İtmiş əmək kitabçasını necə bərpa etməli?

posted in: Xəbər | 1

İtmiş əmək kitabçası necə bərpa edilir?


Mövcud qanunvericiliyə əsasən, işəgötürən itirilmiş sənədin «dublikat»ını verməyə borcludur.

Azərbaycan qanunvericiliyinə əsasən, Əmək kitabçası işləyən vətəndaşın bir növ «şəxsiyyət vəsiqəsi» sayılır. Bu baxımdan sözügedən sənəd işçinin gələcəyi üçün bəzi vacib funksiyaları yerinə yetirir. Məsələn, Əmək kitabçası pensiyaların hesablanması zamanı mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, həmin sənəd əmək stajını təsdiqləyir, bu isə öz növbəsində əlavə məzuniyyət günlərinə təsir edir. Bundan başqa, əmək fəaliyyətinin qeydə alınması hesabına Əmək kitabçası tövsiyə xarakterli məktub funksiyasını da yerinə yetirir. Yəni işəgötürən əvvəlki iş yerlərindən çıxarılma səbəblərini öyrənə bilər ki, bu da onun namizədlə əmək münasibətləri qurmasında qərarına təsir edə bilər. Əmək kitabçasının digər vacib funksiyası həm də işçinin hüquqlarının müdafiəsi ilə bağlıdır. Çünki əməkdaşın işdən çıxarılması hallarında qanunvericilik işəgötürəndən kitabçada hansı maddə əsasında bunu etdiyini göstərməyi tələb edir. Bu da sabiq işçiyə işdən çıxarılmasının qanunauyğunluğunu müdafiə etməyə imkan yaradır.

Bəs görəsən, Əmək kitabçası oğurlandıqda və ya itdikdə onun bərpası mümkündürmü? Bu zaman Əmək kitabçası itmiş şəxs hansı addımı atmalıdır?

Tanınmış hüquqşünas Azər Quliyev məsələni “Həftə içi”nə şərh edərkən bildirib ki, istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Onun sözlərinə görə, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir və onun qorunması işəgötürənin əsas vəzifələrindən biridir. Bu səbəbdən işçilərin həmin sənəd mütləq iş yerlərində olmalıdır: “Yəni bu sənədin işəgötürən tərəfindən itirilməsi fors-mojor hadisələri istisna olunmaqla, nadir hallarda mümkündür. Amma buna baxmayaraq, bizə də tez-tez Əmək kitabçasının itirilməsinə dair müraciətlər daxil olur. Belə ki, bəziləri Əmək kitabçalarının iş yerlərində, bəziləri isə işdən çıxarıldıqdan sonra itdiyini bildirirlər. Təbii ki, bu sənəd əmək münasibətlərinin tənzimlənməsində, eləcə də işləyən vətəndaşın gələcək pensiya təminatında vacib rol oynadığından qanunvericiliklə onun bərpası mümkündür. Belə ki, Əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 186 saylı qərarına uyğun olaraq qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir».

İşçinin «dublikat» tələb etmək hüququ var

Ekspert deyib ki, əgər Əmək kitabçası işəgötürən və ya onun digər vəzifəli şəxsi tərəfindən itirilərsə, həmin sənədin dublikatı verilərkən bununla əlaqədar edilən bütün hərəkətlər və çəkilən xərclər işəgötürənin vəsaiti hesabına edilməlidir. Hüquqşünasın fikrincə, işəgötürən könüllü olaraq bu hərəkətləri etmirsə, işçi bu hüququnun bərpası ilə əlaqədar, müəssisənin yerləşdiyi rayon məhkəməsinə müraciət etməklə öz hüququnu bərpa edə bilər.

Eyni zamanda, dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə Əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir: “İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə «Dublikat» sözü yazılır. İçliyin dublikatı ümumi qayda üzrə doldurulur. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir».

Bəzən süründürməçiliyə yol verilir

Azər Quliyev bəzi hallarda qeydlər hissəsi tamamilə dolmuş əmək kitabçalarının da işçilər üçün müəyyən problem yaratdığını söyləyib. Onun dediyinə görə, hərdən aidiyyəti qurumlar mövcud problemin aradan qaldırılması zamanı müəyyən bəhanələr gətirərək süründürməçiliyə yol verirlər: «Məsələn, bəzən müvafiq qurumlar bildirirlər ki, milli əmək kitabçaları üçün içlik (əmək kitabçasına əlavə) mövcud deyil və ya onlarda yoxdur. Əslində isə Azərbaycanda «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanıb və əlaqədar təşkilatlarla razılaşdırılıb”.

Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin Əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” qaydalarına əsasən Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd sayıldığından bu qaydaların 5-ci maddəsinə görə, əmək kitabçasının müvafiq bölmələrinin bütün səhifələri dolduqda ona əmək kitabçasının son səhifəsində «___» seriyalı «___» nömrəli içlik açılmışdır», qeydi aparılmaqla əlavə içlik verilir. Əlavə içlik əmək kitabçasının içərisinə tikilir və Əmək kitabçasının doldurulduğu qaydada işçinin əsas iş yerində işəgötürən tərəfindən aparılır. Əmək kitabçasına verilən əlavə içliyin birinci (titul) səhifəsinin sağ yuxarı küncündə «əmək kitabçasına əlavə içlik» sözləri yazılır, seriyası və nömrəsi göstərilir. Amma mövcud qaydalara görə, Əmək kitabçası olmadan əlavə içlik etibarsız sayılır.

Əgər arxivdə sənədlər varsa…

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə deyib ki, işçi yeni işə qəbul olunarkən mütləq Əmək kitabçasını işəgötürənə təhvil verməlidir. Onun fikrincə, işçinin əmək kitabçası itərsə, bu zaman sonuncu iş yerinin sahibi olan işəgötürən həmin şəxsə sənədin «dublikat»ını verməyə borcludur: “Düzdür, bəzən vətəndaşlar 25-30 illik əmək stajı olan əmək kitabçalarını itirirlər və bu onlarda narahatçılıq yaradır. Əgər həmin şəxsin əvvəl işlədiyi müəssisələr bağlanmış olarsa, bu narahatçılıq daha da artır. Amma mən bununla bağlı heç bir narahatçılığa əsas görmürəm.

Çünki işçi ilə əmək müqaviləsi bağlanaraq ona Əmək kitabçası açılıbsa, bu o deməkdir ki, həmin sənədlər arxiv idarəsində saxlanılır. Arxiv isə sənədləri təxminən 75 ilə qədər saxlayır. Yəni işəgötürən arxivə müraciət etməklə işçinin əvvəlki iş yerləri barədə məlumat əldə edə bilər. Arxivdə işçinin köhnə iş yerləri barədə məlumat olmadıqda isə sonuncu iş yerinin sahibi işçinin hazırda çalışdığı müəssisə barəsində «dublikat» sənədində qeydlər etməlidir. Bu zaman Əmək kitabçasını itirən tərəf bütün xərcləri öz üzərinə götürməlidir».

Hüquqşünas Azərbaycanda Əmək kitabçası ilə işə qəbulun tədricən ləğv olunacağını da söyləyib. Onun dediyinə görə, ölkəmizdə elektron hökumət sisteminə keçid tətbiq olunduğu işçilər barədə məlumatlar elektronlaşdırılacaq: «Yəqin ki, yaxın gələcəkdə əmək kitabçaları arxivə qovuşacaq. Məlumatlar elektronlaşdırıldıqdan sonra isə işçilərin iş stajı barədə məlumat əldə etmək daha da asanlaşacaq».

Mənbə: hafta.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 manat məvaciblə Mühasib-analitik tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib analitik vakansiyaCollezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün Mühasib-analitik vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması;
-G ündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatının aparılması;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi;
– Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
– Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması;
– İnventarizasiya təcrübəsinin olması( anbar,əsas vəzait, mal-material);
– Kredit və lizinq əməliyyatlarının aparılması. Annuitet və azalan balans metodu.

Vakansiya ilə bağlı tələblər:

– Ali iqtisadi təhsil;
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
– MS Office proqramlarını bilməli  (mükəmməl Excel bilikləri) ;
– 1C 8  proqramı ilə işləmək bacarığı;
– Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (Mebel sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
– Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük verilə bilər.
– Maliyyə və mühasibatlıq sahəsi üzrə analitik təhlil qabiliyyətinin olması;
– Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;

Əlavə məlumat:

– İş saatı: 10:00-19:00
– Yaş həddi: 26 – 35
– Cinsi: Kişi
– Əməkhaqqı: 900-1000

CV-lərinizi  / ünvanına mühasib – analitik başlığı ilə göndərməyiniz xahiş olunur.
Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin bərpa edilməsi

posted in: Vergi, Xəbər | 0

Hüquqi şəxsXidmətin adı: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin  bərpa edilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında arayış”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 16.3-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin)  fəaliyyətinin  bərpa edilməsi haqqında bildiriş (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Taksilərin vergiyə cəlb olunmasında hansı çətinliklər yaranır?

posted in: Vergi, Xəbər | 0

Taksi“Bakıya gəldiyim ilk gündən Azərbaycanın milli yeməklərini dadmaq istədim. Oteldən çıxıb yaxınlıqdakı restoranlardan birində şam etməyi qərara aldım. Üstümdə nağd milli valyuta yox idi. Taksi sürücüsünə yaxınlaşıb məni restorana aparmasını xahiş etdim, o da razılaşdı. Lakin ödənişi kartla ödəyəcəyimi biləndə sürücü xidmətdən imtina etdi. Məlum oldu ki, nağdsız ödəniş üçün taksidə heç bir qurğu, vasitə yoxdur”.

