Kölgə iqtisadiyyatının aradan qaldırılması büdcə gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətlidir

posted in: Vergi, Xəbər | 0

büdcə gəlirlərinin artırılmasıKölgə iqtisadiyyatının aradan qaldırılması büdcə gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətlidir.

Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın vergi orqanları tərəfindən kölgə iqtisadiyyatının aradan qaldırılması ilə bağlı son dövrlərdə görülən tədbirlərlə bağlı sualına cavab olaraq bildirilib.

Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanda kölgə iqtisadiyyatının aradan qaldırılmasını vergi orqanları qarşısında əsas vəzifə kimi qoyub. “ Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır”, – deyə Prezident bildirib.

Azərbaycanın vergi sistemində son dövrlərdə həyata keçirilən genişmiqyaslı islahatlar, qanunvericilikdə və inzibatçılıqda davamlı olaraq aparılan dəyişikliklər sahibkarlarla vergi orqanları arasında münasibətlərin yeni müstəviyə keçirilməsi, ölkədə şəffaf biznes mühitinin formalaşdırılması, vergidən yayınma ilə mübarizənin gücləndirilməsi, dövlət büdcəsi gəlirlərinin vergilər yolu ilə daha da artırılması Prezident İlham Əliyevin diqqət mərkəzindədir.

Ölkə başçısı vergi orqanları qarşısında “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, şəffaflığın və bərabərliyin təmin edilməsi, vergi mədəniyyətinin yüksəldilməsi kimi mühüm tapşırıqlar qoyub.

“Kölgə iqtisadiyyatı”nın aradan qaldırılması olduqca vacibdir. Təkcə ona görə yox ki, bu, vergi yığımı üçün böyük potensialdır və büdcə gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətlidir. Həm də ona görə ki, qanunauyğun fəaliyyət göstərən vergiödəyicilərinin mənafeləri bu haqsız rəqabətə uduzmasın. Bu fəaliyyətin həm dövlət, həm vətəndaş üçün faydalı olmasının əsas şərti hər kəsin qanun qarşısında bərabər olmasıdır.

Vergilər Nazirliyi cari ildə biznes dövriyyələrinin şəffaflaşdırılması istiqamətində sahibkarlıq subyektləri ilə çoxsaylı görüşlər keçirib, göstərilən məsələlərin həlli, vergitutma bazasının genişləndirilməsi, biznesin açıq və şəffaf fəaliyyətinin təmin edilməsi istiqamətində çoxsaylı müzakirələr aparılıb.

Nazirlik tərəfindən vergiödəyiciləri ilə şəffaf münasibətlərin qurulmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi hesabına qeyri-neft sektorunda dövriyyələr 7,1 faiz artaraq 44 milyard manatı ötüb. Ticarətdə dövriyyə 18,4 faiz, o cümlədən pərakəndə ticarət dövriyyəsi 27,9 faiz artıb.

Qeyd edilməlidir ki, bütün bunlar sahibkarlıq subyektlərində vergi yoxlamalarının azaldılması ilə müşayiət olunub. Belə ki, 2018-ci ilin ötən dövründə səyyar vergi yoxlamalarının sayı əvvəlki dövrlə müqayisədə 3 dəfə azalıb.

Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin fəaliyyətinin daha sıx əlaqələndirilməsi məqsədilə bu ilin aprel və iyun aylarında ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar böyük əhəmiyyət daşıyır. Dövlət Gömrük Komitəsi ilə birlikdə idxal-ixrac əməliyyatlarına effektiv nəzarət sisteminin qurulması istiqamətində tədbirlər həyata keçirilir. Oktyabrın 5-də hər iki qurumun keçirdiyi hesabat xarakterli birgə kollegiya iclasında ötən dövrdə görülmüş işlər, açıq qalan məsələlərin həlli yolları müzakirə edilib. Hesab edirik ki, həyata keçirilən tədbirlərin “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması ilə bağlı olduqca müsbət fiskal nəticələri olacaq.

Bir çox hallarda əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması sahibkarları qeyri-rəsmi əməkhaqqı ödənilməsi praktikasına sövq edir. Bu vəziyyət kölgə iqtisadiyyatının genişlənməsinin əsas səbəblərindən biridir. Qarşıdakı ildə bu məsələnin də həlli üçün müvafiq qanunverici addımlar atılacaq.

