Nağdsız hesablaşmalar haqqında Qanunda dəyişiklik edilib

posted in: Xəbər | 0

Nağdsız hesablaşmalarPrezident İlham Əliyev “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Qanuna edilən dəyişikliklərə əsasən, nağdsız qaydada kənd təsərrüfatı sahəsində həyata keçirilən hesablaşmalar müəyyənləşib.

Belə ki, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi (birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar) ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilməyəcək.

Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilən malların sayı artırılıb.

Belə ki, siyahıya xam dərinin tədarükü (alışı) də əlavə edilib.


“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2053; 2017, № 7, maddə 1288; 2019, № 1, maddə 28) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 3.3-1-ci maddə əlavə edilsin:

“3.3-1. Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilmir.”.

2. 3.5.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.5.5-ci maddə əlavə edilsin:

“3.5.5. xam dərinin tədarükü (alışı).”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2020-ci il.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

8 gün qeyri-iş günü olacaq

posted in: Xəbər | 0

8 gün qeyri-iş günü olacaq

xüsusi karantin rejimi, lisenziyalar, icazələr, giriş-çıxış, fəaliyyət bərpa olunur, Azərbaycanda xüsusi karantin rejimi uzadıldı, İşsiz şəxslər üçün birdəfəlik ödəmə, İcbari tibbi sığorta, birdəfəlik ödəməNazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında qərar verib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.

Xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilib.

Müəyyən edilib ki, bu Qərarın 1.2-ci bəndində nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır.

Xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.


Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Azərbaycan Respublikasının ərazisində:

1.1. iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilsin;

1.2. xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilsin.

  1. Müəyyən edilsin ki:
2.1. bu Qərarın 1.2-ci bəndində nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır;

2.2. xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 15 may 2020-ci il
№ 177


Bax: Xüsusi karantin rejimi məhdudiyyətlərinin bir qismi yumşaldılacaq


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xüsusi karantin rejimi məhdudiyyətlərinin bir qismi yumşaldılacaq

posted in: Xəbər | 0

Xüsusi karantin rejimi məhdudiyyətlərinin bir qismi yumşaldılacaq

lisenziyalar, icazələr, giriş-çıxış, fəaliyyət bərpa olunur, Azərbaycanda xüsusi karantin rejimi uzadıldı, İşsiz şəxslər üçün birdəfəlik ödəmə, İcbari tibbi sığorta, birdəfəlik ödəməYeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə:

  • yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;
  • bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür;
  • restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur. (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);

Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Eyni zamanda 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə:

  • muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur;
  • 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.
Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır:
  • yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;
  • xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;
  • bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;
  • Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması;
  • ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;
  • dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;
  • toy məclislərinin təşkilinin qadağan olunması;
  • bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;
  • tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;
  • ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;
  • əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;
  • muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;
  • nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılıması;
  • ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;
  • Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;
  • tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;
  • idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
  • massaj və hamam xidmətlərinin göstərilməsi;
Fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.

Bir daha vurğulayırıq ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Bu baxımdan COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təşviş səbəbiylə insanların yol verdiyi 5 maliyyə səhvi

posted in: Maliyyə, Məqalə, Xəbər | 0

Təşviş səbəbi ilə insanların yol verdiyi 5 maliyyə səhvi

Son bir neçə ay ərzində bütün dünya böyük sarsıntı keçirib. Həyatın demək olar ki, bütün sahələri dəyişikliyə uğrayıb. İşdən tutmuş, istirahətə qədər, səyahətlərdən başlamış, gələcəklə bağlı planlara qədər. İqtisadi qeyri-müəyyənlik və çaxnaşma (panika) səbəbi ilə sizin maliyyənizə təsir edə biləcək çoxsaylı səhvlərə yol verilə bilər. Bu yazıda biz insanların böhran zamanı yol verdikləri 5 maliyyə səhvi barədə danışacağıq. Eləcə də həmin səhvlərdən necə yayınmaq barədə də məlumat verəcəyik.

Fövqəladə fondun olmaması

Bu cür qeyri-müəyyən iqtisadi zamanlarda maliyyə təhlükəsizliyi yastığı əminlik və rahatlıq bəxş edir.  O, şübhəli təkliflərdən qaçaraq və düşünülməmiş qərarlar qəbul etmədən sizə planlarınızı şüurlu şəkildə düzəltməyə imkan verir. Əgər fövqalədə fondunuz yoxdursa, əlbəttə, indi sizi buna görə məzəmmət və ya tənqid etmək ağılsızlıq olardı və ya ən azından düzgün olmazdı. Xüsusilə də siz öz işinizi və ya gəlirinizin bir hissəsini itirmisinizsə. Lakin bu, təcrübə sizdən ötrü böyük bir motivasiya olmalıdır. Özünüz üçün qərar verin ki, ayağa durmağa nail olduqdan sonrakı ilk işiniz fövqəladə vəziyyətlər üçün maliyyə təhlükəsizliyi yastığı yaratmaq olacaq.

