Read More9
Read More9

Bank hesablaşma hesabı üzrə əməliyyatlar, hesabın açılması

posted in: Xəbər | 0

Bank hesabı üzrə əməliyyatların növləri

Bank hesablaşma hesabı üzrə bütün əməliyyatlar iki kateqoriyaya bölünür:

  • hesabdan silinmə;
  • hesaba daxilolma.

Belə bölünmə bank hesabında pul vəsaitləri üzrə nağdsız əməliyyatların hərəkət istiqamətinə görə müəyyən edilir.

Bank hesablaşma hesabından silinmə aşağıdakı halları nəzərdə tutur:

  • akkreditiv və depozitlərin açılması üçün vəsaitlərin çıxarılması;
  • xarici valyuta və ya qiymətli metalların alınması üçün banka pul köçürmə;
  • xarici valyutanın satış məqsədi ilə silinməsi;
  • podratçılara və təchizatçılara ödənişlər;
  • sosial sığorta üzrə büdcəyə transfertlər;
  • uzunmüddətli və qısamüddətli kreditlərin ödənilməsi;
  • bank xidmətlərinə görə ödəmələr;
  • işçi heyəti hesablaşmalar (əməkhaqqı ödənişi, vergi, sosial sığorta ödəmələri və sair);
  • digər nağdsız əməliyyatlar üzrə silinmələr.

Bank hesabına daxilolma əməliyyatları kateqoriyasına aşağıdakılar daxildir:

  • mal və xidmətlərin satışından əldə edilən gəlirlər;
  • alıcı və müştərilərdən alınan avanslar;
  • vergi şəklində ödənilmiş vəsaitin geri qaytarılması;
  • uzunmüddətli və qısamüddətli kreditlərin alınması;
  • xarici sifarişçilərdən daxilolmalar;
  • istifadə olunmamış avansların qismən və tam qaytarılması;
  • bank depozitləri üzrə faizlərin hesablanması;
  • depozit hesabından pulun qaytarılması;
  • əvvəllər verilmiş kreditlərin qaytarılması;
  • xarici valyutanın satışından əldə edilən vəsaitlər;
  • işçinin ezamiyyət zamanı xərcləmədiyi valyutanın geri qaytarılması;
  • digər nağdsız əməliyyatlar üzrə daxilolmalar.

Bank hesabının açılması üçün tələb olunan sənədlər

Kredit təşkilatlarında hesab açmaq üçün fiziki şəxslər, dövlət orqanları, bələdiyyələr, kommersiya və qeyri-kommersiya hüquqi şəxslər tərəfindən təqdim edilən sənədlərin tərkibi fərqlənir. Sənədlərin siyahısı Mərkəzi Bankın “Bank hesablarının açılması,   aparılması  və   bağlanması  Qaydaları” ilə müəyyən   edilir.

Aşağıdakılar kommersiya hüquqi şəxslərin cari hesab açmaq üçün banka təqdim etdikləri sənədlərə nümunədir:

  • hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
  • hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surəti;
  • hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə sənədin surəti;
  • vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat;
  • imza və möhür nümunə vərəqi,
  • imza nümunələrində təsdiq edilmiş şəxslərin səlahiyyəti və şəxsiyyətini təsdiq edən sənədlər (əmr, qərar, şəxsiyyət vəsiqəsinin sürəti və sair).

Nağdsız əməliyyatların aparılması üçün bank hesabının açılması zamanı kredit təşkilatı tərəfindən aşağıdakı sənədlər doldurmaq üçün təqdim edilə bilər:

  • hesab açmaq üçün müraciət ərizəsi;
  • bank xidmət müqaviləsi;
  • özünüqiymətləndirmə anketi və sair.

Nizamnamə və dövlət reyestrindən çıxarış elektron informasiya sistemi vasitəsilə əldə edildikdə onların surətinin notariat qaydasında təsdiqinə ehtiyac yoxdur. Məsələn, kommersiya hüquqi şəxslərin sürətli elektron dövlət qeydiyyatı zamanı dövlət reyestrindən çıxarış (qeydiyyat haqqında şəhadətnamə) və nizamnamənin surəti Dövlət Vergi Xidmətinin elektron informasiya sistemi vasitəsilə elektron ərizəyə əlavə edilir. Odur ki, qeydiyyat zamanı bu sənədlərin notariat qaydasında təsdiqi tələb olunmur.

