Dünyanın ən böyük kreditor-borclu ölkələri açıqlandı

posted in: Xəbər | 0

kreditor-borclu ölkələrDünya Bankının iqtisadçıları, Uilyam və Meri Kollecindəki AidData tədqiqat layihəsi, Harvard universiteti və Almaniyanın Kil şəhərindəki dünya iqtisadiyyatı institutunun araşdırmasının nəticələrinə görə, son onillikdə Çin ABŞ-ı ötərək, inkişaf etməkdə olan ölkələrin ən böyük kreditoruna çevrilib.

2000-2021-ci illər ərzində ÇXR ciddi borc problemləri ilə üzləşən 22 ölkəyə təxminən 240 milyard dollar təcili yardım istiqamətləndirib. Söhbət Argentina, Pakistan və Nigeriyadan gedir. Borc çətinliyi olan dövlətləri xilas etmək üçün kredit mənbəyi olaraq Pekin Mərkəzi bankının böyük ehtiyatlarından –  bunlar 3,3 trilyon dollar qiymətləndirilir – istifadə edir.

Kreditlərin əksəriyyəti Çin Xalq bankının (ÇXB) svop-sazişləri vasitəsilə verilib – faktiki olaraq bunlar mərkəzi banklar arasında yuanla aşağı faiz dərəcəsi olan kreditlərdir.  Pekin bir neçə il ərzində ehtiyacı olan ölkələrə Beynəlxalq valyuta fondundan (BVF) daha böyük həcmdə maliyyə yardımı göndərib. Analitiklər bu cür sazişlərin bağlanmasının məqsədinin Çin valyutasının beynəlxalq ticarətdə istifadəsini stimullaşdırmaq olduğunu iddia edirlər.

Çin Mərkəzi Bankının hazırki siyasəti Dünya bankının keçmiş baş iqtisadçısı Karmen Reynhart tərəfindən tənqid edilib. Ekspert borclu ölkələrin xilasını ciddi böhran və bu ölkələr üçün uzunmüddətli borc çətinliklərinin başlanğıcı kimi qiymətləndirir. Bundan əlavə, onun fikrincə, ÇXR borcların artması səbəbindən daha ciddi maliyyə problemləri ilə üzləşən yoxsul ölkələrin problemlərini həll etməyə çalışmır.

Reynhartın bu fikri ilə Amerika rəsmiləri də razılaşırlar. Çinin inkişaf etməkdə olan ölkələri borc tələsinə saldığını və indi həmin ölkələrin BVF-dən kömək istədiklərini vurğulayıblar.

Bir il əvvəl Dünya bankı məlumat vermişdi ki, Çin hakimiyyətinin son onilliklərdə həyata keçirdiyi inkişaf etməkdə olan ölkələrə kütləvi kreditləşdirmə siyasəti bir çox hökumətlərin borclar üzrə ödənişləri dayandırmasına səbəb olub. 2008-ci ildən bəri gizli defoltlar nəzərə alındıqda, Çin 71 kredit restrukturizasiyası ilə üzləşib, yəni, əslində borcların ödənilməməsi ilə qarşılaşıb. Afrika ölkələri, eləcə də Kuba, İraq, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Tacikistan, Venesuela borcları ödəməyən ölkələr sırasındadır.


İşsizlikdən sığorta ödənişi (ödənilməsi şərtləri və məbləği)

posted in: Xəbər | 0

işsizlikdən sığorta ödənişi, minimum əməkhaqqı,İşsizlikdən sığorta ödənişi (ödənilməsi şərtləri və məbləği)

Məlum olduğu kimi 2018-ci ildən qüvvəyə minmiş işsizlikdən sığorta haqqı qanunvericiliyinə uyğun olaraq işçilərin əməkhaqlarının 0.5%-i, işəgötürən tərəfindən isə əməkhaqqı fondunun 0.5%-i məbləğində hər ay işsizlikdən sığorta haqqı ödənilir.

Hansı hallar baş verdikdə işsizlikdən sığorta ödənişi verilir?

Bu ödəniş 1) işçi işəgötürən dövlət orqanı və ya hüquqi şəxs ləğv olunduqda, 2) ştat və ya işçilərin ixtisarı baş verdikdə, 3) əmək müqaviləsinə müddətin bitməsinə görə xitam verildikdə, rəsmi qaydada işsiz sayılan şəxslərə verilir.

Bəs bu tutulan məbləğlərin müqabilində hansı təminatlar nəzərdə tutulmuşdur?

