Read More9
Read More9

Xaricdən mal sifarişi: nəzərə alınması vacib olan məqamlar

posted in: Xəbər | 0

COVID-19 pandemiyası yaşayışımızdakı bəzi vərdişləri dəyişdirdiyi kimi, alış-veriş alışqanlıqlarımıza da təsirsiz ötüşməyib. Artıq evdən çıxmadan dünyanın istənilən nöqtəsindən ehtiyac duyduğumuz məhsulları qapımıza qədər rahatlıqla sifariş edə bilirik. Amma elektron ticarət rahatlıq və vaxta qənaət baxımından qulağa xoş gəlsə də, xüsusən malın çatdırılması zamanı sifarişçini təngə gətirən problemlər yaranır. Son zamanlar kiberdələduzluğun artmasını da nəzərə alsaq, mütəxəssislər istehlakçılara internet üzərindən məhsul alarkən son dərəcə diqqətli olmağı tövsiyə edirlər. Bir çox hallarda xaricdən sifarişlər zamanı müəyyən problemlər yaranır ki, “vergiler.az” belə hallarla qarşılaşan vətəndaşın hara müraciət etməli olduğunu aydınlaşdırıb.

İnternetdən mal alarkən nələrə diqqət edək?

İstehlakçı internet üzərindən alış-veriş edirsə, ilk olaraq satıcı barədə zəruri məlumatlar əldə etməlidir. İlk növbədə bu sahibkarlıq subyekti barədə şikayət olub-olmaması araşdırılmalı, bundan öncə xidmətlərdən faydalanan şəxslərin rəylərinə diqqət edilməlidir. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov bildirir ki, satıcının əlaqə məlumatları, məsələn, telefonu, elektron poçtu, ünvanı yoxdursa, belə platformalardan alış-veriş etmək məsləhət görülmür.

Elektron ticarət zamanı ödənişlərə diqqət!

Əksər onlayn alışlar zamanı ödəniş sifariş verildiyi an həyata keçirilir. Bütün hallarda ödəniş tamamlananda müştəriyə qəbz və ya ödənişi təsdiq edən sənəd göndərilməlidir. Bəzən alıcı satıcının şəxsi bank kartına birbaşa pul göndərir ki, bu da qanunvericiliyə ziddir. Belə ki, “card to card” əməliyyatı ilə mal və ya məhsul alınandan sonra malla bağlı hansısa problem ortaya çıxarsa, istehlakçının satıcıya müraciəti və hüquqlarını qanunvericilik çərçivəsində qoruması çətinləşə bilər. Üstəlik, belə əməliyyatlar vergi qanunvericiliyinin pozulmasıdır və buna görə məsuliyyət tədbirləri müəyyən edilib.
Satıcı sifarişi aldıqdan sonra onu 30 gün ərzində icra etməlidir. Ancaq o, sifarişi təmin edə bilmirsə, alıcıya məlumat verməli və ödənilmiş məbləği 7 gün ərzində geri qaytarmalıdır.

Xarici platformalardan alış zamanı yaranan problemlər

Son zamanlar istehlakçılar yerli platformalarla yanaşı, xarici platformalara da üz tuturlar. Amma heç kimə sirr deyil ki, platformaların sayı günü-gündən artdığı kimi, şikayətləri də özü ilə gətirməkdədir. Kimi sifariş verdiyi malın görünüşünün fərqli olduğundan, kimi keyfiyyətindən və s. şikayətçidir. E.Cəfərov vurğulayır ki, həmin platformalardan sifariş verərkən yaranmış münasibətlər xarici elementli olduğundan, hüquqi normalar tətbiq edilərkən “Beynəlxalq xüsusi hüquq haqqında” Qanun nəzərə alınır. Həmin qanunun 1-ci maddəsinə əsasən, tətbiq olunacaq hüquq tərəflər arasında razılaşdırılmalıdır. Xarici sifarişlərdə şikayətlərin bir ucu da daşıma şirkətlərinə bağlıdır. Sözügedən şirkətlərin xidmətlərindən istifadə zamanı verilən sifarişlərlə bağlı yaranan münasibətlərə ölkədə qüvvədə olan qanunvericilik normaları çərçivəsində aydınlıq gətirilir.

Mal 3 ay ərzində çatdırılmazsa…

Daşıyıcı şirkət müştərinin sifariş etdiyi malı 3 ay ərzində çatdırmazsa, malın dəyərini daşıyıcı ödəməlidir. Lakin burada bəzi diqqətə alınmalı istisnalar mövcuddur. Yükü itirən və ya məhv edən daşıma şirkəti bunun yükgöndərənin və ya yükalanın təqsiri və yaxud qarşısıalınmaz digər hallar nəticəsində baş verdiyini sübuta yetirərsə, onun məsuliyyəti aradan qalxır.
Müştəri və satıcı arasında bağlanmış satış müqaviləsindən kənara çıxmalar olduğu halda isə istehlakçı bu problemi aradan qaldırmaq üçün icraçıya əlavə müddət verə bilər. Həmin müddətdə də xidmət yerinə yetirilməzsə, istehlakçı müqaviləni ləğv etdirə və itkilərin ödənilməsini tələb edə bilər. Mal və ya xidmətdə qüsur varsa və istehlakçı bu qüsuru aradan qaldırırsa, çəkdiyi xərclərin ödənilməsini də tələb edə bilər.

