Aİ şirkətləri: Vergi administrasiyasındakı son dəyişiklik daha real islahatlara yol açacaq

posted in: Vergi, Xəbər | 0

vergi“Uzun müddət Azərbaycanın vergi orqanlarında, xüsusilə vergilərin toplanması istiqamətində soyğunçuluq və özbaşınalıq olub. Buna baxmayaraq, Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) şirkətləri bu ildən Azərbaycanda həyata keçirilən  vergi siyasətini müsbət qiymətləndirir. Düşünürük ki, vergi administrasiyasındakı son dəyişiklik daha real və hərtərəfli islahatlara yol açacaq”.

Barədə Avropa İttifaqının Azərbaycanla bağlı hazırladığı “Azərbaycanda biznes mühiti 2018” adlı hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, Aİ şirkətləri vergi üzrə yeni rəhbərliyin biznes mühiti və beynəlxalq qurumlarla əməkdaşlıq sahəsində dəyişikliklərə hazır olmasını yüksək qiymətləndirir. “Avropa şirkətləri daha da irəli gedərək vergi orqanlarının öz aralarında koordinasiya və məlumat axınını yaxşılaşdıracağını, yanaşmalarındakı ziddiyyət və anlaşılmazlığı aradan qaldıracağını gözləyir,” – deyə hesabatda vurğulanıb.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Dövlət Əmək Müfəttişliyi Xidmətinin iş mexanizmləri ilə bağlı ciddi islahatlar aparılmalıdır”

posted in: Xəbər | 0

Dövlət Əmək MüfəttişliyiƏmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi məsələlərinin müzakirəsi, bu sahədə qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə müşavirə keçirib.

Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizdə yeni iş yerlərinin açılmasının daimi xarakter aldığını, əhalinin məşğulluq səviyyəsinin artdığını, əmək bazarında sabitlik və inkişaf tempinin mövcud olduğunu vurğulayıb.

Nazir, eyni zamanda, əmək bazarında qanunvericiliyin icrasına nəzarət, işçi hüquqlarının təminatı prinsiplərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Bu istiqamətdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin hazırda tələb olunan səviyyədə olmadığını qeyd edən S.Babayev bildirib ki, ilk növbədə əmək müfəttişliyi sistemində, məmur-sahibkar münasibətlərində şəffaflıq tam təmin edilməli, korrupsiyaya şərait yaradan halların qarşısı alınmalı, vətəndaş müraciətlərinin hər biri ilə bağlı qısa vaxtda, operativ araşdırmalar aparılmaqla nəticəsinə əsasən qanunauyğun tədbirlər görülməli, bu sahədə süründürməçilik hallarına yol verilməməlidir.

Nazir qeyri-rəsmi məşğulluğun qarşısının alınmasının mühüm sosial-iqtisadi əhəmiyyətini qeyd edib. O bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti dövlət başçısının 2017-ci il 09 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrasında konkret nəticələrə nail olmaqla, qeyri-rəsmi əmək münasibətlərinin leqallaşdırılması sahəsində məqsədyönlü tədbirlərlə ölkənin sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini verməlidir. Bu sahədə nazirliyin elektron informasiya sisteminin aidiyyəti dövlət qurumlarının elektron informasiya sistemlərinə inteqrasiyası vacib əhəmiyyət daşıyır.

S.Babayev vurğulayıb ki, İlham Əliyevin təşəbbüsünə əsasən, qəbul edilmiş qanunla sahibkarlıq subyektlərində yoxlamaların aparılması 2021-ci ilədək dayandırılıb və bu qanunun tələblərinə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də ciddi riayət olunmalıdır. “ASAN Xidmət”in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sahələrində aparılan monitorinqlərin nəticələri ilə bağlı Xidmət aidiyyəti araşdırmalarını operativ şəkildə yerinə yetirməlidir. Bununla bərabər, bu sahədə tətbiq edilən “ASAN Xidmət” modelinin əmək müfəttişliyi sistemi tərəfindən tətbiqi, eyni zamanda, əmək hüquqlarının təminatına nəzarət mexanizminin qabaqcıl beynəlxalq təcrübə əsasında elektron nəzarət sistemi üzərindən həyata keçirilməsi, “elektron protokol” layihəsinin tətbiqi məqsədəuyğun ola bilər.