Fərdi sahibkarlar nağdsız əməliyyatlar üçün cari hesab açmaq məqsədi ilə banka aşağıdakı sənədləri təqdim edirlər:

  • fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd (bank tərəfindən surəti çıxarılır və əsli qaytarılır);
  • qeydiyyat şəhadətnaməsinin surəti;
  • vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat;
  • imza və möhür nümunə vərəqi.

Hesabın açılması üçün ərizə, xidmət müqaviləsi və özünüqiymətləndirmə anketi bank tərəfindən təqdim edilir.

Fiziki şəxslər ailə kəndli təsərrüfatına cari hesab açarkən müvafiq bələdiyyə tərəfindən verilmiş vəsiqənin notariat qaydasında təsdiq olunmuş surətini sənədlərə əlavə edirlər.

Sənədlərin banka təqdim edilməsi

Bank hesablarının açılması üzrə sənədlər banka kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq olunaraq təqdim edilir. Banka təqdim edilmiş sənədlərin surəti çıxarılır və onların əsli geri qaytarılır.

Müştərilər üçün bank hesablaşma hesabının açılması yazılı formada bağlanan bank hesabı müqaviləsi ilə rəsmiləşdirilir.

Nağdsız əməliyyatların aparılması üçün nəzərdə tutulmuş bank hesabı aşağıdakı hallarda yenidən rəsmiləşdirilməlidir:

  • dövlət orqanı və ya bələdiyyənin adı və tabeçiliyi dəyişdikdə;
  • hüquqi şəxsin adı dəyişdikdə;
  • hüquqi şəxsin təşkilati-hüquqi forması dəyişdikdə;
  • fiziki şəxsin adı, atasının adı və ya soyadı dəyişdikdə.

Bank hesabı yenidən rəsmiləşdirilərkən hesab üzrə yeni şəhadətnamə-dublikatın təqdim olunması və imza nümunələri tələb olunmur.

Şəhadətnamə-dublikatın alınması üçün müraciət

Bankda hesab açan hüquqi və fiziki şəxslər digər sənədlərlə birgə banka vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat da təqdim edirlər. Şəhadətnamə-dublikatın alınması üçün ərizə vergi orqanına dövlət qeydiyyatının aparıldığı vaxt, yaxud qeydiyyata alındıqdan sonra istənilən vaxt təqdim edilir. Bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verilir. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır, o, eyni vaxtda bir-neçə bankda hesab aça bilır

Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir.

İmza və möhür nümunələr vərəqi

Bank hesabı açarkən “İmza və möhür nümunələri vərəqi” təqdim edilir. Hüquqi şəxslərin imza və möhür nümunələri vərəqi notarial qaydada təsdiq edilir. Birinci imza hüququ rəhbər funksiyasını icra edən vəzifəli şəxsə, ikinci imza hüququ isə baş mühasib yaxud mühasibat işi həvalə edilmiş şəxsə məxsusdur. Mühasibat işlərini başqa vəzifəli şəxs həyata keçirdikdə bu barədə vərəqdə müvafiq qeydlər edilir. Həmçinin, ştatda ikinci imza hüquqlu şəxs olmadıqda da bu barədə müvafiq qeydlər edilməlidir.

Birinci imza hüququ hesab üzrə ikinci imza hüququna malik olan şəxslərə verilə bilməz.

Vərəqə müştərinin əsas möhürünün əksi həkk olunur. Möhür olmadıqda vərəqdə bu barədə müvafiq qeyd yazılır. Xüsusi məqsədlər üçün (“kadrlar üçün”, “buraxılış vəsiqələri üçün” və s.) nəzərdə tutulmuş möhürlərdən istifadəyə yol verilmir.İmza və möhür nümunələr vərəqiində müştərinin əsas möhürünün əksi həkk olunur. Möhür olmadıqda vərəqdə bu barədə müvafiq qeyd yazılır. Xüsusi məqsədlər üçün (“kadrlar üçün”, “buraxılış vəsiqələri üçün” və s.) nəzərdə tutulmuş möhürlərdən istifadəyə yol verilmir.

Müvəqqəti olaraq möhür olmadıqda, məsələn, müştərinin adı, tabeliyi dəyişdikdə, möhür itirildikdə, yaxud köhnəldikdə sənədlərin rəsmiləşdirilməsi qaydaları bankla razılaşdırılır. Vəziyyətdən asılı olaraq bir aydan çox davam etməmək şərti ilə aşağıdakı variantlardan biri seçilə bilər:

  • əvvəlki möhürdən istifadə edilir;
  • sənədlər yuxarı təşkilatın möhürü ilə təsdiqlənir;
  • sənədlərin möhür olmadan təqdim edilməsinə icazə verilir.

