Əmək Məcəlləsində kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048; Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 716-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 209-cu maddənin on üçüncü abzasında “təhqiq edilməsi” sözləri “araşdırılması” sözü ilə əvəz edilsin.

2. 217-ci maddə üzrə:

2.1. adında “təhqiqi” sözü “araşdırılması” sözü ilə əvəz edilsin;

2.2. 1-ci hissədə “təhqiqatının aparılması” sözləri “araşdırılması” sözü ilə əvəz edilsin;

2.3. 2-ci hissədən “və onun təhqiqatının aparılması” sözləri çıxarılsın;

2.4. 3-cü hissədə “təhqiqatı” sözü “araşdırılması” sözü ilə əvəz edilsin;

2.5. 4-cü hissədə “təhqiqat” sözü “araşdırılma” sözü ilə əvəz edilsin;

2.6. 5-ci hissədə “təhqiqinin” sözü “araşdırılmasının” sözü ilə əvəz edilsin.

3. 237-ci maddənin 3-cü hissəsinin birinci cümləsində “təhqiqində” sözü “araşdırılmasında” sözü ilə əvəz edilsin.

4. 310-cu maddədən və 312-ci maddənin birinci hissəsindən “fiziki” sözü çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2017-ci il.

Mənbə: president.az

İki vergi ödəyicisinin 526 min manatlıq əmlakları hərraca çıxarılıb

posted in: Vergi, Xəbər | 0

Vergi borcu olan 2 vergi ödəyicisinin əmlakı hərraca çıxarılıb. Ümumilikdə 6 əmlak hərraca çıxarılıb.

Məlumata görə, inzibati binaları hərraca çıxarılan “Sabunçu Sənaye İstehsalı” ASC Bakı şəhər Lokal Gəlirlər Departamentində, fiziki şəxs olan Aydın Əli oğlu Safkürdskiy isə 12 saylı Ərazi Vergilər İdarəsində (ƏVi) qeydiyyatdadır.

Hərraca çıxarılan əmlakların ümumi dəyəri 525 456 manatdır. Onun 520 856 manatı (99,13%) hüquqi şəxsə, 4 600 manatı (0,88%) isə fiziki şəxsə aiddir.

Əmlaklar arasında iki inzibati bina, işlənmiş televizor, çəkiliş üçün kran və soba yer alıb. Hərracların bir ay sonra keçiriləcəyi bildirilir.

“Bulud texnologiyalarının maliyyə sektorunda tətbiqi” mövzusunda tədbir keçirilib

posted in: Maliyyə, Xəbər | 0

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşkilatçılığı ilə Bakıda “Bulud texnologiyalarının maliyyə sektorunda tətbiqi” mövzusunda tədbir keçirilib.

Azərbaycanın bank sektoru və digər maliyyə təşkilatlarının rəhbərləri üçün nəzərdə tutulan tədbirin məqsədi “bulud” texnologiyalarının tətbiqinin maliyyə qurumlarının işində yarada biləcəyi üstünlüklər, bank sektorunun dövrün çağırışlarına operativ uyğunlaşa bilməsi üçün “bulud” həllərinin yaratdığı imkanlar və qeyd olunan texnologiyanın tətbiqi vasitəsilə maliyyə bazarlarında informasiya təhlükəsizliyi və etibarlılığın artırılması barədə məlumat verməkdir.

Tədbirdə iştirak edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “bulud” texnologiyalarının artıq müasir həyatın ayrılmaz bir hissəsi olduğunu və beynəlxalq təcrübədə bu texnologiyaların müxtəlif sektorlarda uğurla  tətbiq olunduğunu qeyd edib. Nazir bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzi beynəlxalq səviyyədə qəbul edilən TİER III yüksək etibarlılıq sertifikatına malikdir.

Mərkəzin dünyanın ən aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz edildiyini vurğulayan R.Quluzadə dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə data və “bulud” texnologiyaları xidmətləri göstərildiyini deyib. O, Data Mərkəzin “bulud” əsaslı xidmətlər göstərməklə  yerli və xarici bazarda rəqabətə davamlı və etibarlı xidmət təminatçısı kimi çıxış etdiyini qeyd edib. Nazir bildirib ki, əsas hədəflərdən biri respublikamızın regionun tranzit informasiya mərkəzinə çevrilməsidir.