Xaricdən sifarişlər zamanı yaranan şikayətlərə harada baxılır?

Xaricdən sifarişlərin daşınması zamanı problemlə üzləşən vətəndaş üç qurumun – Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, eləcə də İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin qapısını döyə bilər. Çatdırılma haqqı dəqiq hesablanmayıbsa, bağlamanın çəkisi və ölçüsü ilə ona tətbiq edilən qiymət uyğun gəlmirsə, vətəndaş şikayətini Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə bildirməlidir. Son zamanlar müşahidə edildiyi kimi, məhsulun fotoşəkli ilə real vəziyyətinin uyğun gəlməməsi ilə qarşılaşan istehlakçının üz tutmalı olduğu qurum da bu agentlikdir. Çatdırılma tarifinin xarici valyutada göstərilməsi, reklam qanunvericiliyinin pozulması, saytda xidmət haqqında məlumatın göstərilməməsi, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarının məhdudlaşdırılması kimi məqamların araşdırılması da bu qurumun səlahiyyətlərinə aiddir.

Ödənişin nağdsız qaydada qəbulundan imtina edilməsi, ödəniş sənədlərinin təqdim edilməməsi ilə bağlı məsələlərdə isə istehlakçının üz tutacağı ünvan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir.

İstehlakçılar çox zaman malın qüsurlu olması və ya daşınma zamanı zədələnməsindən də gileylənirlər. Bağlamanın açılması, itirilməsi, yanlış ünvana və ya şəxsə çatdırılması kimi şikayətlərə də istər gündəlik həyatda, istərsə də sosial şəbəkələrdə rast gəlirik. Belə hallarla qarşılaşan vətəndaşın problemini İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi həll edir.

Mənbə: vergiler.az

Stomatoloqlar nə qədər vergi və sosial ödəniş etməlidirlər?

Sistem əhəmiyyətli bankların müəyyən olunması üzrə yeni meyarlar təsdiqlənib

posted in: Xəbər | 0

“Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları” Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməklə 9 aprel 2025-ci il tarixində qüvvəyə minib.

Mərkəzi Bankın məlumatına görə, Meyarların yeni redaksiyasında bankların sistem əhəmiyyətliyinin müəyyən edilməsi üzrə indikatorların çəki dərəcələrinə yenidən baxılıb, bəzi yeni indikatorlar əlavə olunub, hesablama metodologiyası təkmilləşdirilib. Əvvəlkindən fərqli olaraq, yenilənən Meyarlar, sistem əhəmiyyətli bankları başlıca olaraq onların aktivlərinin həcmi əsasında deyil, maliyyə və iqtisadi sistemdə iştirak səviyyəsini daha dəqiq əks etdirən digər indikatorlar da nəzərə alınmaqla müəyyən etməyə imkan verir. Belə ki, Meyarlarda, bankların ölçüsü göstəricisinin hesablanmasına depozit portfelinin həcmi indikatoru daxil edilib, əvəzolunmazlıq göstəriciləri olaraq bankda əmanət hesabına malik fiziki və hüquqi şəxslərin sayı, unikal müştəri sayı, bankın bankomatlarının, xidmət etdiyi POS-terminallarının, habelə filiallarının sayı indikatorları əlavə olunub.

Mənbə: vergiler.az

Stomatoloqlar nə qədər vergi və sosial ödəniş etməlidirlər?

Stomatoloqlar nə qədər vergi və sosial ödəniş etməlidirlər?

posted in: Xəbər | 0

“Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə baş mütəxəssisi Rafiq Nəcəfli fərdi qaydada fəaliyyət göstərən stomatoloqların vergi və sosial öhdəliklərinə aydınlıq gətirir. 

Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər fəaliyyətə başlamazdan əvvəl Azərbaycan Prezidentin 2015-ci il 21 dekabr tarixli “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi ilə bağlı fərmanına əsasən mütləq lisenziya almalıdırlar. Fərdi qaydada stomatoloji fəaliyyət də lisenziya tələb olunan fəaliyyət növləri sırasındadır.

Vergi Məcəlləsinin 218.5.13-cü maddəsinə əsasən, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirirlər. Bu səbəbdən, fərdi qaydada fəaliyyət göstərən stomatoloq, dövriyyəsindən asılı olaraq, gəlir vergisi və ya ƏDV ödəyicisi ola bilər.

