2026-cı ildə Nett-dən Gross-a əməkhaqqı hesablanması

posted in: Xəbər | 0

Nett əməkhaqqı nədir?

İşçinin vergi və digər icbari tutulmalardan əvvəlki ümumi gəliri (gross) ilə faktiki aldığı məbləği (net) dəqiq fərqləndirmək üçün gross-dan nett-ə və yaxud əksinə, nett-dən gross-a düsturlardan istifadə etməklə əməkhaqqının hesablanması aparılır.

Bu, həm işəgötürənə, həm də işçiyə faktiki maliyyə öhdəliklərini və gəlirlərini müəyyən etməyə imkan verir. İşəgötürən vergiləri və ödənişləri hesablamaq üçün ümumi məbləğdən (gross əməkhaqqı) istifadə edir, işçi isə şəxsi xərclərini planlaşdırmaq üçün onların hesabına yatırılan xalis məbləği (nett maaş) bilməlidir.

Nett əməkhaqqı – işçiyə muzdlu işlə bağlı ödənilən haqdan qanunvericiliklə müəyyən edilmiş vergi və digər icbari tutulmalar çıxıldıqdan sonra qalan məbləğdir.

Ümumi və xalis əməkhaqqı barədə bizim “Gross və Nett əməkhaqqı nədir” məqaləmizdən geniş məlumat ala bilərsiz.

Xalis əməkhaqqının hesablanması 2026-cı ildə dəyişəcəkmi?

Bəli dəyişəcək, bu özəl müəssisələrdə çalışan müzdlu işçilərdən tutulmalara dəyişikliklər edilməsi barədə layihədə öz əksini tapıb. Dəyişikliklərdə aylıq gəlirin 2500 manatadək olan hissəsi üzrə olan gəlir vergisinin:

  • 3 illik (2026-2028) mərhələli keçidi nəzərdə tutur;
  • proqressiv vergi dərəcələri müəyyən edilir –3 (5;7)%, 10%,14%.

Dəyişikliklərə daha ətraflı tanış olmaq üçün “Əməkhaqqıdan tutulmaları 2026-cı ildə necə olacaq” adlı məqaləyə keçid edin.

Gözlənilən dəyişikliklər, təbii ki, işçinin faktiki aldığı məbləğə, ümumi əməkhaqqına, habelə onların hesablanması alqoritminə təsir edəcək.

Nett → Gross hesablanması hansı hallarda lazım olur?

  • İşçi gəlirlərini hesablamaq istəyir: bütün çıxılmalardan sonra kartına faktiki nə qədər məbləğin köçürüləcəyini bilərək işçi şəxsi büdcəsini planlaşdıra bilər.
  • Əmək müqaviləsində dəqiqləşdirmələr: işçi ilə faktiki alacağı məbləğ razılaşdırılıb, lakin əmək müqaviləsində ümumi əməkhaqqını əks etdirmək lazımdır;
  • İşçinin tam dəyərini bilmək istəyi: Nett-dən Gross-a əməkhaqqını bilməklə vergi və icbari tutulmaları nəzərə alaraq işəgötürənin işçiyə nə qədər xərc çəkdiyini müəyyən etmək olar.

Hesablamalar necə aparılır?

Faktiki alınan məbləğdən ümumi əməkhaqqını hesablamaq üçün ilk növbədə Nett əməkhaqqının Grossdan (ümumi əməkhaqqıdan) müəyyən edildiyini bilməliyik.

Nett = Gross – (Gəlir Vergisi + MDSS + İşsizlikdən Sığorta + İcbari Tibbi Sığorta )

Göründüyü kimi Nett əməkhaqqından Gross məbləği tapmaq üçün NETT əməkhaqqına (xalis maaşa) əməkhaqqıdan tutulan bütün vergiləri və icbari ödənişləri (gəlir vergisi, sosial sığorta və sair) əlavə etmək lazımdır.

2026-cı ildə əməkhaqqı hesablanmasının əsasları

2026-cı ildə əməkhaqqıdan tutulmalara tətbiq edilməsi gözlənilən dəyişikliklər əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərə aiddir. Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektorunda çalışan işçilər üzrə əməkhaqqı hesablaması 2025-ci ildəkinə nisbətən az dəyişib. Bu sektorda da İTS hesablanması, özəl sektorda olduğu kimi, əməkhaqqı 2500 manatadək və 2500 manatdan çox olan hissəsinə görə bölünmüş iki aralıqda aparılır.