Nağdsız ödəmələrin genişləndirilməsi, vətəndaşların və biznesin nağdsız hesablaşmalar aparması istiqamətində marağının stimullaşdırılması da diqqət mərkəzindədir.

Vergiödəyicisi əmin olmalıldır ki, yalnız şəffaf fəaliyyət ona sabit gəlir və inkişaf vəd edir.

Mənbə: azertag.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün bu linkə daxil olun.

Gələn il dövlət rüsumu üzrə daxilolmalar 34% artacaq

posted in: Xəbər | 0

dövlət rüsumu üzrə daxilolmalar2019-cu ildə dövlət rüsumu üzrə daxilolmalar 190 mln. manat nəzərdə tutulur.

Məlumat 2019-cu ilin dövlət büdcə zərfində öz əksini tapıb. Sənəddə qeyd olunub ki, bu, 2018-ci ilin proqnozu ilə müqayisədə 48 mln. manat və ya 33,8% çoxdur.

“Artımın əsas səbəbi bir sıra hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının məbləğlərinin artırılması, habelə fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına, mobil cihazların qeydiyyatına alınmasına, qida təhlükəsizliyi sahəsində hüquqi hərəkətlərə görə 2018-ci ildə yeni rüsumların tətbiq edilməsinin nəzərə alınması olub”, – sənəddə vurğulanıb.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün bu linkə daxil olun.

Azərbaycanda 3 yerli və 1 xarici şirkət ləğv edildi

posted in: Xəbər | 0

şirkət

  • Elmir-İ Frirması (VÖEN: 3100195731) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Abşeron rayonu, Saray qəsəbəsi, V. Axundov küçəsi, ev 12 A ünvanına bildirə bilərlər.
  • “Avto Rent Baku” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2004979271) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Əhmədli ŞTQ, 5-ci qəsəbə, ev 3M, mənzil 1A ünvanına bildirə bilərlər.

Bax: Kreditlə və ya lizinq ilə alınan əsas vəsaitlər balansa salına bilərmi?

  • “Geokinetics İnternational, İNC” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1304235171) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsi, ev 8, mənzil 16 ünvanına bildirə bilərlər.
  • “Real House” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1304458991) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küşəsi, ev 86, mənzil 6 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Bax: Nəzarət sistemi eletronlaşdırılır – Online kassalara keçid


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün bu linkə daxil olun.

Nəzarət sistemi eletronlaşdırılır – Online kassalara keçid

posted in: Xəbər | 0

Online kassalara keçidBiznesdə şəffaflığın təmin edilməsi, korrupsiya və digər neqativ hallarla mübarizədə fəaliyyətin gücləndirilməsi məqsədilə elektron vergi inzibatçılığının tətbiqi, texnoloji təminat vacib şərtlərdəndir. Vergi sistemində həyata keçirilən modernləşmə nəticəsində vergi ödəyicilərinin vergi orqanları ilə əlaqələrinin bütün mərhələlərində – qeydiyyatdan tutmuş bəyannamələrin təqdim edilməsi, vergi ödənişlərindən tutmuş vergi nəzarəti prosesinədək tam şəkildə eleкtron texnologiyalar üzərindən aparılması ilə bağlı sistemli, planlı, vahid mərkəzdən idarə olunan tədbirlər görülür.

Aydın Kərimovla mühasibat uçotu kursu

Nəzarət sistemi elektronlaşdırılır

Vergilər Nazirliyinin rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi  sahəsində hədəflərindən biri onlayn kassa aparatlarının tətbiqidir. Hazırda nəzarət-kassa aparatlarından nazirliyin sisteminə ötürülən məlumatlar oflayn rejimdə həyata keçirilir. Bu sahədə şəffaflığın təmin olunması üçün yaxın gələcəkdə onlayn kassa aparatlarının tətbiqi planlaşdırılır. Nazirliyin informasiya sistemi ilə onlayn kassa aparatı arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçiriləcəkdir ki, bu da sistemdə vergi ödəyicilərinin əməliyyat məlumatlarının daha dürüst olmasına və satış mühasibatlığında şəffaflığın təmin olunmasına şərait yaradacaq. Bundan əlavə, kassa aparatları üzrə texniki tələblərə yenidən baxılması planlaşdırılır və bu sahədə dünya təcrübəsi araşdırılır.

