Xüsusi karantin rejimi məhdudiyyətlərinin bir qismi yumşaldılacaq

posted in: Xəbər | 0

Xüsusi karantin rejimi məhdudiyyətlərinin bir qismi yumşaldılacaq

lisenziyalar, icazələr, giriş-çıxış, fəaliyyət bərpa olunur, Azərbaycanda xüsusi karantin rejimi uzadıldı, İşsiz şəxslər üçün birdəfəlik ödəmə, İcbari tibbi sığorta, birdəfəlik ödəməYeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə:

  • yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;
  • bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür;
  • restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur. (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);

Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Eyni zamanda 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə:

  • muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur;
  • 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.
Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır:
  • yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;
  • xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;
  • bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;
  • Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması;
  • ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;
  • dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;
  • toy məclislərinin təşkilinin qadağan olunması;
  • bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;
  • tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;
  • ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;
  • əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;
  • muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;
  • nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılıması;
  • ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;
  • Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;
  • tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;
  • idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
  • massaj və hamam xidmətlərinin göstərilməsi;
Fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.

Bir daha vurğulayırıq ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Bu baxımdan COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təşviş səbəbiylə insanların yol verdiyi 5 maliyyə səhvi

posted in: Maliyyə, Məqalə, Xəbər | 0

Təşviş səbəbi ilə insanların yol verdiyi 5 maliyyə səhvi

Son bir neçə ay ərzində bütün dünya böyük sarsıntı keçirib. Həyatın demək olar ki, bütün sahələri dəyişikliyə uğrayıb. İşdən tutmuş, istirahətə qədər, səyahətlərdən başlamış, gələcəklə bağlı planlara qədər. İqtisadi qeyri-müəyyənlik və çaxnaşma (panika) səbəbi ilə sizin maliyyənizə təsir edə biləcək çoxsaylı səhvlərə yol verilə bilər. Bu yazıda biz insanların böhran zamanı yol verdikləri 5 maliyyə səhvi barədə danışacağıq. Eləcə də həmin səhvlərdən necə yayınmaq barədə də məlumat verəcəyik.

Fövqəladə fondun olmaması

Bu cür qeyri-müəyyən iqtisadi zamanlarda maliyyə təhlükəsizliyi yastığı əminlik və rahatlıq bəxş edir.  O, şübhəli təkliflərdən qaçaraq və düşünülməmiş qərarlar qəbul etmədən sizə planlarınızı şüurlu şəkildə düzəltməyə imkan verir. Əgər fövqalədə fondunuz yoxdursa, əlbəttə, indi sizi buna görə məzəmmət və ya tənqid etmək ağılsızlıq olardı və ya ən azından düzgün olmazdı. Xüsusilə də siz öz işinizi və ya gəlirinizin bir hissəsini itirmisinizsə. Lakin bu, təcrübə sizdən ötrü böyük bir motivasiya olmalıdır. Özünüz üçün qərar verin ki, ayağa durmağa nail olduqdan sonrakı ilk işiniz fövqəladə vəziyyətlər üçün maliyyə təhlükəsizliyi yastığı yaratmaq olacaq.

Büdcənin (və ya onun korrektəsinin) olmaması

Növbəti səhv – bu, büdcənizin mövcud olmamasıdır. Bir çox adamlar büdcə tərtibi ilə bağlı məşğul olmağı hansısa darıxdırıcı və ağır bir iş kimi qəbul edirlər.  Bunun əvəzinə öz büdcənizə bir əyləncəli oyun münasibəti kimi yanaşmanı da sınaqdan keçirmək olar. Bu oyunun məqsədi – öz xərclərinizi optimallaşdırmaq, daha düzgün hədəflər qoymaqla hər dəfə yeni səviyyəyə yüksəldikcə, həmin məqsədlərə doğru irəliləməkdir. Siz “Ev mühasibatlığı” proqramı vasitəsilə öz büdcənizi aparmağa başlaya bilərsiniz.

