Fiziki şəxslərin icarədən əldə etdikləri gəlir sosial sığortaya cəlb olunurmu?

posted in: Xəbər | 0

Fiziki şəxs olaraq sahibkarlıqla məşğul olan şəxsləri maraqlandıran məsələlərdən biri də əmlaklarının icarəyə verilməsi zamanı məcburi dövlət dosial sığortaya (MDSS) cəlb olunub-olunmaması və hesabatlılıqla bağlıdır. Sərbəst auditor Altay Cəfərov mövzu ilə bağlı suallara aydınlıq gətirir.

Tutaq ki, fiziki şəxs daşınmaz əmlakını hüquqi şəxsə aylıq 1.000 manata icarəyə verib. Fiziki şəxs vergi ödəyicisi kimi vergi orqanında uçota durub və başqa heç bir fəaliyyəti yoxdur. Bu halda, həmin fiziki şəxs vahid bəyannamə təqdim etməlidirmi? MDSS necə hesablanılır? Bəs fiziki şəxs vergi orqanında uçota durmamışdırsa, necə olacaq?

Vergi Məcəlləsinin tələblərinə görə, fiziki şəxslərin əmlakının icarəyə verilməsindən əldə etdiyi gəlirləri ödəmə mənbəyində 14 faiz vergiyə cəlb edilir. Baxmayaraq ki, bir çox hallarda, həmin fiziki şəxslər vergi ödəyicisi kimi vergi orqanlarında uçota dururlar, icarə haqqına görə onlara ödənilən məbləğin 14 faizi ödəmə mənbəyində vergiyə cəlb olunur.

Nəzərdən keçirdiyimiz misalda ödəmə mənbəyində 140 manat vergi tutulur və icarədara 860 manat ödənilir:

1000 x 14% = 140 manat.
1000 – 140 = 860 manat.

Ancaq icarəçi vergi ödəyicisi olmayan fiziki şəxs olarsa, onda əmlakını icarəyə verən fiziki şəxs VÖEN almalı, illik gəlir vergisi bəyannaməsi təqdim etməli, 14 faizlik vergi ödəməlidir.

Məcburi dövlət sosial sığorta ödənişi üçün “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində nəzər yetirməliyik:

Maddə 15. Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri

Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla, əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır:

Muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir…)

Göründüyü kimi, fiziki şəxslərin əmlakın icarəyə verilməsindən əldə etdiyi gəlirlər MDSS tutulmayan gəlir növlərinə aiddir. Ona görə də əmlakını icarəyə verən fiziki şəxslər heç bir sosial sığorta haqqına cəlb edilmirlər.

Bu məqama diqqət yetirmək lazımdır: vergi ödəyicisi kimi uçota durmuş fiziki şəxs əmlakını icarəyə verənkən ondan vahid bəyannamənin təqdim edilməsi tələb olunarsa, bu haqda vergi orqanlarına məlumat verməlidir ki, bu mükəlləfiyyət ləğv edilsin. Əks halda, həmin fiziki şəxsə hər rüb 40 manat maliyyə sanksiyası kəsiləcək.

Mənbə: vergiler.az


Bax: 


2022-ci ildə ən çox tələb olunacaq peşələrin adları açıqlanıb

posted in: Xəbər | 0

İşə qəbul üzrə mütəxəssis İlqar Valinurov hesab edir ki, ixtisassız kadrlara 2022-ci ildə tələbat artacaq. O, əmək bazarında ən böyük tələbatın kuryerlərə, taksi sürücülərinə və satıcılara olacağını proqnozlaşdırıb.

Valinurov qeyd edib ki, əmək bazarının köklü şəkildə dəyişəcəyini gözləməyə dəyməz. Cəmiyyətin müəyyən kadrlara ehtiyacı illər ərzində yaranır. Lakin bəzi trendləri izləmək mümkündür.

Xüsusilə, işə qəbul üzrə bir agentlik qrupunun sahibinin fikrinə görə, satışla əlaqəli peşələr 2022-ci ildə aktual olacaq. Bunlara o, reklam və marketinq sahəsində mütəxəssisləri aid edib. Valinurov hesab edir ki, bu ixtisaslar üzrə vakant yerlər iş təkliflərinin yarısına qədərini təşkil edəcək.

Valinurovun proqnozuna görə, ticarətin ardınca çatdırılma və logistika sektoru böyüməyə başlayacaq. “Bazarların sayı artır, istehsal həcmi də buna uyğun olaraq artır və bunların hamısının çatdırılmasını kimsə təmin etməlidir” – o, əlavə edib.

Bundan əlavə, taksi sürücülərinə tələbat yenə də yüksək olaraq qalacaq, əmək bazarı mütəxəssisi belə hesab edir. Onun fikrincə, bu ona görə baş verir ki, insanlar tədricən öz avtomobillərinə qulluq etməkdənsə, daşıyıcıların xidmətlərindən istifadənin daha ucuz olduğunu anlamağa başlayıblar.

Bütün bunlarla yanaşı, əmək bazarında rəqəmsallaşma ilə əlaqəli insanlara ehtiyac yaranacaq. Bununla belə, Valinurov vurğulayıb ki, söhbət IT direktorlarından yox, strateji düşünməyi bacaran, rəqəmsal transformasiya ilə məşğul olmağa hazır olan və şirkətlər daxilində yeni yanaşmalar təklif edən insanlardan gedir.

