Kölgə iqtisadiyyatının aradan qaldırılması büdcə gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətlidir

posted in: Vergi, Xəbər | 0
birbank biznes

büdcə gəlirlərinin artırılmasıKölgə iqtisadiyyatının aradan qaldırılması büdcə gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətlidir.

Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın vergi orqanları tərəfindən kölgə iqtisadiyyatının aradan qaldırılması ilə bağlı son dövrlərdə görülən tədbirlərlə bağlı sualına cavab olaraq bildirilib.

Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanda kölgə iqtisadiyyatının aradan qaldırılmasını vergi orqanları qarşısında əsas vəzifə kimi qoyub. “ Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır”, – deyə Prezident bildirib.

Azərbaycanın vergi sistemində son dövrlərdə həyata keçirilən genişmiqyaslı islahatlar, qanunvericilikdə və inzibatçılıqda davamlı olaraq aparılan dəyişikliklər sahibkarlarla vergi orqanları arasında münasibətlərin yeni müstəviyə keçirilməsi, ölkədə şəffaf biznes mühitinin formalaşdırılması, vergidən yayınma ilə mübarizənin gücləndirilməsi, dövlət büdcəsi gəlirlərinin vergilər yolu ilə daha da artırılması Prezident İlham Əliyevin diqqət mərkəzindədir.

Ölkə başçısı vergi orqanları qarşısında “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, şəffaflığın və bərabərliyin təmin edilməsi, vergi mədəniyyətinin yüksəldilməsi kimi mühüm tapşırıqlar qoyub.

“Kölgə iqtisadiyyatı”nın aradan qaldırılması olduqca vacibdir. Təkcə ona görə yox ki, bu, vergi yığımı üçün böyük potensialdır və büdcə gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətlidir. Həm də ona görə ki, qanunauyğun fəaliyyət göstərən vergiödəyicilərinin mənafeləri bu haqsız rəqabətə uduzmasın. Bu fəaliyyətin həm dövlət, həm vətəndaş üçün faydalı olmasının əsas şərti hər kəsin qanun qarşısında bərabər olmasıdır.

Vergilər Nazirliyi cari ildə biznes dövriyyələrinin şəffaflaşdırılması istiqamətində sahibkarlıq subyektləri ilə çoxsaylı görüşlər keçirib, göstərilən məsələlərin həlli, vergitutma bazasının genişləndirilməsi, biznesin açıq və şəffaf fəaliyyətinin təmin edilməsi istiqamətində çoxsaylı müzakirələr aparılıb.

Nazirlik tərəfindən vergiödəyiciləri ilə şəffaf münasibətlərin qurulmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi hesabına qeyri-neft sektorunda dövriyyələr 7,1 faiz artaraq 44 milyard manatı ötüb. Ticarətdə dövriyyə 18,4 faiz, o cümlədən pərakəndə ticarət dövriyyəsi 27,9 faiz artıb.

Qeyd edilməlidir ki, bütün bunlar sahibkarlıq subyektlərində vergi yoxlamalarının azaldılması ilə müşayiət olunub. Belə ki, 2018-ci ilin ötən dövründə səyyar vergi yoxlamalarının sayı əvvəlki dövrlə müqayisədə 3 dəfə azalıb.

Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin fəaliyyətinin daha sıx əlaqələndirilməsi məqsədilə bu ilin aprel və iyun aylarında ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar böyük əhəmiyyət daşıyır. Dövlət Gömrük Komitəsi ilə birlikdə idxal-ixrac əməliyyatlarına effektiv nəzarət sisteminin qurulması istiqamətində tədbirlər həyata keçirilir. Oktyabrın 5-də hər iki qurumun keçirdiyi hesabat xarakterli birgə kollegiya iclasında ötən dövrdə görülmüş işlər, açıq qalan məsələlərin həlli yolları müzakirə edilib. Hesab edirik ki, həyata keçirilən tədbirlərin “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması ilə bağlı olduqca müsbət fiskal nəticələri olacaq.

Bir çox hallarda əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması sahibkarları qeyri-rəsmi əməkhaqqı ödənilməsi praktikasına sövq edir. Bu vəziyyət kölgə iqtisadiyyatının genişlənməsinin əsas səbəblərindən biridir. Qarşıdakı ildə bu məsələnin də həlli üçün müvafiq qanunverici addımlar atılacaq.

Nağdsız ödəmələrin genişləndirilməsi, vətəndaşların və biznesin nağdsız hesablaşmalar aparması istiqamətində marağının stimullaşdırılması da diqqət mərkəzindədir.

Vergiödəyicisi əmin olmalıldır ki, yalnız şəffaf fəaliyyət ona sabit gəlir və inkişaf vəd edir.

Mənbə: azertag.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün bu linkə daxil olun.

Print Friendly, PDF & Email