  • Minimum sığorta ödənişi – minimum əməkhaqqı məbləğində – hazırda 345 manatdır. Bu məbləğ ixtisar, müəssisə ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilən və xitam tarixindən əvvəlki 2 il üçün azı 1 illik stajı olan şəxslərə ödənilir. Həmçinin, əmək müqaviləsinin müddəti bitmiş və həmin tarixdən əvvəlki 3 il üçün azı 30 ay stajı olan şəxslərə ödənilir.
  • Aylıq sığorta ödənişi – bu məbləğ müəssisə ləğvi və ya ixtisarla əlaqədar əmək müqaviləsinə xitam verilən, o cümlədən xitam tarixindən əvvəlki 2 il üçün 1 ildən çox stajı olan şəxslərə ödənilir. Ödəniş işçi tam işləyibsə, son 12 aylıq əməkhaqqısının orta aylıq (12-ə bölünməklə tapılır) məbləğinin, natamam işləyibsə, son 24 ay üzrə işlədiyi ayların orta aylıq (işlədiyi aylara bölünməklə tapılır) əməkhaqqısının 50%-i məbləğində ödənilir.
  • Əlavə sığorta ödənişi – Himayəsində 18 yaşa çatmamış uşaq olan, əmək müqaviləsinin xitam tarixindən 2 il ərzində 1 il və ya 1 ildən çox stajı olan şəxslərə hər uşağa görə 5%, maksimal 20% məbləğdə ödənilir.

Sığorta ödənişi ilk 12 ay üçün 6 ay, növbəti 12 ay üçün 3 ay müddətinə verilir. 6 aylıq ödənişdə də azalmalar mövcuddur. Belə ki, ilk 2 ay tam, növbəti 2 ay 80%, sonuncu 2 ay üçün isə 70% ödəniş verilir. İkinci il üçün ödəniş isə 3 ay müddətinə minimum əməkhaqqı məbləğində verilir.

Göründüyü kimi, işsizlikdən sığorta ödənişi üzrə bölgülərin çoxluğuna baxmayaraq yekun nəticədə demək mümkündür ki, işsiz şəxslərə minimum əməkhaqqı məbləğində ödəniş verilir.

Müəllif: Praktiki hüquqşünas / Şəhriyar Həbilov


Aksizli malların üzərində vergi nəzarəti


Vergi Məcəlləsində dəyişiklik edilib

posted in: Xəbər | 0

Vergi Məcəlləsində dəyişiklik, Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad olunub. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik haqqında Qanunda əksini tapıb.

Məqsəd medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırmaqdır. Belə ki, dəyişikliyə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir.

Qərar bu ilin yanvar ayının 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil edilmir.


Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7, maddə 832, № 8, maddə 1013, № 11, maddələr 1328, 1334, № 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, № 3, maddə 211, № 6 (I kitab), maddələr 541, 551, 555, № 7, maddələr 698, 711, № 8, maddə 894, № 10, maddələr 1090, 1092, № 12, maddələr 1305, 1337; 2022, № 1, maddələr 6, 7, 17, № 6, maddə 587, № 7, maddə 716, № 8, maddə 832; Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 644-VIQD, 650-VIQD, 654-VIQD və 659-VIQD nömrəli, 2 dekabr tarixli 670-VIQD nömrəli, 9 dekabr tarixli 677-VIQD nömrəli, 20 dekabr tarixli 705-VIQD nömrəli, 27 dekabr tarixli 763-VIQD nömrəli və 30 dekabr tarixli 780-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 102.1.38-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.39-cu maddə əlavə edilsin:

“102.1.39. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.”;

1.2. 106.1.31-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.32-ci maddə əlavə edilsin:

“106.1.32. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.”;

1.3. aşağıdakı məzmunda 164.1.8-1-ci maddə əlavə edilsin:

“164.1.8-1. media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə;”;

1.4. 218-1.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 218-1.1.7-ci maddə əlavə edilsin:

“218-1.1.7. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.”.

Maddə 2. Bu Qanun 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2023-cü il


Aksizli malların üzərində vergi nəzarəti

posted in: Vergi, Xəbər | 0

Aksizli mallar, eyni zamanda idxal olunan mallara vergi nəzarətini təşkil etmək üçün ilk növbədə onlar aksiz markası ilə markalanır. Vergi ödəyicisi aksizli mal istehsal etdiyi təqdirdə həmin malların istehsal olunduğu binalarda, saxlanıldığı anbarlarda postlar (nəzarət üçün qurulan), ölçü cihazları, plomblar qurulur. Burada şəxsi istehlakda istifadə olunan anbarlar istisnadır. Sadalanan hallarla bağlı digər nəzarət tədbirləri də həyata keçirilir.

Aksiz markalarıyla markalanması nəzərdə tutulan malların siyahısını, markalar yapışdırılan zaman gözlənilməli olan qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti təsdiq edir. Sözügedən malların istehsalıyla məşğul olan vergi ödəyicilərinin binalarında, anbarlarında nəzarət üçün quraşdırılan postlar, ölçmə cihazları, plomblar vasitəsilə nəzarət mexanizmi də həmin qaydalarla tənzimlənir.