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoru üçün əməkhaqqı cədvəli -2026

Dəyişikliklərdən sonra özəl sektorda əməkhaqqıdan tutulmalar 2026-ci ildə aşağıdakı kimi olacaq:

  • Gəlir vergisi (GV): 2500 manatadək (Gross– 200) × 3%, 2500 – 8000 manat arası 75+ (Gross-2500)* 10%, 8000 manatdan yuxarı olduqda 625 manat + (Gross-8000)*14%;
  • Məcburi Dövlət Sosial Sığortası (MDSS): 200 manatadək Gross*3%, 200-8000 manat aralığında (Gross-200)*10%+6, 8000 manatdan yuxarı olduqda (Gross-8000)*10%+786;
  • İcbari Tibbi Sığorta (ITS): 2500 manatadək Gross × 2%, 2500 manatdan çox olduqda (Gross-2500)*0,5%+50;
  • İşsizlikdən sığorta (İS) = Gross × 0.5%

2026-cı il üzrə NETT–GROSS əməkhaqqı hesablamaları ilə bağlı sualınız var? Bizə müraciət edin!

2026-cı ildə Nett-dən Gross-a əməkhaqqı hesablanmasının əsasları

Əməkhaqqıdan tutulmalara 2026-cı ilin əvvəlindən tətbiq ediləcək tutulmalara diqqət etsək, onların müəyyən aralıqlarda fərqli olduğunu görə bilərik. Bu xalis maaşdan ümumi əməkhaqqının hesablanmasına da təsir edir. Hesablama zamanı ümumi əməkhaqqının yuxarıda qeyd edilən intervallardan hansına uyğun gəlməli olduğünü təxmin etmək lazımdır, əks halada hansı düsturun tətbiq ediləcəyini müəyyən etmək çətinləşir. Bu xüsusi ilə aralıqlarn sərhədlərində özünü daha çox biruzə verir və hesablamalara təsir edir.

Nett – Gros əməkhaqqı hesablanmasının riyazi mahiyyətini anlamaq üçün 0-2500 manat aralığını araşdıraq. Digər intervallar üçün hesablamaların ardıcıllığı mahiyyətcə eynidir.

Gross əmək 0 – 2500 manat aralığında olduqda hesablamalar  

Bu aralıqda olan əməkhaqqı üçün gəlir vergisi 3% təşkil edir, eyni zamanda Vergi Məcəlləsinin 102.1.6 -ci maddəsi nəzərə alınmaqla:

  •  GV = (Gross – 200) × 0.03 = 0,03* Gross – 6

Bu dəyəri əsas düsturda yerinə qoyaq:

  • NETT = Gross – (0,03* Gross – 6) + 0.125 * Gross – 14)
  • NETT = Gross – (0.155 * Gross – 20)
  • NETT =  0.845 * Gross + 20

GROSS = (NETT – 20) / 0.845

Nümunə:

Nett=2132,50  manat,  Gross=(2132,50-20)/0,845 = 2500 manat

Aralıqların sərhədlərinə uyğun ədədləri, habelə yuxarıdakı riyazi hesablamaların mahiyyətini bilməklə digər intervallar üçündə riyazi hesablamalar aparmaq olar.

Exceldə NETT → GROSS kalkulyatoru

Əlbəttə, riyazi hesablamalar aparmaq olar, amma bu vaxt aparır, diqqət tələb edir və cansıxıcıdır. Bunu nəzərə alaraq mütəxəssislərimiz sizin üçün Exceldə sadə kalkulyator hazırlayıb. Kalkulyator bütün kateqoriyalara aid olan işəgötürənlərdə çalışan işçilərin 2026-ildə  əməkhaqqından tutulmaları, habelə Nett →Gross yaxud əksinə hesablamalrı aparmağa imkan verir.