Büdcə ilə əlaqəli daha bir səhv – onun korrektə olunmaması ilə bağlıdır. Bir çoxları büdcəni bir dəfə və həmişəlik tərtib edir və onda həyati vəziyyətlərə uyğun olaraq hər hansı bir düzəliş və ya korrektələr etmirlər. Amma nəzərə almaq lazımdır ki, bizim gəlirlərimiz və xərclərimiz daim dəyişikliyə uğrayır – biz işimizi itiririk və karyerada yüksəlişlərə nail oluruq. Əlavə qazanc yeri əldə edirik, sərmayə yatırmağa başlayırıq, ailə həyatı qururuq, valideynlərimizə kömək edirik və s. Prioritetlərimiz və hədəflərimiz dəyişikliyə uğrayır. O səbəbdən müəyyən müddətlərdə (minimum yarım ildən bir) və istənilən ciddi dəyişikliklər zamanı büdcəni təftiş etmək və ona zəruri düzəlişləri etmək lazımdır.

Təkbaşına oynamaq

Adamların bir çoxu digərləri ilə pul mövzusunu müzakirə etmək istəmirlər. Lakin əslində təcrübə mübadiləsi və problemlərin bölüşdürülməsi imkanı olduqca mühüm və faydalı bir şeydir. Maliyyə ilə bağlı rahatlıqla danışa biləcəyiniz birini tapmağa çalışın. Bu ər/arvad, valideyn və ya digər əhəmiyyətli bir qohum və ya dəyərləri və məqsədləri sizinkinə oxşar bir dostunuz ola bilər. Siz bir-biriniz üçün maliyyə məsləhətçisi ola bilərsiniz, öz məqsədlərinizi bölüşə və hədəfə çatmaq üçün addımlarınız barədə “hesabat” verə bilərsiniz.

Təklikdə fəaliyyət göstərmək cəhdi çox vaxt tələsik və ola bilsin ki, irrasional və emosional qərarlar qəbul eməyə aparıb çıxarır.

Səhmlər qiymətdən düşdükdən sonra onların satışı

Son iki səhv pullarını səhmlərə sərmayə yatıranlara aiddir. Hazırda biz son zamanlar fond bazarları tarixində ən böyük enişlərdən birini yaşayırıq. Lakin təcrübə onu da göstərir ki, böyük enişlərdən sonra həmişə həm də böyük yüksəlişlər dövrü başlanır. Əgər səhmləri ən aşağı qiymətlər anında satsanız, siz yalnız itkilərlə üzləşəcəksiniz və növbəti gəlirlərdən məhrum olacaqsınız.

Fond bazaranın məhz, nə vaxt ən zirvəyə yüksələcəyini və ya eniş yaşayacağını heç kim dəqiq şəkildə bilmir. Ona görə ən yaxşı tövsiyə – sadəcə səhmlərinizin qiymətinə həddən ziyadə diqqət etməməyiniz və səbrlə gözləməyiniz ola bilər. Lakin əgər sizin sərbəst pul vəsaitləriniz varsa, həmin məbləğləri səhmlərin ən aşağı qiymətə olduğu indiki zamanda həmin qiymətli kağızlara yatırmaq barədə də düşünə bilərsiniz.

Rəngarəng portfelin olmaması

Nəhayət sonuncu ən məşhur səhv – rəngarəng (müxtəlif) portfelin olmaması ilə əlaqəlidir. Hazırda fond bazarında enişin ortasıdır. Ola bilsin ki, portfelinizin korrektə olunması üçün elə də münasib bir zaman deyil. Lakin, ideal dünyada həmişə investisiyaların müxtəlifliyinə böyük diqqət yetirmək lazımdır. Səhmlər, istiqrazlar, valyutalar və digər investisiya növləri – portfelin rəngarəngliyinin əsasıdır. Bəzi sərmayə növləri bir-birlərini mənfi şəkildə korrelyasiya edirlər. Bu o deməkdir ki, onlardan birində eniş yaşanırsa, digəri yüksəlişdə olur. Bu bazardakı bəzi dəyişkənliyi zəiflətməkdə yardım edə bilər.

Ümid edirik ki, bu yazı böhranlar və ümumi çaxnaşmalar dövründə admların çox vaxt yol verdikləri 5 maliyyə səhvindən yayınmaqda kömək edə biləcək. İstənilən vəziyyətdə sizə qərarları sakitliklə, dərk edərəkdən qəbul eməyi arzu edirik!