Nazir diqqətə çatdırıb ki, istehsalat qəzaları ilə bağlı təhqiqat işlərinin aparılmasında operativlik artmalı və adekvat tədbirlər görülməli, eyni zamanda, belə qəzaların qarşısının alınması, ümumən əməyin təhlükəsizliyi üçün önləyici tədbirlər barədə işəgötürənlərin geniş məlumatlandırılması, istehsalatda baş verən bədbəxt hadisələrin səbəblərinin təhlil olunaraq, belə hadisələrin baş verməməsi üçün preventiv tədbirlərlə əlaqədar aidiyyəti qurumlara müvafiq təkliflər verilməsi işləri aparılmalıdır. Habelə, əmək qanunvericiliyinin pozulması halları ilə bağlı inzibati tədbirlərin görülməsi ilə iş yekunlaşmamalı, müvafiq sahədə işəgötürənlərə fəal şəkildə metodiki dəstək göstərilməlidir. Xidmət öz fəaliyyətini nazirliyin digər struktur bölmələri, xüsusilə də nazirlik yanında Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu ilə əlaqəli, habelə sosial tərəfdaşlarla – həmkarlar və işəgötürənlər təşkilatları ilə fəal əməkdaşlıq müstəvisində qurmalı və bu fəaliyyət işçi hüquqlarının müdafiəsində vətəndaş məmnunluğuna səbəb ola biləcək praktik nəticələri özündə ehtiva etməlidir.

Nazir vurğulayıb ki, ümumilikdə əmək bazarı iştirakçılarının qanuni mənafelərinin qorunmasında və ümumən əmək bazarının iqtisadi inkişaf prosesinə uyğun tənzimlənməsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolunun artırılması və beynəlxalq innovativ təcrübələrdən irəli gələn səmərəli iş mexanizmlərinə malik olması üçün ciddi islahatlar aparılmalıdır. Nazir bununla bağlı təkliflər paketinin hazırlanmasını tapşırıb. Müşavirədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində mövcud vəziyyət müzakirə olunub, qarşıda duran vəzifələr müəyyən edilib, müvafiq tapşırıqlar verilib.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nağdsız ödənişlərin stimullaşdırılması üçün cərimə tətbiq oluna bilər

posted in: Vergi, Xəbər | 0
cəriməNağdsız ödənişlərin stimullaşdırılması üçün cərimə tətbiq oluna bilər.

Ölkədə nağdsız ödəmələrin inkişafı üçün böyük potensial olsa da, hazırda nağd ödənişlərin payı 90 faizdən çoxdur.

Bunun əsas səbəbləri uçotdan yayınan (qeyri-rəsmi və ya «kölgə») iqtisadiyyatın, qeyri-formal məşğulluğun, qeyri-mütəşəkkil və pərakəndə ticarətin miqyasının yüksək olması, maliyyə savadlılığının aşağı səviyyəsi, infrastruktur və texniki amillər (ödəniş sistemlərinin çeşidinin az, xidmət tariflərinin isə yüksək olması, POS-terminallarla bağlı əməliyyat xərclərinin çoxluğu, regionlarda rabitə infrastrukturunun zəifliyi), qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olması (bank olmayan ödəniş xidməti provayderlərinin fəaliyyətinin tənzimlənməməsi, elektron pulun normativ hüquqi bazasının olmaması, kart sahiblərinin  hüquqlarının yetərincə müdafiə edilməməsi) və s. kimi amillərlə bağlıdır.

Mütəxəssislərin fikrincə, nağd ödənişlərin dominant olduğu əsas sahələr aşağıdakılardır:

• İctimai iaşə və turizm obyektləri – 600-dən çox şadlıq evi, 19 minə yaxın restoran-kafe, 580 hotel, yüzlərlə yanacaqdoldurma məntəqəsi, avtoservis, idman-sağlamlıq mərkəzləri, gözəllik salonları və bir sıra digər xidmət sektorları.

• Ticarət obyektləri – bazarlar, ticarət mərkəzləri, iri super-hipermarketlər, məişət texnikaları, ev əşyaları, cehizlik mallar, mebel salonları, brend butiklər, topdan və pərakəndə satış mərkəzləri.

• Elm-təhsil və səhiyyə müəssisələri – bağçalar, məktəbəqədər hazırlıq, xarici dil və ümumi hazırlıq kursları, repetitorluq, xəstəxanalar, klinikalar, apteklər.

• İctimai nəqliyyat – «Bakı kart»ın işləmədiyi 2400 sərnişin avtobusu, 20-yə yaxın özəl taksi xidməti, dəmir yolu.

