Maliyyə amnistiyası elan olunur. Məcburi dövlət sosial sığorta üzrə borclar silinəcək???

posted in: Xəbər | 0

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Milli Məclisə (MM) əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.

Bununla bağlı prezident İlham Əliyev tərəfindən MM-ə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi təqdim edilib.

Qəbul olunacağı təqdirdə 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsində bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Sənədə əsasən sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

Qanun layihəsində o da bildirilir ki, sığorta edənlərin  müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

– sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir;

– sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir;

– sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir;

Qeyd edək ki, məcburi dövlət sosial sığorta amnistiyası ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların da qalığına şamil ediləcək.

Azərbaycanın maliyyə sektorunda işçilərin sayı azalır

posted in: Maliyyə, Xəbər | 0

Azərbaycanda maliyyə və sığorta sektorunda muzdla çalışan işçilərin ümumi sayı 2017-ci il ərzində 5,2% və ya 1,3 min nəfər azalaraq 2018-ci il yanvarın 1-nə 23,7 min nəfər təşkil edib.

İşçilərin 4,5 min nəfəri və ya 19%-i dövlət, 19,2 min nəfəri və ya 81%-i özəl sektorda çalışıb.

Bildirək ki, bu sahədə çalışan işçilərin sayı 2005-ci ildəki 11,8 min nəfərdən 2014-cü ildə 30,9 min nəfərədək yüksəlib, daha sonra azalmağa başlayaraq 2015-ci ildə 30,1 min nəfər, 2016-cı ildə 25 min nəfər olub.

Qeyd edək ki, cari il yanvarın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı ilkin məlumatlara əsasən 1 521,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 880,1 min nəfər, qeyri-dövlət sektorunda isə 641,2 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,9 min nəfər, qeyri-neft sektorunda isə 1 487,4 min nəfər çalışıb.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bakıda II Maliyyə və İnvestisiya Forumu keçiriləcək

posted in: Maliyyə, Xəbər | 0

5 may 2018-ci il tarixində Bakı şəhərində, “Pullman” oteldə ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə II Maliyyə və İnvestisiya Forumu (FIF2018) “Rəqəmsal biznes trendləri” devizi ilə keçiriləcək.

Bu ilki forumun əsas məqsədi Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır.

Forum ötən il olduğu kimi, 3 paneldən ibarət olmaqla günboyu davam edəcək. “İnvestisiya strategiyaları”, “Maliyyələşmə strategiyaları”, “Vergi siyasəti və mühasibat uçotu” adlı panellərdə toplam 12 yerli və xarici spikerin çıxışı planlaşdırılır. Forumda özəl şirkətlərlə yanaşı əlaqəli dövlət qurumlarından rəsmilər də iştirak edəcəklər.

“Keçiriləcək tədbir sayəsində dövlət və özəl biznes subyektləri arasında konstruktiv əlaqələrin, bilgi paylaşımının olması, ümumilikdə, sektora müsbət təsir edəcək. Maliyyə, vergi, audit, mühasibatlıq sahəsində çalışan menecerlər, sahibkarlar və ümumiyyətlə, bizneslə əlaqəli hər kəs bu forumda iştirak edə bilər”, – deyə təşkilatçılar bildiriblər.

Xatırladaq ki, ilk forum 2017-ci il mayın 5-də 200-dək şirkətin 400-dən çox menecerinin iştirakı ilə keçirilib.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyindən yenidən xəbərdarlıq!!!

posted in: Vergi, Xəbər | 0

Vergilər Naziri bu gün vergi ödəyicilərinə şəffaflıqla bağlı müraciət edib.

Nazir müraciətdə bildirir ki, vergi sistemində həyata keçirilməsinə başlanılmış şəffaflığın təmin edilməsi və vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi prinsipləri vergi ödəyicilərinin də öz öhdəliklərinə qanunauyğun yanaşmasını tələb edir. Şəffaflıq yalnız vergi orqanlarının fəaliyyətini deyil, eyni zamanda vergi ödəyicilərinin də öz öhdəliklərinə düzgün yanaşmasını əhatə etməlidir. Vergilərini tam həcmdə və vaxtında ödəyən hər bir intizamlı ödəyici vergi orqanlarının etibarlı tərəfdaşı olacaq və belə ödəyicilər daim dəstəklənəcəkdir.

Vergi hesabatına bilərəkdən saxta məlumatları daxil edənlər və vergidən yayınmağa cəhd göstərənlər isə qanun qarşısında cavab verəcək, onlarla sərt, lakin qanunun müəyyən etdiyi çərçivədə davranılacaqdır. Kiçik və ya böyüklüyündən asılı olmayaraq, hər bir vergi ödəyicisi öz vergi öhdəliyinə əməl etməli, ikili mühasibatlığın aparılması, vergiyə cəlb olunan dövriyyələrin gizlədilməsi, vergidən yayınma halları aradan qaldırılmalıdır.

Sahibkarların öz vergi öhdəliklərini rahat şəkildə yerinə yetirməsi üçün mövcud sistem, vergi ödəyicilərinə göstərilən xidmətlər ödəyicilərin gözləntilərinə və tələblərinə uyğun şəkildə təkmilləşdiriləcəkdir.

Vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçü götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı tədbirlərə də başlanılmışdır.

Vergilər Nazirliyi ödəyicilərə keyfiyyətli xidmətlər, qarşılıqlı etimad təklif edir, onları eşitməyə, qanuni tələblərinin həllinə kömək göstərməyə hazırdır. Vergi ödəyicilərindən isə intizamlı olmaq və vergi qanunvericiliyinin tələblərinə tam əməl etmək tələb olunur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.