Əmək pensiyaları haqqında Qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0

Aylıq əmək haqqının artmasıƏmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865; Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-1-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.”;

1.2. 10.2-ci və 13.3-cü maddələrin ikinci bəndləri ləğv edilsin.

Maddə 2. Bu Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mikro sahibkarlıq subyektinin köhnə illərinin bölüşdürülməmiş mənfəəti 2019-cu ildə vergiyə necə cəlb edilməlidir?

posted in: Vergi, Xəbər | 0

məhdudiyyətMikro sahibkarlıq subyektinin köhnə illərinin bölüşdürülməmiş mənfəəti 2019-cu ildə vergiyə necə cəlb edilməlidir?

Sual: Mikro sahibkarlıq subyekti olan hüquqi şəxsin təsisçisi əvvəlki illərdən yığılmış bölüşdürülməmiş mənfəətin bir hissəsinin 2019-cu ilin fevral ayında dividend şəklində ödənilməsi barədə qərar vermişdir. Bu halda təsisçiyə ödənilən dividenddən ödəmə mənbəyində vergi tutulurmu?

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri vergidən azaddır. Qeyd olunan azadolmanın 1 yanvar 2019-cu il tarixdən qüvvəyə mindiyini nəzərə alaraq, 1 yanvar 2019-cu il tarixədək olan dövrləri əhatə edən fəaliyyət dövlərinin mənfəəti hesabına yaranan dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi tutulan əməliyyatların aparıldığı vaxt

posted in: Vergi, Xəbər | 0

sahibkarlıq*Vergi Məcəlləsinin 166.1-ci maddəsində bildirilir ki, başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır.

Elektron vergi hesab-fakturası malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən sonrakı beş gün ərzində verilmiş olduğu halda mümkündür. Lakin praktikada bəzi vergi ödəyiciləri aylıq ƏDV bəyannamələrini təqdim edərkən daha rahat, lakin səhv üsuldan istifadə edərək hesabat verəcəkləri ayın 1-dən 31-dək olan dövrdə təqdim etdikləri mallara görə elektron vergi hesab-fakturalarındakı və ya elektron qaimələrdəki məbləğlərin cəmini ƏDV bəyannaməsində vergi tutulan əməliyyat kimi təqdim edirlər. Bu, qanunvericiliyin tələblərinin pozulması deməkdir.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələbləri vergi ödəyicilərinə öz pul vəsaitlərindən daha səmərəli şəkildə istifadə etmək üçün qanunvericiliyin bir jestidir: “Təsəvvür edin ki, müəssisə aprel ayında mal təqdim edir, lakin müştəri tərəfindən həmin əməliyyata görə ödəniş 30 gün müddətində – may ayında daxil olacaq. Bu zaman qanunvericilik imkan verir ki, vergi ödəyicisi faktiki olaraq əməliyyatı aprel ayında həyata keçirməsinə baxmayaraq, pul vəsaitini 30 gün müddətində əldə edəcəyi üçün vergi tutulan əməliyyatı may ayında əks etdirsin, büdcəyə çatacaq ƏDV-ni müştəridən vəsaiti əldə etdikdən sonra ödəsin. Əks təqdirdə, vergi ödəyicisi büdcəyə çatacaq vergini daha səmərəli məqsədlər üçün istifadəsini nəzərdə tutduğu pul vəsaitlərini dövriyyədən çıxarmaqla ödəməlidir.


Elektron vergi hesab-fakturası malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən sonrakı beş gün ərzində verilmiş olduğu halda mümkündür


Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə riayət etmədikdə, vergi ödəyicisi səyyar vergi yoxlaması zamanı ciddi maliyyə sanksiyaları ilə üzləşə bilər. Tutaq ki, vergi ödəyicisi 28 oktyabr 2018-ci il tarixində 11.800.00 manat dəyərində (o cümlədən 1.800.00 manat ƏDV) müştəriyə mal, həmçinin elektron qaimə və vergi hesab-fakturası təqdim edir. Lakin müştəri tərəfindən tam ödəmə 20 noyabr 2018-ci il tarixdə aparılıb. Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən, vergi tutulan əməliyyatın vaxtı 2018-ci ilin oktyabr ayı deyil, noyabr ayıdır və noyabr ayının ƏDV bəyannaməsində öz əksini tapmalıdır. Lakin vergi ödəyicisi bu maddənin tələblərinə riayət etməməklə vergi tutulan dövriyyəni, o cümlədən 1.800 manat məbləğində büdcəyə çatacaq vergini oktyabr ayının ƏDV bəyannaməsində əks etdirir, hətta büdcəyə çatacaq vergini bir ay daha tez ödəmiş olur, noyabr ayının ƏDV bəyannaməsində isə boş məlumatlar qeyd edir. Səyyar vergi yoxlaması zamanı vergi müfəttişi Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tələblərini əsas götürərək noyabr ayı üçün hesabatda göstərilməli olan vergi məbləğini azaltdığı üçün vergi ödəyicisinə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 900 manat məbləğində maliyyə sanksiyası tətbiq edir. Halbuki, həmin məbləğ oktyabr ayının ƏDV bəyannaməsində öz əksini tapıb”.