Aksiz markaları ilə markalanması nəzərdə tutulan malların idxalı yaxud satışı qaydaları pozulduqda onlar müsadirə edilir

Vergi orqanları, Vergi Məcəlləsində qeyd edilən tələblərin pozulması halını müəyyən etdikdə, ona verilən səlahiyyətlərə əsasən, qaydalara riayət etməyən vergi ödəyicilərinə məxsus binalarda yaxud anbarlarda (burada şəxsi istehlaka aid anbar istisna edilir) nəzarət məqsədilə aksiz postları, ölçü cihazları, plomblar qoymaya bilər. Əgər vergi ödəyicisi aksizli malları uçota almırsa, markalanma prosedurunu həyata keçirmirsə, markalanmanın həyata keçirilməməsi səbəbindən vergiləri ödəmirsə, bu zaman vergi orqanı həmin malların istehsal binasından kənara çıxarılmasının qarşısını almaq səlahiyyətinə malikdir.

Vergi ödəyicilərində təşkil olunan nəzarət postları bu funksiyaları həyata keçirir:

  • markalanmalı olan aksizli malların istehsal binalarının hüdudlarından kənara müvafiq tələblərə uyğun çıxarılmasına nəzarət;
  • aksiz markasının yapışdırılma qaydasına riayət olunması;
  • aksiz markası qalıqlarının inventarizasiyası;
  • istehsalçının nümayəndəsi ilə birlikdə nəzarət-ölçü cihazlarının göstəricilərinin qeydiyyatı, işin sonunda anbarların, uyğun texnoloji avadanlıqların plomblanması, növbəti iş gününün başlanğıcında plombların açılması;
  • məhsul satışı zamanı istehsalçıların ilkin təsdiqedici sənədlərinin (qaimə, mal-nəqliyyat qaiməsi, və sair) yoxlanması;
  • VM-in tələblərinə uyğun olaraq vergi ödəyicisinin aksiz vergisi üzrə borcu varsa, həmin borc  ödənilənədək onun istehsal etdiyi məhsulları bu mallar üzrə aksiz vergisi ödənilməyənədək istehsal binasının hüdudlarından kənara çıxarılmasının qarşısının alınması.

Vergi nəzarəti tədbirlərinin gücləndirilməsi məsələləri Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında» 31 may 2005-ci il tarixli 242 saylı Fərmanında öz əksini tapmışdır. Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə tez-tez operativ vergi nəzarəti tədbirləri həyata keçirilir.

Dövlət Vergi Xidməti ölkə Prezidentinin fərmanları, sərəncamları, göstərişləri və bu sahədə Vergilər Nazirliyinin müvafiq əmrlərini rəhbər tutaraq 2022-ci il ərzində də vergi hüquqpozmalarına mübarizə sahəsində işləri davam etdirmişdir. Hər il təxminən 5-10 sayda aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan satış məqsədi ilə əldə olunmasına görə iş baxılması üçün məhkəməyə göndərilib.

Aydın olduğu kimi, aksiz tətbiq edilməli mallar üzərində vergi nəzarətinin təşkili malların istehsal, satış, idxalı zamanı aksiz markasıyla markalanmamasının qarşısını almağa xidmət edir. Əgər vergi ödəyicisi belə əməliyyat həyata keçirərsə, yəni aksiz markası olmadan yaxud saxta marka istifadə etməklə malları dövriyyəyə buraxarsa, aşkarlandığı anda vergi orqanı tərəfindən siyahıya alınır. Beləliklə, vergi ödəyicisi siyahıya alınan aksiz markası olmayan malları üzrə sahiblik, istifadə, sərəncam hüquqlarını itirir.

Bəzən belə olur: aksiz markası olmayan mallar aşkarlandığı zaman məlum olur ki, vergi ödəyicisinin anbarı yaxud da anbar kimi istifadə edə biləcəyi müvafiq yeri yoxdur, anbarı olsa belə lazımı tələblərə cavab vermir. Belə olduğu təqdirdə həmin malların düzgün şəraitdə saxlanması məqsədilə vergi orqanı vergi ödəyicisinin razılığını alaraq malları saxlamaq üçün uyğun yer təyin edə bilər. Sözügedən malların satışını məhkəmə qərarıyla qanunvericiliyə əsasən təşkil etmək hüququna malikdirlər. Həmin malların satışında məqsəd, müsadirə edilmiş malların qaydalara uyğun şəkildə satılmasını, satışdan əldə olunan məbləğlərin qısa müddətdə dövlət büdcəsinə axınını təmin etməkdir.


1 551 552 553 554 555 556 557 2. 685