Bax: Kreditlə və ya lizinq ilə alınan əsas vəsaitlər balansa salına bilərmi?

Onlayn kassa nədir?

Bu müasir avadanlıq fiskal operator vasitəsilə mağazaların nağd, kartlarla və elektron pullarla edilən bütün satış dövriyyəsi haqqında məlumat ötürə bilir. Məlumatlar vergi orqanlarına qəbzlərin elektron surəti kimi daxil olur və bazada illərlə qorunub saxlanıla bilir.

Onlayn kassalardan  mal və xidmətlər dövriyyəsində şəffaflığı əldə etmək üçün istifadə olunur. Alıcı aldığı elektron qəbzlərin leqallığını istədiyi vaxt yoxlaya bilir. Sistem, həmçinin, vergi uçotunu və gəlirlərin daxilolmasını mobil tətbiq vasitəsilə xeyli asanlaşdırır. Elektron qəbzlər elektron ünvana və ya satıcıdan tələb olunan istinada yönləndirilir.

Avadanlıqların alınmasına və onlara xidmətlərin göstərilməsinə çəkilən xərclər kimi aşkar narahatlıqlardan əlavə, onlayn kassaların müsbət cəhətləri də var. Onlayn kassalar analitik alətlərin satışlarını təchiz etməklə kiçik sahibkarları məcburi rəqəmsal dövrə aparır.

Bax: Gələn il üçün yaşayış minimumu məlum olub

Dünya təcrübəsi

RBC.ru işgüzar informasiya portalının məlumatına əsasən, Rusiyada 2018-ci ilin iyul ayının 1-dən onlayn kassalar ölkə biznesinin işlətdiyi gündəlik reallıqların bir hissəsinə çevrilib. Mövzu ilə bağlı sayta müsahibəsində OFD.ru fiskal məlumatlar operatorunun direktoru Anton Rumyantsev qeyd edib ki, hazırda sahibkarların təcrübədə onlayn kassaların və fiskal məlumatların operatorlarının onlara verdikləri üstünlüklərdən tədricən istifadə etməyə başladıqları görünür. Kiçik biznes kağız hesabatlılığının və vergi yoxlamalarının sayının azalması kimi nəzərəçarpacaq müsbət hallardan əlavə, satış üzrə əlverişli analitik məlumatların əldə edilməsi və banklardan sərfəli şərtlərlə kreditlərin götürülməsi kimi imkanları əldə edir. Aparılmış əməliyyatlar barədə məlumatlar kassalara quraşdırılmış xüsusi fiskal yaddaşların tətbiq edilməsi sayəsində fiskal əməliyyatlar operatoru vasitəsilə Federal Vergi Xidmətinə (FVX) daxil olmağa başlayıb.

Belə şəffaflıq yoxlamalar üçün yerlərə getmək zərurətini azaldır. «Çek onlayn» kassa texnikalarının təchizatçı şirkətinin baş direktoru Konstantin Ştikovun bildirdiyinə görə, 2018-ci ilin birinci rübü ərzində Federal Vergi Xidmətinin əməkdaşları tərəfindən şirkətlər üzrə yerlərə yoxlamaya gedənlərin sayı 26% azalıb.

OFD.ru-nun qiymətləndirməsinə görə, islahatların sonunda FVX tərəfindən tam avtomatlaşdırılmış monitorinq Rusiyanın bütün hüquqi şəxslərinin 60%-ni əhatə edəcək. A.Rumyantsev qeyd edib ki, FVX şəffaflığın artırılması hesabına kütləvi yoxlamalardan konkret (dəqiq) yoxlamalara keçir ki, bu da öz növbəsində vergi orqanları ilə qarşılıqlı əlaqə zamanı şirkətlərə resursların az sərf olunması və vaxt itkisinin qarşısının alınması imkanları yaradır.