Avtomobillərə görə aksiz dərəcələri necə hesablanır?

A.Bayramov qeyd edib ki, maddə ilə bağlı digər bir məqam çox zaman ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtı ilə mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi vaxtının qarışdırılması ilə bağlıdır: “Diqqətlə fikir versək görərik ki, maddənin adı “Mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi vaxtı” deyil, “Vergi tutulan əməliyyatın aparıldığı vaxt”dır. Çünki bu maddə təkcə malların təqdim edilməsinə görə vergi tutulan əməliyyatın aparıldığı vaxtı deyil, həmçinin göstərilən xidmətə, görülən işə görə vergi tutulan əməliyyatın vaxtını müəyyən edir və bu maddənin tələbləri yalnız ƏDV məqsədləri üçün tətbiq edilir. Ona görə də bu maddəni mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi vaxtı kimi müqayisə etmək, dəyərləndirmək doğru deyildir. Hətta Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən mallar təqdim edilmədən, xidmətlər göstərilmədən, işlər görülmədən də, əgər müəssisəyə qabaqcadan ödəmə olunubsa, vergi tutulan əməliyyatın vaxtı həmin maddədə başqa hal nəzərdə tutulmayıbsa, ödəmənin olduğu vaxt müəyyən edilir. Diqqət yetirilməli ən vacib məqamlardan biri də budur ki, bu maddə yalnız ƏDV-yə cəlb olunan əməliyyatlar üçün tətbiq edilir. ƏDV-dən azad edilən, vergi tutulmayan əməliyyatlar, vergi tutulan əməliyyat sayılmayan dövriyyələr üçün bu maddənin tələblərini tətbiq etmək doğru deyildir”.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Avtomobillərə görə aksiz dərəcələri necə hesablanır?

posted in: Vergi, Xəbər | 0

Avtomobillərə görə aksiz dərəcələri necə hesablanır?


Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, 2019-cu ilin yanvar ayında xarici ölkələrdən Azərbaycana idxal edilən maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin dəyəri 221 milyon 671 min ABŞ dolları, nəqliyyat vasitələri və onların hissələrinin dəyəri isə 88 milyon 452,3 min ABŞ dolları olub. Ötən ilin yanvar ayında isə bu göstəricilər müvafiq olaraq 2 milyard 588 milyon 935,3 min dollar və 103 milyon 594,8 min dollar təşkil edib. Xaricdən idxal edilən avtomobillərə tətbiq olunan aksiz dərəcələrinin dəyişməsi də yerli istehsalı stimullaşdırmaq məqsədi daşıyır.

Vergi Məcəlləsinin 190-cı maddəsinə əsasən, minik avtomobillərinə, istirahət və ya idman yaxtalarına və bu məqsədlər üçün nəzərdə tutulmuş digər üzən vasitələrə görə aksiz vergisi belə hesablanır:

Minik avtomobilləri:

Vergitutma obyektinin adı Aksizin dərəcəsi
– mühərrikin həcmi 2.000 kubsantimetrədək olduqda Mühərrikin həcminin hər kubsantimetrinə
görə – 0,3 manat
– mühərrikin həcmi 3.000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2.001 – 3.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 5 manat
– mühərrikin həcmi 4.000 kubsantimetrədək olduqda 5.600 manat + mühərrikin həcminin 3.001 – 4.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat
– mühərrikin həcmi 5.000 kubsantimetrədək olduqda 18.600 manat + mühərrikin həcminin 4.001 + 5.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat
– mühərrikin həcmi 5.000 kubsantimetrdən çox olduqda 53.600 manat + mühərrikin həcminin 5.000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 70 manat
– istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr Mühərrikin həcminin hər kubsantimetrinə
görə – 6 manat

Məcəllənin 190.4.1-1-ci maddəsində isə avtobuslara görə aksizlərin dərəcələri açıqlanıb:

Vergitutma obyektinin adı Aksizin dərəcəsi
– mühərrikin həcmi 4.000 kubsantimetrədək olduqda Mühərrikin həcminin hər kubsantimetrinə görə – 2 manat
– mühərrikin həcmi 6.000 kubsantimetrədək olduqda 8.000 manat + mühərrikin həcminin 4.001 – 6.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 4 manat
– mühərrikin həcmi 8.000 kubsantimetrədək olduqda 16.000 manat + mühərrikin həcminin 6.001 – 8.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 6 manat
– mühərrikin həcmi 10.000 kubsantimetrədək olduqda 28.000 manat + mühərrikin həcminin 8.001 – 10.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 8 manat
– mühərrikin həcmi 10.000 kubsantimetrdən çox olduqda 44.000 manat + mühərrikin həcminin 10.000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 10 manat

Onu da qeyd edək ki, Məcəlləyə əsasən, Azərbaycana idxal olunan avtobusların istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100 min kilometrdən artıq olduqda, aksiz cədvəldə göstərilən aksiz dəcələrinə əsasən hesablanan məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.