“Söz açdığım tendensiyalarda məni narahat edən şey, qeyri-peşəkar kadrların sayının artımıdır. Yəni, həmin taksi sürücüləri əslində “robotlardır”, onlar avtomobili naviqator üzrə idarə edirlər, burada hansısa xüsusi ixtisas tələb olunmur. Əgər biz daha mürəkkəb vəzifələrdən, məsələn, əməliyyat direktorundan danışırıqsa, aydındır ki, belə vakansiyalar həmişə var. Ancaq sözügedən vakansiyalar kütləvi deyil, həmin mövqelər əmək bazarında taksi sürücüləri kimi eyni zamanda on minlərlə ola bilməz” – Valinurov sonda bunu qeyd edib.


Maliyyə analitiki 10 il sonra dünya iqtisadiyyatında liderik edəcək ölkələrin adını açıqlayıb

posted in: Xəbər | 0

dünya iqtisadiyyatı, Rəqəmsal iqtisadiyyat mühasibat uçotu, Rəqəmsal iqtisadiyyat mühasibat uçotunda,Maliyyə analitiki Belyayev: 10 il sonra dünya iki iqtisadi mərkəzə bölünə bilər

10 ildən sonra dünya Qərbdə ABŞ və Şərqdə Çinin rəhbərliyi ilə iki iqtisadi mərkəzə parçalana bilər, iqtisadiyyat elmləri namizədi, maliyyə analitiki Mixail Belyayev belə hesab edir. Onun sözlərinə görə, nəzəri olaraq Rusiyanın da bu yarışda iştirak etmək imkanı var, lakin, bundan ötrü savadlı iqtisadi idarəetmənin olması zəruridir ki, hazırda bu mövcud deyil.

Belyayev qeyd edib ki, vəziyyətə ciddi təsir göstərə biləcək çoxlu gözlənilməz amillər səbəbindən uzunmüddətli iqtisadi proqnozlar vermək asan deyil. Buna baxmayaraq, onun sözlərinə görə, artıq dünyada liderliyə iddialı olan iki böyük güc yaranıb: ABŞ və Çin.

“Şərq Qərb üzərində dominantlıq edəcək”

“Yeri gəlmişkən, Çin öz uğurlarını həddindən artıq açıqlamağa çalışmır, lakin onlar istər KİV-də dərc edilən məqalələrdə, istərsə də çap edilən xüsusi elmi tədqiqatlarda bu açıq-aşkar nəzərə çarpır. Yəni, ölkə iqtisadi paradiqmanı və siyasəti sürətlə uyğunlaşdıraraq, öz məqsədlərinə doğru irəliləyir. Əvvəlcə, xatırladığımız kimi, onlar üçün əsas vəzifə sadəcə olaraq ÜDM-in artımı idi, sonra texniki tərəqqidən yararlanmaq, ondan istifadə etməklə bunu öz iqtisadiyyatlarına tətbiq etmək idi. İndi isə artıq bütün elmi-texniki tərəqqini mənimsəməkdir” – Belyayev qeyd edib.

Bundan əlavə, dünya liderliyinə nail olmaqda Çinə kömək edəcək önəmli amil xarici iqtisadi təsirin, kapitalın yayılması və öz korporasiyalarını dünyanın əsas nöqtələrinə yeritməkdir. Maliyyə analitikinin sözlərinə görə, bu, ilk növbədə faydalı qazıntıları yeni inkişaflar üçün zəruri olan maddi-texniki bazisin əsasını təşkil edən Afrikadır.

“Yeni güc mərkəzi kimi Çin ətrafında qüvvələr konsolidasiyası gedir. Əlbəttə, mən Avropadan danışmıram – Avropa indiyədək mövcud olduğu mövqelərdə qala bilsə, böyük işdir. Biz görürük ki, ABŞ da öz mövqelərini qoruyub saxlamağa çalışır. Lakin bunu keçmiş hərbi qüdrətə, siyasi nüfuza və dolların dünya iqtisadiyyatında əsas rol oynamağa davam etməsinə arxalanaraq edir. Amma bütün bunlar tükənməyə doğru gedir” – Belyayev belə söyləyib.

Əgər ciddi danışsaq və növbəti 10 il ərzində mühüm rol oynaya biləcək digər amilləri diqqətə almasaq və bütün proqnozları bir kənara atsaq, o zaman ABŞ-ın Qərb yarımkürəsini öz nəzarətində saxlaya biləcəyini ehtimal etmək olar. Lakin dünya o zaman iki iqtisadi mərkəzə bölünəcək: Birləşmiş Ştatların, nəzarəti altında olan Qərb və Çinin nəzarəti altında olan Şərq. Mən hesab edirəm ki, Şərq Qərbin üzərində dominantlıq edəcək.  


Kapital Bank 2021-ci ilin nəticələrini elan edib

posted in: Xəbər | 0

Kapital Bank-ın aktivləri 1 yanvar 2022-ci il tarixinə 6,7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,7 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2022-ci il tarixinə 5,2 milyard manat olub.

Bankın 1 yanvar 2022-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 659 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


1 743 744 745 746 747 748 749 2. 686