Kassaların tətbiqinin «əks-təsiri» ondadır ki, sahibkarlar malların satışı və qalığı barədə operativ məlumat əldə etmək imkanı qazanırlar. Bu məlumatları kassanın fiskal yaddaşından əməkdaşın «şəxsi kabineti»nə və ya şirkətin CRM sisteminə xüsusi proqram təminatı vasitəsilə avtomatik boşaltmaq mümkündür.

«SKB Kontur»un hesablamalarına görə, onlayn kassalara keçmiş və ya növbəti ildə keçməsi nəzərdə tutulmuş biznesmenlərin (sahibkarların) minimum 2/3 hissəsi malların uçotu ilə qismən və ya ümumiyyətlə məşğul olmayıblar. Onlayn kassaların yığdıqları məlumatların təhlili imkan verir ki, sahibkarlar özlərinin marketinq strategiyalarını qursunlar. Məsələn, ticarət üçün əlverişli vaxt seçsinlər, müxtəlif endirimlər və aksiyalar keçirsinlər.

Sistem nəinki mağaza üzrə orta çek sayını hesablamağı, hətta hansı malların daha çox satıldığını, günün müxtəlif vaxtlarında mağazada nə qədər alıcının olduğunu müəyyən etməyə imkan yaradır. Satıcı bu məlumatlardan satışın həcmini artırmaq, daha çox tələb olunan məhsulların çeşidini genişləndirmək və ya daha aktiv kassirləri mükafatlandırmaqla həvəsləndirmək üçün istifadə edə bilər.

İtaliya vergi administrasiyası müştəriləri ilə iş və satışı planlama funksiyalarını həyata keçir­mək üçün vergi ödəyicilərinə öz şəxsi məlumatlarına giriş icazəsi verir. Bundan başqa, pərakəndə ticarət müəssisələri və istehlakçılarla əks-əlaqənin qurulması prosesi də daxil olmaqla, onlayn kassa sisteminin səmərəliliyinin qiymətləndirilməsi üçün işlək alətlərinin yaradılmasının zəruriliyinə xüsusi diqqət yetirilir.

Cənubi Koreyada onlayn kassa 2005-ci ildən kütləvi şəkildə tətbiq olunur. İndiyədək bütün ölkə bu təcrübəni qəbul edib. Tipik onlayn kassalar proqram paketinin təmin olunmasını və ya proqram-aparat kompleksini təmsil edir ki, bu da bir neçə moduldan ibarət olaraq, bir korpusda bütün lazımi informasiyaları yerləşdirə bilir. Ölkədə 2016-cı ildə bu sistemin tətbiqi nəticəsində pərakəndə əməliyyatlarda kassa çeklərinin verilməsinə görə iqtisadiyyatın şəffaflığı 96% artıb.

Qazaxıstanda alışın sənədləşdirilməsi üçün real vaxt kəsimində vergi orqanlarına pul uçotu ilə bağlı məlumat ötürən yeni nəzarət-kassa maşınları 2015-ci ilin iyul ayından istifadə olunur. Burada məlumat kassanın maliyyə modulunda şifrələnərək hərəkət edən açıq yollarla, VPN-dəhliz vasitəsilə ötürülür. Operator hər bir kassanın işi ilə bağlı gündəlik uçot hazırlayır və Qazaxıstanın Dövlət Gəlirləri Komitəsinin şəbəkəsinə daxil edir. Vergi orqanları sadə veb-interfeys vasitəsilə operatorun bazasına giriş əldə edir və hər bir kassanın dövriyyəsini izləyə bilir.

Argentinada kassa aparatlarının modernləşdirilməsinə 2013-cü ilin dekabrından başlanılıb. İndi bütün kassalar maliyyə print-qeydiyyatla təmin edilib ki, bununla da əməliyyatların elek­tron möhürlə təsdiqlənmiş jurnalı aparılır.

İsveçrə Krallığında, demək olar ki, bütün satışlar haqqında məlumatı özündə  saxlayan kassa aparatlarından istifadə olunur.  Yaddaşda çeklərin ümumi sayı, əməliyyatların ümumi məbləği və hər bir satışla bağlı ayrıca məlumat (qəbzin nömrəsi, verildiyi gün, saatı, ƏDV məbləği) saxlanılır.