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Apellyasiya Şuraları (fəaliyyəti və müraciət qaydaları)

posted in: Xəbər | 0

Məhkəmə sistemiBu yazımızda Azərbaycan Respublikasında sahibkarlığa dövlət dəstəyini ehtiva edən və sahibkarların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığını göstərən Apellyasiya Şuraları barədə qeyd edəcəyik.

Mövzuya keçməzdən əvvəl qeyd etmək yerinə düşərdi ki, ölkə başçısı tərəfindən verilmiş müvafiq fərmanlarla həm mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, həm də dövlətə məxsus olan (paylarının (səhmlərinin) 51% və daha çoxu birbaşa və ya dolayısı ilə dövlətə məxsus) hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması və həmin şuraların fəaliyyəti tənzimlənmişdir.

Apellyasiya Şurası kollegial orqan kimi (bir neçə şəxs tərəfindən təşkil olunan orqan) fiziki və hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin müvafiq qurumların (həmçinin həmin qurumlara tabe idarə və müəssisələrin) qərarlarından, hərəkət və hərəkətsizliyindən edilmiş yazılı şikayətlərə baxmaqla ictimai əsaslarla fəaliyyət göstərir.

Müraciətlər bir qayda olaraq sahibkarlıq fəaliyyəti göstərən şəxsin bu fəaliyyəti ilə bağlı olmalıdır. Şura şikayətlərə baxarkən müəyyən edir ki, bu şikayətə ilkin olaraq baxılması hansı qaydada həyata keçirilib.

Şura tərəfindən aşağıdakı hallarda şikayətlərə baxılmır:

– Şikayətlər korrupsiya hüquq pozmaları barədə olduqda,

– əvvəllər Şura tərəfindən verilmiş qərarla bağlı olduqda,

– Şikayətin predmeti üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda,

– Şikayət göstərilmiş mövzu ilə bağlı tələblərə cavab vermədikdə,

– İnzibati xətalar haqqında işlərlə bağlı şikayət olduqda,

– inzibati aktdan inzibati və məhkəmə qaydasında şikayət verilibsə, həmçinin işə artıq məhkəmə qaydasında baxılırsa,

– Şikayət “İnzibati icraat haqqında” Qanunla müəyyən edilmiş müddətdən sonra verildikdə.

Şurada şikayətlər hərtərəfli araşdırılır, zəruri hallarda şikayət verən şəxsin də iştirakı ilə şikayətə baxılır, baxılmış şikayətlə bağlı yazılı cavab verilir, həmçinin pozuntu aşkar edildikdə müvafiq şəxs və ya qurumlara göstərişlər verə bilir.

Şikayət ünvanlayarkən sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər mütləq nəzərə almalıdır ki, şikayətdə apellyasiya şurasının adı, şikayət verən şəxslər barədə məlumatlar (ad, soyad, vöen, yaşayış yeri və s), bu şikayətlə bağlı əvvəl edilmiş müraciət barədə məlumat və qoşma sənədlər göstərilməlidir.

Yekunda isə qeyd edək ki, Apellyasiya Şuraları-nın qərarları “Elektron hökumət” Portalında da yerləşdirilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası təsdiqlənib

posted in: Xəbər | 0

Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 13 may 2020-ci il
№ 168

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 13 may
tarixli 168 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

İşsiz şəxslərin özünüməşğulluğunun təşkili
QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 24.11-ci maddəsinə əsasən hazırlanmışdır və işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydasını müəyyən edir.

1.2. Özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.

1.3. İşsizlikdən sığorta ödənişi alan işsiz şəxslər Qanunun 24.10-cu maddəsinə əsasən özünüməşğulluğa cəlb edilmirlər.

1.4. Qanunun 24.8-ci maddəsinə əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslər 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə bu Qaydaya uyğun olaraq, özünüməşğulluğa cəlb edilirlər.