Əgər:

  • GROSS əmək haqqı aralığı məlum deyilsə, yaxud;
  • hesablamalar aralıq sərhədlərinə yaxın maaşlar üçün aparılırsa;
  • verilmiş NETT maaşa əsasən hansı düsturdan istifadə edəcəyinizi bilmirsinizsə;

rahatlıqla bu kalkulyatordan istifadə edə bilərsiniz.

Bundan başqa “Supergross” Excel düsturu vasitəsi ilə işçinin işəgötürənə tam olaraq hansı məbləğə başa gəldiyini (işçinin tam dəyəri) də bu kalkulyatorla hesablamaq  olar.

Fayla nəzər yetirin: Nett – Gross kalkulyatoru üçün keçid al

Faylı yükləyin: Nett – Gross əməkhaqqı hesablanması (3307 downloads )

2026-cı il üzrə NETT–GROSS əməkhaqqı hesablamasını mütəxəssislərə həvalə edin!

 

2026-cı il üçün əməkhaqqı cədvəli: əməkhaqqıdan tutulmalar necə hesablanacaq?

posted in: Xəbər | 0

1. Əməkhaqqıdan tutulmalar 2026-cı ildə dəyişəcəkmi?

Azərbaycanda 2026-cı ildə əməkhaqqıdan vergi tutulması qaydalarında mühüm dəyişikliklər olacaq. Belə ki, 2026-ci ilin yanvar ayının 1-dən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutlmasına edilən güzəştlər (Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101.1-1. bəndi) qüvvədən düşür. Habelə həmin kateqoriyalı işçilərə hesablanmış əməkhaqları üzrə məcburi dövlət sosial tutulmalarının hesablanması qaydalarında da (“Sosial sığorta haqqında” AR qanunun 14-cü maddəsi) həmin tarixdən yeni redaktə gözlənilir. Bu güzəştlərin ləğvi, gözlənilən dəyişikliklər, təbii ki, işçilərin “ələ çatan” maaşına (nett əməkhaqqıya) birbaşa təsir göstərəcək.

Həm işçilər, həm mühasiblər, həm HR mütəxəssisləri, həm də işəgötürənlər üçün nəzərdə tutulan bu məqalədə gözlənilən dəyişikliklərin mahiyyəti şərh olunur.

2. Əməkhaqqıdan tutulan vergilər və ayırmalar 2025-ci ildə necə idi?

Müzdlu işdən aylıq gəlirlərdən 2025-ci ildə vergi tutulması Vergi Məcəlləsinin 101.1 maddəsi ilə tənzimlənib. Həmin maddəyə əsasən 2500 manatdək olan əməkhaqqıdan 14%, 2500 manatdan çox olan əməkhaqqıdan isə 350 manat və 2500 manatdan çox olan hissəsinin 25%-nin cəmi hesablanmaqla vergi tutulur.

Eyni zamanda Məcəllənin 101.1-1 maddəsi ilə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinə 2019-cu il yanvarın 1-dən 7 il müddətinə vergi güzəştləri müəyyən olunub. Qeyd edilən müddətdə məcburi dövlət sosial sığorta haqqı hesablamalarına da müəyyən güzəştlər tətbiq edilib. 2025-ci ildə əməkhaqqıdan tutulmalar haqqında buradan daha ətraflı məlumat almaq olar. 7 illik müddət bitdiyindən bu güzəştlər 2026-cı ilin yanvar ayının 1-dən qüvvədən düşür.

3. Əməkhaqqıdan tutulmalarda 2026-cı ildə hansı dəyişikliklər gözlənilir?

Təklif edilən layihə, 7 illik vergi güzəştlərinin ləğvindən sonra, heç də bütün kateqoriyalardan olan işçilərin muzdlu işlə bağlı gəlirlərinə Vergi Məcəlləsinin 101.1-ci maddəsinin birbaşa tətbiqini nəzərdə tutmur. Layihəyə görə özəl sektorda 2026-cı ildə əməkhaqqıdan tutulacaq gəlir vergisinin dərəcəsi aşağıdakı kimi müəyyən oluna bilər:

Aylıq gəlir Gəlir vergisi -2026
0 – 2500 AZN (2500-200)*3%
2500 – 8000 AZN 75 AZN + 2500-dən yuxarı hissənin 10%-i
8000 AZN-dən yuxarı 625 AZN + 8000-dən yuxarı hissənin 14%-i