• Torpaq və daşınmaz əmlak bazarı, icarəsi və kirayəsi.

• Fiziki şəxslərin «çelnok» ticarəti – əsasən idxal əməliyyatları.

• Avtomobil bazarı – avtomobil idxalı, avtosalonlar, avtobazarlar.

• Qeyri-leqal əməkhaqqı, muzdla işləyən yerli və əcnəbi işçilərə ödənilən əməkhaqqı.

• Mərc oyunları, şou-biznes, əyləncə sektoru.

• Valyutadəyişmə məntəqələri və s.

Sadalanan bu uzun siyahıdan göründüyü kimi, ölkə iqtisadiyyatının böyük bir sahəsində əsasən nağd ödənişlər həyata keçirilir. Minlərlə hüquqi və fiziki şəxsin uçotdan yayındırdığı pul vəsaitlərinin, ödənişlərin nağdsızlaşdırılması və leqallaşması nəticəsində maliyyə-vergi mühasibatlıq sənədlərində şəffaflıq yaranar və dövlət büdcəsinə vergi daxilolmaları xeyli artar.

Nağdsız ödənişlərin cəmiyyətdə geniş yayılmasının vacib olduğunu bu gün hər kəs etiraf edir. Bəs bu sahədə hansı həlli vacib problemlər mövcuddur? Burada kompleks yanaşma məqsədəuyğundur. İlk növbədə, infrastruktur imkanları genişləndirilməli, iqtisadi stimullaşdırma və maarifləndirmə tədbirləri həyata keçirilməli, lazım gələrsə, inzibati tədbirlər, cərimələr artırılmalıdır.

Dünya Bankının sifarişi ilə Azərbaycanda aparılmış sorğu əhalinin maliyyə savadlılığı səviyyəsinin aşağı olduğunu göstərir. Araşdırmalara görə, ölkə vətəndaşlarının böyük əksəriyyəti nağdsız ödənişlər barədə məlumatsızdır və bu xidmətlərdən, demək olar ki, istifadə etmir:

• adi riyazi maliyyə savadını qiymətləndirmək üçün verilən suallara respondentlərin yalnız 55%-i düzgün, 25%-i yanlış cavab verib, 20%-i isə təxmini rəqəm belə deyə bilməyiblər;

• rəyi soruşulanların 95%-dən çoxu elə bilir ki, kartdan istifadənin məqsədi yalnız bankomat və ya POS-terminaldan nağd pulun çıxarılmasından ibarətdir;

• vətəndaşların 55%-dən çoxu ayda cəmi bir-iki dəfə POS-terminal və ya internet vasitəsilə alış-veriş edir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, nağdsız hesablaşmaların həcminin artırılması, POS-terminallardan istifadə səviyyəsinin yüksəldilməsi üçün həm təşviqedici, həm də stimullaşdırıcı tədbirlər həyata keçirilməli, xüsusən də POS-terminaldan imtina olunmasına görə qanunvericilikdə müəyyən tələblər qoyulmalıdır: “Vergi Məcəlləsində POS-terminalların quraşdırılmamasına görə hansısa bir cərimə və ya cəza nəzərdə tutulmayıb. Bu bir reallıqdır ki, sahibkarların nağd pula daha çox üstünlük verməsi vergidən yayınmaq məqsədi güdür. POS-terminallar isə nəticə etibarilə sahibkarların fəaliyyətinin şəffaflaşmasına və onların vergiyə cəlb edilməsinə zəmin yaradır”.

Azərbaycanda nağdsız ödənişlərin genişlənməsinin qarşısını alan səbəblərdən biri də xidmət tariflərinin yüksək olmasıdır. Nağdsız ödəniş əməliyyatı aparılan zaman sahibkarlar obyekti POS-terminallarla təmin edən banka 0,5-1% aralığında xidmət haqqı ödəməli olurlar. Belə olan halda, heç bir sahibkar maraqlı olmayacaq ki, nağdsız şəkildə satış həyata keçirsin. Bunun qarşısını almaq üçün müəyyən güzəştlər tətbiq edilməlidir ki, nağd dövriyyə ilə müqayisədə nağdsız ödənişin qəbul edilməsi sahibkar üçün maraqlı olsun.