1.5. Bu Qaydada istifadə olunan anlayışlar “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. Özünüməşğulluğun təşkili mərhələləri

2.1. Özünüməşğulluğun təşkili aşağıdakı mərhələlərdə həyata keçirilir:

2.1.1. özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;

2.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi;

2.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi;

2.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra – əmlak) 2 (iki) il müddətinə müqavilə əsasında verilməsi;

2.1.5. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 2 (iki) il müddətində dövri monitorinqi.

3. Özünüməşğulluğun təşkilinə dair ümumi tələblər

3.1. Özünəməşğulluğun təşkili Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Məşğulluq Agentliyi (bundan sonra – Agentlik) tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz (bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran) kimi qeydə alınmış şəxsin müraciəti əsasında həyata keçirilir.

3.2. Agentlik əmək bazarının təhlili əsasında hər il üçün özünüməşğulluğa cəlb ediləcək şəxslərin sayını və özünüməşğulluq istiqamətlərini müəyyən edir, bu barədə məlumatları Nazirliyin rəsmi internet saytında yerləşdirir və onların mütəmadi yenilənməsini təmin edir.

3.3. Özünüməşğulluğun maliyyələşdirilməsi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsaitlər, həmçinin qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Agentlik işsiz kimi qeydiyyata alınmış (bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran) şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir. Təlimlərin keçiriləcəyi yer və vaxt barədə məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir.

4. Özünüməşğulluğun təşkili sahəsində məsləhətlərin və məlumatların verilməsi

4.1. Özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlər və məlumatlar işsiz (bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran) kimi qeydiyyata alınmış şəxslərin iş axtarışı və işlə təmin edilməsi imkanlarının müəyyən olunması məqsədilə Agentliyin yerli qurumları və ya DOST mərkəzləri (bundan sonra – Mərkəz) tərəfindən verilir.

4.2. Bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq məsləhət və məlumatlar işsiz kimi qeydiyyata alınmış şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”na uyğun olaraq, fərdi məşğulluq proqramının hazırlanması üçün aparılan məsləhət xidmətləri zamanı, bu Qaydanın 1.4-cü bəndində göstərilən şəxslərə isə işaxtaran kimi qeydiyyata alınan zaman verilir.

5. Özünüməşğulluq istiqamətinin seçilməsinə və özünüməşğulluğun təşkilinə kömək edilməsi

5.1. İşsiz şəxslər özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq təşkil olunan təlimlərə cəlb olunurlar.

5.2. İşsiz şəxsə bu Qaydanın 4.2-ci bəndinə uyğun olaraq məsləhət və məlumatlar verildiyi tarixdən etibarən 10 (on) iş günü müddətində təlimə cəlb olunma ilə bağlı bildiriş həmin şəxsin işsiz (bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran) kimi MAS-da qeydiyyata alındığı zaman yaradılmış elektron kabinetində (bundan sonra – elektron kabinet) yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir.

5.3. İşsiz şəxs üçün özünüməşğulluq istiqaməti əmək bazarının təhlili əsasında iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə həmin şəxsin təhsili, peşəsi (ixtisası), məşğulluq tarixçəsi, habelə özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmaması nəzərə alınmaqla seçilir.

6. Özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi

6.1. Bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulmuş təlim özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili mövzuları ilə yanaşı işsiz şəxslər üçün biznes-planın tərtib edilməsi, biznes-planın həyata keçirilməsinin mərhələləri, habelə sahibkarlığın əsasları mövzularından ibarət təlim proqramları üzrə keçirilir, habelə seçdiyi özünüməşğulluq istiqamətində biznes-planın hazırlanmasına köməklik göstərilir.

6.2. İşsiz şəxsin özünüməşğulluğun təşkilinə hazırlıqlı olmasının qiymətləndirilməsi məqsədilə təlim bitdikdən sonra 5 (beş) iş günü müddətində işsiz şəxs hazırladığı biznes-planı elektron kabinetində yerləşdirməlidir.