 Həmçinin, 2027-2028-ci illərdə aylıq gəlirlərin minimum intervalı üçün (0-2500 manat) vergi dərəcəsinin artımı (5 və 7 %) nəzərdə tutulur, yəni:

  • 01.2027-cı il tarixdən 01.01.2028-ci il tarixədək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi;
  • 01.2028-cı il tarixdən 01.01.2028-ci il tarixədək isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinin çıxılması gözlənilir.
Vergi dərəcələri üzrə dəyişikliyin mahiyəti
✔ 2019–2025 dövründə özəl sektorda əməkhaqqıya gəlir vergisi 0% idi;
✔ 2026-dan vergitutma yenidən bərpa olunur;
✔ Əmək bazarında işçilərin xalis maaşı bir qədər azalacaq;
✔ Mühasiblər üçün əməkhaqqı hesablamalarında yeni düstur tətbiq ediləcək.

4. DSMF, işsizlik və tibbi sığorta tutulmaları 2026-cı ildə dəyişəcəkmi?

Təklif edilən layihədə 2026-cı ildə məcburi dövlət sosial sığorta (MDSS) haqlarının hesablanması zamanı işçi və işəgötürənə münasibətdə aşağıdakı sxemlər nəzərdə tutulub:

  • 200 manatadək əməkhaqqı üçün MDSS – işçi 3 %, işəgötürən 22 %;
  • 200-8000 manat üçün MDSS – işçi 10 %, işəgötürən 15 %;
  • 8000 manatdan çox oldurqa – işçi 10 %, işəgötürən 11 %.

Hazırki məlumatlar görə işsizlik sığortası üzrə hər hansı dəyişiklik nəzərdə tutulmasa da, İTS üzrə aşağıdakı dəyişiklik gözlənilir:

  • İşsizlikdən sığorta haqqı – 0,5%;
  • İcbari Tibbi Siğorta haqqı – 2500 manatadək 2%, 2500 manatdan yuxarı 0.5%.

Beləliklə işçinin 2026-cı ildə əməkhaqqı üzrə əsas dəyişikliklər vergilər və 2500 manatdan yuxarı dəyərlər üçün isə İTS ilə bağlıdır.

2026-cı il üzrə işçilərdən tutulmaların siyahısı
✔Gəlir vergisi – yeni dərəcələrlə;
✔DSMF – 200 manatadək 3%, 200 manatdan yuxarı – 6 manat + yuxarı məbləğin 10%-i;
✔İşsizlikdən sığorta – 0.5%;
✔İcbari tibbi sığorta – 2500 manatadək – 2%, 2500 manatdan yuxarı olduquqda – 50+2500 manatdan yuxarı məbləğin 0,5%;✔Həmkarlar təşkilatına tutulmalar – uyğun dərəcələrlə.

5. Xalis əməkhaqqının hesablanması – 2026: düstur və nümunə

2026-cı ildən xalis əməkhaqqını hesablamaq üçün belə bir düsturdan istifadə etmək olar:

Nett əməkhaqqı (Xalis maaş) = Gross əməkhaqqı – (gəlir vergisi + DSMF + işsizlik + tibbi sığorta)

Bunu nümunədə izah edək. Tutaq ki, özəl müəssisədə çalışan işçinin əməkhaqqısı (Gross) 3000 manatdır.

Gəlir vergisinin hesablanması:  75 + (3000 – 2500) × 10% = 75 + 50 = 125 manat

MDSS hesablanması: 6+(3000-200)*10%=6+280= 286 manat

Tutulmalar Məbləğ
Gəlir vergisi 125 manat
MDSS 286 manat
İşsizlik (0.5%) 15 manat
Tibbi sığorta – 2500 manatadək 2%, 2500 manatdan yuxarı 0.5%. 52,50 manat
Xalis maaş 2521,50 manat

6. İşəgötürənlərin məsuliyyəti və yükü dəyişəcəkmi?