Bu sözləri “Visa Inc.” beynəlxalq kart təşkilatının “Visa School of Public Policy” (VSPP) institutunun baş direktoru Məcid Hucair jurnalistlərlə görüşündə səsləndirib. Əlavə edib ki, belə bir şəraitdə hər üç tərəf – xidməti alan, xidməti verən və dövlət büdcəsi bundan itirir. Əgər həmin vaxt taksidə POS-terminal və ya digər mobil ödəniş vasitələri olsaydı, müştəri rahat şəkildə istədiyi xidməti, sürücü isə öz haqqını alar, əldə etdiyi vəsaitdən vergi ödəyərdi.

Qeyd edək ki, bəzi taksi şirkətlərinin göstərdikləri xidmətlərin haqqını bank kartları ilə ödəmək mümkündür. Bu zaman sərnişinlər vəsaiti şirkətin hesabına ödəyirlər. Onların vergiyə cəlb edilməsi qaydaları fərqlidir. Öz şəxsi avtomobili ilə taksi xidməti göstərən sürücülər isə Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyicisi hesab olunurlar.

Mövzunu şərh edən iqtisadçı Rövşən Ağayev bildirib ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və ya həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər üçün verginin məbləği də müəyyən edilib: “Taksi ilə sərnişin daşınması xidmətinə görə fiziki şəxslərə 1 nəqliyyat vasitəsi üçün aylıq 9 manat məbləğ müəyyən edilib.

Fəaliyyət göstərdiyi regiondan asılı olaraq, həmin məbləğə əmsallar da əlavə edilir. Məcəllənin 220.6.1-ci maddəsinə görə, Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında işləyən taksilər üçün sadələşdirilmiş verginin məbləği hesablanarkən aylıq məbləğə 2 əmsalı əlavə olunur. Başqa sözlə, həmin şəxslər ayda 18 manat sabit vergi ödəyərək “Fərqlənmə nişanı” alıb fəaliyyət göstərirlər. Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında əmsal 1,5, digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında isə 1-dir”.

Araşdırmalar göstərir ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin və onların avtomobillərinin qeydiyyatında ciddi boşluqlar mövcuddur. Bu da onların işini tənzimləməyə və vergiyə cəlb olunmasına əngəl yaradır. Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli paytaxtda taksi sayının yuxarı həddinin müəyyən olunduğunu desə də, bu rəqəmi açıqlamayıb. Qeyd edib ki, ümumilikdə 28 min taksi qeydiyyatdan keçib, amma onlardan “Fərqlənmə nişanı” alanların sayı 5-6 mini keçmir. O, qalan taksilərin fəaliyyətinin qanunsuz olduğunu qeyd edib.

Rövşən Ağayev bildirib ki, Vergi Məcəlləsinin 156-cı maddəsinə əsasən, qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. Bu taksi xidmətlərinə aiddir: “Məcəllənin 156.1-1-ci maddəsində göstərilib ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən və müəyyən tələblərə cavab verən şəxslər bu maddə ilə müəyyən edilmiş hüquqdan istifadə edə bilərlər”.

Yeri gəlmişkən, ticarət və xidmət sektorlarında ödənilən əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması ilə bağlı Vergi Məcəlləsinə mühüm dəyişikliklər edilib. Yeniliyə görə, alış-veriş zamanı, eləcə də gündəlik istifadə etdiyimiz xidmət sektorlarında nağd ödənilən ƏDV-nın 10 faizi, nağdsız qaydada ödənildiksə isə 15 faizi geri qaytarılacaq. Bunun üçün həmin obyektlərdə onlayn kassaların quraşdırılması nəzərdə tutulub. Həmin qurğular həm nağd ödənişləri, həm də kartlar və mobil tətbiqlər vasitəsilə ödənilən məbləğləri qeydə alacaq və geri qaytarılacaq məbləği onlayn qaydada hesablayacaq. Bu vasitələr taksilərdə də qurulmalıdır ki, vətəndaşlar tətbiq edilən güzəştlərdən yararlana bilsinlər…

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.