Gəlir vergisi

Fərdi qaydada fəaliyyət göstərən stomatoloq gəlir vergisi ödəyicisi olmaqla il ərzində əldə olunan gəlirlərindən xərclərini çıxdıqdan sonra 20% dərəcə ilə gəlir vergisi ödəməlidir.

Misal 1

Fərdi qaydada fəaliyyət göstərən stomatoloqun il ərzində gəliri 60.000 manat, xərcləri isə 20.000 manat olub. Bu halda onun hesablanacaq gəlir vergisi aşağıdakı kimi olacaq:

60.000 – 20.000 = 40.000 manat;
40.000 x 20% = 8.000 manat (gəlir vergisinin məbləği).

Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, aşağıdakı fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır:

  • proqram təminatının işlənməsi sahəsində xidmətlər;
  • layihə-dizayn və dekorasiya xidmətləri;
  • tərcümə xidməti;
  • reklam xidməti;
  • araşdırma və tədqiqat sahəsində fəaliyyət;
  • elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
  • hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
  • jurnalistlərin fəaliyyəti;
  • bazar konyukturunun öyrənilməsi;
  • qiymətləndirmə fəaliyyəti;
  • avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti;
  • turizm bələdçiliyi;
  • xidmətlərin ixracı

Məcəlləninn 102.1.30-1-ci maddəsindən də göründüyü kimi, stomatoloq fəaliyyəti qeyd olunan siyahıda yoxdur. Bu səbəbdən də fərdi qaydada fəaliyyət göstərən stomatoloqun təqvim ili ərzində əldə etdiyi gəliri (xərclər nəzərə alınmadan) 45.000 manatadək olduğu halda belə, həmin fəaliyyətdən əldə etdiyi gəlirinin 75 faizi gəlir vergisindən azad olunmayacaq. Bəs hansı halda fərdi sahibkar kimi fəaliyyət göstərən stomotoloq 75 faizlik güzəşt hüququndan istifadə edə bilər?

Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, 102.1.30-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Yəni fərdi qaydada fəaliyyət göstərən stomatoloqun orta illik işçi sayı 3 nəfərdən az olmadıqda və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmadıqda o, 75 faizlik vergi güzəştindən istifadə edə biləcəkdir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Misal 2

Fərdi qaydada fəaliyyət göstərən stomatoloqun təqvim ilində hər ay üzrə minimum 3 işçi ilə aktiv əmək müqaviləsi olub və məcburi dövlət sosial sığorta haqları üzrə ödənişləri qanunvericiliyin tələblərinə uyğun qaydada ödənişlərini vaxtında həyata keçirib. Tutaq ki, təqvim ilində stomatoloqun gəlirləri 100.000 manat, xərcləri isə 60.000 manat təşkil edib. Bu halda fərdi sahibkarın gəlir vergisini hesablayaq:

100.000 – 60.000 = 40.000 manat;
40.000 – (40.000 x 75%) = 10.000 manat;
10.000 x 20% = 2.000 manat (gəlir vergisinin məbləği).

Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 01.01.2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatı tətbiq edilməklə həyata keçirilməlidir. Qeyd olunanlara əsasən, fərdi qaydada göstərilən stomatoloji xidmətlərə görə ödənilən məbləğə uyğun olaraq stomatoloq tərəfindən mütləq nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Stomatoloqun sosial ödənişləri

“Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
– sahibkarlıq fəaliyyəti üzrə – 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:
• Bakı şəhərində 100 faizi;
• Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
• digər şəhərlərdə 80 faizi;
• rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
• kənd yerlərində 50 faizi miqdarında.

Misal 3

Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən stomatoloqun 2025-ci ilin yanvar ayı üzrə sosial sığorta haqqı aşağıdakı qaydada hesablanır:

Minimum aylıq əmək haqqı x 25%;
400 x 25% = 100 manat.

Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən stomatoloqlar üçün bu məbləğ 90 manat, digər şəhərlərdə 80 manat, rayon mərkəzləri və qəsəbələrdə 60 manat, kəndlərdə isə 50 manat təşkil edir.

Bundan əlavə, “İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3 maddəsinə əsasən, fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq, fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta üzrə sığorta haqqı ödəyirlər:

400 x 4% = 16 manat.

Mənbə: vergiler.az

Məzuniyyət haqqının vergiyə və sosial sığorta haqqına cəlb olunması

Kapital Bank 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini elan edib

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 aprel 2025-ci il tarixinə 12 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.3 milyard manat olub.

1 aprel 2025-ci il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 9 milyard manat təşkil edib. Bankın 1 aprel 2025-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 1 milyard manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır. Bankın xalis mənfəəti 55 milyon manat olub.

Qeyd edək ki, Kapital Bank “Moody’s” və “Standard & Poor’s” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Vergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik təsdiqlənib

1 211 212 213 214 215 216 217 2. 692
error: Content is protected !!