Məqalə işçilərin əməkhaqlarından tutulmalar üzrə 2026-cı ildə baş verəcək dəyişiklliklərin şərhinə yönəlsə də, qısa bir qeyd edək:

  • İşəgötürən üçün 2026-cı ildə ümumi yükündə əməkhaqqının 2500-8000 manat intervalında olan hissəsində azalma olacaq (icbari tibbi sığorta hesabına), 2500 manatadək olan hissəsində isə dəyişmir;
  • Lakin əməkhaqqı hesablanması prosesinin yenidən qurulması lazımdır;
  • 2026-cı ildən bütün Vahid Bəyannamələrdə yeni dərəcələr tətbiq olunacaq;
  • HR və mühasibatlıq şöbələri sistemlərini yeniləməlidir.

7. Dəyişikliklər işçilərin xalis maaşına (nett əməkhaqqıya) necə təsir edəcək?

2026-cı ildə işçilərin real xalis əməkhaqlarında kiçik azalma baş verə bilər:

  • 1000 manat maaş alan işçinin xalis maaşı təxminən 30 manat azalır;
  • 1500 manat maaş alan işçinin xalis maaşı 45 manat azalır;
  • 2500 manat maaşda azalma 75 manat civarındadır;
  • Yuxarı maaşlarda isə dəyişiklik daha çox hiss edilir.

Azalmanın əsas səbəbi 2026-cı ildə əməkhaqqıya yenidən gəlir vergisinin tətbiq olunmasıdır. MDSS, İS vəvə İTS (2500 manatadək olan əməkhaqlarında) dəyişmədiyi üçün dəyişiklik yalnız gəlir vergisindən qaynaqlanır.

Aşağıdakı keçidlərdən Exceldə hazırlanmış əməkhaqqı cədvəllərini yükləmək olar:

2026-cı il üçün neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoru üçün əməkhaqqı cədvəli (5166 downloads )

2026-cı il üçün neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoru üçün əməkhaqqı cədvəli (2350 downloads )

Cəmil Əsədov, Accounting.Az saytının redaktoru

Ölkədə muzdla çalışan işçilərin sayı və əməkhaqqı açıqlanıb

posted in: Xəbər | 0

2026-cı il mayın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1792,3 min nəfər olub, onlardan 862,8 min nəfəri dövlət sektorunda, 929,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla çalışan işçilərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 13,8 faizi sənaye, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2026-cı ilin yanvar-aprel aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,5 faiz artaraq 1172,1 manat təşkil edib.

Mənbə: vergiler.az

Məzuniyyət və əmək haqqı eyni ayda olduqda tutulmalar necə hesablanır?

Məzuniyyət və əmək haqqı eyni ayda olduqda tutulmalar necə hesablanır?

posted in: Vergi, Xəbər | 0

Sual: Qeyri-neft sahəsində, işçinin əmək haqqı gross 6000 azn-dir. İşçi cari ayı tam işləyib, gələn ayın 1-dən 25 günlük növbəti əmək məzuniyyətinə çıxır. Bilirik ki, qeyri neft sahəsində 8000 azn-nə qədər əməkhaqqı “75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi” qaydasında gəlir vergisinə cəlb olunmur. Cari ayın əməkhaqqı və gələn ayda istifadə ediləcək növbəti məzuniyyət haqqı eyni ayda hesablanır. Toplananda 8000 azn-dən xeyli çox çıxır. Bu zaman ə/h-dan gəlir vergisi tutulurmu?

Cavab: Bildiririk ki, işçiyə verilən məzuniyyət haqqının hər aya düşən hissəsi həmin ayların əməkhaqqı ilə cəmlənərək gəlir vergisinə cəlb edilir.

Eyni zamanda 1 yanvar 2026-cı il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri:

  • 2500 manatadək olduqda vergi dərəcəsi 3 faiz olmaqla tətbiq edilir;
  • 2500 manatdan 8000 manatadək olduqda 75 manat ilə 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizinin cəmi kimi hesablanır;
  • 8000 manatdan çox olduqda isə 625 manat ilə 8000 manatdan çox olan məbləğin 14 faizinin cəmi kimi müəyyən edilir.

Sorğunuzda qeyd olunan halda, işçinin növbəti ay üçün əməkhaqqı və həmin ay üçün hesablanmış məzuniyyət haqqı cəmlənərək yuxarıda qeyd edilən intervallar üzrə tətbiq edilən faiz dərəcəsi tətbiq edilməklə gəlir vergisi tutulur.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci maddəsi.