Fiziki şəxslər, o cümlədən, fərdi sahibkarların imza nümunələri vərəqi bankın özü tərəfindən təsdiq edilir. Şəxsin hüquqi fəaliyyət qabiliyyəti və etibarlılığına şübhə yarandıqda bank imza vərəqlərinin notarial qaydada təsdiqini tələb edə bilər.

Hüquqi və fiziki şəxslər bank hesabı açmaq üçün imza nümunələri vərəqini iki nüsxədə təqdim edir. Zəruri hallarda bank vərəqinin əlavə nüsxələrini tələb edə bilər. Əlavə nüsxələrin notarial qaydada (yaxud yuxarı təşkilat tərəfindən) təsdiq edilməsi tələb olunmur.

Məsafədən bank hesabının açılması

Məsafədən bank hesabının açılması dedikdə, fiziki və hüquqi şəxslərin banka gəlmədən rəqəmsal resurslardan istifadə edərək bank hesabını açması prosesi nəzərdə tutulur.

Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün hesabların açılması gücləndirilmiş elektron imza və video görüntü ilə həyata keçirilir. Yeni hesabların açılması bankların hesablaşma elektron sistemində həyata keçirilir.

Elektron sistemə gücləndirilmiş imza (məsələn, “Asan İmza”) ilə daxil olunur. Hesab açmaq üçün şəxsi və biznes məlumatlar qeyd edilir və tələb olunan sənədlərin elektron versiyası portala yüklənir.  Daha  sonra  müştəri  “ASAN  İmza”  ilə  müqavilə  imzalamalı  və  bank  əməkdaşları  ilə video müsahibədən keçməlidir.

Prosesin sonunda bank xidmət müqaviləsi, hesab üzrə rekvizitlər və bankın xüsusi sisteminə daxil olmaq üçün istifadəçi adı və şifrə müştərinin elektron ünvanına göndərilir.

Məsafədən bank hesablaşma hesabının açılması zamanı imza və möhür nümunələri vərəqi tərtib edilmir. Müştəri imza və möhür nümunələri vərəqini bankın inzibati binasında bank hesablaşma hesabı üzrə əməliyyatı həyata keçirmək istədikdə təqdim etməlidir

Məsafədən bank hesabının açılması xidmətindən sahibkarlıqla məşğul olmayan fiziki şəxslər də yararlana bilər. Bu zaman fiziki şəxslərə fərqli yanaşmalar tətbiq edilir. Hesabın açılma üsulunun seçilməsi hesabın potensial sahibinin il ərzində aparacağı nağdsız əməliyyatların həcmindən asılı olaraq seçilir.

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək müqaviləsinə xitam verilməsi qaydası

Təhsil müəssisələrinin mənfəət vergisindən azadolma halları hansılardır?

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir. 

Qanunvericilikdə hüquqi və fiziki şəxsləri vergidən azad edən bir sıra müddəalar yer alıb. Vergi Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, 30-dan çox halda vergi ödəyiciləri bu hüquqlardan istifadə edə bilərlər. Onlardan biri də xüsusi təhsil müəssisələrinin gəlirlərinə tətbiq edilən azadolmadır.

Vergi Məcəlləsinin 106.1.7-ci maddəsində göstərilib ki, təhsil müəssisələrinin, o cümlədən məktəbəqədər təhsil müəssisələrinin və sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti, mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla, vergidən azaddır.

Misal 1

Əlilliyi olan şəxslər üçün yaradılmış xüsusi təhsil müəssisəsinin 2024-cü il ərzində 5.000 manat mənfəəti olub. Həmin mənfəətin 1.000 manatı dividendin ödənilməsinə yönəldilib. Bu halda 5.000 manat mənfəətin 4.000 manatı vergidən azaddır:

5000 – 4000 = 1000 manat.

Dividendə yönəldilən 1.000 manatdan isə 200 manat mənfəət vergisi hesablanacaq:

1000 x 20% = 200 manat.

Misal 2

Tutaq ki, məktəbəqədər təhsil müəssisəsinin 2024-cu ildə il ərzində 7.000 manat mənfəəti olub. Müəssisə həmin mənfəətin təhsilin inkişafı üçün istifadə edilməsinə qərar verib. Bu halda 7.000 manat mənfəət vergidən azad olacaq, mənfəət vergisinə cəlb edilməyəcək.