MBNP-nın direktorlar şurasının sədri Rüfət Aslanlı isə çıxışında bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində bu gün artıq maliyyə sektorunda yeni alətlər tətbiq olunur, ofissiz maliyyə xidmətləri göstərən yeni formalı mexanizmlər yaranır. R.Aslanlı bununla belə, informasiya texnologiyaları, o cümlədən “bulud” texnologiyaları üzərindən maliyyə xidmətlərinin göstərilməsi üçün hüquqi bazaya ehtiyac olduğunu vurğulayıb. “Bulud” texnologiyalarının maliyyə sektorunda tətbiqi ilə bağlı təşəbbüsü dəstəklədiklərini də diqqətə çatdıran R.Aslanlı NRYTN ilə MBNP arasında başlayan bu addımın səmərəli əməkdaşlığa çevriləcəyinə, eyni zamanda bu imkanlar əsasında yeni alətlərin generasiya edilə biləcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra “Ernst&Young” şirkətinin “Bulud texnologiyalarına keçidin əsas aspektləri” mövzusunda təqdimatı dinlənilib. “Bulud”a inteqrasiyanın dünya maliyyə bazarlarına verdiyi töhfələr və “bulud” həllərinin beynəlxalq iqtisadi münasibətlərə təsirindən danışılıb.

Təqdimatdan sonra R.Aslanlı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev müzakirələrə qoşularaq, “bulud” texnologiyaları üzrə risklər və bu risklərin idarə olunması ilə bağlı rəylərini bildiriblər.

Növbəti təqdimat “AzInTelecom”un Data Mərkəzinin fəaliyyətinə həsr edilib, qeyd edilib ki, Data Mərkəzi informasiya təhlükəsizliyinin, etibarlılığın artırılması, qəza hallarının aradan qaldırılması, kapital xərclərinin minimuma endirilməsi üçün bütün infrastrukturla təchiz olunub.

Bildirilib ki, istismar xərclərinin optimallaşdırılması sayəsində elektron xidmətlərin inkişafı və daha çevik çatdırılması təmin edilir, məlumatların ölkə ərazisində saxlanması xaricə valyuta axınını azaldır.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Audit nəticəsi: Pullu xidmət göstərən obyektlərin işlətdiyi enerji sərfiyyatının dəyəri büdcə vəsaiti hesabına ödənilib

posted in: Audit, Xəbər | 0

Hesablama Palatasının Kollegiyası 2016-2017-ci ilin I yarımilliyində Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və tabeliyində olan qurumların maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Müsabiqədənkənar işə götürülmüş işçilər dövlət qulluğuna qəbul olunub, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlar verilib, eyni zamanda dövlət qulluqçularının kollektiv mükafatlandırılması zamanı staj müddəti başa çatmamış qulluqçuya mükafat artıq ödənilib, işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənişi zamanı, həmçinin məzuniyyət vaxtı üçün orta əmək haqqının düzgün hesablanmaması səbəbindən artıq vəsait ödənilib.

Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi tərəfindən ştat cədvəlləri tərtib edilərkən qüvvədə olan normativ-hüquqi aktların tələblərinə riayət olunmayaraq vəzifə maaşları yüksək müəyyənləşdirilib.

“Dənizkənarı Milli Park” MMC tərəfindən xidmət müqaviləsi bağlanılmış hüquqi və fiziki şəxslər üzrə “Özəlləşdirilən dövlət müəssisə obyektlərinin, habelə Nazirlər Kabinetinin “Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qərarının müvafiq tələblərinə tam əməl edilməyib, eyni zamanda dövlət mülkiyyətində olan torpaq sahələrinə görə icarə müqaviləsi bağlanılmalı olduğu halda, qeyd olunan tələb gözlənilməyərək dövlət büdcəsinə icarə haqqı hesablanmayıb və ödənilməyib, həmçinin pullu xidmət göstərən obyektlərin işlətdikləri enerji sərfiyyatının dəyəri büdcə vəsaiti hesabına ödənilib.

Qeyd edək ki, audit tədbiri Dənizkənarı Bulvar İdarəsi və strukturuna daxil olmayan tabeliyindəki büdcədən maliyyələşdirilən qurumları olan Dövlət Bayrağı Muzeyi və Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi, eləcə də təsərrüfathesablı təşkilatları olan “Sahil Xidməti” MMC və”Dənizkənarı Milli Park” MMC-ni əhatə edib. Auditlə, ümumilikdə, 66 454,5 min manat məbləğində vəsait əhatə olunub.

Hesablama Palatasının Kollegiyası Dənizkənarı Bulvar İdarəsinin və tabeliyində olan qurumları tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Dənizkənarı Bulvar İdarəsinə Kollegiya qərarının surəti, habelə Maliyyə Nazirliyinə və Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq məktublar göndərilib. Auditin nəticələri barədə  Milli Məclisə məlumat təqdim edilib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.