Mənbə: taxes.gov.az

Bax:

Sadələşdirilmiş vergi ödəyiciləri üçün hansı dəyişikliklər edilib?

posted in: Xəbər | 0

2026-cı il yanvarın 1-dən etibarən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində sadələşdirilmiş vergi rejimində yeni qaydalar tətbiq edilməyə başlanıb. Yeni yanaşma xüsusilə ictimai iaşə, pərakəndə ticarət və xidmət sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əhəmiyyətli vergi üstünlükləri yaradır.

Yenilikləri “Business Service Center” MMC-nin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Elşad Əhmədli şərh edib.

2025-ci ilin sonunadək qüvvədə olan qanunvericiliyə görə, sadələşdirilmiş vergi ödəyiciləri xərclər çıxılmadan əldə edilən gəlirin 2%-i məbləğində vergi ödəyiblər. Təkcə ictimai iaşə və müəyyən xidmət sektorunda fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyiciləri üçün bu göstərici 8% olub. Bu ildən tətbiq edilən dəyişiklər də məhz ictimai iaşə və müəyyən xidmət sahələrində fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyicilərinə aiddir. 2% dərəcə ilə vergi ödəyənlər üçün heç bir dəyişiklik yoxdur.

2026-cı il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, ictimai iaşə və müəyyən xidmət sahələrində fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyiciləri üçün vergi dərəcələri ödəniş formasından asılı olaraq fərqli qaydada tətbiq olunur. Bundan sonra:

• POS-terminal vasitəsilə qəbul edilən nağdsız ödənişlər üzrə sadələşdirilmiş vergi dərəcəsi — 6%;
• nağd qaydada həyata keçirilən əməliyyatlar üzrə isə — 8% müəyyən edilib.

Misal 1

Tutaq ki, “AA” MMC-nin 2026-cı ilin I rübü üzrə göstəriciləri aşağıdakı kimi olub.

• Ümumi dövriyyə – 112.000 manat;

• POS-terminal vasitəsilə əldə olunan dövriyyə – 85.000 manat;

• Nağd dövriyyə – 27.000 manat.

Bu halda sadələşdirilmiş vergi aşağıdakı qaydada hesablanır:

POS-terminal dövriyyəsi üzrə:
85000 x 6% = 5100 manat;

Nağd dövriyyə üzrə:
27000 x 8% = 2160 manat.

Ümumi ödənilməli vergi məbləği:
5100 + 2160 = 7260 manat.

Beləliklə, müəssisənin ödəyəcəyi sadələşdirilmiş vergi məbləği 7.260 manat təşkil edir.

6 faiz dərəcəsinin tətbiqi 3 illik müddət üçün nəzərdə tutulmuş güzəşt mexanizmidir. (Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.) Bu yanaşmanın əsas məqsədləri aşağıdakılardır:

• Sahibkarların elektron ödənişlərə marağının artırılması;

• Nağdsız hesablaşmaların genişləndirilməsi;

• “Kölgə iqtisadiyyatı”nın azaldılması;

• Dövriyyələrin daha şəffaf uçotunun təmin edilməsi;

• Vergi nəzarətinin effektivliyinin artırılması.

Sadələşdirilmiş vergi ödəyiciləri üçün digər bir dəyişiklik POS-terminal vasitəsilə qəbul edilən dövriyyəyə 0,5 əmsalının tətbiqi ilə bağlıdır. Vergi Məcəlləsinin 218.1-1-ci maddəsinə əsasən, pərakəndə satış və vergi orqanında qeydiyyatda olmayan fiziki şəxslərə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə qəbul edilən ödənişlərin yalnız 50 faizi üzrə dövriyyə limitinin hesablanması zamanı nəzərə alınır.

Qeyd edək ki, bu güzəşt verginin hesablanmasına deyil, yalnız sadələşdirilmiş vergi rejimində qalmaq üçün nəzərə alınan dövriyyənin müəyyən edilməsinə tətbiq olunur.