Digər məsələ isə konvertasiya haqlarının artırılması ilə bağlıdır. Nağdsız ödənişləri stimullaşdırmaq üçün ölkədə prosessinq şirkətləri arasında tarif vahid olmalıdır. Bu ona gətirib çıxarmalıdır ki, bir prosessinq şirkətinə daxil olan bankın kredit, yaxud debit (maaş, yaxud pensiya kartı) ilə başqa prosessinq şirkətinə daxil olan bankın bankomatından, yaxud POS-terminalından əməliyyat aparanda əlavə xərc çıxılmasın.

Ümumilikdə isə mütəxəssislər hesab edirlər ki, iqtisadiyyatın yüksək səviyyədə nağdlaşması bir sıra neqativ nəticələr doğurur: makroiqtisadi idarəetmə çətinləşir, iqtisadiyyat investisiya resurslarından məhrum olur, maliyyə-vergi intizamı pozulur, şəffaflıq aşağı düşür, dövlət büdcəsinə vergi-gömrük gəlirləri və bank sisteminin resurs bazası azalır, faiz dərəcələri yüksəlir, pul çapı ilə bağlı əlavə xərclər meydana çıxır və s. Bu baxımdan, maliyyə bazarının inkişafı, iqtisadiyyata investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, vahid elektron ödəniş məkanının formalaşdırılması və ölkədə nağd pul dövriyyəsinin məhdudlaşdırılması ilə əlaqədar müasir elektron ödəniş xidmətlərinin təkmilləşdirilməsi, nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı tədbirlərin davamlı olaraq həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsi, korporativ sektorda şəffaflığın artırılması, o cümlədən vergidən yayınma hallarının aradan qaldırılmasına xidmət edir.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən səs-küylü maliyyə qalmaqalları (2-ci hissə)

posted in: Maliyyə, Məqalə, Xəbər | 0

maliyyə qalmaqallarıDəqiq mühasibat uçotunun olmaması bəzən geniş miqyaslı pozuntulara gətirib çıxarır. Biznes dünyasında baş verən bir çox nəhəng qalmaqallardan sadə üsullarla yayınmaq olardı, lakin müəyyən zaman kəsiyində onlardan istifadə olunmaması, həmin hay-küylü qalmaqallara gətirib çıxardı və bütün dünya bu rüsvayçılıqlardan xəbər tutdu.

Ən böyük maliyyə qalmaqalları əsasən korrekt olmayan mühasibat hesabatlılığı nəticəsində ortaya çıxır. Şirkətlərin gəlir və xərclərinin təhrif olunmasından, aktivlərinin şişirdilməsindən və passivlərinin dəyərləndirilməməsindən söhbət gedir. Bəzən bu pozuntuların nə dərəcədə bilərəkdən həyata keçirilib-keçirilməməsini müəyyən etmək nəzarətedici orqanlara müəssər olmur.

Kommersiya təşkilatları tərəfindən həyata keçirilmiş və diqqətləri daha çox cəlb edən maliyyə pozuntularından bir neçəsini diqqətə çatdırırıq.

İnformatorun “siqnalı” əsasında 24 illik həbs və infarkt

2001-ci ildə enerji bazarında nəhəng oyunçu sayılan Enron şirkətində qalmaqal bağlı baş verib. Şirkətin rəhbəri Jeffrey Skilling başçılıq etdiyi korporasiyanın nəhəng borcları ilə bağlı məlumatları mühasibat hesabatından gizlədirmiş. Sən demə, bütün bu işlər şirkətin yaradıcısı Kenneth Lay`in birbaşa təhriki ilə həyata keçirilibmiş. Lakin, elə bu saxtakarlıq da Enron şirkətinin banisindən ötrü faciəli sonluqla nəticələnir. Belə ki, o, bu maxinasiyaların məhkəmə işi başa çatana qədər infarkdan keçinir.

Skilling isə çox sərt bir cəza – 24 illik həbs cəzası alır. Güman olunduğuna görə onu 2019-cu ildə vaxtından əvvəl azad edə bilərlər ki, bu da şirkətin səhmdarlarını heç də qane etmir. Belə ki, bu iki şəxsin saxtakarlıqları nəticəsində onlar 74 milyon dollar itiriblər.  6 il ərzində dalbadal Amerikada ən innovasiyalı şirkət hesab olunan bu korporasiya öz mövcudluğunu beləcə itirmiş oldu.

Maraqlıdır ki, bu pozuntular şirkətin auditorlarından biri, Sherron Watkins tərəfindən aşkar olunub. 2002-ci ildə Time jurnalı Sherron Watkins və digər bir neçə nəfəri “İlin adamı” adlandırdı.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.