Onu da qeyd edək ki, vergidən azad olan nüanslar müəssisəni gəlir və ya mənfəət vergisi bəyannaməsini təqdim etməkdən azad etmir. Belə ki, müəssisələr bəyannamələrində gəlir və xərclərinin hərəkətini göstərməklə sonda bəyannamənin “Əlavə” hissəsində azadolmalar sətrinin müvafiq xanasında vergidən azad olunan halı qeyd etməklə bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

Mənbə: vergiler.az

Bank hesablarında olan nağdsız pul vəsaitlərinin uçotu

Vergi Məcəlləsinə dəyişiklik edilib

posted in: Xəbər | 0

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşib.

Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər – 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad olunub.

Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri 2024-cü il martın 1-dən 9 ay müddətinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə vergidən azad edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında malların idxalı 2024-cü il martın 1-dən 9 ay müddətinə ƏDV-dən azad olunub.

Mənbə: vergiler.az

Bank hesablarında olan nağdsız pul vəsaitlərinin uçotu

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək müqaviləsinə xitam verilməsi qaydası

posted in: Xəbər | 0

Təcrübədə əksər hallarda işəgötürən və işçilər üçün müəyyən mənada çətinlik törədən məqamlardan biri də işəgötürən və işçidən asılı olmayan bəzi hallarda əmək müqaviləsinə xitam verilməsi ilə bağlıdır. Məsələn, vergi ödəyicisi olan fiziki şəxsin vəfat etməsi halında işçi ilə bağlanmış əmək müqaviləsinə kim tərəfindən və hansı qaydada xitam verilməsi məsələsini buna nümunə kimi göstərmək olar. 

Əmək qanunverisiliyi üzrə ekspert Nüsrət Xəlilov mövzu ilə bağlı qanunvericiliyin tələblərini açıqlayır:

13.05.2022-ci il tarixli “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunla Məcəllənin 49, 74 və 87-ci maddələrinə müvafiq dəyişikliklər olunub, bu və bu kimi hallar da həmin dəyişikliklərdə öz həllini tapıb. Belə ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə aşağıdakı məzmunda yeni mətn əlavə edilib:

Aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini hǝyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır:

  • fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdǝ;
  • fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qǝrarı ilə azadlıqdan məhrum edildikdə;
  • fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə;
  • Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda;
  • Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə.

Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci bəndinə əsasən, yuxarıda nəzərdə tutulmuş hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.

Yuxarıda qeyd edilən hallarda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsi mümkün olmadıqda, işçinin müraciəti əsasında əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşməsi barədə inzibati akt formasında qərar qəbul edilir, bununla bağlı altsistemdə və işçinin əmək kitabçasında müvafiq qeydlər aparılır.

Misal

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən Vəkilov Osman Ağarza oğlu (adlar şərtidir) fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətini davam etdirib. 2022-ci ilin yanvar ayında vəfat edən sahibkarın 3 işçisi vardır: Əhmədov Sahib məşğulluq orqanına, Aygün Kazımova isə başqa işəgötürənlə əmək müqaviləsi bağlamaqdan ötrü müraciət etdikdə onların adına köhnə iş yerində aktiv əmək müqaviləsi bildirişi olması qeyd edilib. Aygün və Sahibin əmək müqaviləsi bildirişinə elektron informasiya sistemində necə xitam verilməlidir?

Bu halda, Sahib və Aygün yazılı ərizə ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək, əmək müqaviləsi bildirişlərinə xitam verilməsini xahiş edəcəklər. Yaxşı olar ki, bunun təsdiqinə dair fərdi sahibkarın ölüm haqqında şəhadətnaməsinin surəti əldə edilərək ərizəyə əlavə olunsun. Əks halda, bunun araşdırılması aparılmalıdır. Belə olan halda, əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirən orqan – Dövlət Əmək Müfəttişliyi Xidməti işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşməsi barədə inzibati akt formasında qərar qəbul edəcək və işçinin əmək kitabçasında müvafiq qeydlər aparacaq.

Qeyd olunan Qanunda edilmiş dəyişikliyə görə, yuxarıda göstərilmiş əsaslara uyğun olaraq, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) işçiyə əmək qanunvericiliyi ilə müəyyən olunmuş ödənişləri ödəməkdən azad etmir. Bu ödənişlər miras payı həddindən yuxarı ola bilməz.

Mənbə: vergiler.az

Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı zəruri məqam

1 384 385 386 387 388 389 390 2. 700
error: Content is protected !!