Misal 2

“BB” MMC 2026-cı il üzrə fəaliyyət nəticələrinə əsasən satış dövriyyəsi haqqında aşağıdakı məlumatları təqdim edib:

Şirkətin POS-terminal vasitəsilə həyata keçirilən dövriyyəsi 146.000 manat, nağd qaydada həyata keçirilən dövriyyəsi isə 60.000 manat təşkil edib. Bu halda nəzərə alınan dövriyyə belə hesablanır:

146000 x 0.5 = 73000 manat;
73000 + 60000 = 133000 manat.

Beləliklə, müəssisənin nəzərə alınan dövriyyəsi 133.000 manat təşkil edir. Bu məbləğ ƏDV ödəyicisi olmaq üçün müəyyən edilmiş həddən aşağı olduğundan MMC-nin sadələşdirilmiş vergi ödəyicisi statusu saxlanılır.

Mənbə: vergiler.az

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

Ezamiyyə günlərində əmək haqqının hesablanması

posted in: Xəbər | 0

Ezamiyyə günlərində əmək haqqı hesablanması


Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir. Həmin maddə yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyə üçün göndərilən şəxslərə də şamil edilir.

Sərbəst auditor Altay Cəfərov bildirib ki, işçilərin ezamiyyətdə olduğu zaman əmək haqqının hesablanılması və ödənilməsi aktual məsələlərdəndir. Ezamiyyə qaydaları haqqında Maliyyə Nazirliyinin qərarında qeyd edilib ki, ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır. Bundan əlavə, Əmək Məcəlləsində də işçilərin ezamiyyətə göndərilməsi zamanı əməkhaqqının ödənilməsi ilə bağlı müddəalar yer alıb. Həm Əmək Məcəlləsində, həm də qaydalarda bir şeyə diqqət yetirilməlidir ki, ezamiyyətdə olan işçiyə orta əməkhaqqı ödənilməlidir.

Orta əməkhaqqının hesablanması qaydası Əmək Məcəlləsinin 177-ci maddəsi ilə müəyyənləşdirilib:

“Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.

“Əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.”

Nümunə: Tutaq ki, “AA” MMC-nin işçisi 1-10 avqust tarixlərində ezamiyyətdə olub. Bu zaman işçinin ezamiyyətdə olduğu zaman orta əməkhaqqı necə hesablanmalıdır?

Orta əmək haqqının hesablanması

Qeyd edilən maddəyə görə, əvvəlki iki ayın əmək haqqı cəmlənib, iki ayda olan iş günlərinin sayına bölünür və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla işçiyə veriləcək məbləğ müəyyən edilir.

İşçi 2 aydan az işlədikdə bir günlük əmək haqqı işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə müəyyən edili.

Bu qaydalara uyğun hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əmək haqqından az olarsa sonuncu bir günlük əməkhaqqı tətbiq edilir.

Yuxarıda qeyd edilən nümunəyə qayıdaq. Tutaq ki, işçi iyun ayında 400 manat və iyul ayında 400 manat əməkhaqqı alıb və “AA” MMC 5 günlük iş rejimi ilə işləyir. İyunda iş günlərinin sayı 16 və iyul ayında iş günlərinin sayı isə 23-dür. Bu halda, bir günə düşən orta əmək haqqı 20,51 manat təşkil edir.

( 400+400)/(16+23) = 800/39 = 20,51 manat

Sonrakı addım kimi, 1-10 avqust tarixlərində neçə iş günü olduğunu aydınlaşdırmaq lazımdır. Tutaq ki, iş günlərinin sayı 7-dir. Onda işçinin ezamiyyətdə olduğu dövrdə orta əmək haqqı belə hesablanır:
20,51 * 7 = 143,57 manat.

“AA” MMC 11-31 avqust tarixləri üçün işçiyə əməkhaqqı hesablamalı, tutulmaları isə yaranan məbləğə 143,57 manat əlavə etməklə həyata keçirməlidir.

Belə hesablamalar çox praktiki olmur. Adətən, müəssisələr işçilər ezamiyyətdə olan müddətdə onların orta əməkhaqqını yox, aylıq əməkhaqqını saxlayırlar. Bu zaman hesablamalarda böyük fərqlər olmur, hətta bəzi hallarda eyni məbləğlər əmələ gəlir.

 

1 2 3 4 2. 699