Büdcənin (və ya onun korrektəsinin) olmaması

Növbəti səhv – bu, büdcənizin mövcud olmamasıdır. Bir çox adamlar büdcə tərtibi ilə bağlı məşğul olmağı hansısa darıxdırıcı və ağır bir iş kimi qəbul edirlər.  Bunun əvəzinə öz büdcənizə bir əyləncəli oyun münasibəti kimi yanaşmanı da sınaqdan keçirmək olar. Bu oyunun məqsədi – öz xərclərinizi optimallaşdırmaq, daha düzgün hədəflər qoymaqla hər dəfə yeni səviyyəyə yüksəldikcə, həmin məqsədlərə doğru irəliləməkdir. Siz “Ev mühasibatlığı” proqramı vasitəsilə öz büdcənizi aparmağa başlaya bilərsiniz.

Büdcə ilə əlaqəli daha bir səhv – onun korrektə olunmaması ilə bağlıdır. Bir çoxları büdcəni bir dəfə və həmişəlik tərtib edir və onda həyati vəziyyətlərə uyğun olaraq hər hansı bir düzəliş və ya korrektələr etmirlər. Amma nəzərə almaq lazımdır ki, bizim gəlirlərimiz və xərclərimiz daim dəyişikliyə uğrayır – biz işimizi itiririk və karyerada yüksəlişlərə nail oluruq. Əlavə qazanc yeri əldə edirik, sərmayə yatırmağa başlayırıq, ailə həyatı qururuq, valideynlərimizə kömək edirik və s. Prioritetlərimiz və hədəflərimiz dəyişikliyə uğrayır. O səbəbdən müəyyən müddətlərdə (minimum yarım ildən bir) və istənilən ciddi dəyişikliklər zamanı büdcəni təftiş etmək və ona zəruri düzəlişləri etmək lazımdır.

Təkbaşına oynamaq

Adamların bir çoxu digərləri ilə pul mövzusunu müzakirə etmək istəmirlər. Lakin əslində təcrübə mübadiləsi və problemlərin bölüşdürülməsi imkanı olduqca mühüm və faydalı bir şeydir. Maliyyə ilə bağlı rahatlıqla danışa biləcəyiniz birini tapmağa çalışın. Bu ər/arvad, valideyn və ya digər əhəmiyyətli bir qohum və ya dəyərləri və məqsədləri sizinkinə oxşar bir dostunuz ola bilər. Siz bir-biriniz üçün maliyyə məsləhətçisi ola bilərsiniz, öz məqsədlərinizi bölüşə və hədəfə çatmaq üçün addımlarınız barədə “hesabat” verə bilərsiniz.

Təklikdə fəaliyyət göstərmək cəhdi çox vaxt tələsik və ola bilsin ki, irrasional və emosional qərarlar qəbul eməyə aparıb çıxarır.

Səhmlər qiymətdən düşdükdən sonra onların satışı

Son iki səhv pullarını səhmlərə sərmayə yatıranlara aiddir. Hazırda biz son zamanlar fond bazarları tarixində ən böyük enişlərdən birini yaşayırıq. Lakin təcrübə onu da göstərir ki, böyük enişlərdən sonra həmişə həm də böyük yüksəlişlər dövrü başlanır. Əgər səhmləri ən aşağı qiymətlər anında satsanız, siz yalnız itkilərlə üzləşəcəksiniz və növbəti gəlirlərdən məhrum olacaqsınız.

Fond bazaranın məhz, nə vaxt ən zirvəyə yüksələcəyini və ya eniş yaşayacağını heç kim dəqiq şəkildə bilmir. Ona görə ən yaxşı tövsiyə – sadəcə səhmlərinizin qiymətinə həddən ziyadə diqqət etməməyiniz və səbrlə gözləməyiniz ola bilər. Lakin əgər sizin sərbəst pul vəsaitləriniz varsa, həmin məbləğləri səhmlərin ən aşağı qiymətə olduğu indiki zamanda həmin qiymətli kağızlara yatırmaq barədə də düşünə bilərsiniz.

Rəngarəng portfelin olmaması

Nəhayət sonuncu ən məşhur səhv – rəngarəng (müxtəlif) portfelin olmaması ilə əlaqəlidir. Hazırda fond bazarında enişin ortasıdır. Ola bilsin ki, portfelinizin korrektə olunması üçün elə də münasib bir zaman deyil. Lakin, ideal dünyada həmişə investisiyaların müxtəlifliyinə böyük diqqət yetirmək lazımdır. Səhmlər, istiqrazlar, valyutalar və digər investisiya növləri – portfelin rəngarəngliyinin əsasıdır. Bəzi sərmayə növləri bir-birlərini mənfi şəkildə korrelyasiya edirlər. Bu o deməkdir ki, onlardan birində eniş yaşanırsa, digəri yüksəlişdə olur. Bu bazardakı bəzi dəyişkənliyi zəiflətməkdə yardım edə bilər.

Ümid edirik ki, bu yazı böhranlar və ümumi çaxnaşmalar dövründə admların çox vaxt yol verdikləri 5 maliyyə səhvindən yayınmaqda kömək edə biləcək. İstənilən vəziyyətdə sizə qərarları sakitliklə, dərk edərəkdən qəbul eməyi arzu edirik!


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun