. Məsələn, əcnəbi işçilər üçün iş icazələrinin, müvafiq fəaliyyət növləri üçün lisenziyaların alınmaması, əmək müqavilələrinin bağlanmaması, vergi hesabatlarının vaxtında verilməməsi və qanunvericiliklə müəyyən olunmuş digər tələblərə əməl olunmaması maliyyə cərimələrinə səbəb ola bilər.

Maliyyə itkilərindən qaçmaq üçün bütün prosesləri düzgün rəsmiləşdirmək lazımdır. Azərbaycanda filial qeydiyyatı zamanı Accounting.Az MMC sizə kömək edər.