Macarıstanda 2014-cü ildən ölkənin Vergi Nəzarət Agentliyi ancaq xüsusi maliyyə nəzarətinə malik bloku olan kassa aparatlarına lisenziya verir. Əməliyyatlarla bağlı məlumatlar şifrəli şəkildə vergi orqanına daxil olur. Maraqlıdır ki, Macarıstanda ötürücü rolunda mobil operatorlardır. Onlar fiskal məlumatlar operatoru kimi çıxış edir və bütün ölkəyə ötürücülüyü var.  Bu ölkədə onlayn kassa sisteminin tətbiqi nəticəsində ƏDV üzrə vergi fərqi 2013-cü ildən 2015-ci ilədək 21%-dən 14%-ə düşüb, ƏDV yığımı isə 15%-ə çatıb.

Slovakiyada elektron kassalar 2008-ci ildə yaranıb. 2015-ci il yanvarın 1-dən isə virtual elektron kassalar dövriyyəyə buraxılıb. Bu veb platforma respublikanın maliyyə şöbələrinə inteqrasiya olunub. Sistem satıcılar üçün pulsuzdur və hər bir satıcının şəxsi kompüterindən, smartfon və planşetindən giriş mümkündür.

Bax: Vergilər Naziri Rusiya Federal Vergi Xidmətinin rəhbəri ilə görüşüb

Ekspertlər nə deyirlər…

Millət vəkili Tahir Mirkişili bildirir ki, vergi ödəyicilərinin fəaliyyəti haqqında daha dürüst, çevik və əhatəli məlumat almaq vergi inzibatçılığının effektivliyini xeyri artırır: «Bir çox ölkələrdə sınaqdan keçirilən metod, bir tərəfdən, vergi orqanlarının daha operativ məlumat əldə etməsinə imkan yaradır, digər tərəfdən də vergidən yayınma hallarının qarşısını alır. Sistem həm də sahibkarların marağında olacaqdır, çünki bu üsul bütün sahibkarlar üçün bərabər rəqabət şəraiti yarada bilər. Onlayn kassa metodunun tətbiqində ən çətin çağırış sistemin dayanlıqlı olması, müasir platformalara və Big-Data prinsiplərinə uyğunlaşdırılmasıdır. Hesab edirəm ki, Azərbaycanda da belə bir innovativ metodu uğurla tətbiq etmək mümkündür və bu, hər kəs üçün faydalı ola bilər».

İqtisadçı Rəşad Əliyev qeyd edir ki, onlayn kassanın vergi orqanı üçün əlverişliliyi pul axınlarının nəzarətə götürülməsi və bununla da vergidən yayınma hallarının aradan qaldırılmasıdır. Həmin kassalar üzrə həyata keçirilən bütün əməliyyatlar dərhal vergi orqanının məlumat bazasına ötürülür. Bununla yanaşı, sistemin tətbiqi operativ nəzarət və yoxlama işləri üçün ayrılan insan resurslarının daha səmərəli istifadəsinə xidmət edir: «Bəzən elə təəssürat yaranır ki, bu sistemin tətbiqi yalnız vergi orqanlarının marağında olur. Ancaq bir şeyi nəzərə almaq lazımdır ki, şəffaf vergi ödəyiciləri üçün bu sistem daha əlverişlidir. Həmin vergi ödəyicisi anlayır ki, sistemin tətbiqi son nəticədə yoxlamaların azalmasına xidmət edəcək. Sözsüz ki, şəffaf vergi ödəyicisi vergi yoxlamasından qorxmur, buna baxmayaraq, hər bir yoxlama həm vergi ödəyicisi, həm də vergi orqanı üçün lazımsız vaxt itkisidir. Digər tərəfdən, onlayn kassanın tətbiqi sahəsində vergi ödəyicilərinin öz daxili sistemlərində sui-istifadə halları azalır. Çünki bəzi hallarda biznes sahibləri işçilərin kassa əməliyyatlarında nə qədər dürüst olmalarını tam yoxlaya bilmirlər».

R.Əliyev onu da nəzərə çatdırıb ki, onlayn kassa sisteminin tətbiqi alıcılar üçün də yeni üfüqlər açır. Onlar lazım gəldikdə çekləri hətta elektron versiyada ala biləcək, üstəlik, ödədikləri pulların öz ünvanına çatacağına tam əmin olacaqlar.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün bu linkə daxil olun.