6.3. Bu Qaydanın 6.2-ci bəndində nəzərdə tutulmuş qiymətləndirmə Agentliyin yerli qurumlarının və ya Mərkəzin müəyyən etdiyi vaxtda və yerdə biznes-planların elektron kabinetə yerləşdirildiyi tarixdən 30 (otuz) iş günü müddətində, Agentliyin 3 nəfərdən ibarət (sədr və iki nəfər üzv) tərkibdə yaratdığı müvafiq yerli komissiyalar (bundan sonra – Komissiya) tərəfindən həyata keçirilir.

6.4. Komissiyanın işinə özünüməşğulluq istiqamətləri üzrə işəgötürənlərin nümayəndələri və ya müstəqil ekspertlər cəlb edilə bilər.

6.5. Komissiya Agentliyin yerli qurumunu və ya Mərkəzi məlumatlandırmaqla aşağıdakı qərarlardan birini qəbul edir və 5 (beş) iş günü müddətində həmin qərarı işsiz şəxsin elektron kabinetində yerləşdirir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərir:

6.5.1. özünüməşğulluğa cəlb edilir;

6.5.2. özünüməşğulluğa başlamağa hazır deyildir, yenidən təlimlərdə iştirak hüququ vardır.

6.6. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Komissiya onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiya üzvləri səsvermə zamanı bitərəf qala bilməz.

7. Özünüməşğulluğun təşkili üçün əmlakın verilməsi

7.1. İşsiz şəxsin bu Qaydaya uyğun olaraq seçdiyi özünüməşğulluq istiqamətinin təşkili üçün ona “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada satın alınmaqla və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində qeydiyyata alınmaqla müqavilə əsasında natura şəklində material, avadanlıq və digər əmlak verilir.

7.2. Özünüməşğulluğa cəlb olunmuş şəxslə Agentliyin yerli qurumları və ya Mərkəz arasında 2 (iki) il müddətinə müqavilə imzalanır. Əmlak barədə bütün məlumatlar, o cümlədən həmin əmlakın növünə, dəyərinə, keyfiyyətinə və kəmiyyətinə, mənşəyinə, avadanlıqların texniki göstəricilərinə dair məlumatlar, habelə həmin əmlakın foto və video görüntüləri, təhvil-təslim aktları müqaviləyə əlavə edilir. Müqavilə imzalandıqdan sonra ən geci 10 (on) iş günü müddətində müqavilədə nəzərdə tutulmuş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsə verilir.

7.3. Əmlakın verilməsi barədə müqavilə bağlanıldıqdan sonra 5 (beş) iş günü müddətində özünüməşğulluğa cəlb olunmuş şəxs seçilmiş özünüməşğulluq istiqamətinə uyğun olaraq ailə kəndli təsərrüfatı kimi uçota durmalı və ya fərdi sahibkar kimi qeydiyyatdan keçməli və bu barədə məlumatı elektron kabinetində yerləşdirməlidir.

7.4. Özünüməşğulluğa cəlb olunmuş şəxs yaşayış yerini və (və ya) ona verilmiş əmlakdan istifadə yerini dəyişdikdə, bu barədə məlumatı 10 (on) iş günü müddətində elektron kabinetində yerləşdirməlidir.

7.5. Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün əmlak verilənədək özünüməşğulluğa cəlb olunmuş şəxsin məşğul şəxs olduğu aşkar edildikdə, ona əmlakın verilməsinin və özünüməşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında 5 (beş) iş günü müddətində Agentliyin yerli qurumu və ya Mərkəz tərəfindən qərar qəbul edilir, onun elektron kabinetində yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir.

8. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin dövri monitorinqi

8.1. Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən 2 (iki) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.

8.2. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır.

8.3. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.

8.4. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 1 (bir) il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.

8.5. Bu Qaydanın 8.4-cü bəndində göstərilən bazar qiyməti Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı ilə əmlakın qaytarıldığı gündən çoxu 1 (bir) ay əvvəl eyni (analoji) əmlak üçün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir.

8.6. Özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, həmin əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 avqust tarixli 343 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”na uyğun olaraq, açıq hərracların keçirilməsi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən satılır.

9. Yekun müddəalar

9.1. Özünüməşğulluğa cəlb olunmuş şəxsin bu Qaydanın 6.5.2-ci yarımbəndində nəzərdə tutulan qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır.

9.2. Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun